Şənbə günü, 2024-12-21, 3:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Articles » Qur'ani-Kerim

30. Rum surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi
30. Rum surəsi
(Məkkədə nazil olmuşdur, altmış ayədir)

Bağışlayan və mehriban Allahın adı ilə
     1. Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlif (Allah) tərəfindən Lam (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd - səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih ayələri vardır.)
     2. Rumlular məğlub oldular.
     3. (Hicaza, yəni Suriya və İordaniyaya) ən yaxın olan bir yerdə. Onlar məğlubiyyətlərindən sonra tezliklə qalib gələcəklər.
     4. (Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) və ondan (o qələbədən) öncə və ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur və o gün möminlər (müsəlmanlar) sevinəcəklər;
     5. Allahın köməyi və yardımı ilə, O, (Allah) istədiyinə kömək edər. O yenilməz qüdrət sahibi və mehribandır.
     6. Allahın vədidir, Allah əsla Öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir (Allahı tanımır və Allah barəsində vədə xilaf çıxmaq məsələsinin qeyri - mümkün olduğunu bilmir).
     7. Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər.
     8. Və məgər onlar öz - özlüklərində Allahın göyləri və yeri və o ikisinin arasındakıları yalnız haqq ilə (əql əsasında olan yüksək hədəf və məqsəd üçün) və yalnız məhdud və müəyyən bir müddət üçün yaratdığını fikirləşmədilərmi? Və şübhəsiz, insanların əksəriyyəti öz Rəbbi ilə görüşü (ölümdən sonrakı həyata inanmırlar) inkar edir.
     9. Məgər onlar yer üzündə gəzib - dolanmadılarmı ki, görsünlər onlardan öncəkilərin aqibəti necə olmuşdur? Onlar bunlardan daha qüvvətli idilər və torpağı (əkinçilik, bağçılıq və s. üçün) şumlamış və bunların abad etdiklərindən çox abad etmişdilər. Peyğəmbərləri onlara (tovhid, peyğəmbərlik və məad barədə) aydın dəlillər gətirdilər, (lakin inkar və təkziblərinin cəzası olaraq məhv oldular), beləliklə Allah onlara zülm edən deyildi. Lakin onlar özləri-özlərinə zülm edirdilər.
     10. Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu.
     11. Allah məxluqları əvvəlcə yaradır, onları (öldürdükdən sonra, axirət günündə) yenidən dirildir. O zaman siz Ona (Onun Cənnətinə, ya Cəhənnəminə) tərəf qaytarılacaqsınız.
     12. Qiyamət qopacağı gün (əqidələri fəsadlı olan) günahkarlar sərgərdan, (məxluqatın köməyindən və Haqqın rəhmətindən) naümid olarlar.
     13. Onlar üçün öz şəriklərindən (bütlərdən) şəfaətedicilər olmayacaqdır. (Onlar) öz şəriklərini inkar edəcək və onlara ibadət etmələrini danacaqlar.
     14. Qiyamətin qopacağı gün - məhz o gün - hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən və yaxşı iş görənlər pis iş görənlərdən).
     15. İman gətirib yaxşı iş görənlər (Cənnət) bağ(ların)da şadlıq və sevinc içərisində olarlar.
     16. Lakin kafir olub Bizim ayələrimizi və axirət görüşünü təkzib edənlər (Cəhənnəm) əzab(ın) a gətiriləcəklər.
     17. Belə isə, Allahı həmişə təsbih edin (xüsusilə) axşam düşərkən (məğrib və işa namazlarını qılmaqla) və sübh açılırkən (sübh namazını qılmaqla).
     18. Göylərdə və yerdə (ixtiyari və qeyri-ixtiyari) həmd-səna Ona məxsusdur. (Günün bütün vaxtlarında həmd-səna Ona məxsusdur, xüsusi ilə) əsr zamanı (əsr namazını qılmaqla) və zöhr zamanı (günorta namazını qılmaqla).
     19. Allah dirini ölüdən (bitkiləri dənlərdən, toxumlardan, heyvanları və adamları nütfələrdən, mömin nəsli kafirdən) çıxarır və ölünü diridən (dənləri, toxumları bitkilərdən, nütfələri heyvanlardan, kafir nəsli mömindən) çıxarır. O, yeri (və onda olan maddələri) (soyuq fəsildə) öldükdən sonra (isti fəsildə) dirildir və siz də (qəbirlərinizdən) beləcə çıxarılacaqsınız.
