Main » Articles » Qur'ani-Kerim |
64. Təğabun surəsi
Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi 64. Təğabun surəsi (Mədinədə nazil olmuşdur, on səkkiz ayədir) Bağışlayan və mehriban Allahın adı ilə 1. (Yer və göylər bir də) göylərdə və yerdə nə varsa hamısı Allahı (dil və hal ilə) zikr edir (onu hər hansı bir nöqsandan və eyibdən pak bilir), nüfuzlu əmr və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur, həmd-səna yalnız Ona layiqdir. (Hər bir sitayiş Ona qayıdır və həqiqi həmd-sənanı yalnız O Özü edə bilər.) O, hər şeyə (mütləq surətdə) qadirdir! 2. Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir. Allah (həm ürəkdə, həm də əməldə) etdiyiniz hər bir işi görəndir. 3. O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir. 4. Allah göylərdə və yerdə olan hər şeyi bilir, gizlətdiyinizi də aşkar etdiyinizi də bilir. Allah sizin ürəklərinizdəkini (beyninizdəki fikir və düşüncələri, ruhi xüsusiyyətlərinizi) biləndir. 5. Bundan öncə kafir olan kəslərin xəbəri sizə gəlmədimi? Onlar öz işlərinin zərərini və pis aqibətini daddılar, onlar üçün ağrılı bir əzab vardır! 6. O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır. 7. (Məkkə bütpərəstlərindən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır». 8. Elə isə, Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyiniz əməllərdən xəbərdardır. 9. Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət! 10. Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir! 11. Allahın (yaradılış) iradəsi olmadıqda heç kəsə bir müsibət üz verməz. (Bu həmin şəxsin öz günahları yaxud da varlıq aləminin kamil nizamı əsasında olar). Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir. 12. Allaha (şəriət işlərində) itaət edin və Onun Rəsuluna (vacibi əmrlərdə) itaət edin! Əgər üz çevirsəniz, Bizim Rəsulumuzun öhdəsinə düşən yalnız açıq - aşkar təbliğdir (insanları qəbul edib əməl etməyə məcbur etmək deyildir. Çünki bu imamətin vəzifələrindəndir, nə də axirət əzabı verməkdir. Çünki bu, rübubiyyət məsələlərindəndir). 13. Yeganə (vücudu vacib olan) Allah, Ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər (iradə və istəkdən başqa özlərinə aid olan bütün işlərin baş verməsini yalnız Ondan bilməli və Onun öhdəsinə qoymalıdırlar). 14. Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir. 15. Həqiqətən, mal-dövlətinz və övladlarınız (dünya zinəti olduqlarına və başınızı qatdıqlarına görə sizin üçün) ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır. 16. Allahdan bacardığınız qədər qorxun, (Onun dəvətini və əmrlərini) eşidin, itaət edin və (can və mal-dövlətinizdən Allah yolunda) sərf edin ki, bu özünüz üçün daha yaxşıdır. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr, məhz onlar səadətə qovuşanlardır! 17. Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, əməllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat - qat artırar və sizi bağışlayar. Allah qədirbilən (əməli qiymətləndirərək gözəl mükafatlandıran) və həlimdir. 18. Allah gizlini də aşkarı da biləndir, yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli | |
Views: 3106 | Rating: 0.0/0 |
Total comments: 0 | |