Bazar ertəsi, 2024-12-30, 5:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

50. Qaf surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
50. Qaf surəsi

(Məkkədə nazil olmuşdur, qırx beş ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. Qaf. (Bunlar Allahla Onun Peyğəmbəri arasındakı sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin bəşəriyyət onun bənzərini gətirməkdə acizdir. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. Ey Muhəmməd! Sənə əmr olunduğu kimi möhkəm ol. Olacaq şeyin hökmü əzəldən verilib.) And olsun əzəmətli, əziz, şanlı, şərəfli, qiymətli və uca məqamlı Qurana (ki, sən peyğəmbərlərdənsən və cəza günü haqdır).
     2. (Onlar nəinki qəbul etmədilər) hətta onlara (mələk və cinlərdən deyil) özlərindən bir qorxudan (peyğəmbər) gəlməsinə təəccübləndilər. Buna görə də kafirlər dedilər: «Bu qəribə bir şeydir!
     3. Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcək və ayağa qaldırılacağıq)? Bu, (tarixi təcrübədən və ağılın dərkindən) uzaq bir qayıdışdır. (Bədənlərin dağılmış və bir-birinə qarışmış hissələri bir-birindən ayrıldıqdan sonra bir yerə necə toplana bilər?)»
     4. (Heç də uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır.
     5. (Ağıllarının dərk etməməsindən deyil) bəlkə haqq onlara yetişən (aydın olan) zaman onu təkzib etdilər. Beləliklə onlar qarmaqarışıq bir iş içrisindədirlər (qəlbdə yəqinlikləri var, dildə isə inkar edirlər).
     6. Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmamazlıq görünmür)?!
     7. Biz yeri sərdik, onda sabit və möhkəm dağlar yaratdıq və gözəl, qəlbi oxşayan bitkilərin hər sinif və cütündən bitirdik.
     8. (Allahın ayələri barəsində fikirləşməklə Ona tərəf) qayıdan hər bir bəndəyə gözüaçıqlıq və öyüd-nəsihət (amili) olması üçün (etdik bunları).
     9. Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə (çoxlu ağacı olan) bağlar və biçilməli dən(li bitki)lər bitirdik.
     10. Və uca boylu və məhsuldar xurma ağacları (yetişdirdik) ki, bir-birinin üstünə çıxmış salxımları və (hər salxımda) sıx meyvələri vardır.
     11. Bəndələrin ruzisi olsun deyə! Həmçinin su vasitəsi ilə (bitkiləri bitirib) ölmüş torpağı diriltdik. Çıxmaq (qiyamət günü ölülərin qəbirlərdən baş qaldırmaları da) belədir (bitki və dənlərin yetişməsi kimidir).
     12. Onlardan (Məkkə müşriklərindən) qabaq Nuhun qövmü, (Yəmamədə peyğəmbərləri Hənzələni quyuya atmış) Rəss yoldaşları və (Saleh peyğəmbərin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.
     13. Həmçinin (Hudun qövmü) Ad, Firon (və onun yoldaşları) və Lutun (qəbilə) qardaşları.
     14. (Şüeyb qövmünə məxsus) o yamyaşıl və sıx ağaclı yerin sakinləri və (Yəmən padşahının) Tübbə qövmü. Onların hamısı peyğəmbərləri təkzib etdilər. Beləliklə Mənim (inkar edənlərə əzab vermək barəsindəki) qəti vədim (onlar barəsində) təsbit oldu.
     15. Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?! (Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər.
     16. Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq.
     17. (Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər.
     18. Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın.
     19. Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir.
     20. Və Sur (ikinci dəfə) çalınar. Həmin gün (Allahın) hədələyici vədlər(inin gerçəkləşməsi) günüdür.
     21. (Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir.
     22. (Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən).
     23. Və onun yoldaşı (yanındakı gözətçi) deyər: Mənim yanımda hazır olan şəxs budur. (Və onun şahid yoldaşı deyər: Onun Mənim yanımda hazır olan əməl səhifələri bunlardır.)
     24. (Əmr gələr ki:) Siz iki nəfər (gözətçi mələk və şahid) hər bir inadkar kafiri cəhənnəmə atın!