     20. (Sizin ilk baba və nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid və qüdrət) nişanələrindəndir.
     21. Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
     22. Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.
     23. Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır.
     24. (Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və hikmətinə dair) nişanələr vardır.
     25. Onun nişanələrindən (biri) budur ki, göy və yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən və torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız.
     26. Göylərdə və yerdə olan hər kəs (və hər şey) Ona məxsusdur (Onun həqiqi mülküdür, çünki yaradılış, qoruma, idarəetmə və məhv etmək Onun iradəsi ilədir və) hamısı Onun müqabilində itaətkar və əmrinə boyun əyəndirlər.
     27. Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (fani etdikdən sonra) onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Onun üçündür (göylərdə və yerdə olan hər bir varlığın bütün üstün sifətləri - həyat, elm, qüdrət və nur yalnız Ona məxsusdur), yerdə və göylərdə olan (mələklər, məsumlar, övliyalar kimi) ən üstün nümayəndələr Ona məxsusdur. O, yenilməz qüdrət və hikmət sahibidir.
     28. (Allah) sizə özünüzdən bir məsəl çəkmişdir: «Sizin qullarınız içərisində sizə ruzi olaraq verdiyimiz (mal-dövlətə) şərik olanlar varmı ki, hamınız ondan (istifadə etməkdə) (ortaq) bərabər olasınız belə ki, onlar(ın haqqını tapdalamaq)dan özünüz kimi qul olmayanlardan qorxduğunuz kimi qorxasınız?. (Baxmayaraq ki, qul heç öz sahibinin malına və mülkünə ortaq və şərik ola bilməz.) Beləcə (Öz tovhid) ayə(lərimiz)i ağılla düşünən bir qövm üçün bütün təfsilatı ilə bəyan edirik (ki, bilsinlər: müşriklərin məbudları rübubi məqamda deyildirlər, əksinə, Allahın mülküdürlər Onun şəriki deyillər).
     29. (Xeyr, onlar ağılla düşünmədilər), əslində (əksinə) zülm edənlər heç bir elm(ə sahib) olmadan öz nəfsani istəklərinə tabe oldular. Belə isə, (dəlil-sübutlar təqdim edilib tamamlandıqdan sonra) Allahın azğınlıqda buraxdığı kəsləri kim hidayət edər?! Və əsla onlara heç bir kömək edən olmaz.
     30. (Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
     31. (Allahın dininə üz tutun!) Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın.
     32. O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər.
     33. İnsanlara bir çətinlik və ziyan yetişən zaman tövbə edib özlərinin Rəbbinə tərəf qayıdar. Sonra (Allah), Öz rəhmətindən onlara dadızdırdıqda isə dərhal onlardan bir dəstə (yenə) Rəbbinə şərik qoşar.
     34. Nəticədə Bizim onlara verdiklərimizə nankorluq etsinlər deyə. Belə isə, (ey kafirlər, bir neçə günlük) bəhrələnin, tezliklə başa düşəcəksiniz!
     35. Yoxsa (Biz) onlara şərik qoşmalarını (doğruluğunu) söyləyən (təsdiq edən, yaxud şərik qoşduqları məbudların, tanrıların xeyrinə danışan) bir dəlil-sübutmu nazil etmişik.
     36. İnsanlara (əmin-amanlıq, ruzi bolluğu kimi) hər hansı bir mərhəmət dadızdırdığımız zaman ona çox sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir ziyan yetişdikdə, dərhal (Haqqın rəhmətindən də) məyus olarlar. (Bu halların hər ikisi də pisdir.)
     37. Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tələbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını görmürlərmi?! Şübhəsiz, bunda (bu işdə) mömin bir qövm üçün (Allahın qüdrəti, tədbiri və hikmətinə dair) nişanələr (ibrətlər) vardır.
     38. Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver.(Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver.) Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır.
     39. Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz, və zəkatdan Allahın razılığını diləyərək verdiyinizdən isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır.
     40. Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və sonra da dirildən Allahdır. Şərikləriniz (Allaha şərik qoşduqlarınız) içərisində bunları edə biləcək bir kəs vardırmı? (Şübhəsiz yoxdur). (Allah) Ona şərik qoşduqlarından pak (və uzaq)dır.
     41. İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar.
