Bazar günü, 2024-12-22, 8:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 8 » ÖZÜMÜZDƏN NƏ DÜZƏLDİRİK?
11:12 AM
ÖZÜMÜZDƏN NƏ DÜZƏLDİRİK?
 
Yüksək (ali) elmlərdə isbat olunmuşdur ki, insan ruhunun yaranması cisimdən başlayır, lakin onun davam edib qalması ruha bağlıdır. Yəni insanın mələkuti ruhu onun əvvəlki cismani surətindədir ki, tədrici olaraq hərəkət və təkamül vasitəsilə insani ruhun ilkin (ən aşağı) mərhələsinə yəni, insan mərhələsinə çatır. Hərəkət və təkamül həmin mərhələdə də dayanmır və ömrünün axırına qədər davam edir. İşin əvvəlində mücərrəd, mələkuti və maddi aləmin fövqündə olan bir varlıqdır, lakin tam və kamil mücərrədliyə malik deyildir, öz vücudunun aşağı mərhələsi baxımından cismə və bədənə meyllidir və iki dərəcəyə malikdir. Onun bir dərəcəsi maddi olub bədənlə əlaqəlidir. O, maddi işləri görür, buna görə də onun barəsində hərəkət və kamala doğru yönəlmə təsəvvür olunur. Digər dərəcəsi isə mücərrəd olub maddənin fövqündədir və buna görə də qeyri-maddi işləri görür. Onun bir yönü heyvani və cismani, digər yönü isə insani və mələkutidir. Həqiqətin yalnız bir olmamasına baxmayaraq, həm heyvani sifət və qərizələrə malik olub heyvani işləri görür, həm də insani sifətlərə və qərizələrə malik olaraq insani işlər görür.
Bu qəribə və barəsində Allah-təalanın "təbarəkəllahu əhsənul-xaliqin”- deyə buyurduğu bir varlıq hərəkətin başlanğıcında əvvəlcədən qurulmuş və kamil bir varlıq deyildir. O, tədricən özünü qurub inkişaf etdirir. Əməl və hərəkətlərdən qaynaqlanan əqidə, fikir, səciyyə və xislətlər insanın vücudunun həqiqətini yaradır. Onu tədricən kamala çatdırır. Səciyyələr də insan vücuduna sonradan əlavə olunan şeylər deyil, sadəcə onun vücudunun mahiyətinin qurucusudur.
Maraqlıdır ki, insanın fikir, əqidə və səciyyələri insanın təkcə vücudunda yox, onun "nə olmasında” da təsir qoyur. Yəni, düzgün əqidə və fikirlər, gözəl əxlaq, xislət və saleh əməl nəticəsində yaranan səciyyələr tədrici olaraq insanı kamal mərhələlərinə yönəltdiyi, onu insaniyyətin kamil mərtəbəsinə və ilahi qürb məqamına çatdırdığı kimi, cəhalət, batil əqidələr, rəzil əxlaq, səciyyə və çirkin işlər nəticəsində yaranan qəsavətlər insanın ruhunu zəiflədir, onu tədricən heyvaniyyət mərhələsinə endirir. Nəhayət o, heyvaniyyətin qaranlıq və zülmətli vadisinə süqut edir. Heyvani xislət və səciyyələrin ona nüfuz edib möhkəmlənməsi, cəhalət və qəsavətin onun batini zatında yerləşməsi nəticəsində bir heyvan surətinə düşür.
Onun zatı doğrudan da heyvan olur və heyvan şəxsiyyətinə yiyələnir. Artıq o insan deyil, bir heyvandır, hətta heyvandan da aşağı səviyyədədir; insaniyyət yolu ilə heyvana dönmüş bir varlıqdır. Zahirdə bir insan kimi yaşamasına baxmayaraq batində heyvan olmuşdur, lakin bunu dərk etmir. Heyvanın heyvan olması onun zahiri görkəmləri və quruluşları ilə deyil, onlarda olan heyvani nəfslərin varlığı, heyvani meyllər və qərizələrə qeydsiz-şərtsiz tabe olmaqladır. Canavar xüsusi formada olduğuna görə canavar deyil, əksinə, onun yırtıcılıq xüsusiyyətinə, bu kimi qərizələrə qeydsiz-şərtsiz tabe olmasına, əql qüvvəsindən məhrum olduğuna görə canavar sayılır. Əgər bir kəsdə yırtıcılıq xüsusiyyəti qələbə çalaraq onun əql gözünü, bəsirətini kor etsə, həmin şəxs batində doğrudan da çöldə yaşayan canavarlardan qat-qat yırtıcı olan bir varlığa çevrilmiş olur. Çünki öz əql qüvvəsini və dərrakəsini yırtıcılıq xüsusiyyətinin xidmətinə vermiş olur. Bəzi şəxslər elə cinayətlərə mürtəkib olurlar ki, hətta çöldə yaşayan canavarlar belə heç vaxt bu kimi cinayət işləri görməz. Belə bir şəxs canavar deyildirmi?! Əlbəttə ki, canavardır! Lakin özü bunu dərk etmir, başqaları da onu insan kimi təsəvvür edirlər. Qiyamətdə insanların batini aşkar olduğu bir gündə, gözlərin önündən pərdələr qaldırıldığı zaman onların batinləri aşkar olacaq və məlum olacaqdır ki, behişt canavarların yeri deyildir. Canavar Allah övliyaları və Allahın saleh bəndələri ilə bir yerdə ola bilməz. İnsaniyyət yolu ilə canavara çevrilən belə bir şəxs cəhənnəmin qaranlıq və zülmətli mühitlərində əzaba layiq görülməlidir.
