Main » Articles » Qur'ani-Kerim |
37. Saffat surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 37. Saffat surəsi (Məkkədə nazil olmuşdur, yüz səksən iki ayədir) Bağışlayan və mehriban Allahın adı ilə. 1. And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə). 2. (And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Quran ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır. 3. (And olsun) Zikri (Quranı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki, 4. Həqiqətən, sizin Tanrınız təkdir. 5. (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir. 6. Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik. 7. Və onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq. 8. Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar. 9. Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır. 10. Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər. 11. (Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər). 12. Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar. 13. Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar 14. Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar. 15. Və deyərlər: «Bu, yalnız açıq-aşkar bir sehr və cadudur». 16. «Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra - yəni doğrudanmı dirildiləcəyik?!» 17. «Yəni bizim ilk ata - babalarımızdamı (dirildiləcəklər)?» 18. De: «Bəli, özü də xar və aciz (zəlil) bir halda olacaqsınız». 19. Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nə’rə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar. 20. Və deyərlər: «Vay halımıza! Bu, cəza günüdür». 21. (Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür. 22. (Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə 23. «Onları Cəhənnəmin yoluna yönəldin». 24. «Və onları (o yolda) saxlayın ki, onlar (orada əqidələr və əməllər barəsində) sorğu-sual olunmalıdırlar». 25. «(Ey Cəhənnəm əhli), sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!» 26. Əslində onlar o gün tamamilə təslim və müti olacaqlar. 27. Onlardan bir qismi digərlərinə üz tutar, bir-birindən soruşarlar, 28. (Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz». 29. Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz». 30. «Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz». 31. «Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!» 32. «Biz sizi (azdırmış olsaq belə, sizin öz ixtiyarınızla) azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik». 33. Şübhəsiz onlar o gün (tabe olanlar və rəhbərləri) əzabda şərikdirlər. 34. Biz günahkarlarla belə rəftar edirik. 35. (Çünki) onlara: «Yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur!» -deyildiyi zaman təkəbbür göstərirdilər. 36. Və deyirdilər: «Yəni doğrudan biz divanə bir şairə görə öz tanrılarımızı tərk edək?!» 37. (O, nə şairdir, nə də divanə) əksinə, o haqq (olan din, şəriət və kitab)ı gətirmişdir və (Allah) peyğəmbərlərin(in) hamısını təsdiq etmişdir. 38. Şübhəsiz, siz (axirət aləmində) ağrılı əzabı dadacaqsınız. 39. Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız). 40. (Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa. 41. Onlar üçün məlum bir ruzi vardır, 42. (Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar. 43. Bol nemətli bağlarda, 44. Üz-üzə qoyulmuş taxtlar üzərində, 45. Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar, 46. Ağappaq və içənlər üçün başdan - başa ləzzət olan bir şərab. 47. Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar. 48. Və onların yanında xumar baxışlı, ərindən savayı digərlərindən gözlərini çəkən, iri və gözəl gözlü qadınlar vardır, 49. Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar). 50. Onlardan bir qismi digərlərinə üz tutar, bir-birlərilə söhbət edərlər. 51. Onlardan biri belə deyər: «Həqiqətən, mənim (dünyada) bir yoldaşım (həmsöhbətim) var idi». 52. (Mənə) deyərdi: «Yəni doğrudan sən (ölümdən sonra dirilmək məsələsini) təsdiq edənlərdənmisən?!» 53. «Yəni biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra məgər (yenidən dirilərək) cəzalanacağıqmı»?! 54. (Sonra o dostlarına) deyər: «Ona baş çəkərək əhvalından hali olmaq istərsinizmi?» 55. O, özü (Cəhənnəmə) nəzər salar və onu Cəhənnəmin düz ortasında görər. 56. Deyər: «Allaha and olsun, həqiqətən, az qalmışdı sən məni də həlakətə sürükləyəsən». 57. «Əgər Rəbbimin (doğru yola yönəltmək) neməti olmasaydı, həqiqətən, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım». 58. Beləliklə (şövqlə və bəyan etmək məqsədi ilə dostlarına deyər:) «Biz bir daha ölməyəcəyik, elə deyilmi,» 59. (Dünyadakı) ilk ölümümüzdən savayı! Biz heç bir zaman əzab görməyəcəyik?!» 60. (Bəli,) şübhəsiz ki, bu, həmin böyük uğur və qurtuluşdur. 61. Çalışanlar bunun (bu cür nemətlər) üçün çalışmalıdır. 62. Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?! 63. Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik. 64. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar). 65. Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir). 66. Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar. 67. Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış içki vardır (Cəhənnəmdən kənarda ondan içərlər). 68. Sonra da onların dönüşləri Cəhənnəmə sarıdır. 69. Çünki, onlar atalarını azmış gördülər. 70. Beləliklə (arxadan qovulurmuş kimi) onların arxasınca gedirdilər. 71. Şübhəsiz, onlardan (Məkkə müşriklərindən) qabaq, əvvəlkilərin də çoxu yollarını azmışdılar. 72. Həqiqətən onların arasına qorxudanlar göndərdik. 73. Buna görə də bax gör (müxtəlif əzablarla məhv edilmiş) qorxudulanların aqibəti necə oldu. 74. Allahın seçilmiş və (ilahi köməklə mənəvi naqislikləri aradan qaldırılmış və nəticədə saflaşmış) xalis bəndələri istisna olmaqla! 75. Həqiqətən Nuh Bizi çağırdı. Biz (çağırış və duaları) gözəl qəbul edənik. 76. Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik. 77. Və (yer üzündə) yalnız onun nəslini saxladıq. 78. Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq. 79. Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.) 80. Biz yaxşı əməl sahiblərini (dünyada) belə mükafatlandırırıq. 81. Şübhəsiz o, Bizim mömin bəndələrimizdən idi. 82. Sonra digərlərini (gəmiyə minməyənləri) suda batırdıq. 83. Həqiqətən İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi. 84. O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi). 85. O zaman atasına (əmisinə və ya qayınatasına) və qövmünə dedi: «Siz nəyə ibadət edirsiniz?!» 86. «Yalan və iftira ilə Allahdan qeyri məbudlarmı istəyirsiniz?!» 