Bazar günü, 2024-12-22, 9:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 5 » KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK
10:22 AM
KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK
KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK

AŞURA MƏSƏLƏSİ ƏTRAFINDA YARANMIŞ ŞÜBHƏLƏR (1)

     1. Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?
     2. Nə üçün Kərbəla faciəsini elmi seminarlar və konfranslar keçirib yad etməklə kifayətlənmirik?
     3. Aşura hadisəsi nəyə görə əzadarlıq mərasimi keçirməklə yad edilməlidir?
     4. İmam Hüseynin (ə) düşmənləri nə üçün lənətlənməlidirlər?
     
Bismillahir-rəhmanir-rəhim

     Şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.c.) həzrətlərinə, əziz rəhbərimizə, hörmətli alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün ardıcıllarına başsağlığı verirəm! Allah-Taala bizləri dünyada imam Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən məhrum etməsin! Amin!
     Bu günlər Aşura hadisəsi, eləcə də imam Hüseyn (ə) məktəbi haqda bilik və məlumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, imam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində yaranan bir çox şübhə və suallara aydınlıq gətirək. 
     Ümid edirik, bu kimi araşdırmalarla imam Hüseyn (ə) və onun böyük qiyamı haqda məlumatlarımızı artıraq, gənclərin mühüm tarixi hadisələrlə tanışlıq səviyyəsini genişləndirək və bu mərifət dəryasına baş vurmaqla həm dünyamız, həm də axirətimiz üçün faydalı nəticələr əldə edək. İnşallah!
     Məlum məsələdir ki, fikri inkişaf dövrünə yenicə qədəm qoymuş bir gənc, ətrafında baş verən ictimai məsələləri dərk etmək, onların səbəblərini öyrənmək və bu məsələlər barədə aydın təhlil aparıb, düzgün nəticələr əldə etmək istəyir. Yeniyetmələr Məhərrəm ayında hər yerdə məclislər təşkil olunduğunu, əhalinin qara paltarlar geyindiyini, qara bayraqların dalğalandığı və insanların dəstə-dəstə yığışıb əzadarlıq etdiyini müşahidə edirlər. Sinə döyən kim, zəncir vuran kim, dizinə vurub ağlayan kim... O başqa günlərdə, eləcə də digər cəmiyyətlərdə buna bənzər hadisələrin şahidi olmadığından, təbii olaraq, bəzi suallarla rastlaşır: Görəsən bu mərasim hansı məqsədlə keçirilir? Nəyə görə insanlar qara paltar geyinməli və bu mərasimlərdə dizlərinə, sinələrinə döyməlidirlər? Bu qədər göz yaşı axıtmaq nəyə lazımdır? və s.
     Gənclərin və yeniyetmələrin verdiyi bu kimi suallar adətən belə cavablandırılır: Şəhidlər sərvəri imam Hüseyn (ə) Allah yolunda, İslami dəyərlər uğrunda şəhid olmuşdur; bu səbəbdən də biz onun xatirəsini yad edib, göz yaşı axıtmalıyıq; imam Hüseynə (ə) matəm saxlamağın savabı vardır; o həzrət bu əzadarlıqların əvəzində Qiyamət günü bizə şəfaət edəcəkdir və s. 
     Bir anlığa özümüzü yeniyetmə fərz etsək, qarşılaşdığımız suallara verilən bu kimi bəsit cavablarla qane olmayacağıq.
     Bu məsələ ətrafında qarşıya çıxan sualları ümumi şəkildə dörd hissəyə bölmək olar. Hər suala ayrı-ayrılıqda cavab verməklə, əziz gənclərimizi Aşura mərasimi ilə daha yaxından tanış etmək, onların bu mühüm məsələ barədə olan məlumatlarını artırmaq və bu hərəkat haqda baxışlarını aydınlaşdırmağa çalışacağıq.
     
GÖRƏSƏN NƏYƏ GÖRƏ MƏHƏRRƏMLİYİ ƏZİZ TUTMALIYIQ?

     Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin nə lüzumu vardır?
     Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Məlum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq. 
     Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər və tədqiqatçılar, istərsə də xalqının azadlığı uğrunda ictimai-siyasi səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə anılır, yad edilir. Dünyanın bütün ağıl və məntiq sahibləri belə şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri və müxtəlif tədbirlərin keçirilməsi zərurətini müsbət qəbul edirlər. Bu iş bütün insanların xarakterik xüsusiyyəti və ən müqəddəs fitri istəklərindən biri olub, «haqqı tanımaq hissi»nə əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı cəmiyyətlərə və ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür və minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə də əgər, həmin hadisələr cəmiyyətin səadət və xoşbəxtliyi yolunda tə᾿sirli olubsa, digər təsirli amillər də ona artırıla bilər. Bu halda, sanki o hadisələr yenidən canlanmış olur.
     Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadəti və eləcə də digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm və həlledici rolu olmuşdur və olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin həllində özünəməxsus rolu vardır. 
     Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə, onları qane edə bilərik ki, keçmişdə baş verən bəzi hadisələrin yenidən dirçəldilməsi tam mənada məntiqi bir işdir; belə bir tədbirin cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz. Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə nə qədər böyük təsir göstərmişdisə, onun bu günümüzdə yad edilməsi də mövcud cəmiyyətlər üçün bir o qədər faydalı və təsirli ola bilər.
     
NƏ ÜÇÜN AŞURA HADİSƏSİNİ ELMİ SEMİNARLAR, YUBİLEY VƏ KONFRANSLAR KEÇİRİB YAD ETMƏKLƏ KİFAYƏTLƏNMİRİK?

