Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər |
Nicat gəmisi
2013-08-10, 5:20 AM | |
Nicat gəmisi (Həzrət Nuhun əhvalatı) Dağ və təpələrlə yuxarı qalxdıqca onların zirvə və hündürlüklərində dəniz sədəflərinə rast gəlirik. Bilirik ki, qədim zamanlarda bu yerlər su ilə örtülmüşdür. Adi insan və alpinistlər yerin müxtəlif bölgələrində dağların başında və həmçinin İran, İraq, Hindistan, Misir, Şam, Çin və Amerika kimi ölkələrdə sədəf müşahidə edirlər. Alimlər Ararat dağlarında tarixi İsa Məsihin (ə) miladından 2500 il öncəyə qayıdan taxtalar müşahidə ediblər. Onların bə`zisinin rə`yinə əsasən bu taxtalar Həzrət Nuhun (ə) düzəltdiyi nicat gəmisinə aiddir. 1951-ci ildə axtarış qrupu Qaf dağında, üzərinə qədim yazılar həkk olunmuş bir taxta parçasına rast gəldilər. Bir il uzanan araşdırmalardan sonra bu elmi heyət çox maraqlı bir nəticə göstərdi: Həmin kiçik taxta parçası Nuh (ə) peyğəmbərin gəmisinin qalıqlarından idi. İndi isə görək gəminin macərası, Nuhun (ə) və tufanın sərgüzəşti necə olmuşdur. İnsanlar bir millət halında və çox sadə yaşayırdılar. Əkinçilik edir, heyvan ovlayırdılar. Günlər və illər keçirdi. Güclülər öz qüdrətlərindən istifadə edərək, zəif qardaşlarına hakimlik edirdilər. Zəif şəxslər isə güclülərdən qorxur, onların qarşısında təslim olub, alçaq və rəzil həyata və onlara əsir olmağa razı olmuşdular. Nuh (ə) peyğəmbərin dövründə bütpərəstlik, fəsad və çirkin işlər geniş yayılmışdı. Sadə camaat və sadəlövh insanlar güclülərdən qorxurdular. Güclü və dövlətlilərsə bütlərə sitayiş edirdilər. O zaman – təxminən 4000 il bundan əvvəl Nuh (ə) İraq torpaqlarında yaşayırdı. Nuh (ə) öz qəbiləsini fəsad və azğınlıqda görürdü. Güclülər zəiflərin haqqını tapdayır, sərvətlilər yoxsulları zülm altında saxlayır və onları gecə-gündüz işləməyə məcbur edirdilər. Kasıb və yoxsul şəxsin işləməyə taqəti olmayanda, yaxud özü və ailəsi üçün azad işləmək fikrinə düşəndə onu döyüb, işgəncə verirdilər. Onları təslim olmağa, əmrləri sözsüz yerinə yetirməyə və xar olmuş bir əsir kimi onların qulluğunda dayanmağa məcbur edirdilər. İnsanlar yeganə Allaha ibadət etməyi unudub, daşdan yonduqları bütlərə pərəstiş edirdilər. Onlar inanırdılar ki, bu bütlər onların ruzilərini yetirir, yağış yağdırır, onları ildırımın ziyanlarından qoruyur, xeyir və bərəkət bağışlayır və pislikləri onlardan uzaqlaşdırır. Onlar bütləri öz əlləri ilə düzəldib, Fərat çayının sahillərində yerləşdirmişdilər və onların qarşısında tə`zim edərək, ibadətlə məşğul olurdular. Camaatın daş bütlərə səcdə etməsi Nuhu (ə) incidirdi. O əzab çəkirdi. Çünki, camaat eyib və nöqsansız Allaha səcdə etməyib Vudd, Süva`, Yəğus, Yə`uq və Nəsrə səcdə edirdilər. Nuh (ə) üzünü göyə tutaraq Allahdan istəyirdi ki, onun qəbiləsini cəhalət və nadanlıq zülmətindən azad etsin. Rəbbimiz Nuhu (ə) peyğəmbərliyə seçib, onu insanlara təqdim etdi. Yeganə Allaha ibadət yolunu öyrətmək üçün onu insanların içinə göndərdi. ALLAHIN BİRLİYİNƏ DƏ`VƏT Bir gün insanlar Nuhun (ə) uca səslə belə dediyini gördülər: -Ey camaat! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Allah-təala yaradan və sizə ruzi verəndir. Allahdan bağışlanmaq istəyin. O sizi bağışlayar. Mehriban Allah sizə yağış göndərən, ili xeyir və bərəkətli edən, torpağı yaşıllaşdıran Allahdır. Sizə oğul və qız əta edən odur. Elə isə siz niyə yeganə Allahın ibadətindən üz çevirib, daşlara pərəstiş edirsiniz? Geniş səmaya və onun ulduzlarına, günəşə və aya baxın. Görün insanlar necə yaşayırlar və nəsillər bir-birinin ardınca dünyadan köçürlər. Heç ağılla uyğundurmu ki, bir söz danışa bilməyən daşlar - adlarını Vudd, Süva`, Yəğus, Yə`uq və Nəsr qoyduğunuz o daşlar sizə ruzi yetirsin, sizə övlad əta