Deməli, insan özünün gələcək şəxsiyyətini elə bu dünyada qurmalıdır. Ya insan olaraq Allah dərgahına müqərrəb olan mələklərdən də yüksək bir məqama çatır, ya da batində müxtəlif heyvanlar surətinə düşür. Bu məsələ həm ali elmlərdə isbat olunmuş, həm Allah övliyaları kəşf və şühudla bunu gördüklərini demişlər və həm də Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və məsum imamlar (ə) – yəni həqiqi insanlar bu barədə xəbər vermişlər.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurub: "İnsanlar qiyamətdə elə surətdə məhşur olub gələcəklər ki, meymun və donuz surətləri onlardan qat-qat yaxşıdır.”("Qurrətul-üyun”, səh.279)
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) fasiq və əxlaqsız alim barəsində buyurur: "Onun surəti insan surətidir, lakin qəlbi heyvan qəlbidir. Hidayət yolunu tanımır ki, ona tabe olsun, azğınlıq yolunu bilmir ki, ondan çəkinsin. Belə bir şəxs dirilər arasında olan ölüdür.”("Nəhcül-bəlağə”, 87-ci xütbə)
İmam Cəfər Sadiq (ə) buyurub: "Təkəbbürlü şəxslər qarışqa surətinə düşər və camaatın hesabı sona çatana qədər məhşər əhlinin ayağı altında tapdalanarlar.”("Biharul-ənvar”, 7-ci cild, səh.201)
Allah-təala Quranda buyurur: "Və izəl-vuhuşu huşirət” yəni o zaman (qiyamət günündə) vəhşi heyvanlar məhşur (həşr olar, cəm olar) olar.”("Təkvir” surəsi, ayə:5)
Müfəssirlərdən bəziləri bu ayənin təfsirində demişlər ki, "vəhşilər” dedikdə qiyamətdə heyvan surətində dirilən vəhşi insanlar nəzərdə tutulur, çünki heyvanlar üçün vəzifə və təklif yoxdur və onlar qiyamətdə dirildilməzlər.
Quranda buyurulur: "Həqiqətən bu gün sizin ayrılıq gününüzdür; elə bir gündür ki, sur çalınanda siz dəstə-dəstə gələrsiniz.” ("Nəbə” surəsi, ayə:18)
Bəzi müfəssirlər bu ayənin mənasında demişlər ki, qiyamətdə insanlar bir-birindən ayrılar, hər kəs özünün batini surəti ilə eyni surətdə olanlarla birlikdə məhşur olar.
Həmin ayənin təfsirində Peyğəmbəri-Əkrəmdən (s.ə.v.v) qəribə bir əhvalat nəql olunmuşdur. Məaz ibni Cəbəl deyir: "Peyğəmbəri-Əkrəm (s.ə.v.v) "Yovmə yunfəxu fissuri fətətunə əfvacən” ayəsinin təfsirində buyurdu: "Ey Məaz! Çox böyük bir məsələ barəsində soruşdun!” Bu halda Peyğəmbərin göz yaşları axmağa başladı, sonra buyurdu: "Mənim ümmətimdən on dəstə bir-birindən fərqlənən müxtəlif surətlərdə məhşur olacaqdır; bəziləri meymun surətində, bəziləri donuz surətində, bəziləri başları yerdə, ayaqları isə göydə hərəkət edən halda, bəziləri kor və sərgərdan, bəziləri kar və lal halda olub heç nəyi dərk etməz, bəziləri dillərini çeynəyir, ağızlarından çirk və qan axır və (bütün) məhşər əhli onlara nifrət edir, bəzilərinin əlləri və ayaqları kəsilmişdir, bəziləri oddan olan budaqlarda divara çəkilmiş haldadır, bəziləri üfunətli heyvan ölüsündən də pis iy verir, bəziləri bədənlərinə qızmar misdən olan paltarlar geymiş və bu da bədənlərinə yapışmış olar.”
Sonra buyurdu: Meymun şəklində gələnlər söz gəzdirənlərdir. Donuz surətində məhşur olanlar rüşvət alanlar və haram mal yeyənlərdir. Kəlləsi üstə hərəkət edənlər riba (faiz) yeyənlərdir. Kor gələnlər qəzavət və mühakimədə zülm edənlərdir. Kar və kor olanlar rəftarlarında xudpəsənd olub özünü bəyənənlərdir. Dillərini dişləyənlər əməlləri sözləri ilə uyğun olmayan alim və qazilərdir. Əlləri və ayaqları kəsilmiş halda gələnlər qonşularına əziyyət vermiş olanlardır. Oddan olan budaqlardan asılan kəslər sultan və hökmdarlara camaatdan söz çatdırarlar. Üfunətli iyləri olan şəxslər dünyada həvayi-nəfsə uyan, ləzzətlərin ardınca gedib öz mal-dövlətlərindən Allah haqqını verməyənlərdir. Bədənlərində qızmar misdən paltar olanlar təkəbbürlülər və lovğalardır.”("Məcməul-bəyan”, 10-cu cild, səh.423, "Ruhul-bəyan”, 10-cu cild, səh.299, "Nurus-səqəleyn”, 5-ci cild, səh.493)
Deməli, əxlaqi işləri əhəmiyyətsiz və kiçik hesab etmək olmaz. Onlar çox mühüm və insan müqəddəratını həll edən məsələlər olub, insanın batini şəxsiyyətini və nəfsani həyatını qurur və hətta onun nə olmasında təsir qoyur. Əxlaq elmi təkcə "necə yaşamağı” deyil, "necə olmağı” da öyrədir.


Category: Exlaq | Baxış: 828 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]