     Əvvəldə göstərdiyimiz ümumi sualın təhlilindən qarşıya çıxan ikinci məsələ budur ki, Aşura hadisəsini yad etmək, heç də yalnız sinə vurub ağlamaq, şəhəri, məscidləri qara örtüyə bürümək, əzadarlıq etmək və bütün işləri buraxıb, səhərdən axşama qədər mərasimlərdə iştirak etməkdən ibarət deyil. Bunun nəticəsi bir çox işlərə, xüsusilə də iqtisadi sahəyə zərər vurur. Halbuki, bu mərasimləri digər şəkildə də təşkil etmək olar. 
     Bu mərasimlərin kütləvi şəkildə keçirildiyi ölkələrdə xalqın əksəriyyəti müvəqqəti olsa da, iqtisadi və maddi məsələlərlə az maraqlanır və bu tədbirlərə daha artıq diqqət yetirirlər. Belə bir halda insanlar bu hadisəni iqtisadi, maddi zərər və mənafelər baxımından araşdırıb qiymətləndirirlər. Mümkündür ki, hələ kifayət qədər dini anlayışı və məlumatı olmayan bir yeniyetmə belə fikirləşsin: Bu kimi mərasimlər iqtisadiyyata və maddiyyata zərər vurur, istehsal azalır, vaxt itirilir. Gecələri sübhə qədər əzadarlıqla məşğul olduqda isə, səhəri gün iş görməyə qüvvə qalmır. Ardıcıl olaraq, iki ay bu hadisənin anılması cəmiyyətin iş rejimində fasilələr yaradır, ümumi göstəricilərin faizi aşağı enir. Halbuki, Məhərrəmliyin xatirəsini başqa yollarla da yad etmək olar. Məsələn, bu məqsədlə elmi yığıncaqlar, dəyirmi masalar, yubiley və seminarlar da təşkil etmək olar. Əzadarlıq etmək təkcə ağlayıb-sızlamaq, baş-gözünə döyməkdən ibarətdirmi? Bir toplantı kifayət etmirsə, bir neçə yığıncaq təşkil olunsun, konfranslar keçirilsin. Məgər, hər hansı bir hadisənin yad edilməsi üçün hökmən camaat başına-sinəsinə vurmalı, özünə əziyyət etməlidir?
     Aşura hadisəsi və imam Hüseyn əleyhissəlamın xatirəsinin yad edilməsinin faydalı olduğunu və cəmiyyətimizə müsbət təsir qoyduğunu qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər məhz bu şəkildə keçirilməlidir? 
     Bu sualın cavabı birinci sualdan daha çətindir. Cavab budur ki, əlbəttə, şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın şəxsiyyəti barədə belə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu kimi yığıncaqlar indi də keçirilir; o həzrətin adı ilə bağlı müxtəlif səviyyəli elmi söhbətlər olunur, tədqiqatlar aparılır və xalq da bunların nəticələrindən istifadə edir. Bu kimi fəaliyyətlərin davam etdirilməsi lazımlı bir işdir. Amma Aşura hadisəsindən yetərincə faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də görülməlidir?
     Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji nöqteyi-nəzərdən diqqət yetirməli, onların şüurlu rəftarlarına təsir edən amillərin yalnız dərketmə, yoxsa ictimai davranışlardan ibarət olmasını araşdırmalıyıq. 
     Bir qədər diqqət etsək görərik ki, bizim rəftar və davranışlarımızda daha çox iki növ təsiredici amil mühüm rol oynayır. Birincisi, dərketmə amili olub, insana müəyyən mövzunun başa düşülüb qəbul edilməsində kömək edir. Təbiidir ki, nəzərdə tutulan mətləbin elmin hansı sahəsinə aid olmasından asılı olaraq, ona uyğun əqli, təcrübi dəlillər və ya digər yollardan istifadə edəcəyik. Şübhəsiz, dərketmənin bizim davranışlarımızda böyük təsiri vardır. Amma etiraf etmək lazımdır ki, bu üsul yeganə təsirgöstərici amil deyildir. Rəftar və davranışımızda dərketmə amilindən daha çox təsirli olan digər amillər də mövcuddur. Belə amilləri ümumilikdə, təhrikedici hisslər, başqa ifadə ilə desək, duyğu hissləri, meyillilik, qəlbi yönəlmə və ya instinkt adlandırırlar; bunlar daxili, psixoloji amillər olub, davranışlarımıza əsaslı təsir göstərən məsələlərdəndir. Fərdi və ya ictimai olmasından asılı olmayaraq, gündəlik rəftar və davranışlarımıza diqqət yetirsək görərik ki, təsirinə daha çox məruz qaldığımız amillər əsas etibarı ilə təhrikedici amillərdir. 