etsin, sizin üçün yağış göndərsin, sizi ildırımlardan, sel və tufanlardan qorusun? Niyə Allaha hörmət qoymursunuz? Camaat Nuhun (ə) sözlərinə təəccüb etdilər. Bu dülgər hansı cür`ətlə onların allahlarına, Vudd, Süva`, Yəğus, Yə`uq və Nəsrə təhqiramiz sözlər deyir. Güclülər ona kin bəslədilər. Onlar o həzrətin sözlərini, onun də`vətlərini xoşlamırdılar. O, camaatı qardaşlığa və bərabərliyə çağırırdı. İnsanların azad yaşamasını, sərvətli və güclülərin kasıb və zəiflərə hakim olmamasını istəyirdi. Ona görə də onunla mübarizəyə başladılar. Onu dəli adlandırıb, dedilər: -O kasıb dülgərdən başqa bir şey deyildir. Əgər Allahın elçisi olsaydı, yerin bütün xəzinələri onun ixtiyarında olardı. Niyə Allah bizim üçün bir mələk göndərmir? Niyə özümüz kimi bir insanı göndərir? Nuh (ə) bizim hamımızdan əskikdir. Bizim malımız, övladımız və qüdrətimiz ondan çoxdur. Sadəlövh insanlar güclü və qüdrətli insanlardan qorxurdular. Güman edirdilər ki, haqq onlarladır və allahlar da onların tərəfindədirlər. Elə bilirdilər ki, bu qüdrət və hakimiyyəti onlara həmin allahlar vermişlər. Ona görə də Nuh (ə) və onun də`vətindən üz çevirdilər. Onlar Nuhun (ə) sözlərini eşitməsinlər deyə, barmaqları ilə qulaqlarını tuturdular. Güman edirdilər ki, əgər Nuhun (ə) sözünə qulaq assalar allahları onlara qəzəblənər, güclülər və hakimlər onlardan intiqam alarlar. Öz-özlərinə deyirdilər: -Bir yazıq dülgər olan Nuhun bizə nə xeyri olacaqdır? Nuha (ə) iman gətirib, onun sözlərinə inananların sayı isə çox az idi. Yoxsul kişi və qadınların bə`zisi Nuhun (ə) evinə gəlib, onun söz və nəsihətlərini dinləyirdilər. Qəlbləri Yeganə Allaha imanla dolurdu. Onlar çox kasıb və zülm altda inləyən insanlar idilər. Onlar öz vəhşi və zalım ərbablarından intiqam almağa qorxurdular. Buna görə də Nuh (ə) daima öz qövmünü yeganə Allaha ibadət etməyə və bütpərəstlikdən çəkinməyə də`vət edirdi. Gecə və gündüz, gizli və aşkar onları Allaha tərəf çağırırdı. Lakin, çox az insanlardan başqa heç kəs Nuha (ə) iman gətirmədi. Çox az və onlar da zülm altında inləyən yoxsul şəxslər idilər. Nuh (ə) onlara görə narahat idi. O istəyirdi ki, qəbiləsi hidayət olunsun, rahat yaşasın; Onların güclüləri zəiflərə zülm etməsinlər. O, onların gözəl həyata qədəm qoymalarını istəyirdi: Kiçiklər böyüklərə hörmət etsin, böyüklər kiçiklərlə mehriban olsunlar və insanlar bir-birlərinə zülm etməsinlər. Bütpərəstlər onun də`vətini rədd edərək tövhid və təkallahlığı qəbul etmədilər və Nuhu (ə) dülgər və yoxsul kişi adı ilə məsxərə etdilər. Nuhun (ə) qövmündəki mülkədarlarının mal, övlad və qüdrətləri çox olduğundan özlərini Nuhdan (ə) üstün bilirdilər. Bir gün kafirlər Nuhun (ə) yanına gələrək ona dedilər: -Necə bizim sənə iman gətirməyimizi istəyirsən? Halbuki, bu səviyyəsiz yoxsullardan başqa, heç kəs sənə itaət etmir. Həmçinin ona dedilər: -Əgər onları öz yanından qovsan iman gətirib, sənin yolunla gedərik. Nuh (ə) buyurdu: -Necə onları öz yanımdan qovum? Necə mö`minləri öz yanımdan uzaqlaşdırım? Allah belə bir şeyi sevməz və bu iş bəyənilməz bir işdir. Nuh (ə) onlara dedi: -Hansı əsasla onları alçaq, səviyyəsiz və nökər adlandırırsınız. Onlar bizim qardaşlarımızdırlar. İnsanlar bir-birləri ilə qardaşdırlar. Bütpərəstlər Nuha (ə) dedilər: -Sən yalançısan, biz sənə iman gətirmərik. Əgər sən Allahın göndərdiyi olsaydın, bizdən çox sərvətə malik olardın və yerin xəzinələri sənin ixtiyarında olardı. Ona dedilər: -Allahın səndən başqa bir adamı yox idi ki, bizim üstümüzə göndərsin? Sən yoxsul və kasıbsan. Nuh (ə) buyurdu: -Ey qəbilə! Allahın risalətini yalan adlandırmayın. Allah sizə bəla göndərər. Qəbiləsi Nuha (ə) dedilər: -Sən bizimlə çox inadkarlıq edirsən. Əgər doğru deyirsənsə