Şənbə günü, 2024-12-21, 6:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

Süleyman peyğəmbər
2013-08-04, 3:37 PM
Süleyman peyğəmbər

Süleymanın adı tarixdə mehriban peyğəmbər, ədalətli padşah və hikmətli bir alim kimi tanınıbdır.

Tarixçilərin çoxunun yazdıqlarına əsasən Davud peyğəmbər Süleymanı öz canişini seçəndə 13 yaşı var idi. Bu İmam Musa ibni Cəfərdən (ə) də bir hədisdə nəql olunubdur. Bəzi hədislərə əsasən Davud Süleymanı öz canişini edərək uşaq olduğuna görə alimlər və Bəni-İsrailin abidləri müxalifətçiliyə qalxdılar. Onlar dedilər:

-”Davud uşağı bizim xəlifəmiz edir, halbuki, bizim aramızda ondan böyüklər də var”. Allah taala Davuda vəhy etdi:

-”Bir məclis qur, canişinlik iddiasında olanların əsasını, həmçinin Süleymanın əl çubuğunu alıb bir otağa qoy. Başqa bir gün əsaları otaqdan çıxartsınlar. Hər kəsin əsası yaşıl olsa o, Davudun xəlifəsi olacaq”.

Bu işi gördükdən sonra ikinci gün otağa daxil oldular. Gördülər ki, Süleymanın əl çubuğu yaşıllaşıb.

Başqa hədislərdə isə Davudun Süleymanı öz canişini kimi seçməsinin səbəbini Süleymanın qəzavəti vurğulanıblar. O, uşaq ikən bir nəfər yer və bir nəfər qoyun sahibi barəsində qəzavət edibdir. Allah taala bu məsələni "Ənbiya” surəsində zikr edibdir. Həmin qəzavətin xülasəsi bundan ibarətdir ki, iki nəfər Davudun yanına gəldi. Onlardan biri dedi:

-”Mənim əkin yerim vardır. Oranı əkmişdim, əkinim məhsul verdikdən sonra bu kişinin qoyunları gecə gəlib onları yeyibdir.

Başqa rəvayətlərə görə, o üzüm bağı olubmuş. Üzümün salxımları təzə çıxarkən qoyunlar onu yemişdi.

Davud bu məsələyə qəzavət etmək üçün Süleymanı çağırdı. O, Süleymanla məşvərət etdi. Bəzi hədislərə görə bu barədə qəzavət etməyi Süleymanın öhdəsinə qoydu.

Davud onlara dedi:

-”Süleymanın yanına gedin, qoy o, bu barədə hökm versin”.

Süleymanla məşvərət və ya qəzavəti onun öhdəsinə qoymağın səbəbi, Davud onun canişin olmağa ləyaqətli olduğunu Bəni-İsrailə sübut etmək üçün idi.

Süleyman hökm etdi ki, qoyunları əkin sahibinə, əkini isə qoyun sahibinə verin. Əkin öz əvvəlki vəziyyətinə çatana qədər əkin sahibi qoyunların südündən və yunundan istifadə etsin. Qoyun sahibi də əkin əvvəlki vəziyyətinə qaytarmağa çalışsın. Bununla da heç biri zərər çəkməsin.

Kuleyni İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət Davud Süleymana dedi: -”Nə üçün qoyunların özünü əkin sahibinə vermədin? Çünki Bəni-İsrailin alimləri belə qəzavət edirlər”.

Süleyman dedi:

-”Qoyunlar əkin və ağacların kökünü yeməyiblər, gələn il əkin öz adi vəziyyətinə qayıdacaq”.

Süleymanın belə hökmündən sonra ilahi vəhy Davuda nazil oldu. Allah taala ona buyurdu:

-”Hökm Süleyman etdiyi hökmdür”.

Beləliklə, Süleymanın canişinliyə ləyaqət və istedadı Bəni-İsrail, o cümlədən Davudun digər övladlarına sabit oldu.

SÜLEYMANIN İŞƏ BAŞLAMASI

Tarixçilər yazırlar ki, Süleymanın bir neçə qardaşı var idi. Lakin onların anası bir deyildi. Süleymandan yaşda böyük olduqları üçün atasının canişini olmaq iddiasını edirdilər.

Allah taalanın fərmanı ilə Davud Süleymanı canişin edən vaxt Abşalum adında bir oğlu narahat olaraq atası ilə müharibə etmək fikrinə düşdü. O, bir qoşun yığıb Davudla müharibəyə gəldi. Davud onun qorxusundan İordaniyanın şərqinə qaçdı. Abşalum qısa bir müddət Davudun səltənət taxtına çıxdı. Nəhayət, Davud Yuab adında bir nəfərin sərgüzəştləri ilə Abşalumla müharibə etməyə qoşun göndərdi. Abşalum həmin müharibədə öldü və Davud öz səltənətinə qayıtdı.

Davud dünyadan gedəndən sonra Süleymanın Ədvini adında qardaşı Abşalumun tərəfdarlarını başına toplayıb Süleymanla müharibəyə gəldi. Müharibədən sonra Ədvina da öldürüldü. Süleymanın səltənəti Bəni-İsrail arasında möhkəmləndi.

ALLAH-TAALANIN SÜLEYMANA BƏXŞ ETDİYİ NEMƏTLƏR

Allah taala Süleymana da atası Davud kimi, çoxlu nemətlər verdi. O cümlədən, peyğəmbərlik, səltənət, "məntiqüt-təyr” (quşların dili) elmi, qəzavət elmi, hikmət və alimlik, cinləri, divləri, şeytanları ram etmək... Digər nemətlər də şərh olunacaq. Təəssüf olsun ki, bu böyük peyğəmbərin əhvalatı və tarixi çox yerlərdə əfsanə yazanlar və xürafatçıların vasitəsilə dəyişilibdir. İsraliyyat (yəhudilərin yazdıqları qondarma hədislər) Həzrət Süleymanın tarixində çoxdur. Hətta o həzrətə yaraşmayan sözlər də tarixdə yazıblar .

Atası Davud haqqında da qondarma sözlər çoxdur. Biz Allah qoysa mötəbər hədislərlə onun tarixini açıqlayacağıq və Vəhb ibni Münbih, Kəb kimi adamların nəql etdiyi qeyri-mötəbər hədisləri yazmayacağıq. Çünki onların nəql etdikləri hədislər daha çox əfsanə və xürafata oxşayır.

