Bazar günü, 2024-12-22, 1:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 11 » QİYAMƏTDƏ HESAB
11:16 AM
QİYAMƏTDƏ HESAB
QİYAMƏTDƏ HESAB
Quran ayələri və hədislərdən məlum olur ki, qiyamətdə bəndələrin hesab-kitabı dəqiq şəkildə aparılacaqdır. Onların bütün əməlləri – istər kiçik, istərsə böyük olsun, mühasibəyə çəkiləcək, ən kiçik əməl belə nəzərdən yayınmayacaqdır.
Quranda buyurulur: "Qiyamətdə ədalət tərəzilərini bərqərar edərik. Heç kəsə zülm olunmaz. Əgər bir xardal dənəsi ağırlığında əməli olsa da onu hesaba çəkərik. Bizim özümüz hesab çəkmək üçün kifayətik.”("Ənbiya” surəsi, ayə:47)
Yenə buyurulur: "Əgər nəfsinizdə olanları zahir etsəniz, yaxud gizlətsəniz Allah sizdən ona görə hesab çəkəcəkdir.”("Bəqərə” surəsi, ayə:284)
"Əməllərin miqdarının öçülməsi qiyamətdə haqq əsasında olacaqdır. Hər kəsin əməl tərəzsisi ağır olsa nicat tapar. Hər kəsin də əməl tərəzisi yüngül olsa onlar öz nəfslərinə ziyan vermiş olacaqlar. Çünki Bizim ayələrimizə zülm etdilər.”("Ə”raf” surəsi, ayə:8)
Qiyamət Quranda "yovmul-hesab” (hesab günü), Allah-təala isə "səriul-hisab” (hesablara sürətlə yetişən) kimi vəsf edilir. Ayə və rəvayətlərə uyğun olaraq bütün bəndələr üçün irəli gələcək ən ağır mərhələlərdən biri əməllərin mühasibəsi və haqq-hesaba çəkilməsidir. İnsan ömrü boyunda tədricən müəyyən işləri görür və bir müddətdən sonra onların əksəriyyətini unudur. Halbuki, ən kiçik əməl belə onun əməl dəftərindən silinmir. Hamısı qeydə alınır və insanla birlikdə qalır. Bu dünyada onlardan, ümumiyyətlə, qafil olmasına baxmayaraq, insanın bəsirət gözünün açıldığı vaxt ölümdən sonra hamısını bir dəfəlik müşahidə edəcək, sonra anlayacaqdır ki, bütün əməlləri, danışıqları, əqidə və fikirləri onun yanındadır və heç vaxt ondan ayrılmayacaqdır.
Quranda buyurulur: "Hər insan hesab üçün bir sürüyən və bir də şahidlə (iki mələklə) gələcəkdir. (Ona belə deyilər:) Həqiqətən sən bu həqiqətlərdən qafil idin. Amma bu gün sənin batini gözün daha itidir.” ("Qaf” surəsi, ayə:22)
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Qiyamətdə bəndədən dörd şey barəsində sual edilməyincə yerindən hərəkət etməz. Ömrünü nəyə sərf etdiyindən, cavanlığını nəyə sərf etdiyindən, mal-dövlətini haradan əldə edib harada xərclədiyindən və biz Əhli-beytə qarşı bəslədiyi münasibətdən.”("Biharul-ənvar”, 7-ci cild, səh.358)
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) başqa bir hədisdə buyurur: "Qiyamət günü bəndəni hesab üçün hazır edəndə dünyada yaşadığı hər bir günün müqabilində iyirmi dörd xəzinə gətirərlər – gecə gündüz saatlarının miqdarı qədər. Nur və sevinclə dolu olan bir xəzinəni açarlar, bəndə onların müşahidə etməklə o qədər sevinər ki, əgər şadlıqlarını cəhənnəm əhlinin arasında bölüşdürsələr onlar (sevincdən) odun əzab-əziyyətini hiss etməzlər. Həmin saat Pərvərdigara ibadətlə məşğul olduğu saatdır. Sonra onun üçün digər bir xəzinəni açarlar, o çox qaranlıq, iyli və vəhşətlidir. Onları müşahidə etməklə o