bizə bəla göndər. Biz sənin hədələrindən qorxmuruq. Çünki, sən yalançı bir insansan. Nuh (ə) öz qövmünü tövhid və təkallahçılığa də`vət etməkdə davam edirdi. Yüz illər keçdi. Camaat dünyadan gedir, yeni uşaqlar doğulub, böyüyürdülər. Nuh (ə) onları da yeganə Allaha ibadət etməyə çağırırdı. Lakin, uşaqlar da cavanlıq yaşına çatdıqda küfr edib, bütlərə səcdə edir və Allahın ibadətindən çəkinirdilər. Heç bilirsinizmi ki, Nuhun (ə) təbliği neçə il davam etdi? O həzrətin təbliği 950 il çəkdi. Nuh (ə) qocalmış və yaşlaşmışdı, lakin, qüdrətli idi. Kafirlərdən zərrə qədər də qorxmurdu. Dəfələrlə onu ölənə qədər döymüşdülər. Bir neçə dəfə onu öldürmək planı hazırlamışdılar. Hətta həyat yoldaşı da kafirlərlə əlbir idi. O, Nuhun (ə) yanına get-gəl edən mö`minlər haqqında kafirlərə xəbər verirdi. Nuh (ə) nə qədər öz qövmünü də`vət edib, nəsihət versə də, heç bir faydası olmurdu. Onlar Nuhu (ə) məsxərə edib, ələ salırdılar. Nuh (ə) öz qövmünü sevdiyindən, onların hidayət olmasını istəyirdi. Ona görə də onlar üçün ağlayırdı. Onların acınacaqlı və pis taleyinə acıyırdı. Çünki, onlar tezliklə kafir olduqları halda öləcəkdilər. Bir gün Nuh (ə) öz evində idi. Qoca bir kişi öz əsasının köməyi ilə onun yanına gəldi. Öz kiçik nəvəsini də gətirmişdi. Qoca kişi nəvəsinə dedi: -Oğlum! Gördüyün bu qoca kişi dəlidir. Böyüyüb, cavanlıq yaşına çatanda ehtiyatlı ol ki, səni aldatmasın və səni Vudd, Süva`, Yəğus, Yə`uq, və Nəsr bütlərinin pərəstişindən çəkindirməsin. Uşaq babasının əsasını götürüb, Nuha (ə) tərəf irəlilədi və əsanı onun başına vurdu. Nuh (ə) ağrı hiss etdi, amma, həmişəki kimi səbir edib, dözdü. O, bir gün onların qəflətdən oyanacaqlarına, həyatın, insanların, ağacların və çayların yaradanı və hər şeyin xaliqi olan yeganə Allaha iman gətirəcəklərinə ümid bəsləyirdi. Nuh (ə) belə yaşayırdı. Hətta həyat yoldaşı onun ziddinə çıxıb, kafirlərlə əlbir olmuşdu. Bir oğlundan başqa bütün övladları ona iman gətirmişdilər. Həmin oğlu da zahirdə özünü imanlı göstərir, həqiqətdə isə bütpərəst və imansız idi. NİFRİN Vəhy mələyi enib, Nuha (ə) dedi: -Nə qədər də`vət etsən də onların heç biri sənə iman gətirməyəcəklər. Özünü onlardan ötrü əzab əziyyətə salma, çünki, onlar nifrin olunmuş insanlardır. Bu zaman Nuh (ə) əllərini göyə qaldırıb, Allahdan istədi ki, yeri kafirlərin çirkinliklərindən paklasın: -İlahi! Kafirlərin heç birini yer üzərində saxlama! Əgər onları saxlasan, bəndələrini yolundan azdıracaqlar. Onlardan kafir və günahkar nəsildən başqa bir şey törəməyəcəkdir. NİCAT GƏMİSİ Allah-təala Nuha (ə) bir gəmi düzəltməsini əmr etdi. Nuh (ə) öz qövmünə etdiyi də`vəti dayandırdı. Öncə kafirlər təəccüb etdilər: «Görəsən niyə Nuh (ə) doqquz yüz əlli ildən sonra sükut etdi? Niyə onları Allahı tanımağa də`vət etmir və daha heç kimin gözünə görünmür?» Nuh (ə) böyük bir gəmi düzəltmək üçün şəhərdən bayırda bir yer seçdi. Nuh (ə) mahir dülgər idi. O, bu iş üçün çoxlu böyük taxtalar toplamalı idi. Mö`minlər bu işində Nuh peyğəmbərə (ə) kömək etdilər. Müxtəlif həcmlərdə taxtalar düzəltmək üçün xurma və digər ağacların gövdələrini topladılar. Gəmini düzəltmək asan iş deyildi. Çünki, o gəmi olduqca böyük olmalı idi. Nuhun (ə) düzəltmək istədiyi gəmi üç mərtəbədən təşkil olunmuşdu. Onun uzunluğu 200, eni 70, hündürlüyü isə 25 metr idi. Bütpərəstlər burada da Nuhu (ə) rahat buraxmadılar. Onun işlədiyi yerə gəlib, peyğəmbəri və onun yoldaşlarını məsxərə edirdilər. Nuh (ə) gəmini düzəldirdi. Ona iman gətirən şəxslər taxtalar gətirir, onların bə`zisi taxtaları mıxlayır və bə`zisi qırlayırdılar. Bütpərəstlər isə onları ələ salıb, deyirdilər: -Bu dəlilərə baxın, səhrada gəmi düzəldirlər. Onlardan biri dedi: -Nuh (ə) qocaldıqdan sonra ağlını itirmişdir. Başqa birisi dilləndi: -O dülgərlikdən başqa bir iş bacarmır. O məharətli dülgərdir. Amma, heyf ki, dəlidir. -O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir. Bütpərəst bir kişi qışqırdı: -Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın? Bütpərəstlər güldülər. Onların bə`ziləri qışqırdılar: -Ey Nuh, yelkənlərini yaddan çıxartmayasan. Çünki, dənizin dalğaları təlatümlü, küləkləri isə güclüdür. Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə buyurdu: -Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik. Gəmidə işləmək çox çətin idi. Həddən artıq dözüm və səbir istəyirdi. Bütpərəstlərin əzab-əziyyətlərinə, onların məsxərələrinə səbir etmək, ardıcıl və davamlı işə dözmək lazım idi. Nuhun (ə) düzəltdiyi gəmi çox böyük idi. Bu gəmi insan adlı məxluqun xilası və müxtəlif heyvanların tələfolma təhlükəsindən qorunması üçün düzəlirdi. Bizim Rəbbimiz iradə etmişdi ki, yeri fəsad və zülmlərdən paklasın, onu bütün günahlardan yusun. Ona görə də Allah öz elçisi Nuha (ə) gəmi düzəltməyi əmr etmişdi; imanlı şəxslərin və pak insanların xilası üçün. Amma, ədaləti sevməyən və bərabərliyi xoşlamayan zalımların taleyi fəna və yoxluq olacaqdı. Gəminin işi uzun illər davam etdi. Nuh (ə) və ona iman gətirənlər davamlı olaraq 80 ilə qədər çalışdılar. Gəmi böyük, vəzifə və tapşırıqları olduqca əhəmiyyətli idi. O gəmi insan və heyvanların məhv olmaqdan xilas vasitəsi sayılırdı. Ona görə də Nuh (ə) və ona iman gətirənlər nicat gəmisinin işini tamamlamaq üçün bütün qüvvələrini səfərbər etdilər. Bütpərəstlər Allahın peyğəmbərini və onun mö`min dostlarını məsxərə edirdilər. Onları dəli, rəzil və səviyyəsiz adlandırırdılar. Onlarla mübarizə edir, zülm və təzyiqə mə`ruz qoyurdular. Lakin, ümid və arzu mö`minlərin qəlbində günbəgün artırdı. Çünki, Allah-təala yeri zalımların fəsadından təmizləmək qərarına gəlmişdi. Sular yeri günah və çirkinliklərdən yuyacaqdı. Yer olduqca təmizlənəcək və o zaman insanlar rahat və səmimiyyət içində, onların övladları əmin-amanlıqda və asudə cəmiyyətlərdə yaşayacaqdılar. Bu minvalla mö`minlər ən böyük qüdrət gəmisini düzəltməkdə bütpərəstlərin əzab və əzyytlərinə və işin ağırlığına dözürdülər. İNTİZAR 80 il davamlı sə`ylərdən sonra Nuh (ə) və imanlı şəxslər gəmini düzəldərək qurtardılar. Gəmi tamamilə hazır oldu və qırlandı. Onun yelkənləri quruldu. Mö`minlər onun yanına gəlib, tamaşa edirdilər. Bu gəmi onların yaxşı yaşamaqları üçün ümid və arzuya çevrilmişdi; zülm və haqsızlıqlardan qurtuluş arzusu. Gəmi üç mərtəbədən təşkil olunmuşdu: Aşağı mərtəbə, orta mərtəbə və yuxarı mərtəbə. Bütün mərtəbələr kiçik pəncərələrlə təchiz olunmuşdu. Gəminin önündə və orta təbəqədə gəmini idarə etmək üçün otaq düzəldilmişdi. Hər şey hazır idi. Nuh (ə) və mö`minlər Allah-təalanın əmrini gözləyirdilər. Bütpərəstlərin əzab və əziyyətləri, onların məsxərələri, mö`minlərə etdikləri işgəncə və əzabları artırdı. Qoca bir qarı öz kiçik qızı ilə Nuhun (ə) yanına gəldi. Nicat və xilas günü barəsində o həzrətə sual verdi. Ona dedi: -Allah nə zaman bizi bu kafirlərin şərindən qurtaracaqdır? Nuh (ə) o hadisənin nə vaxt baş verəcəyini bilmirdi. Ona görə də üzünü göyə tutdu. Yalnız Allah bilirdi. O anda vəhy mələyi endi və Nuha (ə) xəbər gətirdi. Mələk Nuha (ə) dedi: - Tufan, bu qoca qarının təndirindən su çıxan zaman baş verəcəkdir. Nuh (ə) o qarıya buyurdu: -Allah o gün üçün əlamət və nişanə qoymuşdur. Mələk vəhy etdi ki, tezliklə sənin evinin təndirindən su çıxacaqdır. Bu, nicat və xilas gününün nişanəsidir. Qarı Allahın bu lütfünə sevindi. Bu ümid və arzuya görə kiçik qızın dodaqlarında təbəssüm göründü. Mö`minlər hər gün o qarının evinə gedir və təndirə