Şənbə günü, 2024-12-21, 3:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

42. Şura surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
42. Şura surəsi
(Məkkədə nazil olmuşdur, əlli üç ayədir)

Bağışlayan və mehriban Allahın adı ilə
     1-2. Ha, Mim, Eyn, Sin, Qaf. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
     3. Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr və bu surə kimi) vəhy edir.
     4. (Göylərlə yerin özlərindən əlavə) göylərdə və yerdə nə varsa Allahın həqiqi mülküdür. (Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri Onun qüdrətli əlindədir.) (Zatı, sifətlərinin kamilliyi və işləri baxımından) uca və böyük Odur.
     5. (Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükr etməklə birlikdə həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən bağışlayan və mehriban məhz Allahdır.
     6. Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməlləri qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.
     7. Və beləcə biz sənə ərəbcə bir Quran vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.
     8. Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları.
     9. Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.
     10. Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.
     11. (O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!
     12. Göylərin və yerin xəzinələri (ruzinin xammal və mənbələri və onların Allahın istəyindən ibarət açarları) Ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir (artırır) və ya daraldır (azaldır). Çünki O, hər şeyi biləndir.
     13. (Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.
     14. (Bütün şəriət sahibləri müxtəlif əqidə və yollara) yalnız onlara kamil elm gəldikdən sonra aralarındakı zülm, həsəd və məğrurluq üzündən parçalandılar. Əgər Rəbbindən (Onun əzəli elmindən Lövhi-Məhfuzda) keçmiş (və orada qeyd edilmiş: «hər bir şəxs və qövm üçün) müəyyən müddətədək (möhlət vardır») sözü olmasaydı, onların arasında (batil əhlinin məhvi barəsində) mütləq qəti hökm olunardı. Əlbəttə, onlardan sonra kitabın varisi olan kəslər(in də çoxu) tərəddüd doğuran şübhə içərisindədirlər.
     15. Buna görə də (insanları) ona (həmin şəriətə) tərəf dəvət et, sənə əmr olunduğu kimi səbatlı ol, onların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma və de: «Allahın nazil etdiyi bütün kitablara iman gətirdim və mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur. Allah bizim və sizin Rəbbinizdir. Bizim əməllərimiz(in nəticəsi) bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq (həqiqətlər aydınlaşdıqdan və sizin inadkarlığınız aşkar olduqdan sonra) bizimlə sizin aranızda mübahisə (etməyə) və dəlil (gətirməy)ə (ehtiyac) yoxdur. Allah (Qiyamət günü) bizim hamımızı bir yerə toplayacaqdır və hamının qaydışı Ona tərəfdir».
     16. Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır.
     17. Allah haqq olaraq (və yüksək və ağılın qəbul etdiyi bir hədəf üçün) kitabı (bütün əsrlərin səma kitablarını) və ölçünü (maddi və mənəviliyindən asılı olmayaraq həm ölçülən şeyləri, həm də onların ölçü meyarlarını) nazil edəndir. Sən nə bilirsən, bəlkə (sorğu-sual edilmək və əməllərin ölçülməsi üçün) Qiyamət yaxındır?
     18. Ona imanı olmayanlar onun gəlməsinə tələsir, ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil! Qiyamət barəsində şübhə edənlər şübhəsiz, uzun-uzadı azğınlıq içərisindədirlər.
     19. Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə (mənəvi və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir.
     20. Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır.
     21. Yoxsa (Allahdan qeyrisinin şəriət hökmü çıxarmaq haqqı olmadığı halda) onların dinin hökmlərindən Allahın icazə vermədiyi şeyi onlar üçün qanun etmiş şərikləri var? Əgər o qəti söz (hər bir şəxs və qövmə möhlət vermək barəsində Allahın Lövhi-Məhfuzda yazılmış əzəli hökmü) olmasaydı onların arasında mütləq (məhv edilmələri haqqında) qəti hökm çıxarılardı. Həqiqətən zalımlar üçün ağrılı bir əzab vardır.
     22. (Cəza günü) zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür.
     23. Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini mücdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir.
     24. Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Quranın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən O, ürəklərdə olanları bilir.
     25. Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur.
     26. İman gətirib yaxşı işlər görmüş kəsləri(n istəklərini) qəbul edir və Öz lütfündən onları (onların mükafatını) artırır. (Qiyamət günü) kafirlər üçün şiddətli bir əzab vardır.
     27. Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə
     nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir.
     28. (İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!
     29. Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir.
     30. Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.
     31. Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.
     32. Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir.
     33. Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.
     34. Yaxud onları (gəmidəkiləri) qazandıqlarının (günahlarının) müqabilində məhv edər. O, (günahların) çoxundan da keçir.
     35. (Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.
     36. Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.
     37. (Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).
     38. Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
     39. Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).
     40. Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.
     41. Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur.
     42. (Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.
     43. Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbr etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir.
     44. Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
     45. Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir». Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
     46. Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
     47. Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
     48. Beləliklə əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
     49. Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusur. (Çünki onların yaradılması, qorunması, iradə edilməsi və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.
     50. Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir).
     51. Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir.
     52. Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Quran və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Quranı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən.
     53. O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır.