Bəli, qeyd etdiyimiz kimi Allah taala peyğəmbərlik və padşahlığı birlikdə Süleymana nəsib etdi. O, böyük, münbit və yeraltı mədənlərə malik olan ölkəyə, yəni Üqbə körfəzindən Fərat çayına qədər olan torpaqlara hökmranlıq edirdi. Həzrət Süleyman cinlər, şeytanlar və külək qüvvələrini öz ixtiyarı altında saxladığı üçün Beytül-Müqəddəs, məşhur heykəl kimi əzəmətli binalar və əsərlər özündən iz qoydu. İndiyə qədər həmin tarixi abidlərin çoxunu Fələstin və Şamat torpaqlarında müşahidə etmək olar. Müəllif bəzi tarixi abidələri yaxından görübdür. Belə uca tikintilərin divarlarındakı nəhəng daşları görən şəxs üçün onun gözə görünməyən qüvvələrin gücü ilə tikilməsində heç bir şəkk-şübhə qalmır.

BEYTÜL-MÜQƏDDƏSİN TİKİLİŞİ

Bəzi tarixçilər Beytül-Müqəddəsin tikilişini Davuda aid olduğunu deyirlər:

Davudun dövründə bir dəstə insan taun xəstəliyinə düçar olmuşdular. Davud indiki "Məscidul-Əqsa” məkanında mələklərin oradan səmaya getdiklərini müşahidə etdiyi üçün camaatı oraya dua etmək məqsədilə gətirdi. Taun xəstəliyinin məhv olması üçün Allah dərgahına dua etdi. Allah taala onun duasıyla həmin xəstəliyi aradan götürdü. Ondan sonra Davud həmin məkanda məscid tikməyin hökmünü verdi. Özü də məscidin tikintisində yaxından iştirak etdi. Lakin tikinti tam qurtarmamış Davud dünyasını dəyişdi. O, işi axıra qədər davam etdirməyi Süleymana vəsiyyət etdi. Başqa bir fərziyyəyə əsasən, Davud özü Beytül-Müqəddəs şəhərini tikəndən sonra həmin yerdə bir məscid tikərək işi axıra yetirdi. O, çoxlu qızıl və cəvahiratla məscidin divarlarını, günbəzini bəzədi. Məscidin tikilişi qurtarandan sonra böyük bayram edərək çoxlu qurbanlar kəsdilər.

Tarixçilərin bir dəstəsi isə bu əqidədədirlər ki, Davud məscidi tikmək ərəfəsində idi. Lakin Allah taala ona vəhy etdi ki, bu iş sənin əlinlə yerinə yetrilməyəcək. Məscidin tikilməsini oğlun Süleymana tapşır. Burada başqa bir tarix də vardır. Amma mənim nəzərimcə bu düzgün olmayıb heç bir etibara malik deyil. O da bundan ibarətdir ki, Davud Beytül-Müqəddəs məscidinin tikilişinə aid olan hər bir şeyi hazırladı. Amma Süleyman özü onu tikdi. Məscidə alınan şeylər aşağıdakılardan ibarətdir:

  1. Yüz min qızıl pul;
  2. Bir milyon gümüş pul;
  3. Çoxlu dəmir və mis.

Onun gümüşünün qiyməti bu günkü 342000000 və qızılının qiyməti 889500000 İngilis funt-sterlinqinə bərabərdir. Süleyman səltənətinin dördüncü ilində heykəlin (Beytül-Müqəddəsin məbədi) tikilişini başladı. Orada 183600 nəfər işləyirdi. Bu məbədin tikintisi yeddi il yarım çəkdi. Miladdan 1005 il öncə tikinti başa çataraq dünyanın ən gözəl binasına və Uruşəlimin iftixarına çevrildi. Təbərsi "Məcməül-Bəyan” kitabında Cubaidən nəql edir ki, Allah taala taun xəstəliyini Bəni-İsrailə göndərdi. Bir gündə çoxlu insan həlak oldu. Davud onlara hökm verdi ki, qüsl edib arvad-uşaqla səhraya gedin və orada ağlayıb Allahdan kömək istəyin. Qeyd olunan səhra həmin yerdir ki, Bəni-İsrail sonra orada məscid tikdi. Davud özü də böyük və uca bir daşın (həmin daş indi də qalır) üstünə çıxıb səcdədə Allah dərgahına ağlayaraq kömək istədi. Bəni-İsrail də onunla səcdə edib ağladı. Hamı alınlarını səcdədən götürməmiş taun xəstəliyi onların arasından getdi. Üç gün bu hadisədən keçəndən sonra Davud onları bir yerə toplayıb dedi:

-”Allah taala sizin boynunuza minnət qoydu və məhəbbət göstərdi. İndi isə siz bu nemətə şükür etməyə gəlin və duanız qəbul olan məkanda məscid tikin.”

Bəni-İsrail Davudun göstərişinə əməl etdi və Beytül-Müqəddəsi tikməyə başladı. Davud özü də daşı çiyninə qoyub işə başladı. Bəni-İsrailin arasında olan böyük şəxsiyyətlər və yaxşı insanlar bunu görüb Davuda qoşuldular. Onlar daş gətirib məscidin divarını iki metrəyə qədər tikdilər. Həmin vaxt Davudun ömründən 127 il keçmişdi. Allah taala Davuda vəhy etdi ki, məscidin tikintisi oğlun Süleymanın əliylə axıra çatdırılacaq.

Davud 140 yaşına çatandan sonra Süleymanı öz yerinə canişin qoydu. Sonra isə özü dünyadan getdi. Süleyman da cinləri və şeytanları yığıb tikinti işlərini onların arasında böldü. Hər dəstəyə bir iş tapşırdı. Cinlər və şeytanlardan bir dəstəsinə mərmər və büllur daşları yerin altından çıxardıb gətirməyi tapşırdı. Süleyman Beytül-Müqəddəs şəhərinin ağ mərmər daşlarla tikilməsinə hökm verdi. Onun üçün on iki qala tikdilər. Bəni-İsrail tayfalarının hər birini bir qalada yerləşdirdi. O, şəhərin tikintisi qurtarandan sonra məscid tikməyə başladı. Cinləri və şeytanları dəstə-dəstə qızıl, cəvahirat çıxartmağa göndərdi. Bir dəstəni də onaları Beytül-Müqəddəsə daşımağa ayırdı. Başqa bir dəstə isə müşk, ənbər və sair ətrləri onun üçün gətirirdi. Digər bir dəstəyə isə dəryaların dibindən mirvarid daşlarını çıxardıb gətirməyi əmr etdi. Nəhayət, o qədər mədən daşları, qızıl, cəvahirat və sair qiymətli daşlar gətirdilər ki, onların sayını Allahdan başqa heç kəs bilmirdi. Süleyman daşları memarlara yondurdu. Sonra məscidin divarını ağ, sarı və yaşıl daşlarla tikdi. Məscidin sütunlarını büllur mərmər daşlardan düzəltdi. Onun divar və tavanını cürbəcür ləl-cəvahiratla bəzədi. Məscidin yerini isə lay-lay firuzə daşlarla döşədi. Yer üzündə oradan gözəl və parlaq yer yox idi. Elə düzəldilmişdi ki, hətta qaranlıq gecədə on dörd gecəlik ay kimi parıldayırdı. Süleyman məscidi tikəndən sonra Bəni-İsrailin böyük şəxsiyyətlərini, ağsaqqallarını bir yerə toplayıb dedi: -”Mən bunu Allah üçün tikmişəm.” Məscidin tikintisi qurtaran günü bayram tutdu. Beytül-Müqəddəs, Bəxtünnəsr Bəni-İsraillə müharibə edənə qədər abad idi. Lakin müharibədə şəhəri viran etdilər. Sonra Bəxtünnəsr məscidi dağıtmağa hökm verdi. Məscidin tikintisində işlədilmiş bütün qızıl-cəvahiratı yığıb İraq məmləkətindəki öz ölkəsinin paytaxtına apardı.

