Şənbə günü, 2024-12-21, 2:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

89. Fəcr surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
89. Fəcr surəsi
(Məkkədə nazil olmuşdur, otuz ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),
     2. Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),
     3. Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),
     4. Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)
     5. Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)
     6. Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?
     7. Hündür qəsrləri, uca sütunları və qədd - qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə
     8. Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.
     9. (Omanla Həzər-Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).
     10. Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.
     11. O kəslər ki, şəhərlərdə tüğyan etdilər.
     12. Və oralarda çoxlu fitnə-fəsad törətdilər.
     13. Beləliklə Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.
     14. Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.
     15. Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).
     16. Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı»-deyər.
     17. Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.
     18. Bir - birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.
     19. Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).
     20. Və (dünya) malı(nı) lap çox sevirsiniz.
     21. Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir-birinə çırpılıb parça-parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman
     22. Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi
     23. Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün-məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!
     24. O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!»-deyər.
     25. Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).
     26. Və heç kim Onun kimi zəncirləyə bilməz.
     27. Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),
     28. Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!
     29. Mənim bəndələrimin zümrəsinə daxil ol!
     30. Və Mənim Cənnətimə daxil ol!

     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 3669 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 seyidzadeazer   (2015-08-14 10:13 AM) [Daxil et]
ALLAH RAZI OLSUN.

Only registered users can add comments.
[ Registration | Login ]