Şənbə günü, 2024-12-21, 2:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

39. Zumər surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
39. Zumər surəsi
(Məkkədə nazil olmuşdur, yetmiş beş ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. Bu kitab (hər şey üzərində) qüdrət və qələbə sahibi, (yaradılış və şəriət qanunları) möhkəm olan Allah tərəfindən nazil edilmişdir.
     2. Həqiqətən bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et.
     3. Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.
     4. Əgər Allah övlad götürmək istəsəydi, mütləq yaratdıqların(ın içərisin)dən istədiyini seçərdi. Lakin O pakdır. O, tək, qalib və (hər şeyə) hakim Allahdır.
     5. Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyirinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!
     6. (Allah) sizin hamınızı bir şəxsdən (ulu babanız Adəmdən) yaratdı. Sonra onun zövcəsini (Həvvanı) onun növündən yaratdı (və onların ikisinin evlənməsi ilə insan növü törəyib artdı). (Yaxud:) Siz canlıları bir tək hüceyrəli varlıqdan yaratdı. Sonra (onu artırmaqla) onun üçün bir cüt (tay) yaratdı (və bu yolla yer üzündəki bütün canlılar yarandı). (Qeyb xəzinələrindən zahiri aləmə) sizin üçün heyvanlardan səkkiz qism (hər birindən erkək-dişi olmaqla dəvə, inək, qoyun və keçi) endirdi. Sizi (və heyvanlarınızı) analarınızın bətnlərində üç zülmət (pərdə, uşaqlıq və bətn) içərisindəki yaradılışdan sonra (digər) bir yaradılışla yaradır. Budur Allah, sizin Rəbbiniz! Varlıq aləminin mülkiyyəti və hakimiyyəti
     Ona məxsusdur. Ondan başqa bir məbud yoxdur. Belə isə necə və hara döndərilirsiniz?
     7. Əgər küfr etsəniz, şübhəsiz, Allah sizə möhtac deyil (və Ona ziyan vurmursunuz). (Lakin O,) bəndələri üçün küfrü bəyənmir. Əgər şükr etsəniz, sizin üçün onu bəyənir. Heç bir günahkar can başqasının günah yükünü götürməz. Sonra sizin hamınızın dönüşü Rəbbinizə tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir. Çünki o ürəklərdə olanı (zehni təsəvvürləri, təsdiqləri və ruhi sifətləri) bilir.
     8. (İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan».
     9. (Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsil ağıl sahibləri ibrət götürərlər.
     10. (Mənim bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz başqa bir yerə hicrət edin). Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir.
     11. De: «Mənə Allaha xalis itaət və etiqadla ibadət etmək əmr edilmişdir.
     12. Həmçinin mənə əmr edilmişdir ki, (bu dinə və kitaba) təslim olanlardan ilk şəxs olum».
     13. De: «Həqiqətən əgər Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxuram».
     14. De: «Mən etiqad və itaətimi Allah üçün xalisləşdirdiyim halda yalnız Ona ibadət edirəm.
     15. Buna görə siz (də) Ondan başqa istədiyinizə ibadət edin». De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur».
     16. Onlar üçün başlarının üstündə oddan «kölgəliklər», həmçinin ayaqlarının altında (aşağıdakı təbəqənin odundan) «kölgəliklər» vardır. Allahın Öz bəndələrini qorxutduğu budur (bu əzabdır). Ey Mənim bəndələrim, Məndən qorxun!
     17. Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə mücdə olsun! Buna görə də mücdə ver Mənim bəndələrimə!
     18. Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsil ağıl sahibləri!
     19. Məgər (azğınlığına və itaətsizliyinə görə Allahın əzəli elmində və Lövhi-Məhfuzda) barəsində əzab kəlməsi gerçəkləşmiş və təsbit olmuş kəs (nicat tapacaq)? Məgər sən odda (od içərisində) olan kəsə nicat verə bilərsən?!
     20. Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz.
     21. Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır və onlar quruyurlar. Beləliklə onu saralmış görürsən. Sonra onları çör-çöpə döndərir. Həqiqətən bunda (bu yaratmaq və yox etməkdə) əsl ağıl sahibləri üçün (dünyanın yox olması və ölümdən sonra axirət aləminin olması barəsində) ibrət və oyanma vardır.
     22. Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər.