Cubainin Beytül-Müqəddəs və Məscidül-Əqsa haqqında yazdığı tarix bura qədərdir. Biz də coğrafiya alimlərindən və tarixçilərdən nəql etdiyimiz xəbərlərlə bura qədər kifayətlənirik. Yaxşı olardı burada qeyd edək ki, Beytül-Müqəddəs nə ticarət yönümlü şəhər idi, nə də ki, bir o qədər əkinçilik nöqteyi-nəzərindən münasib idi. Lakin tarix boyu başqa şəhərlərdən çox bu şəhər daha artıq hücum və qarətə məruz qalıb. Dəfələrlə şəhəri yandırıb camaatı kütləvi surətdə öldürüblər. Dəfələrlə bu şəhər üstündə yəhudi, məsihi, müsəlmanlar arasında müharibə olub və indiyə qədər də onun hakimiyyəti üçün dava-dalaş, ölüm-itim davam edir. Gələcəkdə də bu şəhərin müqəddəratı məlum deyil. Ümumiyyətlə xristianların vasitəsilə bu şəhərdə baş verən müharibələr (Xaç döyüşlərində), onların müsəlman uşaq, qadın və günahsız insanları faciəli surətdə öldürməsi tarixdə misilsizdir. Orada baş verən bəzi hadisələri qələm yazmağa həya edir. Biz burada nümunə üçün Fransa yazıçısı Qustav Lubonun kitabından bəzi hadisələri yazırdıq. O, özü xristian olubdur və bu hadisələri öz gözü ilə görən Lupoy şəhərinin keşişlərindən biri olan Reymond Dacildən nəql edir. Reymond Dacil xristianların Beytül-Müqəddəsdə vəhşicəsinə etdikləri rəftarlarını yaxından müşahidə edibdir. O, öz müşahidələrini kitabında belə yazmışdır.

"Bizim qoşun Beytül-Müqəddəs şəhərinin qalalarını tutanda şəhərin müsəlman xalqını qorxu bürümüşdü. Qoşun camaatın başını bədənindən ayırırdı. Bu onların ən kiçik cinayətlərindən idi. Bəzi insanların qarınlarını yırtırdılar. Yəni uzun müddət zülm və işkəncə altında saxlayandan sonra küçələrində, meydanlarında müsəlmanların kəsilmiş başlarından və ayaqlarından düzəlmiş təpələrdən başqa heç nə görünmürdü. Cənazələr qoşunun ayaqları altında qalırdı. Hələ bunlar müsəlmanların başına gələn kiçik müsibətlər idi. Doğrudan da, bizim qoşun "Süleyman heykəlində” misilsiz qan tökdülər. Bir tərəfdə yaralılıra öz qanına batıb əl-ayaq çalırdılar, bir tərəfdə isə bədənlərindən üzülmüş qol-qıçlar elə bil ki, zikr edir və hər biri bir bədənə birləşmək istəyirdi. Cənazələri bir-birindən ayırmaq qeyri-mümkün idi. Arası kəsilmədən insanları rəhimsizcəsinə öldürən qoşun qanların buxarından zəhmətə düşmüşdü.

Səlib döyüşçüləri buna kifayətlənmədilər. Onlar məclis qurub bu qərara gəldilər ki, Beytül-Müqəddəsin bütün sakinlərini istər müsəlman, istər yəhudi, istərsə də məsihiləri nabud etsinlər. Şəhər sakinlərinin sayı 60 minə yaxın idi. Qoşun səkkiz gün insanları kütləvi şəkildə qırdı. Hətta uşaqlara, qadınlara və qocalara da rəhm etmədilər. Hamını iti qılınclarla doğradılar.

Sonra onlar öz yorğunluqlarını almaq üçün bir sıra çirkin işlərə əl atdılar. Onlar şərab içib məst olur və küçələrdə qışqır-bağır salırdılar. Ümumiyyətlə, xristian tarixçiləri xaç döyüşçülərinin cinayətlərindən göz yumublar. Lakin onların bu çirkin əməllərindən qəzəbləniblər. "Bernard Xazen” onları dəliyə oxşadıb "Del” keşişlərinin rəhbəri "Budan” öz nəcislərinə bulaşan heyvanlara bənzətmişdir.

SÜLEYMANIN BAŞQA TİKDİKLƏRİ BİNALAR

Quranda "Ənbiya”, "Səba” və "Sad” surələrində Süleymanın fərmanıyla cinlər və şeytanların tikdikləri əzəmətli binalar, məbədlər, daş hovuzları, böyük qazanlar və sair tikintilərə qısa işarə olunubdur. Tövratda nəql olunur ki, Süleymanın əli ilə tikilən imarətlər bundan ibarətdir: Beytür-Rəb, Beytül-Mülk, Urşilim divarı, Hasur, Məcdu, Çarz, Beyti Hurun Sufla, Bələ və Tədmur. Banlardan başqa o Həzrət böyük xəzinələr və məmləkətin ətrafında əsgər bazarları, əsgər düşərgələri düzəltmişdi. Həmçinin Livanda da o Həzrətdən çoxlu binalar yadigar qalıbdır. Yemək və qoşunlara su vermək üçün düzəldilmiş böyük qazan və su hovuzları haqqında maraqlı sözlər nəql olubdur. O cümlədən yazırlar ki, hər qazanın başına min kişi toplaşıb yemək yeyirdi.