    
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-31)
Views: 3495 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0  
2 GADİR   (2014-02-06 9:49 PM) [Daxil et]
ALLAH RAZI OLSUN !
SALAM ALEYKUM
ŞURA-23. Bu ayənin həzrət Əli (ə.), həzrət Fatimənin (ə.), imam Həsən (ə.) və imam Huseyn (ə.) haqqında nazil olması haqqında əhli-sünnə və əhli-beyt məktəbi ittifaq etmişlər. Öz hədis, təfsir və tarix kitablarında müfəssəl nəql etmişlər: Bu ayə nazil olandan sonra peyğəmbərdən (s.a.s.) soruşdular: “Ey Allahın rəsulu, Allah bizə kimlərin məvəddətini vacib etmişdir?” Peyğəmbər (s.) dedi: “ “Əli, Fatimə və onların övladıdır.” Bu ayənin təfsiri haqqında nəql edən kitablar: 1) “Təfsirun-Nəcəfi” c.4,səh.94;
2) İbni Kəsir “Təfsirul-Quranil-Əzim” c.3;
3) “Zilalul-Quran” c.25;
4) “Təfisrul-Cəlaleyn” c.25;
5) “Mənaqib Xarəzmi” səh.39;
6) “Məqtəl Xarəzmi” c.1,səh.27;
7) “Yənabiul-Məvəddə” səh.368;
8) “Təfsirul-Kəşşaf”;
9) “Təfsirul-Kəlbi” c.4,səh.35;
10) “Nurul-Əbsar” səh.112;
11) “İsafur-Rağibin” səh.105;
12) “Əsbabun-Nuzul” səh.243, Suyuti, Misir çapı;
13) “Təfsirul-Hədis” c.2,səh.127.
Və bu ayənin davamı olan “Kim bir yaxşı iş görsə biz onun yaxşılığını (savabını) artırarıq” sözlərində məqsədin “Əhli-Beytə məhəbbət” olduğunu əhli-sünnət alimləri qeyd edir:
1) “Şəvahidut-tənzil” c.2,səh.149-150;
2) “Təfsirul-Kəşşaf”;
3) “Məqatilut Talibin” səh.52;
4) “Mənaqib ibni Məğazili” səh.316;
5) “Şəvaiqul-Muhriqə” səh.175;
6) “Durrul-Mənsur” c.6,səh.7.

0  
1 GADİR   (2014-02-02 7:58 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN !
BELƏ ŞƏRHƏ RAST GƏLDİM VƏ BÖLÜŞMƏYİ VACİB BİLDİM.


