Çərşənbə axşamı, 2024-03-19, 11:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

79. Naziat surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
79. Naziat surəsi

(Məkkədə nazil olmuşdur, qırx altı ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,
     2. (And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,
     3. (And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,
     4. (And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,
     5. (And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
     6. O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).
     7. Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
     8. O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.
     9. Gözləri zəlilcəsinə yerə dikilər.
     10. (O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»
     11. «(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»
     12. (Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»
     13. Həqiqətən, o (dönüş) yalnız bir nə’rə(nin surun ikinci dəfə üfürülməsilə)dir.
     14. Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.
     15. Musanın hekayəti sənə gəlib çatdımı?
     16. O zaman ki, Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:
     17. «Fironun yanına get! Çünki o tüğyan etmişdir».
     18. Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?
     19. Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»
     20. Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.
     21. O, (isə) təkzib etdi və asi oldu.
     22. Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.
     23. O, (öz qövmünü) topladı, və (onlara) xitab edib
     24. Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).
     25. Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
     26. Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.
     27. (Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?
     28.Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.
     29. Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.
     30. Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı.
     31. Onun daxilindəki sularını, otlaqlarını və bitkilərini çıxartdı.
     32. Dağları (yer üzərində) sabit və möhkəm etdi ki,
     33. (Bütün bunlar) sizin və heyvanlarınızın (dünyada) bəhrələnməsi üçündür.
     34. O çox böyük bəla (Qiyamət) yetişdikdə,
     35. O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi - Məhfuz vasitəsilə) yadına salacaqdır,
     36. Cəhənnəm hər bir görənə (kor surətdə həşr olunmayana) aşkar olacaqdır.
     37. Amma kim (dünyada) tüğyan etmişsə,
     38. Və dünya həyatını (axirətdən) üstün tutmuşsa,
     39. Şübhəsiz, onun yeri Cəhənnəmdir!
     40. Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi - həvəsdən saxlamışsa,
     41. Şübhəsiz, onun yeri Cənnətdir. (Bu beş ayə 34 - cü ayəyə cavabdır).
     42. Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar.
     43. Sən onu (onun vaxtını) nə bilirsən?
     44. Onun sonu sənin Rəbbinə tərəfdir (Onun həqiqətinə, necəliyinə və zamanına dair elm Ona məxsusdur).
     45. Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar edən və qarşı çıxanlara cəza verən deyilsən).
     46. Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).
     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli

Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 2601 | Rating: 4.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]