Müasir yazıçılardan biri Süleymanın padşahlıq taxtı və səltənət sarayı haqqında yazır: Süleymanın dövründə böyük əhliyyətə malik olan binalardan biri onun sarayı idi. Bu saray qiymətli daşlarla tikilmiş və rəngbə-rəng cəvahirlərlə, filizdən düzəldilmiş heyvan və ağac timsallarıyla bəzədilmişdi. Sarayda gözəl və əzəmətli taxt vapr idi. Bu taxtı qızıl, fil sümüyü və cəvahirlə bəzənmiş qiymətli çubuqlarla düzəltmişdilər. Taxtın hər iki tərəfində iki şir və üstündə iki kərkəs heykəli görünürdü. Həzrət Süleyman taxta çıxanda şirlər əllərini açır və o, ayaqlarını onun üstünə qoyurdu. Elə ki, taxtda əyləşirdi kərkəslər qanadlarını Süleymanın başı üstündə açırdılar. Bu taxt haqqında tarixçilər və müfəssirlər bir-birindən fərqli sözlər nəql edirlər.

Bəzi tarixçilər misilsiz imarətlər və təəccüblü daş qalalara malik olan Bələbək şəhərinin də Süleymanın vasitəsilə tikilməsinə mötəqiddirlər. Yaqut Həlləvi deyir: O şəhərdə maraqlı binalar, böyük əsərlər və mərmər daşından tikilmiş sarayların dünyada misli yoxdur. İndinin özündə də dünyanın hər yerindən oraya gedir və maraqlı tarixi abidlərə yaxından müşahidə edirlər.

SÜLEYMANIN BƏSATI VƏ KÜLƏYİN ONUN İXTİYARINDA OLMASI

Quranda Süleymanın bəsatından ad aparılmayıb, yalnız bəzi rəvayətlərdə bu haqda söhbət açılıbdır. Bəsatın necəliyi, eni və uzunluğu haqqında Vəhb ibni Munəbbih və Kəb əfsanəvi sözlər deyiblər. O cümlədən nəql edirlər ki, həmin bəsat ağacdan düzəldilmişdi. Onun eni və uzunluğu bir neçə kilometr idi. Neçə min oturacağa malik olubdur. Süleymanın qoşunu da ona minirdi. Süleymanın hökmü ilə külək bəsatı hərəkətə gətirirdi. Bir aylıq yolu səhərdən günortaya qədər, günortadan axşama qədər də bir aylıq yolu gedirdi. Beytül-Müqəddəsdən hərəkət edib günortanı İstəxrdə (Şiraz ölkəsi) və şamı Xorasanda yeyirdi... Bunları və buna oxşar sair sözlər nə Quranda, nə də mötəbər hədislərdə zikr olmayıbdır. Quranda "Ənbiya”, "Səbə” və "Sad” surələrində bu haqda xəbər verilibdir. Ola bilsin ki, bəzi şəxslər həmin xəbəri şişirdərək ondan əfsanə düzəldibdir. Lakin bu ayələrdə Allah taala yalnız küləyi Süleymanın ixtiyarında qoymasını buyurubdur. "Ənbiya” surəsində belə buyurur:

-”Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleyman üçün biz ram etdik. Biz hər şeyi bilənik!”

"Süleyman üçün də küləyi ram etdik. O (külək), səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. (Bir gündə iki aylıq məsafə gedirdi.)”

"Sad” surəsində buyurur:

-”Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.”

Bu ayələrdən ümumi formada başa düşürük ki, külək Süleymanın fərmanı altında idi. O, mələklərin idarəsi, müharibə işləri, tikinti və sair işlərdə küləkdən istifadə edirdi. Necə ki, cinlər və şeytanlar onun əmri altında idilər. Onlar da Süleyman üçün böyük daş sütunlar və qazanlar düzəldirdilər. Ola bilsin ki, o, xəbərləri çatdırmaq üçün sürətli küləkdən və hava dalğalarından istifadə edirdi. Necə ki, bəzi rəvayətlərdə buna işarə olubdur. Əlbəttə, mümkündür ki, Süleymanın özü, ya onun məmur və bəzi qoşunları da külək qüvvəsindən istifadə edibdir. Onun vasitəsilə məmləkətin lazım olan yerinə gedirdilər. Ya da onların düzəltdikləri hər hansı bir aləti külək istədikləri tərəfə aparırdı. Lakin nəql olunmuş bəzi xəbərlər həqiqətdən uzaqdır. Ümumiyyətlə, Süleyman belə bir bəsata və o cür səfərlərə ehtiyacı yox idi. Bundan əlavə Süleymanın qarışqa ilə söhbəti və həmin qarışqanın başqa qarışqalarla etdiyi söhbətdən başa düşürük ki, Süleymanın qoşunu ilə hərbi səfərləri havada yox, yer üzündə olmuşdur.


SÜLEYMAN VƏ QARIŞQA

Qurani-Kərimdə "Nəml” (Qarışqa) adında surə nazil olubdur. Bu surənin "Nəml” adlanmasının səbəbi Süleymanla qarışqanın əhvalatıdır. Allah taala bu əhvalatı bir neçə ayədə zikr edibdir. Həmin ayələrin tərcüməsi bundan ibarətdir:

Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib bir qarışqa (qarışqaların padşahı) dedi: -”Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”

(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: -”Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni Öz mərhəmətinlə saleh bədənlərinin sırasına daxil et!” Sonra (Süleyman) quşları yoxlayıb dedi: -”(Torpaq altında suyun harada olduğunu bilən) hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?”

Müfəssirlər yuxarıdakı ayələrin təfsirində bir neçə məsələyə işarə ediblər:

1) Müfəssirlərdən bir dəstəsi deyirlər: -”Yuxarıdakı ayələrdən belə başa düşürük ki, Süleyman və qoşunu, istər piyada, istərsə də atlı, səmada yox, yerdə gedirlər. Əgər səmaya getsəydilər qarışqalar ayaq altında qalmaqdan qorxmazdılar. Düzdür, bəzi rəvayətlərdə qeyd olunur ki, qarışqanın sözünü külək Süleymanın qulağına səmada çatdırdı. Ondan sonra küləyə hökm verdi ki, bəsatı saxlasın və qarışqanı onun yanına gətirsinlər.

2) Bu ayələrdən başa düşürük ki, Süleyman quşların dilindən əlavə, başqa heyvanlar və həşəratın dilini də başa düşürdü. Düzdür, bəzi alimlər deyirlər ki, həmin qarışqalar qanadlı qarışqalardan olduğu üçün quşların cərgəsinə daxildir. Buna görə də Süleyman yalnız quşların dilini başa düşürdü.

3) Müfəssirlər "Nəml” səhrasının harada olduğu barədə bir-birindən fərqli sözlər deyiblər. Bəziləri Şamda, bəziləri Yəməndə və bəzi təfsirçilər onun Hind və ya Tibet ölkəsində olduğunu deyiblər.