baxırdılar. Amma, bir xəbər yox idi. Nuh (ə) da ona baxırdı. Amma, hələ ondan su çıxmırdı. TƏNDİRDƏN SU ÇIXDI Bir gün səma qara buludlarla doldu. Hava çox qaraldı. Nuh (ə) göyə baxır, Allahın əmrini gözləyirdi. Bütpərəstlər öz zülm və fəsadlarını daha da artırır, camaatı öldürür, oğurluq edir, pis və çirkin işlər görürdülər. Fəsad günbəgün artırdı. Bir gün o kiçik qız qaça-qaça həzrətin yanına gəlib, dedi: -Təndirdən su çıxır. Nuh (ə) təndirə tərəf tələsdi. Allah öz doğru və`dəsinə əməl etmiş və təndir bir fəvvarəyə çevrilmişdi. Ondan çox möhkəm su qaynayırdı. Qoca qarı heyrət içində qalmışdı və nə edəcəyini bilmirdi. Mö`minlər gəlib, Allah-təalanın nişanəsinə baxdılar. Onların bə`zisi qorxu və ümidlə təndirə, bə`zisi isə göyə baxır və şövqdən ağlayırdılar. Səma buludla doldu; qara və tünd buludlarla. Aydın gündüz qaranlıq gecəyə çevrilmişdi. Nuh (ə) uca səslə öz ardıcıllarına buyurdu: -Gəmiyə doğru tələsin! Hamı şəhərdən çıxaraq hərəkətə başladı. Gəmi öz yerində idi. Elə bil, mö`minləri gözləyirdi. Nuh (ə) mö`minlərin gəmiyə minmələrinə nəzarət edirdi. Birdən göydə ildırımlar çaxdı. Buludların möhkəm gurultu səsləri ucaldı. Çox güclü yağış yağmağa başladı. Mö`min kişi və qadınlar bir-birinin ardınca gəmiyə minirdilər. Nuhun (ə) övladları da orada idi. Yalnız onların biri yox idi. Nuhun (ə) həyat yoldaşı da yox idi. O, bütpərəst idi və həyat yoldaşının peyğəmbərliyinə iman gətirməmişdi. Heyvanların tələf olmaması üçün Allah-təala Nuha (ə) ilham etdi ki, hər heyvandan bir cütünü gəmiyə daxil etsin. Ona görə də Nuh (ə) əmr etdi ki, gəminin alt mərtəbəsi böyük heyvanlar üçün, üst mərtəbəsi isə quşlar üçün ayrılsın. TUFAN Bütün yer üzündə bulaqlar qaynadı. Çöl və dağlıqlarda yağışların yağıntısı gücləndi. Möhkəm küləklər əsirdi. İldırımlar səmada parlayırdılar. Buludların gurultu səsləri hər yeri bürümüşdü. Yer fəvvarə kimi fantan vuran bulaqlara bənzəyirdi. Göydən yağış sel kimi axırdı. Bütün heyvan və quşlar gəmiyə mindilər. Mö`minlər orta mərtəbədə durub, pəncərələrdən qəribə və dəhşətli tufana tamaşa edirdilər. Dağların başından sular axırdı. Çöl və səhralar su gölməçələrinə çevrilmişdi. Yağış çox qəribə bir güclə yağırdı və möhkəm küləklər əsirdi. Bütpərəstlər şəhərdən qaçdılar. Onlar dağlara tərəf çəkildilər və hələ də Nuhun (ə) sözlərinə inanmırdılar. QƏRQ OLMUŞ ÖVLAD Nuh (ə) oğlunun qayıtmasını gözləyirdi. O, oğlunu mö`min bilirdi. Yer üzü təlatümlü dalğalarla dolmuş böyük bir dənizə bənzəyirdi. Nuh (ə) oğlunu tapmaq ümidi ilə şəhərə tərəf baxırdı. Uzaqdan onun dağlara tərəf üzdüyünü müşahidə etdi. Nuh (ə) uca səslə oğlunu çağırdı: -Oğlum, mənə sarı gəl! Övladım, gəmiyə tərəf gəl! Oğlan qışqırdı: -Yox, heç zaman! Mən dağa sığınacağam. Dağ məni sudan qoruyacaqdır. Nuh (ə) güclü külək, dalğa və yağışların arasından qışqırırdı: -Oğlum, bizimlə gəmiyə min! Səni heç kim bu acı taledən qurtara bilməz. Nuh (ə) bu sözü ilə ona anlatmaq istəyirdi ki, Allahın fərmanı çatdıqda heç kəs ondan qurtula bilməz. Tezliklə yer, təpələr, dağlar və bütün ucalıqlar su ilə dolacaqdı. Çünki, Allah yeri zalım insanlardan paklamaq qərarına gəlmişdi. Nuh (ə) yenidən oğlunu çağırmaq istədi. Lakin, ağır və böyük bir dalğa onların arasında ayrılıq saldı. Dalğalar onun oğlunu tufanda qərq etmək üçün çox ucqar bir nahiyəyə atdı. Nuh (ə) oğlunun imanlı şəxslər zümrəsindən olduğunu güman edirdi. Allah-təala Nuha (ə) söz vermişdi ki, həyat yoldaşından başqa onun bütün ailəsini xilas etsin. Ona görə də Nuh (ə) başını göyə qaldırdı və dedi: -İlahi, o mənim oğlumdur, mənim ailə üzvlərimdəndir və sənin və`din haqdır. Sən ən yaxşı hakimsən. Allah-təala Nuha (ə) vəhy edib, buyurdu: -Ey Nuh! O sənin ailəndən deyil. O əməlisaleh insan