     42. (Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi».
     43. (Ya Muhəmməd!) Allah tərəfindən qarşısıalınmaz gün gəlməzdən öncə (qəlbinin) üzünü bu düzgün və möhkəm (sabit) dinə doğru döndər. O gün (insanlar) parçalanıb bölük-bölük olarlar.
     44. Kim kafir olsa, küfrü öz ziyanınadır. Yaxşı iş görənlər isə özləri üçün (axirət aləminin əbədi həyat vasitələrini) hazırlayarlar ki,
     45. (Allah) iman gətirib və saleh əməllər edənlərə Öz fəzlindən mükafat versin. Həqiqətən, O, kafirləri sevməz.
     46. Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri mücdəverici olaraq (yağışın yağma mücdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz!
     47. (Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir.
     48. Küləkləri göndərib, buludu hərəkətə gətirən (Allah) onu göydə istədiyi kimi yayır və müxtəlif topalar şəklinə salır, bu zaman görürsən ki, yağış onun arasından çıxır. Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar.
     49. Həqiqətən, onlar başlarına yağış yağmazdan öncə çox ümidsiz idilər.
     50. Belə isə, (Ya Muhəmməd!) Allahın rəhmətinin əsər-əlamətinə (yağışa) bir bax ki, necə də yeri (və onun yetişdirici maddələrini) öldükdən sonra (baharda) dirildir. Həqiqətən, O ölüləri (axirət günü) dirildən Allahdır və O hər şeyə qadirdir.
     51. Və əgər (yandırıcı və ziyanverici) bir külək göndərsək və onun nəticəsində öz əkinlərini saralmış (solmuş) görsələr, mütləq ondan sonra (da ayılmaq əvəzinə) küfr edərlər.
     52. Şübhəsiz, sən (küfr və inad) ölülər(in)ə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən.
     53. Və sən qəlbləri ölmüş kəsləri öz azğınlıqlarından düz yola yönəldən deyilsən; sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə əsasən) Bizim ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən, buna görə də (onlar fitri qabiliyyətlərinə görə də Bizim müqabilimizdə) təslimdirlər.
     54. Allah sizi bir zəifdən və qüdrətsizdən (zəif bir varlıqdan-nütfədən) yaratdı, (sizin üçün) zəiflik və gücsüzlükdən sonra (həddi-büluğa yetişdikdən qocalıq çağına kimi fikri və cismi) qüvvə və güc verdi və yenə də (sizdə) qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi. (Bəli,) O, istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi.
     55. Və Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar(ın dünyada da) bu cür (səhv edib) azırdılar.
     56. Elm və iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar və mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz və Qurani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Budur dirilmə və Qiyamət günü. Lakin siz (Bərzəx aləmini keçirəcəyinizi) bilmirdiniz (və Qiyamətin haqq olduğuna inanmırdınız).
     57. Beləliklə o gün zülm edənlərin üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir.
     58. Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik (lakin ayılmadılar) və əgər onlar üçün (aydın) bir nişanə gətirsən, kafir olanlar mütləq deyəcəklər: «Siz yalnız batil əhli və boş danışanlarsınız».
     59. Allah bilməyənlərin (tovhid və din elminə yiyələnməyənlərin) qəlblərinə beləcə (bədbəxtlik və anlamazlıq) möhür(ü) vurar.
     60. (Ya Peyğəmbər! Onların hədələri və hiylələri müqabilində) sən səbr et. Şübhəsiz, Allahın vədi (ümmətin qələbəsi, kitabın yayılması və dininin bütün dünyaya şamil olması və əbədiliyi) haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər.

    
Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
Azərbaycan dilinə tərcümə edənlər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Category: Qur'ani-Kerim | Added by: el-kafirel_kufri (2009-05-31)
Views: 3747 | Comments: 1 | Rating: 3.5/2
Total comments: 1
0  
1 GADİR   (2014-01-01 9:10 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN ! 
BÖYÜK HÖRMƏTİM BU TƏRCÜMƏLƏR İZAHLAR ÜZƏRİNDƏ ÇALİŞANLARA, DEVR ÇARXİ HƏRƏKƏT ETDİKCƏ MƏNALAR DAHA ÇOX SİZƏ GİSMƏT OLSUN, ALLAH KÖMƏYNİZ OLSUN !

Only registered users can add comments.
[ Registration | Login ]