Yaqut Həməvi və İbni Bətutə "Nəml” səhrasının Əqəlan torpağında olduğunu bildirirlər. Bu şəhər Şamın ən gözəl şəhərlərindən biridir. Əbdülvəhhab Nəccar və bəzi başqa yazıçılar da bu nəzəriyyəni qəbul edirlər. Əli ibni İbrahim öz təfsir kitabında İmam Sadiqdən (ə) rəvayət nəql edir ki, Allah taalanın qızıl və gümüşlə dolu bir ölkəsi vardır. Həmin yeri ən zəif məxluqları, yəni qarışqaların vasitəsilə qoruyur.

4) Ümumiyyətlə, deyilir ki, Süleyman qarışqanın sözündən təəccüb etdiyinə görə təbəssüm etdi. Ondan sonra dayanıb qarışqanı çağırdı və onunla söhbətə başladı. Qarışqa o həzrətdən bəzi sualları soruşdu. Onların arasında söhbətlər oldu. O cümlədən Süleyman qarışqaya buyurdu: -”Ey qarışqa! Sən bilmirsənmi mən Allahın peyğəmbəriyəm və heç kəsə zülm etmərəm?” Qarışqa cavab verdi:

-”Niyə!” Süleyman buyurdu:

-”Bəs nə üçün mənim gəlişimdən qarışqaları qorxutdun? Nə üçün onlara dedin ki, evlərinizə daxil olun, Süleyman qoşunu ilə gəlir? Onlar sizi tapdalamasın.” Qarışqa dedi:

-”Qorxdum ki, qarışqalar sənin cah-cəlalına valeh olub Allahın zikrindən uzaqlaşarlar.”

Fəxr Razi qarışqanın cavabını belə nəql edir: -”Onlara dedim ki, evlərinizə gedin, təki Allah sənə verdiyi nemətləri görməsinlər və ilahi nemətlərə naşükürlük etməsinlər.”

Şeyx Səduq "Mən la yəhzurul fəqih” kitabında və Məsudi "İsbatul-vəsiyyə” kitabında Süleymanla qarışqanın əhvalatı haqqında başqa bir rəvayət nəql edirlər. Onun xülasəsi bundan ibarətdir:

Süleymanın dövründə bir dəfə camaat qıtlıq və quraqlığa düçar oldu. Camaat Süleymandan xahiş etdi ki, yağış yağmaq üçün Allaha dua etsin. Süleyman səhabəsi ilə şəhərdən çıxdı. Onlar bir yerə çatdılar. Allahdan yağış istədilər. Oradan keçərkən Süleymanın gözü bir qarışqaya sataşdı. Gördü ki, həmin qarışqa əllərini göyə qaldırıb dua edərək deyir: -”Ey mənim Allahım! Biz də sənin məxluqunuq və sənə möhtacıq. Bəs bizi Adəm övladlarının günahlarına görə həlak etmə!”

Süleyman bu vaxt üzünü yoldaşlarına tutub dedi: -”Qayıdın! Siz də başqalarının bərəkəti hesabına sirab oldunuz.”

Həmin il hər ildən çox yağış yağdı.

SÜLEYMAN VƏ ATLARIN MANEVRİ

"Sad” surəsində sürətli külək atlarının Süleymana təqdim olunması haqqında söhbət açılıbdır. Bu da fikircə fərqli təfsirlərə səbəb olubdur. Şərif ayələrin mətni bundan ibarətdir:

"Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını) qazanmaq diləyərdi. (Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman. O, dedi: -”Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) çox sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tərifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi”. (Süleyman dedi:) "Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı.

Bu ayələrin təfsirində bilmək lazımdır ki, Süleyman peyğəmbər (ə) düşmənləri məhv etmək və ölkəsini genişləndirmək üçün çoxlu müharibələr etdi. Buna görə də atların tərbiyə olunmasına, müharibə sursatlarına və döyüşçü yetişdirməyə ciddi yanaşırdı. Allah taala da ona kömək etdi. Məharətçi əsgərlərdən əlavə cinlər, şeytanlar, quşlar, hətta külək də ona ram olmuşdu. Müharibə texnikasında o vaxt tərbiyə olunmuş sürətli atlar düşmənə qələbə çalmaq üçün daha böyük əhəmiyyətə malik idi. Elə ona görə də Süleyman Allah yolunda, müqəddəs tovhid məqsədi üçün və ilahi dinin yayılması xatirinə müharibəyə çox meyl göstərdiyinə görə, belə atları hazırlayırdı. Yuxarıdakı ayələr də hər bir təfsir və izahatdan qabaq bu məsələni vurğulayır, Süleymanın müharibə atlarının tərbiyəsinə, məharətli at minənlər və əsgərlərin manevr verməsinə ciddiyyət göstərdiyini yada salır.

Bu ayələrin başqa hissələrində və işarə əvəzlikləri barəsində fərqli fikirlər irəli sürülübdür. Əlbəttə, bəzən də Süleymanın (ə) peyğəmbərlik məqamına yaraşmayan sözlər də deyilibdir. Bu da peyğəmbərlik məqamı ilə heç də uyğun gəlmir. O cümlədən, guya Süleyman (ə) zülm edibdir. İmamlarımız (ə) bu sözləri qətiyyətlə təkzib ediblər. Misal olaraq Kəbin nəql etdiyi saxta sözü yazırıq. Kəb deyir ki, Süleyman atlara baxmağa başı qarışmışdı. Gün batdı. Onun əsr namazı qəzaya getdi. Süleyman qəzəblənib hökm verdi ki, atları geriyə qaytarın. Qisas almaq məqsədilə min və ya mindən çox atın başını kəsdirdi... Kəb başqa dastanlar da bunun ardınca nəql edir. Lakin onun dediklərinin heç biri həqiqətə uyğun deyil. Lakin imamların (ə) rəvayətinə əsasən Süleyman (ə) atların manevrinə başı qarışdığı üçün əsr namazı qəzaya getdi. Bu vaxt Allahın hökmü ilə Günəşə vəkil olunmuş mələklər Günəşi geri qaytardılar və Süleyman peyğəmbər səhabəsi ilə əsr namazını qıldı.

İmamlar bu təfsirdə "təvarət” və "rudduha” kəlmələrindəki əvəzliklərin Günəşə aid olduğunu bildiriblər. Bu təfsir ayənin əvvəli, axırı və cümlələrin arasındakı münasibəti riayət etdiyinə görə ən yaxşı təfsirdir. Süleyman (ə) üçün "Günəşin geri qayıtması”, ilahi peyğəmbərlər və onların vasitələrinin möcüzələrini sübut edəndən sonra sadə bir məsələdir. Bizim rəvayətlərdə bunun oxşarı Yuşə ibni Nun və Əli ibni Əbi Talib (ə) üçün də zikr olubdur.