Böyük sünnü təfsirçisi mərhum Zəməxşəri özünün "Kəşşaf" adlı təfsirində "Şura" surəsinin 23-cü ayəsini təfsir edərkən Peyğəmbərin Əhli-beyt barəsində belə buyurduğunu rəvayət edir:مَنْ ماٰت عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ ماٰتَ شَهِيدًا،اَلاٰ وَ مَنْ ماٰت عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ ماٰت مَغْفُورًا لَهُ، اَلاٰ وَ مَنْ ماٰت عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ ماٰتَ تاٰئِبًا، اَلاٰ وَ مَنْ ماٰت عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ ماٰتَ مُؤْمِنًا مُسْتَكْمِلَ الْاِيماٰنِ، اَلاٰ وَ مَنْ ماٰتَ عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ بَشَّرَهُ مَلَكُ الْمَوْتِ بِالجَنَّةِ ثُمَّ مُنْكرٌ وَ نَكِيرٌ، اَلاٰ وَ مَنْ ماٰتَ عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ يُزَفُّ اِلَي الْجَنَّةِ كَماٰ تُزَفُّ•ُّ الْعَرُوسُ اِليٰ بَيْت زَوْجِهاٰ، اَلاٰ وَ مَنْ ماٰتَ عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ فُتِحَ لَهُ فِِي قََبْرِهِ باٰباٰنِ اِلَي الْجَنَّةِ، اَلاٰ وَ مَنْ ماٰتَ عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ جَعَلَ اللهُ قََبْرَهُ مَزاٰرَ مَلاٰئِكَةِ الرَّحْمَةِ، اَلاٰ وَ مَنْ ماٰتَ عَليٰ حُبِّ آلِ مُحَمَّدٍ ماٰتَ عَلَي السُّنَّةِ وَ الْجَماٰعَةِ، اَلاٰ وَ مَنْ ماٰتَ عَليٰ بُغْضِ آلِ مُحَمَّدٍ جاٰءَ يَوْمَ الْقِياٰمَةِ مَكْتُوبٌ بَيْنَ عَيْنَيْهِ: آيِسٌ مِنْ رَحْمَةِ اللهِ، اَلاٰ وَ مَنْ ماٰتَ عَليٰ بُغْضِ آلِ مُحَمَّدٍ ماٰتَ كاٰفِرًا، اَلاٰ وَ مَنْ ماٰتَ عَليٰ بُغْضِ آلِ مُحَمَّدٍ لَمْ يَشُمَّ راٰئِحَةَ الْجَنَّةِ  "Agah olun! Hər kəs Ali-Mühəmmədə (Peyğəm¬bərin Əhli-beytinə) məhəbbət ilə dünyadan getsə şəhid, bağışlanmış, tövbəkar və kamil imanla, mö`min kimi dün¬yadan gedər. Belə bir şəxs öldüyü vaxt ölüm mələyi, Nə¬kir və Münkər ona behişt müjdəsi verər. Əhli-bey¬tin dostlarını, bəy evinə gedən gəlin kimi bəzəyib be¬hiştə apararlar. Belə bir şəxs öldükdə, qəbrindən behiş¬tə tərəf iki qapı açılar. Hər kəs Əhli-beytə məhəb¬bətlə ölsə qəbri rəhmət mələklərinin ziyarət¬gahı olar. Əhli-beytin məhəbbəti ilə ölən şəxs, haqq yolu ilə ölüb¬dür. Agah olun! Hər kəs Mühəmməd Əhli-beyti ilə düş¬mən olub dünyadan getsə, qiyamət günü gözlərinin ara¬sın¬da "bu, ilahi rəhmətdən mə`yusdur" yazılan halda məhşur olacaqdır. Agah olun! Hər kəs Peyğəmbər Əhli-beytinə düşmən halda ölsə kafir kimi ölüb və belə bir şəxs cənnətin ətrini iyləməyəcəkdir."
 ASSALAMUN ALEYKUM VƏ RAHMƏTULLAH

Only registered users can add comments.
[ Registration | Login ]