     23. Allah sözün ən gözəlini - ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır.
     24. Buna görə də məgər Qiyamət günü (əlləri bağlı olduğu üçün) pis və çətin əzabdan öz üzü ilə qorunan kəs (əzabdan amanda olan kəs kimidir)?! Zalımlara deyiləcək: «Dadın əldə etdiyiniz günahların cəzasını və ya həmin əməllərin gerçək təzahürü olan əzabı!»
     25. Bunlardan qabaqkılar da (öz peyğəmbərlərini) təkzib etdilər. (Allahın) əzab(ı) ehtimal etmədikləri yerdən onlara gəldi.
     26. Beləliklə Allah (suda batırmaq, göydən gələn qorxunc səs, zəlzələ, daş yağışı və məsx etmək - surətlərini dəyişdirib çirkin bir hala salmaq - vasitəsi ilə) dünya həyatında onlara xarlıq və zillət daddırdı. Şübhəsiz, axirət əzabı daha böyükdür, əgər bilsəydilər!
     27. Doğrudan da Biz bu Quranda insanlar üçün bəlkə ibrət götürdülər deyə hər cür məsəl çəkdik.
     28. (Kəlmə və mənalarında) heç cür əyrilik olmayan ərəbcə bir Quran! Bəlkə çəkindilər.
     29. Allah (müşrik və təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul kişi və (verdiyi əmrlərdə mane və şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi (sifətləri və halları baxımından) bərabərdir? Şükr və tərif Allaha məxsusdur (və bu məsələnin həqiqət olması gizli deyil), lakin onların çoxu bilmirlər.
     30. Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər.
     31. Sonra siz hamınız Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.
     32. Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!
     33. Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsl təqvalılardır.]
     34. Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!
     35. Allahın onların (nəinki pis, hətta) daha pis əməllərini bağışlaması və onları etdikləri ən gözəl əməllərin müqabilində mükafatlandırması üçün!
     36. Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz.
     37. Allahın hidayət etdiyi kəsi əsla azdıran olmaz. Məgər Allah yenilməz qüdrət və intiqam sahibi deyil?!
     38. Əgər onlardan göyləri və yeri kimin yaratmasını soruşsan, şübhəsiz «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar öz məbudlarını uluhiyyət və yaradılışda deyil, rübubiyyətdə və işlərin idarəçiliyində Allahın şəriki hesab edirdilər.) De: «Mənə xəbər verin (görüm) əgər Allah mənə bir zərər-ziyan (vurmaq) istəsə Allahın yerinə çağırdıqlarınız Onun zərər-ziyanını aradan qaldıra bilərlər? Yaxud O, mənə bir mərhəmət istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?» De: «Mənə Allah kifayətdir. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər».
     39. De: «Ey mənim qövmüm! Siz öz (dini və etiqadi) durumunuz əsasında davranın, mən də (Allaha təslimçilik və imana) əməl edənəm. Beləliklə tezliklə biləcəksiniz
     40. ki, (dünyada) xar və rüsavayedici əzab kimə gələcək və (axirətdə) daimi əzaba kim düçar olacaq».
     41. Həqiqətən Biz bu kitabı sənə insanlar üçün, haqq olaraq nazil etdik. Buna görə də kim doğru yola gəlsə öz xeyirinə hidayət olub və kim yolunu azsa yalnız öz ziyanına azır. Sən onların işlərinin vəkili deyilsən (ki, imanı onların qəlbinə çatdırmaq vəzifəsi daşıyasan. Bu, Allahın işidir).
     42. Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır.
     43. Yoxsa onlar Allahın yerinə şəfaətçilər (şəafətçi adlandırdıqları bütlər) götürüblər? De: «Hətta heç nəyə malik olmasalar və heç nə dərk etməsələr belə (yenə onları şəfaətçi hesab edirsiniz)?!»
     44. De: «Şəfaət və vasitəçilik bütünlüklə (istər səbəb və nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə də axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur. (Çünki,) həqiqi mülkiyyət və göylərin və yerin hakimiyyəti Ona məxsusdur. (Ona görə ki, hər bir şeyin yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun əlindədir.) Sonra sizin hamınız Ona tərəf qaytarılacaqsınız».
     45. Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər.