Müfəssirlər başqa təfsirlər də ediblər. Bəzi təfsirlər diqqəti özünə cəlb edir. Misal üçün deyirlər ki, "təvarət” və "rudduha” kəlmələrindəki əvəzliklər atlara qayıdır. Belə olan surətdə ayənin təfsiri aşağıdakı kimi olur:

Süleyman atları təhvil alanda onları çapmaq hökmünü verdi ki, atların yolu tapmaq üçün sürətini yoxlasın. Süleymanın göstərişi ilə atları çapmağa başladılar. Atlar sürətlə gedərək Süleymanın gözündən itdilər. Sonra Süleyman (ə) onların geriyə qaytarılmasına hökm verdi. Atları qaytardılar. Süleyman ayağa qalxıb atların boynunu və ayaqlarını tumarladı.

Bu təfsirdə yalnız Süleymanın dediyi aşağıdakı cümlənin mənası qaranlıq qalır. Bu cümləni də belə məna edirlər ki, Süleyman dedi: -”İndi mən atların qaçışına tamaşaya gəlmişəm. Onları imtahan və tərbiyə etməyi sevirəm. Bu da öz nəfsi istəyinə görə yox, Allahın zikri və Onun dinini yaymaq üçündür.

Bu təfsirə görə "təvarət” kəlməsindəki əvəzliyi Günəşə və "rudduha” sözündəki əvəzliyi isə atlara qaytarmaq mümkündür. Bu təfsirdə heç bir irada düçar olmuruq.

SÜLEYMAN VƏ BİLQEYS

Mübarək "Nəml” surəsində Süleymanla Səba mələkəsinin əhvalatı geniş zikr olunubdur. Tarixçilər və təfsirçilərin dediyinə görə, Səba mələkəsinin adı Bilqeys (Şərahil ya Şərəhbilin qızı) idi. Biz Süleymanın Bilqeyslə əhvalatını Qurani-Kərimin ayələri və tarixçilərin, müfəssirlərin sözləri və hədislərlə gətirəcəyik. Bəzi kitablardakı əfsanə və həqiqətdən uzaq məsələlərə də toxunacağıq.

Süleyman Beytül-Müqəddəsin tikintisini qurtardıqdan sonra həccə getdi. O, bir dəstə adamla Məkkəyə gedib Kəbə evini ziyarət etdi. O, Misirin qiymətli "Qubati” parçalarıyla Kəbə evinə örtdü. Bir müddət orada qalandan sonra öz ölkəsinə qayıtmağı qərara aldı.

Bundan qabaq dedik ki, Süleyman quşların dilini başa düşürdü. İstəsəydi hər vaxt onları iş dalınca gördərirdi. Quşlar da cinlər, şeytanlar və külək kimi ona ram olmuşdular.

Süleyman Məkkədən qayıdarkən yolda su axtardı, lakin tapa bilmədi. Süleyman bu məsələni həll etmək üçün quşlara diqqət yetirdi. Ona suyu tapmaqda kömək edə bilən şanapipiyi orada görmədi. Süleyman and içdi ki, əgər şanapipiyin orada olmaması üzürsüz olsa, onu cəzalandıracaq və ya kəsəcək.

Bir az keçmişdi ki, şanapipik gəldi və dedi: -”Elə bir şey öyrənmişəm ki, sənin ondan xəbərin yoxdur. Sənin üçün "Səba”dan xəbər gətirmişəm. Mən orada bir qadın gördüm. O, Səba xalqına hökmranlıq edir. Onun böyük qüdrəti, taxt-tacı vardır. Lakin onlar Allahın əvəzinə Günəşə sitayiş edirlər. Şeytan bu işi onların gözündə cilvələndirir və haqq yolundan uzaqlaşdırır. Doğrusu, nə üçün onlar yeri-göyü yaradan, gizli və aşkarı bilən Allaha ibadət etmirlər. Halbuki, bir olan Allahdan başqa Allah yoxdur. O, böyük ərşin Allahıdır.

Süleyman şanapipiyin sözlərini və üzrünü eşidəndən sonra buyurdu:

-”Biz bu haqda axtarış aparacağıq, görək ki, sən düz danışırsan, yoxsa yalan. Sonra bir məktub yazdı. Onu möhürləyəndən sonra şanapipiyə verib buyurdu: -”Mənim bu məktubumu aparıb onların yanına at. Məktubu atan kimi oradan uzaqlaş və bir tərəfdə otur. Sonra qulaq as gör onlar nə deyirlər!”

Şanapipik məktubu alıb gətirdi. Bilqeysin yanına atdı. Səba padşahı məktubu oxudu. O, məmləkətin böyük şəxsiyyətlərini və qoşun başçılarını bir yerə toplayıb dedi: -”Mənim əlimə hörmətli bir məktub düşüb. Bu Süleymanın məktubudur. Məktubda bu bir neçə cümləni yazıbdır: -”Bismillahir Rəhmanir Rəhim. Məndən özünüzü üstün tutmayın və itaət məqsədi ilə yanıma gəlin!”

Bilqeyis məktubu oxuyandan sonra onların fikrini bilmək istədi və dedi: -”İndi deyin nə edək? Mən sizin məsləhətiniz olmadan heç bir iş görməyəcəyəm.”

Səba məmləkətinin böyükləri və Bilqeysin qoşun başçıları öz qüdrətlərinə öyünürdülər. Onlar dedilər: -”Biz hər bir nöqtəyi-nəzərdən qüdrətli və müharibəyə hazırıq. Amma iş sizin əlinizdədir və biz sizin fərmanınıza tabeyik. Sizin fikriniz və hökmünüz nə olsa biz əməl edəcəyik.”

Səba padşahı dərin fikrə daldı. Onların öyünməsinə heç bir əhəmiyyət vermədən işi hər tərəfli nəzərdən keçirtdi. Sülhü müharibədən üstün tutdu. Müharibə və döyüşdən hasil olan ziyanları gözünün qabağına gətirib dedi:

-”Padşahlar bir şəhərə daxil olanda və müharibə ilə onu fəth edəndə xarabaya çevirirlər. Şəhər camaatının, hörmətli, əziz insanları xar və təhqir edirlər. Onların işi budur. Mən məsləhət görürəm ki, onlar üçün hədiyyə göndərək. Sonra görək bizim nümayəndələrimizi necə qarşılayırlar və göndərdiyimiz heyət nə xəbər gətirəcək. Onlar bizim hədiyyəmizi qəbul edəcəklər, ya yox?

