Şənbə günü, 2024-12-21, 3:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

76. İnsan surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
76. İnsan surəsi
(Mədinədə nazil olmuşdur, otuz bir ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).
     2. Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.
     3. Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik - istər şükr edən olsun, istərsə də nankor.
     4. Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.
     5.Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.
     6. (Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar.
     7. Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.
     8. Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.
     9. (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik».
     10. «Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq».
     11. Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.
     12. Və onları etdikləri səbr müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır.
     13. Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər.
     14. (Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək.
     15. Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır.
     16. Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar.
     17. Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər.
     18. (Və zəncəfil) orada elə bir bulaqdan (çağlayır) ki, (nuş olduğu, ləzzət verdiyi və tez həzm olunduğu üçün) «Səlsəbil» adlanır.
     19. Onların dövrəsində (xidmət üçün təravəti və yeniyetməliyi) əbədi olan oğlanlar dolanarlar. Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.
     20. Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk görərsən.
     21. Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir.
     22. (Onlara deyilər:) «Həqiqətən, bu (nemət və rəhmət) sizin mükafatınızdır və səyiniz təqdirəlayiqdir».
     23. (Ey Peyğəmbər,) şübhəsiz, Biz Özümüz bu Quranı sənə tədriclə nazil etdik.
     24. Odur ki, Rəbbinin əmrinə (əməl etmək, çatdırmaq və cəmiyyətdə həyata keçirməkdə) səbr et və onlardan heç bir günahkara, yaxud kafir və nankora itaət etmə.
     25. Və öz Rəbbinin adını səhər-axşam (hər hansı bir zikrlə və ya sübh, zöhr və əsr namazlarına məxsus zikrlə) yad et.
     26. Və gecənin bir qismində Ona səcdə et (məğrib və işa namazlarını qıl) və gecə uzunu da Onu zikr et (gecə namazını qıl).
     27. Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar).
     28. Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.
     29. Şübhəsiz, bu (deyilənlər) bir öyüd - nəsihətdir, belə isə, kim istəsə (bu öyüd - nəsihəti qəbul edib ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar.
     30. Allah istəməsə siz əsla istəyə bilməzsiniz (çünki sizin ixtiyar üzündən olan iradəniz də ixtiyari əməliniz kimi, Allahın yaradılış iradəsinə bağlıdır). Həqiqətən, Allah (hər şeyi) biləndir və hikmət sahibidir!
     31. (Allah) istədiyi (və layiq gördüyü) şəxsi Öz mərhəmətinə daxil edər və zalımlara ağrılı bir əzab hazırlamışdır.
     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 3556 | Rating: 5.0/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]