deyildir. Bilmədiyin işlər barədə məndən soruşma (bilmədiyin və başa düşmədiyin şeyi istəmə)! Nuh (ə) oğlunun bütpərəst olub, Allaha iman gətirmədiyini və atasının peyğəmbərliyini qəbul etmədiyini anladı. Ona görə də Allah dərgahından bağışlanmaq istəyərək dedi: -İlahi! Bilmədiyim şey haqqında səndən soruşmağım üçün sənə pənah aparıram. Əgər məni bağışlamayıb, rəhm etməsən ziyankarlardan olaram. Dalğalar hər şeyi udurdu. Hər şey güclü tufan nəticəsində kökündən qopub, qərq olurdu. Gəmi suyun səthində hərəkətə gəldi. Nuh (ə) uca səslə dedi: «Ona Allahın adı ilə minin. Hərəkət edən və dayanan vaxt onu yad edin!» Nicat gəmisi qayaların arasından özünə yol açırdı. Yer böyük bir gölə çevrilmişdi. Orda su və dağ zirvələrindən başqa bir şey yox idi. Yağış eləcə yağırdı. Yerdən su fantan vururdu. Günlər ötürdü. Göydən güclü yağışlar yağır və möhkəm külək əsirdi. Dağ kimi güclü dalğalar yaranırdı. Qırx gün keçdi. Göydən düclü yağışlar yağırdı. Gəmi öz yolunu dağ kimi ağır dalğaların arasında yarıb, irəliləyirdi. Nuh (ə) və mö`minlər Allahı çağırırdılar. Onlar rəhmət, xilas və qurtuluş istəyilə Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər. MÜQƏDDƏS SÖZLƏR Allahın mələyi peyğəmbər və mö`minlərə müqəddəs sözlər öyrətmək üçün yerə endi. O, sözlərini kiçik bir taxtaya yazdı. Həmin sözlər bir dua olaraq gəmini tufanda qərq olmaqdan qorumaq üçün idi. O zaman camaat öz yazılarını qədim Sami dili ilə yazırdılar. Nuh (ə) bu müqəddəs sözləri taxtaya yazdı: «Ey Allah! Ey mənim Rəbbim! Öz rəhmət və kərəminlə və bu müqəddəs şəxslərin Məhəmməd (s), İlya (ə), Şəbər (ə), Şübeyr (ə) və Fatimənin (ə) əzəmətinə and verirəm, mənə kömək et! Onların hamısı əzəmətli və hörmətli məqama malikdirlər. Dünya onların hesabına yaşayır. Onların adının hörmətinə and verirəm, mənə kömək et! Məni yalnız sən doğru yola hidayət edə bilərsən». Nuh (ə) taxtanı gəminin qabaq hissəsindən asdı. Mö`minlər o müqəddəs adlar və hələ dünyaya gəlməyən bu insanlar haqqında fikirləşirdilər. Onlar Nuhun (ə) övladlarından və onun nəslindən idilər. Gəmi hərəkətdə idi və təlatümlü dəniz dalğaları üzərində şimal istiqamətinə doğru irəliləyirdi. Yağış hələ də möhkəm yağırdı. Mö`minlər Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər. Allahdan onları bu böyük tufandan xilas etməsini istəyirdilər. Qırx gündən sonra yağış dayandı. Buludlar get-gedə dağıldılar. Günəş nurunu saçmağa başladı. Üfüqdə gözəl bir göy qurşağı göründü. Göy qurşağı özünün yaşıl, mavi, qırmızı, narıncı, bənövşəyi və digər gözəl rəngləri ilə həyata ümid rəsmini çəkirdi. Nuh (ə) bir qarğanı buraxdı. Qarğa göyə uçdu. O, göydə fırlanaraq geri qayıtdı. Çünki, qonmağa quru bir yer tapmamışdı. Həzrət sonra ağ göyərçini buraxdı. Göyərçin suların üzərindən uçuşa başlayıb, gözlərdən itdi. Bir müddətdən sonra göyərçin qayıtdı. O öz qırmızı dimdiyində zeytun budağı gətirmişdi. Nuh (ə) və mö`minlər sevindilər. Həqiqətən tufan sona çatmışdı və Allah fasidləri yuyub, atmaq üçün yeri su ilə qərq etdikdən sonra insanları məhv olma təhlükəsindən xilas etmişdi. Üçüncü dəfə Nuh (ə) yenə həmin göyərçini göyə buraxdı. Göyərçin göydə qanad çaldı və qayıtmadı. Nuh (ə) anladı ki, göyərçin özünə yuva qurmaq və yeni həyata başlamaq üçün quru bir yer tapmışdır. Gəmi şimal tərəfə hərəkətdə idi. Nəhayət Cudi dağının zirvəsinə yan aldı. Allah-təala göy və yerə belə vəhy etdi: «Ey yer, öz sularını ud! Ey göy, yağışı dayandır!» Su çəkildi. Yağış dayandı və yer suları udmağa başladı. Günbəgün suyun dərinliyi azalır, dağlar görünür, təpə və ucalıqlar müşahidə olunurdular. Bə`zi dərələrdə hələ də yağış suyu qalmışdı. Allah Nuha (ə) vəhy etdi ki, ey Nuh, sən və səninlə olanlar bizim tərəfimizdən