Şənbə günü, 2024-12-21, 2:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

63. Munafiqun surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
63. Munafiqun surəsi

(Mədinədə nazil olmuşdur, on bir ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
     1. Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan». Allah bilir ki, sən Onun Rəsulusan və həm də Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır (və öz əqidələrının əksinə olaraq şəhadət verirlər).
     2. Onlar öz andlarını sipər etmişlər, beləliklə Allahın yolundan üz döndərmiş və camaatı da ondan (bu yoldan) saxlamışlar; doğrudan da etdikləri iş olduqca pisdir!
     3. O (nifaq və pis əməl) buna görə idi ki, onlar (bəzi möcüzələri görməklə) iman gətirdilər, sonra isə kafir oldular (və münafiqlərə qoşuldular), beləliklə onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vuruldu, buna görə də başa düşmürlər.
     4. Onları gördükdə (yaraşıqlı) cüssələri (boy-buxunları) səni heyrətləndirir və (elə yağlı dilləri var ki,) danışdıqları zaman sözlərinə qulaq asırsan, (amma imansız və mənəviyyatsız olduqları üçün) elə bil ki, dayaq verilmiş kötüklərdir! (Qorxaqlığın şiddətindən) hər bir fəryadın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər; onlar (həqiqi) düşməndirlər, onlardan özünü gözlə; Allah onları öldürsün! (Haqdan) necə və haraya döndərilirlər?!
     5. Onlara: «Gəlin Allah Rəsulu sizin üçün bağışlanmaq diləsin,» deyildikdə (inkar və təkəbbür üzündən) başlarını bulayarlar, onları təkəbbürlə üz çevirən və başqalarını da düz yoldan saxlayan görərsən.
     6. Onlar üçün bağışlanmaq istəsən də birdir, istəməsən də, əsla Allah onları bağışlamayacaqdır; çünki Allah fasiq qövmü doğru yola yönəltməz.
     7. Onlar: «Allah Rəsulunun yanında olanlara heç bir şey verməyin ki, (qoy) dağılışsınlar»- deyən kimsələrdir. Halbuki, göylərin və yerin xəzinələri Allaha məxsusdur və lakin münafiqlər (bunu) anlamazlar.
     8. Onlar deyirlər: «Əgər (bu döyüş səfərindən) Mədinəyə qayıtsaq, mütləq ən əzizlər ən zəlil olanları (münafiqlər dəstəsi Peyğəmbəri və yoldaşlarını) oradan çıxaracaqdır;» halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər.
     9. Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır.
     10. Və sizin hər hansı birinizi ölüm haqlayıb (dünyadan getmək anı çatanda): «Ey Rəbbim, niyə məni(m ölümümü) yaxın bir müddətədək təxirə salmadın ki, sədəqə verərək salehlərdən olaydım?!» - deməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin!
     11. Və Allah heç bir kəsi(n ölümünü) - onun əcəli yetişən zaman - əsla təxirə salmaz və Allah nə etdiklərinizdən xəbərdardır.

    
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-24)
Views: 3290 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]