     46. (Onların iman gətirmələrinə naümid olduqdan sonra) de: «Allahım! Ey göylərin və yerin yaradanı, gizli və aşkarı bilən! Bəndələrin arasında (dünyada) ixtilaf etdikləri şey barəsində (axirətdə) Sən hökm çıxaracaqsan!»
     47. Əgər yer üzündə olanlar və onun daha bir misli (küfr etməklə özlərinə) zülm etmiş kəslərin olsa, şübhəsiz, Qiyamət günü hamısını özlərini əzabın pislik və çətinliyindən qurtarmağa fəda edərlər. Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır.
     48. Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir.
     49. Bəli, insana bir zərər-ziyan yetişən zaman Bizi çağırar. Sonra ona Öz tərəfimizdən bir nemət əta edən kimi «o mənə bacarığıma görə verilib» deyər. (Xeyir!) Əksinə, (o, Allah tərəfindən) bir imtahandır, lakin onların çoxu bilmirlər.
     50. Həqiqətən bu sözü onlardan qabaqkılar (Qarun və onun yoldaşları) da demişdilər. Lakin əldə etdikləri (mallar) onlardan (Allahın əzabından) bir şeyi dəf etmədi.
     51. Beləliklə əldə etdiklərinin pis cəzası onlara yetişdi. Bunların (Məkkə kafirlərinin) zülm edənlərinin də əldə etdiklərinin pis cəzası tezliklə onlara çatacaqdır və onlar əsla Bizi (intiqam almaqda) aciz qoya bilməzlər.
     52. Məgər onlar ruzini istədiyi kəs üçün genişləndirən və daraldanın Allah olmasını bilməyiblər? Həqiqətən bunda (bu işdə) iman gətirənlər üçün (Allahın qüdrət, tədbir və hikmətindən) nişanələr vardır.
     53. De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!
     54. Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun.
     55. Özünüzün də xəbəriniz olmadan qəfil əzab sizə yetişməmişdən öncə Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə (əqidə və əməl barəsindəki vacibata və mənəvi fəzilətlərə) tabe olun.
     56. (Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim» desin.
     57. Yaxud da (məbada kimsə) «əgər Allah məni doğru yola yönəltsəydi mütləq təqvalılardan olardım» desin.
     58. Yaxud (məbada) əzabı görən zaman «ey kaş qayıda və yaxşılardan ola biləydim!» desin.
     59. (Həmin şəxsə belə deyilər:) Xeyir! Mənim ayə və nişanələrim sənə gəldi, amma sən təkzib və inkar etdin, təkəbbür göstərdin və (həmin vaxt) kafirlərdən idin.
     60. Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!
     61. Allah təqvası olanlara (iman və əməl) uğurlarına görə nicat verər. Onlara nə pislik yetişər və nə də qəmgin olarlar.
     62. Allah hər bir şeyin (vasitəsiz və vasitə ilə) yaradanıdır. Və O, hər şeyə vəkildir.
     63. Göylərin və yerin xəzinələri və onların açarları Ona məxsusdur. Ziyana uğrayanlar Allahın ayələrini inkar edənlərdir.
     64. De: «Ey nadanlar! Mənə Allahdan qeyrisinə ibadət etməyi əmr edirsiniz?!
     65. (Ya Peyğəmbər!) Həqiqətən sənə və səndən əvvəlki (peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq (onların axirət mükafatı aradan gedəcək və onlar başqa aləmdə təzahür tapmaq qabiliyyətini itirəcəklər) və mütləq ziyana uğrayanlardan olacaqsan.
     66. Əksinə, yalnız Allaha ibadət et və şükr edənlərdən ol!
     67. Allahı(n qüdrət və əzəmətini hətta insanın öz dərketmə imkanı çərçivəsində) Onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar. Halbuki qiyamət günü yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O pakdır və Onun şəriki güman edilənlərdən üstündür.
     68. Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər).
     69. (Həmin gün) yer (üzü) öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab (Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək.
     70. Hər bir kəsə etdiyi(nin mükafatı) tam şəkildə veriləcək və O (Allah), onların etdiklərini daha yaxşı bilir.
     71. Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu».
     72. Onlara deyilər: «Cəhənnəmin qapılarından əbədi məskunlaşmaq üçün ona daxil olun!» Pis yerdir təkəbbürlülərin yeri!
     73. Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»
     74. (Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükr bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!
     75. (Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən. Onların (bütün Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: «Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!»
    

Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-31)
Views: 3391 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]