qədər nalə və ah-fəğan edər ki, əgər onun ah-fəğanını behişt əhli üçün bölüşdürsələr behişt nemətləri onlar üçün acı olar. O həmin saatdır ki, Allah qarşısında günah etmişdir. Onun üçün digər bir xəzinə gətirərlər ki, tamamilə boşdur: onda nə sevindirici əməl, nə də qəmli bir əməl vardır. O həmin saatdır ki, yuxuda olmuş, yaxud mübah işlərə məşğul olmuşdur. Allahın bəndəsi bunu müşahidə etməklə qəmgin olub təəssüflənir, çünki dünyada onu yaxşı işlərlə doldura bilərdi, amma səhlənkarlıq nəticəsində bu işlərə yol vermişdir. Buna görə də Mütəal Allah qiyamət barəsində buyurur: "Bu gün xəsarət günüdür.”("Biharul-ənvar”, 7-ci cild, səh. 262)
Qiyamətdə bəndələrin əməllərinin hesab-kitabı dəqiq şəkildə araşdırılacaq, onların müqəddəratı təyin ediləcəkdir. Bu zaman insanın zahiri və batini əzaları, eləcə də peyğəmbərlər, mələklər, hətta yer belə, çox çətin və həlledici bir hesabda şəhadət verəcəkdir. Qəlblər o hesabın şiddətindən döyünər, bədənlər qorxudan lərzəyə gələr. O gün elə qorxuludur ki, analar öz qucaqlarındakı südəmər körpələrini unudar, hamilə qadınlar uşağını salar. Hamı işin axırının necə nəticələnəcəyindən iztirab hissi keçirər. Görəsən onların hesablarının axır-aqibətləri Allahın razılığı, azadlıq bəratını əxz etmək, peyğəmbərlərin və Allah övliyalarının qonşuluğu, Ədn behiştində daimi həyat və Allahın layiqli bəndələrinin qonşuluğunda olmaqla nəticələnəcəkdirmi, yoxsa Pərvərdigari-aləmin qəzəbinə düçar olaraq məxluqatın arasında rüsvay olacaq və cəhənnəmdə əbədi yaşayacaqdır?
Hədislərdən məlum olur ki, bəndələrin hamısının hesabı eyni səviyyəli deyildir: bəzilərinin hesabı çox ağır və uzun, bəzilərinin hesabı isə sadə və asandır. Hesab müxtəlif mərhələlərdə yerinə yetirilir. Hər dayanacaqda bir şeydən sual olunur. Dayanacaqların ən çətini başqalarının haqqını ödəmə dayanacağıdır. Bu dayanacaqda camaatın hüquqlarından, insanın onlara etdiyi zülmdən sual olunar. Orada hesab tamamilə düzəlməli, hər kəs öz borcunu borc sahiblərinə qaytarmalıdır. Amma çox təəssüflə, orada borclarını ödəmək üçün insanın ixtiyarında heç bir mal-dövlət olmayacaq. Məcbur qalaraq öz yaxşı əməllərindən – əgər olsa – götürüb borclarının əvəzinə verməli olacaqdır. Əgər yaxşı əməli olmazsa borc sahiblərinin pis işləri onun əməl dəftərinə yazılacaq.
Qiyamət çox çətin bir gündür. Allah hamımızın fəryadına çatsın! Əlbəttə hesabın çətin və uzun olması bəndələrin hamısı üçün eyni dərəcədə deyildir. Fərdlərin yaxşı və pis əməllərinə, onların miqdarına görə fərqlənir. Lakin təqvalılar və Allahın layiqli bəndələri üçün çox qısa və asan olacaqdır.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) qiyamət gününün uzunuluğu barəsində soruşan bir şəxsin cavabında buyurdu: "Allaha and olsun! Mömin üçün o qədər asan olacaqdır ki, vacib namazı qılmaqdan da asan gəlib keçəcəkdir.”("Məcməuz-zəvaid”, 1-ci cild, səh.337)

Category: Diger me'lumatlar | Baxış: 690 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]