salamatlıq və bərəkətlə en! Yer tərtəmiz idi. Mö`minlər öz həyatlarına qayıtdılar. Onların kiçik bir cəmiyyətləri var idi: Kiçik, lakin, Allaha və onun rəsuluna iman gətirmiş pak bir cəmiyyət. Yerdə yeni insan həyatı başlandı və mö`min cəmiyyət həyatın sülh və səfasını daddı. Orada nə zalım vardı və nə də zülmə mə`ruz qalan insan. Onların arasında oğurluq edəcək və fəsad törədəcək bir kəs yox idi. Beləliklə Nuh (ə) və mö`minlər əmin-amanlıq içində yaşamağa başladılar. Nuh (ə) uzun müddət yaşadı. Onun ömrü çox uzun idi. Çünki, qəbiləsini doqquz yüz əlli il Allaha ibadət etməyə çağırmışdı. Amma, Allah-təala tərəfindən peyğəmbər kimi öz qövmünə göndəriləndə neçə yaşı olduğu isə bilinmir. O həzrətin tufandan sonra neçə il yaşaması da bilinmir. Amma, burası mə`lumdur ki, bu həzrət çox uzun müddət yaşamışdır. Ölüm mələyi Nuhun (ə) yanına gələndə o həzrət günəşin şüası altında oturmuşdu. Mələk ondan soruşdu: -Öz həyatın barədə fikrin nədir? Halbuki, sən çox uzun bir ömür sürmüsən. Nuh (ə) ayağa qalxdı və kölgə tərəfdə oturdu. O buyurdu: -Həyatı belə başa düşdüm: elə bil günəşdə oturmuşdum və sonra yerimi kölgəylə dəyişdim. Nuh (ə) gözlərini yumdu. O öz risalətini icra etmiş və bəşəriyyəti həlak olmaqdan xilas etmək vəzifəsini yerinə yetirmişdi. Ona görə də Allah-təala əbədi salamı ona məxsus edərək buyurdu: «Səlamun əla Nuhin fil`aləmin». NUHUN (Ə) TƏVƏSSÜL ETDIYI MÜBARƏK ADLAR 1951-ci ilin iyul ayında rus arxeoloqlarının bir qrupu Qaf dağlarında qazıntı ilə məşğul olduqları zaman köhnə və çürümüş taxta parçalarına rast gəldilər. Bu, onların qazıntı və axtarış işlərini daha da dərindən aparmalarına səbəb oldu. Bununla bir yerdə daşlaşmış başqa taxtalara da rast gəldilər. Qazıntılar zamanı tapılan taxtaların arasında uzunluğu 28 sm., eni isə 20 sm. olan bir taxta parçası onların daha artıq heyrət və təəccübünə səbəb oldu. Çünki, bu taxta lövhədə heç bir dəyişiklik yaranmamış, çürüməmiş və digər taxtalar kimi parçalanmamışdı. 1952-ci ilin sonlarında bu tapıntılar barəsində aparılan tədqiqatlar sona çatdı və aydın oldu ki, sözü gedən taxta parçası Nuhun (ə) gəmisinin içəri hissəsinə, ayrı taxtalar isə o gəminin gövdəsinə aiddir. Tarixçilərin yazdığına əsasən Nuhun (ə) gəmisi Qaf dağının zirvəsinə yan almış və bu taxta parçasının üzərinə ən qədim dillərə qayıdan bə`zi hərflərlə sözlər yazılmışdır. Keçmiş Sovet hökuməti 1953-cü ildə qazıntıları qurtardıqdan sonra qədim dillərlə tanış olan alim və ən nümunəvi arxeoloqlardan ibarət olan yeddi nəfərlik qrup təşkil etdi. Həmin alimlər aşağıdakılar idi: 1.Professor Solinov, Moskva universitetinin qədim dillər müəllimi. 2.İfahan Xənyu, Çin Luluhan institutunun dilşünaslıq müəllimi. 3.Mişanin Lufarenko, keçmiş SSRİ-də arxeoloji əsərlər idarəsinin direktoru. 4.Tanmul Qurov, Kifru institutunun qədim dillər müəllimi. 5.Professor Drakon, Lenin elmlər akademiyasının arxeologiya müəllimi. 6.İm Əhməd Kulado, keçmiş SSRİ-nin ümumi tədqiqat və kəşflər idarəsinin direktoru. 7.Miçer Kultov, Stalin institutunun rektoru. Nəhayət taxta və onun üzərində yazılmış hərflər barəsində səkkiz aylıq tədqiqat və araşdırmalardan sonra ümumi rə`y belə oldu ki, bu taxta Nuhun (ə) gəmisinin düzəldildiyi taxtalardandır və Nuh (ə) bu taxta parçasını təhlükədən qorunmaq və təbərrük üçün gəmisinə yerləşdirmişdi. Bu taxtanın üzərinə yazılmış hərflər Sami dili ilə yazılmışdı. İngiltərəli alim, Mançester universitetinin qədim dillər müəllimi Ayumaks onu ingilis dilinə tərcümə etmişdir. İfadələri olduğu kimi sizə təqdim edirik: O my God, my helper Ey mənim Allahım, mənim köməkçim! Keep my hands with mercy Öz lütf və mərhəmətinlə mənə kömək et! And with your holy bodies Bu müqəddəs şəxslərin