Cümə axşamı, 2024-11-21, 1:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 17 » Söz-ən gözəl ibadət və ən ağır günah
6:26 AM
Söz-ən gözəl ibadət və ən ağır günah
 
Həzrəti-Əli(ə) buyurur: "İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı və eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir. Sözsüz ki, bu kəlam Allahın razılığı üçün onun rəhmət və nemətlərinin sonsuzluğunu ifadə edən formada olmalıdır. Çünki hamıya məlumdur ki, Allah özü ilə peyğəmbərləri arasında sirləri açmaqda, həqiqətləri aşkarlamaqda və gizli elmləri izhar etməkdə kəlamdan başqa bir şeyi vasitə seçməmişdir. Vəhy və mətləblərin dərk olunması kəlam vasitəsilə baş tutmuşdur, belə ki peyğəmbərlərlə insanlar arasında da dini təbliğ etmək üçün sözdən başqa bir vasitə olmamışdır. Buradan da aydın olur ki, söz ən gözəl vasitə və ən zərif ibadətdir. Eyni zamanda sözdən artıq Allah dərgahında ən ağır cəzaya layiq günah və insanlar arasında ən çox pislənən narahatedici bir amil yoxdur."(Ayişənin hədisi misal olaraq aşkar eybi deməyin özü də qeybət sayılıb tənqid edilmişdir.)
Adətən ağıllı insanın nişanələrindən biri də yersiz danışmamaqdır, çünki dil insan ağlının ölçüsünü ifadə edir. Həzrəti-Əli(ə) buyurur: "Danışın ki, tanınasız, çünki insan öz dili altında gizlənmişdir."(«Üsuli-kafi» II c, səh.276, hədis №1) "İnsanın batini dili altında gizlənmişdir".(«Məhəccətül-beyza» V c, səh.253, «Ət-tərğib vət-tərhib» III c, səh.503, Qəzali «Məkaşifət ül-qülub» səh.156, «Ənvari-Nomaniyyə» səh.259.)
Hər halda, ağıllı və uzaqgörən bəndə fikirləşib sonra danışar. Həzrət Əli(ə) belə söyləmişdir: "Ağıllı adamın dili onun qəlbində, axmağın qəlbi isə onun dilindədir".(«Kəşfür-reybə» səh.6; «Məkasibi-mühərrəmə» səh.40; «Ət-tərğib vət-tərhib» III c, səh.511, hədis №24; «Vəsailüş-şiə» VIII, səh.601; «Ənvari-Nomaniyyə» səh.259; «Cameüs-səadat» II c, səh.302; «Məhəccətül-beyza» V c, səh.251; «Ehyaül-ülumi-din» (Beyrut çapı) III c, səh.141)
Seyyid Rəzi bu hədisi «Nəhcül-bəlağə»də nəql edən zaman deyir: "Bu hədis Mövla Əmirəlmöminin Əli(ə)-nin ən qəribə və dəyərli kəlamlarındandır. Hədisin mənası budur ki, ağıllı insan düşünmədən və fikirləşmədən ağzını açıb danışmaz, lakin axmaq adam isə fikirləşmədən danışar. Buna görə də elə bil ağıllı adamın dili onun qəlbinə, axmaq adamın qəlbi isə dilinə tabedir. Elə bu məzmunda o həzrətdən belə bir hədis nəql olunur: "Axmağın qəlbi dilində, ağıllı şəxsin dili isə qəlbindədir".(«Üsuli-kafi» IX c, səh.359, hədis №2; «Vəsailüş-şiə» VIII c, səh.610, hədis №3.)
Başqa bir yerdə isə belə buyurur: "Möminin dili onun qəlbində, münafiqin qəlbi və ağlı onun dilindədir.” Yəni mömin danışmaq istəyərkən fikirləşər, sonra danışar. Münafiq və axmaq adam isə ağzına gələni söyləyər, bilməz ki, hansı söz onun xeyrinədir, hansı söz ziyanına. Peyğəmbər(s) buyurmuşdur: "Heç bir bəndənin qəlbi düzəlməmiş, imanı düzəlməz və dili düzəlməmiş, qəlbi düzəlməz.." («Məcməül-bəyan» (Beyrut çapı) IX c, səh.135.)
Xülasə, insan düşünərək danışmalıdır. Əks halda, ixtiyarını əldən verər, axırı puç və bədbəxt olar. İnsan nə qədər ki, danışmamışdır, sözünün ağasıdır, elə ki danışdı, oldu qulu.
Həzrət Əli(ə) bu həqiqəti belə açıqlayır: "Sözü nə qədər ki deməmisən, sənin ixtiyarındadır. Elə ki danışdın, sən onun ixtiyarındasan. Buna görə də dilini qızıl-gümüşün kimi saxla (yersiz söz xərcləmə). Çünki çoxlarının bir kəlmə yersiz söz söyləməsi böyük bir neməti əlindən zorla alıb başına dərd-bəla gətirmişdir".(«Məhəccətül-bəyza c.5, səh..255, "Kəşfur-rəybə" səh.9, "Ənvari-Nomamaniyyə", səh.259,"Camius-seadət" c.2, səh.305.;
 )
Bir çoxları danışmaqdan peşmançılıq çəkmiş, ancaq sükut etməkdən heç vaxt heç kim peşman olmamışdır. Loğman öz övladına buyurur: "Ey övladım, çox vaxt mən danışdığıma görə peşman olmuşam. Amma sükut etdiyim üçün təəssüflənməmişəm."(«Cameüs-səadat» II c, səh.306; «Biharül-ənvar» (Beyrut çapı) XXXII c, səh.258; «Ənvari-Nomaniyyə» səh.259.)

Category: Exlaq | Baxış: 976 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]