Main » Articles » Qur'ani-Kerim |
87. Əla surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 87. Əla surəsi (Məkkədə nazil olmuşdur, on doqquz ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyib və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.) 2. O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı). 3. Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi. 4. O kəs ki, (yerin köksündən) otlaq çıxartdı. 5. (Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör - çöpə döndərdi. 6. (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı - əzəli elmdə və Lövhi - Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan. 7. Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir. 8. Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik. 9. Əgər öyüd - nəsihət fayda verəcəksə (onlara) öyüd - nəsihət ver, 10. (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd - nəsihət alacaqdır. 11. Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar. 12. O kəs ki, ən böyük oda girəcək və yanacaqdır. 13. Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır. 14. Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi 15. Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı. 16. Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz. 17. Halbuki axirət daha xeyirli və daha baqidir. 18. Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd - nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır. 19. İbrahimin və Musanın kitablarında. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 3840 | Rating: 2.0/1 |
Total comments: 0 | |