Təfsirçilər yazırlar ki, Bilqeys bu yolla Süleymanın padşah, ya peyğəmbər və ilahi elçi olub-olmamasını yoxlayırdı. Çünki Bilqeys yaxşı bilirdi ki, padşahlar mal-dövlətdən, hədiyyədən xoşları gəlir və qəbul edirlər. Lakin ilahi peyğəmbərlər onu qəbul etməyib geri qaytarırlar.

Bilqeys Süleymana gördərdiyi hədiyyənin nə olduğu haqda tarixçilər və müfəssirlər müxtəlif sözlər yazıblar. Ümumi sözlərdən belə çıxır ki, həmin hədiyyə çoxlu qiymətli ləl-cəvahir, nökər və gözəl kənizlərdən ibarət idi. Bu hədiyyələri ağıllı və böyük şəxsiyyətlərlə Süleyman üçün göndərdi.

Şanapipik Bilqeysin nümayəndələri gəlməmişdən qabaq özünü Süleymana çatdırdı. Ona lazım olan xəbərləri dedi. Süleyman da Bilqeysin göndərdiyi nümayəndələri qəbul etmək və onlarla necə rəftar edəcəyi üçün özünü hazırladı. Bəzi tarixi sənədlərə görə Süleyman sarayı bəzəmək hökmünü verdi. Onun qoşunu hədiyyə gətirən qonaqların saraya daxil olduqları zaman onların qarşısında sıraya düzüldülər təki Süleymanın qüdrət və zəhmi onları qorxuya salsın.

Bilqeysin nümayəndələri Beytül-Müqəddəs şəhərinə daxil oldular. Onlar şəhərdə olan bütün gözəllikləri, əzəmət və cəlalı müşahidə etdikcə mat-məəttəl qaldılar. Gətirdikləri hədiyyəyə həqarət gözü ilə baxır və utanırdılar. Sonra Süleymanın böyük səltənət sarayına daxil oldular. Gətirdikləri çoxlu hədiyyələri Süleymana təqdim etdilər. Süleyman isə onların hədiyyələrini qəbul etmədi. Onlara dedi: -”Mənə mal-dövlətlə kömək edirsiz? Allahın mənə bəxş etdiyi nemət sizin hədiyyələrinizdən daha yaxşıdır. Siz özünüz belə hədiyyələrlə öyünür və şad olursunuz. Mən heç vaxt mal-dövlətə tamah etməyəcək və haqqa dəvət etməkdən, Allaha pərəstiş etməkdən əl çəkməyəcəyəm!”

Daha sonra buyurdu: -”Səba xalqının yanına qayıdın! Mən onlarla müharibəyə elə bir qoşun göndərəcəyəm ki, müqavimət edə bilməyib öz ölkələrini tərk edib gedəcəklər.”

Bilqeysin nümayəndələri öz hədiyyələrini götürüb onun yanına qayıtdılar. Onlar gördüklərini və eşitdiklərini danışdılar. Bilqeys başa düşdü ki, Süleymanla müharibə etməyə qüdrəti yoxdur. Buna görə də təslim olub məmləkət başçıları ilə Süleymanın yanına getdi.

Cəbrayıl Bilqeysin qərarını Süleymana çatdırdı. Süleyman Allahın ona verdiyi nemətləri Bilqeysə göstərmək üçün, ya bəzi tarixçilərin dediyinə görə, öz peyğəmbərliyini möcüzə yolu ilə ona sübut etmək üçün və ya Bilqeysin ağıl və zirəkliyini yoxlamaq məqsədiylə Bilqeysin qiymətli böyük taxtını Yerusəlimə, öz yanına gətirmək istədi. O, köməkçilərinə, qoşununa və yaxın dostlarına buyurdu: -”Onlar bura gəlməmiş hansınız Bilqeysin taxtını mənim yanıma gətirə bilərsiniz?”

Cinlərin arasında qüdrətli bir div dedi: -”Sən öz oturduğun yerdən durmamış mən onu gətirə bilərəm və bu işi görməyə əminəm! Onu olduğu kimi sənin yanına gətirəcəyəm.”

Süleyman ondan da tez taxtın gətirə bilən şəxs üçün yenə də baxdı. Onun vəziri və qardaşı oğlu Asif ibni Bərxiya "Elmul-kitab”dan (Qeyb elmindən) bəhrələnmişdi. Rəvayətlərdə olduğu kimi Asif ibni Bərxiya "İsmi-Əzəm”dən bir şeyi bilirdi. O, Süleymana dedi:

-”Mən gözünü yumub açınca taxtı sənin yanına gətirə bilərəm.”

İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən Asif ibni Bərxiya "Təyyul-ərz” yolu ilə taxtı Süleymanın yanına gətirdi. Süleyman elə ki, baxdı taxtı öz yanında gördü və Allaha şükür edərək dedi: -”Bu mənim Allahımın kərəmidir və məni imtahan edir ki, görsün ona şükür edirəm, yoxsa yox.” Həmçinin Süleyman fərman verdi ki, sarayı ağ büllurdan düzəltsinlər. Bilqeysin taxtında dəyişikliklər etsinlər ki, görsün o, öz taxtını tanıya biləcək, ya yox.

Bilqeys saraya daxil olanda ona dedilər: -”Sənin taxtın belədir?” Bilqeyis dedi: -”Deyəsən mənim taxtımdır.”

O, çox təəccüb etdi. Çünki, öz böyük taxtını Səbada qoymuş və onu qarovulçulara tapşırmışdı. Bu məsələ Süleymanın peyğəmbər olduğunu Bilqeys üçün daha da şəffaflaşdırdı.

Sonra ona büllur saraya daxil olmağı təklif olundu. Saraya daxil olduqda büllur şüşələri su kimi təsəvvür etdi. Ayaqqabılarını sudan keçmək məqsədiylə soyundu. Süleyman dedi: -”Bu, su yox, büllur şüşələrdən düzəldilmiş saraydır!”

Bilqeys bu mənzərəni görüb dedi: -”İlahi! Mən özüm-özümə zülm etmişəm. İllər boyu küfr içində yaşamışam. İndi Süleymana iman gətirir və aləmlərin yaradanına itaət edirəm.”

Bilqeys məsələsinin sonu da necə qurtarması haqqında ixtilaf vardır. Bir çoxları Süleymanın (ə) onunla evlənməsi ilə səltənətinin özünə qaytarıldığını söyləyirlər. Həbəşə padşahlarının bəziləri isə özlərini Süleyman (ə) və Bilqeysin nəslindən hesab edirlər. Bəziləri isə Bilqeysi Təb adlı bir padşahla nigah etdiyini yazırlar.