     25. Hər bir xeyirin qarşısın alanı, (yaradanın müəyyənləşdirdiyi həddi aşan və yaradılmışların haqqına təcavüz edən) təcavüzkarı və (əqidənin əsaslarına) şübhə edəni (qəlblərə şəkk-şübhə salanı).
     26. Tək olan Allahla yanaşı özünə başqa bir məbud götürəni. Buna görə də onu şiddətli və ağrılı bir əzaba atın!
     27. Onun yoldaşı (olan şeytan) deyər: «Ey Rəbbim! Onu itatəsizliyə mən vadar etmədim, lakin o özü uzun-uzadı bir azğınlıq içərisində idi. (Mən yalnız dəvət etdim, o da öz xoşu ilə qəbul etdi.)»
     28. (Allah) buyurar: «Mənim hüzurumda bir-birinizlə dava-dalaş salmayın. Mən sizə əvvəlcədən (peyğəmbərlər və səma kitabları vasitəsi ilə) əzab vədi vermişdim». (Hamıya lazım olan dəlil sübutlar təqdim edilib və hamının cinayəti aydınlaşıb.)
     29. (Kafirlərin cəhənnəmin odunu olmaları barəsində Lövhi-Məhfuzda yazılmış) o (qəti) söz Mənim yanımda əsla dəyişilməz (deyilənin əksi olmaz və onun hökmü ləğv edilməz) və Mən bəndələrə əsla zülm edən deyiləm.
     30. Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur.)
     31. Və Cənnəti təqvalılara (aralarında) məsafə olmadan çox yaxınlaşdırarlar.
     32. (Onlara deyilər:) Bu sizə vəd olunandır. (Bu, dünyada) Allaha çox könül verən və (yaradanın və yaranmışların hüquqlarını) qoruyan hər bir kəs üçündür.
     33. Rəhman olan Allahdan gizlində (heç kəsin onu, onun isə axirəti görmədiyi halda) qorxan və tövbəkar və sızıltılı qəlblə (Allahın görüşünə) gələn kəs (üçün)!
     34. (Onlara deyiləcək:) «(Allah və mələklər tərəfindən) salamla (və əbədi salamatlıqla) ora daxil olun. (Mücdə olsun sizə ki,) bu gün əbədiyyət günüdür».
     35. Orada onlar üçün istədikləri (hər bir) şey vardır. Bizim yanımızda (onların təsəvvür və istəklərindən xaric) daha artıq (nemətlər) mövcuddur.
     36. Biz onlardan (Məkkə müşriklərindən) qabaq qüdrət və iqtidar baxımından onlardan daha güclü olan və şəhərləri gəzib-dolaşaraq hər yerə nüfuz etmiş neçə-neçə nəsilləri məhv etdik. (Lakin) məgər (əzab nazil olan zaman onlar üçün) qaçmağa yer və bir sığınacaq var idi?!
     37. Şübhəsiz, bunda (bu əhvalatlarda, oyaq) qəlbi olan və ya (həqiqətlərə qəlbi ilə) şahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət vardır.
     38. Həqiqətən Biz göyləri, yeri və bu ikisinin arsında olanları altı gündə (yaxud altı gecə-gündüzdə və ya altı mərhələdə) yaratdıq və Bizə heç bir inciklik və yorğunluq üz vermədi (yenidən diriltmək də belə olacaqdır).
     39. Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbr et və günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini həmd-səna ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl).
     40. Və gecənin bir hissəsində də Onu pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl) və həmçinin səcdələrin ardınca (bütün namazların səcdələrindən sonra Onu pak siftələrlə xatırla).
     41. Carçının (İsrafilin sur ilə ikinci dəfə, dağılmış bütün bədənlərə nisbətdə eyni ölçüdə) yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin nidanı gözlə)!
     42. (Bərzəx aləmində olan bütün ruhların) haqq olan (və Lövhi-Məhfuzda təsbit edilmiş) həmin nərəni eşidəcəkləri gün! (Həmin) o gün (hamının qəbirlərdən) çıxma günüdür.
     43. Şübhəsiz, dirildən də, öldürən də Bizik və dönüş (axirətdə hamının qayıdışı) Bizə tərəfdir.
     44. Onlar (oradan Allaha doğru) tələsərkən yerin onların üzərindən yarılacağı gün. Bu (diriltmək və hüzurumuza gətirmək), Bizim üçün asan bir toplamadır.
     45. Biz onların (kafirlərin təkzib, istehza, şirk və məadın inkarı barəsində) dediklərini daha yaxşı bilirik və sən onlara hakim deyilsən (ki, iman gətirərək Allaha təslim olmağa zorla vadar edəsən). Odur ki, Mənim hədələrimdən qorxan kəsə bu Quran vasitəsi ilə öyüd-nəsihət ver.

    
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-30)
Views: 3252 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]