87. «Bəs aləmlərin Rəbbi barəsində gümanınız nədir? (O, Rəbb deyil? Yoxsa başqalarına ibadət etmək icazəsi verib? Bəlkə müşriklərə əzab verməyəcək?!)» 88. Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı. 89. Və dedi: «Həqiqətən mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm). 90. Onlar ondan üz döndərib qayıtdılar. 91. Beləliklə o, (darmadağın etmək üçün) gizlicə onların tanrılarının yanına yollandı və (onların qabağına düzülmüş yeməklərə işarə edərək) dedi: «Məgər yemirsiniz? 92. Sizə nə olub ki, danışmırsınız?» 93. Sonra darmadağın etmək üçün onlara üz tutdu (və) sağ əli(ndəki balta) ilə onlara güclü zərbələr endirdi. (Böyüklərindən başqa onların hamısını sındırdı.) 94. (Onlar bayramdan qayıdanda, bu iş barəsindəki ittihamla) tez ona üz tutdular. 95. (İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?! 96. Halbuki həm sizi, həm də əməllərinizi Allah yaratmışdır. (Sizin həm əməlləriniz, həm də məbudlarınızı düzəltdiyiniz maddələr, həqiqətən Allahın məhsuludur.) 97. (Onlar bir-birlərinə) dedilər: Onun üçün (en və uzunu geniş) bir bina tikin və onu od cəhənnəminə atın! 98. Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.) 99. (İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir. 100. Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!» 101. Beləliklə Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə mücdələdik. 102. Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!» 103. Beləliklə elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı) 104. Biz ona xitab etdik ki: «Ey İbrahim! 105. Həqiqətən sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. 106. Şübhəsiz bu (hadisə) həmin aşkar imtahandır. 107. Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik. 108. Ondan, sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq. 109. Salam olsun İbrahimə! 110. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. 111. Həqiqətən o, Bizim mömin bəndələrimizdən idi. 112. Onu İshaq(adlı bir övlad)la - salehlərdən olan peyğəmbərlə mücdələdik. 113. Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər. 114. Həqiqətən Biz Musa və Haruna da nemət verdik. 115. O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik. 116. Və onlara kömək etdik. Beləliklə onlar qalib gəldilər. 117. Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik. 118. Və onların hər ikisini doğru yola hidayət etdik. 119. Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq. 120. Salam olsun Musaya və Haruna! 121. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. 122. Əlbəttə, onların ikisi (də) Bizim mömin bəndələrimizdən idilər. 123. Həqiqətən İlyas da Bizim peyğəmbərlərimizdən idi. 124. O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz? 125. (İbadət etmək və hacət diləmək üçün) «Bə’l»i (bu adda olan bütü) çağırır və yaradanların ən yaxşısını tərk edirsiniz? 126. Həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbi olan Allahı?!» 127. Beləliklə onlar onu təkzib etdilər. Şübhəsiz onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər. 128. Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla! 129. Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq. 130. Salam olsun İlyasa (və Yasinin övladlarına)! 131. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. 132. Həqiqətən o, Bizim mömin bəndələrimizdən idi. 133. Həqiqətən Lut da Bizim peyğəmbərlərimizdən idi. 134. (Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik. 135. (Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla! 136. Sonra (yerdə) qalanları məhv etdik. 137. Həqiqətən siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz. 138. Həmçinin axşamçağıları! Belə isə heç düşünmürsünüz? 139. Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi. 140. (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi). 141. Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu. 142. O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu. 143. Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı, 144. mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı. 145. Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq. 146. Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik. 147. Və onu yüz min və ya daha artıq adama (peyğəmbər) göndərdik. 148. Beləliklə onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik. 149. Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?! 150. Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!» 151. Bil ki, onlar yalançı olduqları üçün deyirlər: 152. «Allah övlad törətmişdir». Onlar mütləq yalançıdırlar! 153. (Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?! 154. Sizə nə olub, necə hökm çıxarırsınız?! 155. Heç ibrət götürmürsünüz? 156. Yoxsa sizin (bu iddiaya) aydın dəliliniz var?! 157. Belə isə əgər doğru deyirsinizsə yazı və kitabınızı gətirin. 158. Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər. 159. Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır. 160. Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır. 161. Həqiqətən siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar) 162. (bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz! 163. (Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla. 164. (Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır». 165. Şübhəsiz, (Allahın əmrini yerinə yetirmək üçün daim) sıralanan bizik. 166. Əlbəttə (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə edən bizik. 167. (Müşriklər) həmişə deyərdilər: 168. «Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı, 169. mütləq, Allahın xalis və seçilmiş bəndələri olardıq. 170. Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər. 171. Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir 172. ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır. 173. Və əlbəttə, qalib Bizim qoşunumuzdur. 174. Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər. 175. Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər. 176. Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər? 177. (Əzab) onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir! 178. Yenə bir müddətədək onlardan üz döndər. 179. Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər. 180. Sənin Rəbbin - izzət, qüdrət və qələbə Rəbbi onların sadaladıqları sifətlərdən pakdır! 181. Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)! 182. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 3649 | Rating: 5.0/1 |
Total comments: 0 | |