Bazar günü, 2024-12-22, 5:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Oktyabr » 3 » BƏRZƏX ALƏMİ
11:07 AM
BƏRZƏX ALƏMİ
BƏRZƏX ALƏMİ
İki şeyin arasındakı maneə və ya fasiləyə bərzəx deyilir. Qurani-kərim bu dünya ilə qiyamət gününədək olan fasiləni bərzəx adlandırmışdır. «Muminun» surəsinin 100-cü ayəsində deyilir:
«Bəlkə [indiyə qədər] zay etdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! [Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıb saleh bir əməl edim!] Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib [haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə [qiyamət gününə] qədər maneə [öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi] vardır.»
Bu dünya ilə qiyamət arasında olan fasiləni (bərzəx aləmini) bəyan edən bir neçə Quran ayəsi vardır. Bu ayələrə istinad edərək islam alimləri belə bir nəticəyə gəlmişlər ki, dünya ilə qiyamət arasında başqa bir aləm vardır və onun adı «bərzəx aləmidir».
Ayənin məzmunundan belə məlum olur ki, insanlardan bəziləri dünyalarını dəyişdikdən sonra dünyada gördükləri nalayiq işlərə görə peşimançılıq çəkər və yenidən dünyaya qayıtmaq istərlər, amma onların istəkləri qəbul olunmayıb rədd cavabı alarlar. Qurani-kərimdə bərzəx aləmi və oranın sakinlərinin vəziyyətini bəyan edən on beş ayə mövcuddur və bu ayələr bir neçə qismə bölünür.
1. Mələklərin, [dünyalarını dəyişdikdən dərhal sonra] əməli-saleh və fasid, günahkar insanlarla apardıqları söhbətlər bu qəbildən olan ayələrə Quranda çox rast gəlmək olur. Bir qədər əvvəl işarə etdiyimiz «Nisa» surəsinin 97-ci və «Muminun» surəsinin 100-cü ayəsi həmən ayələrə dəlalət edir.
2. Mələklərin əməli-saleh insanlara verdikləri müúdələr haqda nazil olmuş ayələr. Yəni əməli-saleh insanlar bərzəx aləminə daxil olduqdan sonra mələklər onlara ilahi nemətlərlə (cənnət) bəhrələnəcəklərini və qiyamət intizarında olmayacaqlarını xəbər verərlər. Bu məzmunda iki ayə nazil olmuşdur.
«O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: «Sizə salam olsun! Etdiyiniz [gözəl] əməllərə görə Cənnətə daxil olun! - deyərlər.»
(Nəhl-32).
«[Antakiyalılar bu sözü eşidən kimi Həbib Nəccarı daşqalaq edib öldürdülər]. Ona [şəhid olduğu üçün Allah dərgahından] «Cənnətə daxil ol!» - deyildi. [Həbib Nəccar Cənnətə daxil olub oradakı nemətləri, hörmət-izzəti gördükdən sonra] dedi: «Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi.»
(Yasin 26-27).
Bundan əvvəlki ayələrdə mömin və əməli-saleh bir şəxsin Antakiya şəhərində yaşayan yerlilərinin haqq yola gəlmələrini və peyğəmbərə iman gətirmələrini istəməsi bəyan olunur. Amma onun sözünə kimsə əhəmiyyət verməyir və amansızcasına qətlə yetirilir. Şəhadətə nail olduqdan sonra ilahi nemətlərlə bəhrələndiyini görüb həsrətlə öz xoşbəxt həyatında agah olmalarını və eyni zamanda bunu onlara da arzu edir. Məlum olduğu kimi, bütün bunlar qiyamət günündən əvvəl baş verəcəkdir və o gün dünyaya gəlmiş ilk və sonuncu şəxs [məhşərdə] bir yerə toplanacaq və yer üzündə kimsə qalmayacaqdır.
Bu məsələyə diqqət yetirmək lazımdır ki, əməli-saleh mömin insanlara nəsib olacaq cənnət deyil – cənnətlərdir. Belə ki, axirət dünyasında cənnətin bir neçə təbəqəsi vardır və oranın hər birində iman baxımından bir-biri ilə fərqlənən möminlər, əməli-saleh insanlar, xeyirxah işlər görənlər, alim və şəhidlər və sair sakinlər olar. Bundan əlavə Əhli-beyt (ə)-dan nəql olunmuş hədislərdən bizə belə məlum olur ki, cənnətin bəzi təbəqələri axirət aləminə deyil, bərzəx aləminə aiddir. Bütün bunları nəzərə alaraq, yuxarıda qeyd olunan ayələrdəki cənnət kəlməsini axirət dünyasının cənnətləri ilə əlaqələndirmək olmaz.
3. Üçüncü qismə bölünən ayələrdə artıq mələklərlə insanlar arasında baş verən söhbətlərə toxunulmayır. Burada bir-başa əməli-saleh və günahkar (fasid) insanların aqibəti bəyan olunur.
«Allah yolunda öldürülənlərin [şəhid olanları heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi [cənnət ruzisi] yeyirlər.»
«Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə [şəhidlik rütbəsinə] sevinir, aralarınca gəlib hələ özlərinə çatmamış [şəhidlik səadətinə hələ nail olmamış] kəslərin [axirətdə] heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.»
(Ali-imran 169-170).
«Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və [vəhdaniyyətimizi sübut edən] açıq-aşkar bir dəlillə göndərdik.
Firon və onun əyan-əşrafının yanına. Onlar iman gətirməyi təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar [yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər].»
(Muminun 45-46).
Ayə Fironun iki növ əzaba düçar olacağını bəyan edir. Onlardan biri «suul-əzab» – yəni ağır və dözülməz əzab adlandırılmışdır. Belə ki, hər gün iki dəfə cəhənnəm odunun qarşısına gətirilər, bir qədər qorxudulduqdan sonra oraya daxil olmadan geri qaytarılar. Düçar olacağı ikinci növ əzab isə qiyamət gününə aiddir. Quran bu əzabı «əşəddül əzab» – yəni şiddətli əzab adlandırır. Qiyamət gününün hökmü verildikdən sonra onlar Allahın əmri ilə cəhənnəm oduna daxil edilərlər. Birinci növdə, ikinci əzabın əksinə olaraq səhər-axşam əzab yad olunar. Əli (ə) ayənin təfsirində buyurur: «Birinci növ əzab bərzəx aləminə aiddir. Belə ki, orada da gecə və gündüz, həftə, ay və il vardır. İkinci növ əzab isə axirət dünyasına dəlalət edir və orada gecə və gündüz, həftə, ay və il dövranı baş verməyir».
Peyğəmbər (s) və digər İmamlardan (ə) nəql olunmuş hədislərdə bərzəx sakinlərinin aqibətinə dəfələrlə işarə olunmuşdur. Müsəlmanlar Bədr döyüşündə qalib gəldikdən sonra Qüreyş sərkərdələrinin cəsədlərini döyüş meydanındakı xəndəklərdən birinə tökdülər. Peyğəmbər (s) üzünü cəsədlərə tutub soruşdu: «Biz Allahın bizə vədə verdiklərinin şahidi olduq. Sizdəmi Allahın vədələrini dərk etdiniz?» Əshabdan bəziləri Peyğəmbərdən (s) soruşdu: Ya Rəsulullah! ölülərləmi danışırsınız? Məgər onlar sizin söylədiklərinizi dərk edirlərmi? Buyurdu: «İndi onlar sizdən yaxşı eşidirlər».
Bu məzmunda nəql olunmuş bir çox hədislərdən belə məlum olur ki, insana dünyasını dəyişərkən can ilə bədən arasında ayrılıq düşsə də, ruh illər boyu birgə olduğu bədəni tamamilə tərk etməyir.
İmam Hüseyn (ə) Məhərrəmin onuncu günü sübh namazını əshabı ilə birlikdə qıldıqdan sonra onlar üçün kiçik bir xütbə oxudu. Xütbədə deyilir: «Azacıq səbr edib müqavimət göstərin. Ölüm sizi əzab-əziyyətdən xoşbəxtlik sahilinə çatdıran bir körpüdür. O, sizi gen və əzəmətli cənnətlərdən keçirəcəkdir».
Başqa bir hədisdə deyilir: «İnsanlar bu dünyada qəflət yuxusundadırlar. Dünyalarını dəyişərkən oyanarlar».
Hədisin məzmunu bundan ibarətdir ki, axirət həyatı bu dünyada dərəcə baxımdan daha üstün və daha kamildir. Belə ki, insan yatarkən hissiyyatı ən zəif dərəcəyə enir. O, yarı ölü, yarı diri bir varlığa çevrilir. Oyanarkən onun fəaliyyəti daha da kamilləşir. İnsanın dünyəvi həyatı da axirət dünyası ilə müqayisə etdikdə olduqca zəif hesab olunur. Bərzəx aləminə köçdükdə isə, onun həyatı bir daha kamilləşir. Burada iki mühüm məsələyə diqqət yetirmək lazımdır.
1. Nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, bərzəx aləmində yalnız insandan iman gətirməsi lazım olan məsələlər soruşulacaq. Digər məsələlər isə qiyamət gününə saxlanılacaqdır.
2. Xeyirxah və əməli-saleh insanlar gördükləri işlərin müqabilində ilahi nemətlərlə mükafatlanarlar. Bu işlər istər dünya sakinləri (yəni sağ olan qohumlar, dost və qonşular) [məsələn, imkansızlara əl tutmaq, elmi müəssələr təsis etmək və s.], istərsə də dünyadan köçmüş şəxslər üçün [məsələn, onların niyyəti ilə namaz qılmaq, həcc ziyarətinə getmək və s.] olsun, ilahi savab və nemətlərlə mükafatlandırılarlar.
Bəzən övladlar valideynlərini hələ sağ ikən öz əməlləri (və ya söylədikləri sözlərlə) narahat edərlər, amma dünyadan köçdükdən sonra öz xeyirxah işləri ilə onların razılığını qazanarlar.


Category: Diger me'lumatlar | Baxış: 1027 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]