"Cihad təqvanın libasıdır” – buyurur Əmirəlmöminin (ə). Qurani-kərimin Əraf surəsində də bu ifadə işlədilir. Nədir təqva? Ruhi və əxlaqi çirkinliklərdən paklıq! Həqiqi mücahid həqiqi təqvaya sahib olandır. Həsəd, təkəbbür, hərislik, paxıllıq hisslərini ayaq altına almış insan Mən bütünü ayaq altına almışdır və əsil mücahiddir.
Maidə surəsində buyurulur ki, iman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkindikləri təqdirdə halaldan daddıqları şeylərə görə günah tutulmaz və Allah yaxşı iş görənləri sevər! Demək, iman, saleh əməl və təqva yanaşı zikr edilir. İki mühüm nöqtə: biri iman və təqva, digəri həyat fəlsəfəsi və insan haqları. Bildirilir ki, nemətlər insan üçündür, insan isə iman, əməl, təqva üçün.
Həcc surəsində buyurulur: "Allah yolunda layiqincə cihad edin. O (öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik qoymadı – atanız İbrahimin dinində olduğu kimi. Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!”
Bir çox təfsirçilər burada cihad sözünü savaş yox, "Allah yolunda təlaş” mənasında qəbul edir. Bəli, ən çətin cihad nəfslə cihaddır – qəlbin bir küncündə gizlənmiş səsini çıxarmayan şər qüvvə.
Allah yolunda cihada qalxanda çox zaman özümüzü unuduruq. Unuduruq ki, Allah öncə bəndənin könlünə müştəridir.
HaqqYolu
Elm və Mədəniyyət bölməsi