əzəmətinə. Mohammed Məhəmməd (s), Alia İlya (ə), Shabbar Şəbər (ə), Shabbir Şübeyr (ə), Fatma Fatimə (ə). Thay are all Biggest and Honourables Onların hamısı sənin yanında əzəmətli və əzizdirlər. The world establiahed for Them Dünya onlara görə yaşayır. Help me by their names Onların adının əzəmətinə and verirəm, mənə kömək et! you con reform to Right Yalnız sən məni doğru yola yönəldə bilərsən. Beləliklə bu alimlər Nuhun (ə) onlara təvəssül etdiyi bu beş adın əzəməti və onların Allah yanında olan məqamı barədə heyrət edib, təəccübdə qaldılar. Onların heç birinin həll edə bilmədiyi çox müəmmalı məsələ isə bu idi ki, bu taxta parçası min illər keçməsinə baxmayaraq çürüməmiş və dağılmamışdır. Bu taxta parçası indi də Moskvanın arxeoloji tapıntılar muzeyində mövcuddur. İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurmuşdur: "Mənim əhli beytim Nuhun gəmisi kimidir. Ona minənlər xilas, üz çevirənlər isə qərq olacaqlar”. Biz Nuhu öz qövmünə tərəf göndərib, ona dedik: "Öz qövmünü onların sorağına gələcək dərdli əzabdan qorxut!” Dedi: «Ey qövm! Mən aşkar qorxudan və təbliğ edənəm. Allaha pərəstiş edin! Ona müxalifətçilikdən çəkinin və mənim sözlərimə baxın! Əgər belə etsəniz, Allah günahlarınızı bağışlayar və müəyyən zamana qədər sizə ömür verər. Çünki, Allahın (tə`yin etdiyi) əcəli çatdıqda haç vaxt tə`xirə düşməz, əgər bilsəydiniz». Nuh dedi: «İlahi, mən öz qövmümü gecə-gündüz sənin tərəfinə də`vət etdim. Amma, mənim də`vətim onlara haqdan qaçmaqdan başqa bir şey vermədi. Mən onları də`vət edirdim ki, Sənə iman gətirsələr, Sən onları bağışlayarsan, onlar (məni eşitməsinlər deyə) öz barmaqlarını qulaqlarına tutur, paltarlarını başlarına çəkirdilər və müxafilətçilikdə möhkəm dayanıb, olduqca təkəbbür edirdilər. Sonra mən onları uca səslə sənin fərmanının itaətinə də`vət etdim, aşkar və gizli şəkildə tövhid və iman həqiqətini onlar üçün bəyan etdim. Mən onlara dedim: «Öz allahınızdan bağışlanmaq istəyin. O çox bağışlayandır. O, səmanın bərəkətli yağışlarını bir-birinin ardınca sizə göndərər. Sizə çoxlu mal və övladla kömək edər. Yaşıl bağlar və axan çayları sizin ixtiyarınızda qoyar. Niyə siz Allahın əzəmətinə ianmırsınız? Halbuki, sizi müxtəlif mərhələlərdə yaratdı. Bilmirsiniz Allah-təala yeddi səmanı necə bir-birinin üzərində yaradıb. Ayı səmanın ortasında aydınlıq vasitəsi və günəşi yanar çıraq etmişdir. Allah sizi bir ot kimi yerdən bitirdi. Sonra yenə sizi həmin yerə qaytaracaq və yenidən çıxacaqsınız. Allah yeri sizin üçün geniş döşənəcək etdi ki, geniş yollarla və onun dərələrilə keçib, istədiyiniz yerə gedəsiniz». Nuh (ə) sonra onların hidayətindən ümidsiz halda dedi: «İlahi, onlar mənə itaətsizlik göstərdilər və mal və övladları onlara ziyandan başqa bir şey verməyən insanlardan itaət etdilər. Yolunu azmış bu rəhbərlər böyük məkr işlətdilər və dedilər: «Allahlarınızdan və bütlərinizdən əl çəkməyin! Xüsusilə Vüdd, Süva`, Yəğus, Yə`uq və Nəsr bütlərini buraxmayın! Onlar çoxlu insanları yolundan azdırdılar. İlahi, zalımlara azğınlıqdan başqa bir şey vermə!» Nəhayət onların hamısı günahlarının hesabına qərq olub, cəhənnəm oduna düşdülər və özlərinə Allahdan başqa köməkçi görmədilər. Nuh (ə) dedi: "İlahi, kafirlərin heç birini yer üzündə qoyma! Çünki, əgər onlar qalsalar, sənin bəndələrini yoldan çıxaracaqlar və onlardan günahkar və kafir nəsildən başqa bir şey törəməyəcəkdir. İlahi! Məni, mənim ata və anamı, evimə imanla daxil olan insanları və bütün kişi və qadın mö`minləri bağışla və zalımlara həlakət və məhv olmaqdan başqa bir şey vermə!” Kamal əs-Seyyid Tərcümə etdi: V. Hüseynzadə | |
Views: 959 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0 |
Total comments: 1 | ||||||
|