     Əvvəla, hər hansı bir işi görmək üçün insanın daxilində həmin işə qarşı maraq, şövq və həvəs olmalıdır. İkincisi, həmin işin yerinə yetirilməsi üçün qarşıya məqsəd qoyulmalıdır. «Bu işin faydası nədir?», «Necə görülməlidir?» və bu qəbildən olan digər səbəblər dərketmə amilləridir. Bu amillər təcrübə yolu ilə və ya məntiqi dəlillərlə diqqətlə araşdırılıb öyrənilməlidir. Amma hər hansı bir işin icra edilməsi üçün təkcə məqsədin və tə`siredici amillərin bəlli olması kifayət etmir.
     İmamın da öz hədəfi yolunda göstərdiyi fədakarlıqlar haqda yalnız müəyyən anlayışa malik olmaq, bizi onun işinə oxşar bir iş görməyə, yolunu getməyə sövq etdirməyəcək. Təkcə bilmək və ya məlumat əldə etməklə, insanda belə bir meyl yaranmır. İnsandan yüksək əzm və iradə tələb edən bu kimi işləri görmək üçün hisslərimiz təhrik olunmalıdır. Bu işlərin əməli olaraq həyata keçməsi həmin iki əsas amildən asılıdır. Elmi yığıncaq və çıxışlar birinci növdən olan amilləri təmin edə bilər; yəni lazım olan bilik və məlumatı çatdırmaqda bizə yardımçı olar. Bununla yanaşı, daxili hiss və meyilləri gücləndirəcək digər amillər də lazımdır. Məlum məsələdir ki, insanın hər hansı bir hadisəni yaxından müşahidə etməsilə, o hadisə haqqında eşidib və ya oxuması arasında çox fərq vardır. Bunu real həyatda da təcrübə etmək olar. Müşahidə etmədiyiniz hər hansı bir hadisə haqqında eşitdiyiniz məlumatın sizdə yaratdığı təsir ilə, həmin hadisəni öz gözlərinizlə görəcəyiniz zaman yaradacağı təsir arasında fərq olacaqdır. Təbiidir ki, gözlə müşahidə edilən hadisə insanda daha çox təəssürat yaradır.
     Buna misal olaraq, Qurani-Kərimdən hamınızın eşitdiyi bir əhvalatı qeyd etmək istərdim:
     «Bildiyiniz kimi, həzrət Musa əleyhissəlam Allah tərəfindən, ibadət etmək üçün Tur dağına dəvət edilir. Əhaliyə də əvvəlcədən xəbər verilir ki, Musa əleyhissəlam orada bir ay qalacaq. Allah-Taala sonradan bu müddəti artırıb qırx günə çatdırır. Xalq isə müddətin uzadılmasından xəbərsiz idi. Bu, Bəni-İsrail qövmünə, onların həqiqətdə imanlarında nə qədər sabit olduqlarını göstərmək üçün nəzərdə tutulmuş bir imtahan idi. Müddət başa çatan kimi Bəni-İsrail qövmü həzrət Musa əleyhissəlamın canişini və qardaşı olan Harunun yanına gedərək, onun nə üçün gəlib çıxmadığını soruşur. Harun isə cavabında belə deyir: «Gözləyirik, tezliklə gələr». Səhər olur, Musa əleyhissəlam gəlib çıxmır. Yenidən soruşurlar: «Musa (ə) niyə gəlmədi? Gecikməyindən belə məlum olur ki, bizi tək qoyub, özü çıxıb gedibdir». Samiri isə fürsətdən istifadə edərək bir buzov heykəli düzəldir və camaatı da ona ibadət etməyə dəvət edir: 
     «Bu həm sizin, həm də Musanın Allahıdır. Bu həmin Allahdır ki, Musa Tur dağında onunla münacat edirdi. Mənim düzəltdiyim bu buzov elə Musanı peyğəmbərliyə seçən Allahın özüdür». Camaatın əksəriyyəti buzovun qarşısında səcdəyə düşüb, ona sitayiş etməyə başlayır. Allah-Taala Musa əleyhissəlama vəhy göndərir ki, sənin qövmün arasında belə bir iş olubdur. Gecikdiyin bu on gün ərzində camaat inəkpərəst olublar. Musa əleyhissəlam bu sözləri eşitsə də, narahatlığını biruzə vermir. On gün başa çatdıqdan sonra Allahdan nazil olmuş lövhəni də götürüb camaatın yanına qayıdır ki, nazil olmuş ilahi hökm haqqında xəbər versin və onları ilahi şəriətə əməl etməyə çağırsın. Qayıdan zaman camaatın buzova ibadət etdiyini görür. Bu mənzərə onu o qədər mütəəssir edir ki, əsəbləşərək gətirdiyi lövhəni bir kənara atır. Qardaşı Harunun yanına gedir; onun yaxasından yapışır, özünə tərəf çəkir və camaatın yolundan azmasına niyə izn verdiyini soruşur». 