SÜLEYMANIN VƏFATI

Süleyman peyğəmbər bütün səltənəti, mal-dövlət və məqamıyla yanaşı çox sadə yaşayır və dünyaya etinasız idi. Yeməyi arpa çörəyi idi. Deyləmi "İrşadül-qulub” kitabında deyir: Süleyman imkanı ola-ola, tükdən düzəlmiş paltar geyinirdi. Elə ki, qaranlıq gecə düşdü, əli qoynunda sübhə qədər ağlayır və ibadət edirdi. Öz əliylə toxuduğu zənbilləri satır və azuqəsini hazırlayırdı. Lakin Allahdan o cür əzəmətli səltənət istəməsinin səbəbi, kafir padşahları məğlub etmək idi.

Şeyx Təbərsi "Məcməül-bəyan”-da nəql edir ki, Süleyman bəzən bir il, ya iki il, ya bir ay, ya iki ay bundan az və yaxud da çox Beytül-Müqəddəs məscidində etikaf tuturdu. Öz yemək-içməyin götürüb məsciddə qalır və ibadətlə məşğul olurdu. Bu minvalla onun ölüm əcəli yetişdi. Bir gün o bir bitkini gördü ki, yaşıllaşıb. Ondan adını soruşdu. Bitki dedi: -”Mənim adım xəznubdur”. Süleyman başa düşdü ki, yaxın zamanlarda öləcək. Buna görə Allaha ərz etdi: -”İlahi! Mənim ölümümü cinlərdən gizli saxla, təki insanlar bilsinlər ki, cinlər qeybə alim deyillər.

Onun tikinti işlərindən bir il qalırdı. Öz ailəsinə də tapşırdı ki, cinlər mənim ölümümü bilməsinlər, təki tikinti işlərini axıra çatdırsınlar. Sonra ibadət mehrabına daxil oldu, öz əsasına söykəndi və dünyadan getdi. Bir il həmin vəziyyətdə, yəni əsasına söykənib ayaq üstündə qaldı. Tikinti işləri qurtardı. Sonra Allah taala taxta bitinə əmr etdi ki, əsanı yesin və Süleyman yerə yıxılsın. Nəhayət, bununla da cinlər o həzrətin ölüm xəbərini eşitdilər.

Bir rəvayətə görə Allah taala Süleymana nə vaxt öləcəyini xəbər verdi. Həzrət qüsl alıb kəfən geydi. İmam Sadiqdən (ə) rəvayət olunur ki, bu müddətdə Süleyman ayaq üstündə durdu. Asif ibni Bərxiya onun işlərini idarə edirdi.

Bir hədisi Səduq "Uyunul-əxbar” və "İləlüş-şəraye” kitablarında İmam Sadiqdən (ə) rəvayət edir və həmin əhvalatı geniş surətdə nəql edir. Lakin həmin hədisdə bir ildən söhbət açılmayıbdır. İmam (ə) həmin müddəti xülasə buyurubdur. Hədisin tərcüməsi belədir:

"Səkkizinci imamın atası Həzrət Sadiqdən (ə) rəvayət edir ki, bir gün Süleyman ibni Davud öz əshabına dedi: -”Allah taala başqasına layiq olmayan belə bir səltənəti mənə verdi. Külək, cin, insan, quşlar və vəhşi heyvanları mənə ram etdi. Quşların dilini mənə öyrətdi. Mənə hər şey verdi. Amma bunların hamısıyla yanaşı bir gün axşama qədər rahat yaşamamışam. Mən sabah öz sarayıma daxil olmaq istəyirəm. Sarayın üstünə çıxacağam. Mənim fərmanımın altında olanlara baxacağam. Heç kəsə icazə verməyin mənim yanıma gəlsin. Qoyun bir gün rahat yaşayım.”

Əshab onun sözünü qəbul etdilər. Sabahısı gün Süleyman öz əsasını əlinə alıb saraya daxil oldu. Sarayın ən uca yerində əsasına söykəndi. Sevinclə sarayın ətrafına baxırdı. Allahın ona verdiyi nemətlərə sevinirdi. Birdən gözəl və təmiz paltar geyən bir cavanı gördü. Həmin cavan sarayın bir küncündən peyda oldu. Süleyman onu görən kimi dedi:

-”Kim səni saraya girməyə icazə verdi.”Cavan cavab verdi:

-”Sarayın Allahı mənə saraya girməyə icazə verdi.” Süleyman dedi:

-”Əlbəttə sarayın Allahı məndən də böyük və layiqlidir. İndi de görüm kimsən?” Cavan dedi:

-”Mən ölüm mələyiyəm.” Süleyman soruşdu:

-”Nə üçün gəlmisən?” Cavan dedi:

-”Gəlmişəm canını alam və ruhunu bədənindən çıxardam.” Süleyman dedi:

-”Öz işini yerinə yetir. Bu gün mənim xoş və sevinc günüm idi. Lakin Allah istəmədi ki, onun ziyarət və görüşündən başqa heç nə ilə sevinməyim.”

Ölüm mələyi Süleymanın canını əsaya söykəndiyi halda aldı. Süleyman ölsə də Allah istədiyi vaxta qədər həmin vəziyyətdə qaldı. Camaat ona baxırdılar və təsəvvür edirdilər diridir. Bir dəstə camaat dedi: -”O, uzun müddətdir ki, ayaq üstə dayanıb və heç bir yorğunluq hiss etmir. Yatmır, yemir və içmir. Bəs o bizim Allahımızdır və ibadətə layiqdir. Başqa bir dəstdə dedi: -”O, sehirbazdır və bizi cadu edibdir!” Lakin mömin insanlar dedilər: -”Süleyman Allahın bəndəsi və onun elçisidir. Allah nə istəsə onun üçün edir”.

Elə ki, xalq arasında söz-söhbət başladı, Allah taala taxta bitinə hökm verdi ki, əsanın içini yesin. Beləliklə əsa sındı və Süleyman sarayın üstündən yerə düşdü.

Əli (ə) bu haqda buyurur:

-”Əgər bir nəfər dünyada qalmaq üçün bir vasitə əldə edibsə, ya ölümün qarşısını almaq üçün bir yol tapıbsa, o Süleyman ibni Davud (ə) olmuşdur. Süleyman elə bir şəxs idi ki, cin və ins ona ram olmuşdular və peyğəmbərlik məqamına malik idi. Lakin elə ki, öz təqdirlənmiş ruzisindən bəhrələndi və ömrü sona çatdı, yoxluq kamanı ölüm oxlarıyla onu ayaqdan saldı. Diyar onsuz olub, evlər Süleymansız qaldı. Lakin başqaları onlara sahib oldular.”

Süleymanın ömrünü 55 il yazıblar.

Bəziləri də Yəqub kimi 52 il qeyd ediblər. O həzrətin qəbri Beytül-Müqəddəsdə atası Davudun qəbrinin kənarındadır.

Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 1352 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]