Şənbə günü, 2024-12-21, 2:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

92. Ləyl surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
92. Ləyl surəsi
(Məkkədə nazil olmuşdur, iyirmi bir ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;
     2. And olsun, cilvələnməkdə olan gündüzə.
     3. And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,
     4. Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).
     5. Amma kim (öz malından və var - yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa
     6. Və Allahın vədlərini təsdiq etsə
     7. Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).
     8. Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa
     9. Və İlahi vədləri təkzib etsə
     10. Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval - ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).
     11. Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.
     12. Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir.
     13. Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.
     14. Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.
     15. Ora yalnız ən azğın kafir girər və yanar.
     16. O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.
     17. Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər - yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).
     18. O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir
     19. Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,
     20. O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).
     21. Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır
.
     
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-22)
Views: 3021 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]