     Həmin əhvalatı burada təfsilatı ilə nəql etmək istəmirəm. Sadəcə olaraq, hər hansı bir şey haqda məlumat və anlayışa malik olmaqla, onu müşahidə etməyin fərqini göstərmək istəyirdim. Allah-Taala həzrət Musa əleyhissəlama qövmünün buzova pərəstiş etməsi məsələsini xəbər vermişdi. Həzrət Musa əleyhissəlamın da bu məsələdə heç bir şəkk-şübhəsi yox idi. Çünki, xəbər verən adi bir kimsə deyil, Allahın özü idi. Xəbəri eşidəndə o qədər də narahat olub əsəbləşmədi. Lakin camaatın buzova sitayiş etdiyini öz gözləri ilə müşahidə etdikdə, dərhal halı dəyişir və qəzəblənir. Qardaşının yanına gedərək, ona öz etirazını bildirir.
     Allah-Taala insanı elə yaradıb ki, bir hadisəni müşahidə etməyin doğurduğu təsir və təəssürat, deyilənlər, eşidilənlər və məlumatlarla yaranan təsirlə kəskin şəkildə fərqlənir. Biz hər hansı bir hadisəni səhnələşdirsək, istər xalq folkloru formasında olsun, istərsə də müasir film və ya tamaşalar şəklində, bu səhnələr nəzərdə tutulan əhvalatı təcəssüm etdirə bilirsə, bunların insanda qoyduğu təsir digər üsullardan qat-qat üstündür. Aşura günü imam Hüseyn əleyhissəlamın necə şəhid olduğunu hamımız yaxşı bilirik. Amma bunu bilməklə qüssələnib ağlamırıq. Lakin mərasimdə iştirak etdikdə, mərsiyəxanların xüsusi ahəng və hərəkətlə nümayiş etdirdiyi Kərbəla əhvalatını eşidərkən, ixtiyarsız olaraq kövrəlirik, gözlərimiz yaşarır. Bu üsulun insanın hisslərini təhrik etməkdə böyük təsiri vardır. Bu səhnələrin nümayişi imam Hüseyn əleyhissəlamın qiyamının nə üçün və necə baş verməsi, necə şəhid olmasını daha dolğun şəkildə öyrənib-bilməyimiz üçün əlverişlidir. Bunları biz nə qədər yaxşı təcəssüm etdirə bilsək, bir o qədər Aşura mədəniyyətindən faydalanmış olacağıq. 
     İnsanlar Məhərrəmliyin ilk günü evlərindən bayıra çıxarkən, şəhərdə ayrı bir görkəm və əhval-ruhiyyə görürlər. Bu da onlarda xüsusi təsir oyadır, ürəklərini riqqətə gətirir. Aşura gününün yaratdığı əhval-ruhiyyə və təəssüratı digər aylarda müşahidə etmirik. 
     Tarixdə bu hadisənin təsiri ilə zalım rejimlərə qarşı neçə-neçə qiyamlar, çıxışlar olub. Elə buna görədir ki, İmam Xomeyni (r) dəfələrlə buyurmuşdur: «Bizim nəyimiz varsa, Məhərrəm və Səfər aylarının bərəkətindəndir».
     Nəyə görə əzadarlıqların məhz bu şəkildə keçirilməsinə israr edilir?
     Çünki, artıq on üç əsrdir ki, bu səhnələrin, xalqların milli-dini hisslərinin təhrik edilməsində böyük rolu olduğu təcrübə olunmuşdur. Baş vermiş müharibələrdə qazanılan bir çox qələbələr, məhz xalqın Hüseyn adı və Hüseyn hərəkatından bəhrələnib, böyük şövq və şücaətlə vuruşması nəticəsində olmuşdur. Bunun təsiri az deyildir; cəmiyyətdə belə bir ruhiyyə yaradan ikinci amil vardırmı? İnsanları dininin, millətinin tapdalanmış haqları yolunda mübarizəyə səsləyən və şəhadətə hazırlayan ikinci bir məktəb vardırmı?
     Beləliklə, məlum oldu ki, əzadarlıq mərasimləri Aşura hadisəsi haqda müəyyən məlumat və anlayış yaratmaqdan əlavə, bizdə rəğbət, müsbət əhval-ruhiyyə və s. ülvi hisslərin oyanmasında da mühüm rol ifa edir. Aşura ilə əlaqədar nəzərdə tutulan mərasimlər də belə amillərdəndir.
     
     
DOKTOR MİSBAH YƏZDİ

Category: Diger me'lumatlar | Baxış: 1479 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]