Şənbə günü, 2024-12-21, 3:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

44. Duxan surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
44. Duxan surəsi
(Məkkədə nazil olmuşdur, əlli doqquz ayədir)

Bağışlayan və mehriban Allahın adı ilə
     1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
     2. And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki,
     3. Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq.
     4. Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).
     5. Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.
     6. Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur.
     7. (O,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir, əgər inanansınızsa!
     8. Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir.
     9. Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar.
     10. Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə.
     11. O bütün insanları bürüyəcək. (Və deyiləcək:) «Bu ağrılı bir əzabdır».
     12. (Hamı belə deyəcək:) «Ey Rəbbimiz! Bu əzabı bizdən dəf et ki, biz iman əhliyik».
     13. Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?!
     14. Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir».
     15. Biz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız.
     16. (Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır). Çünki Biz intiqam alanıq.
     17. Həqiqətən Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi.
     18. (Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən mən sizin üçün etibarlı bir peyğəmbərəm.
     19. Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm.
     20. Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.
     21. Əgər mənə iman gətirmirsinizsə, onda məndən uzaqlaşın və məni tək qoyun».
     22. (Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər)».
     23. (Dedik:) «Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz.
     24. Və (elə ki, dənizi sənin üçün yardıq və ondan keçdin) qoy dənizdəki geniş yol qalsın (və fironçular da həmin yola daxil olsunlar). Çünki şübhəsiz onlar qərq olunmağa məhkum bir ordudurlar».
     25. Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər.
     26. Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!
     27. Və necə də sevinib şad olduqları eyş-işrətlər.
     28. (Bəli,) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik.
     29. Beləliklə onlara nə göy və yer ağladı və nə də (əzab nazil olan zaman) möhlət tapdılar.
     30. Həqiqətən Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik.
     31. Firondan (onun əlindən)! Həqiqətən o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi.
     32. Həqiqətən Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik.
     33. Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.
     34. Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:
     35. «Həyatın (və insan varlığının) sonu yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik.
     36. Buna görə də əgər (Qiyamət iddiasında) doğruçusunuzsa, bizim atalarımızı (dirildib) gətirin».
     37. (Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.
     38. Biz göyləri, yeri və o ikisinin arsında olanları oyun-oyuncaq (olaraq və boş yerə) yaratmamışıq.
     39. Biz o ikisini yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaratmışıq, lakin onların çoxu bilmir.
     40. Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır.
     41. Heç bir dost və yoldaşın öz dost və yoldaşından heç bir zərəri dəf etməyəcəyi və onlara kömək olunmayacaq bir gün!
     42. Allahın rəhm etdiyi kəs istisna olmaqla. Çünki qüdrətli və mehriban Odur.
     43. Şübhəsiz, (Cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı
     44. peşəsi günah olan kəsin yeməyidir.
     45. O qarınlarda qaynayan əridilmiş mis kimidir.
     46. Qaynar suyun qaynaması kimi!
     47. Onu tutun və zorla cəhənnəmin ortasına çəkin.
     48. Sonra başının ortasından bütünlüklə əzab və işkəncə olan qaynar su tökün.
     49. (Və deyin:) «Dad ki, doğrudan da sən həmin qüdrətli və möhtərəmsən!»
     50. Bu, sizin, barəsində şübhə etdiyinizdir (həmin əzabdır).
     51. Həqiqətən təqvalılar (xəstəlik, qəm-qüssə, qocalıq və ölümdən) amanda olan bir yerdə olacaqlar.
     52. Bağların və çeşmələrin arasında.
     53. Nazik və qalın ipək paltarlar geyinəcək, (ünsiyyətdə olub söhbət etmək üçün) bir-birləri ilə üz-üzə oturacaqlar.
     54. (Onların halı) belədir. Və onları hurul-eyn (ağ bədənli və iri gözlü cənnət qadınları) ilə evləndirərik.
     55. Orada (zərər-ziyanından və zavala uğramasından) xatircəm halda bütün növ meyvələrdən istəyərlər.
     56. Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur.
     57. (Bu,) sənin Rəbbin tərəfindən olan bir lütfdür. Bu həmin böyük qurtuluş və uğurdur.
     58. Əslində Biz bunu (Quranı) sənin dilinlə asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona uyğun və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər.
     59. (Onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər.

    
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-31)
Views: 3836 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 bakinka   (2012-12-07 11:48 PM) [Daxil et]
ALLAH RAZI OLSUN

Only registered users can add comments.
[ Registration | Login ]