Cümə axşamı, 2024-03-28, 9:15 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

İslam Peyğəmbərinin (s) mübarək mövludu tarixi
2013-01-28, 7:30 PM
İslam Peyğəmbərinin (s) mübarək mövludu tarixi

(Əhli-beyt (ə) saytına istihadən)

 Bütün tarixçilərin nəzərinə görə əziz Peyğəmbərimiz (s) 570-ci miladi ilində dünyaya gəlmişdir. Həzrətin (s) vəfat tarixi 632-ci miladi ilidir. Peyğəmbərimizin (s) o zaman 63 yaşı var idi.

Tarixçilər bu fikirdədir ki, Həzrət Rəbiül-əvvəl ayında dünyaya gəlmişdir. Ancaq doğum günü arasında fikir müxtəlifliyi vardır. Əhli-beyt (ə) alimləri bu fikirdədir ki, Həzrət (s) rəbiül-əvvəlin 17-də dünyaya gəlmişdir. Həzrət (s) cümə günü o mübarək gözlərini dünyaya açır. Əhli-təsənnündən olan bəzi mənbələr isə 12-si olduğunu iddia edir.

Həzrət (s) dünyaya gələn zaman Əbdülmüttəlib qoyun qurbanı kəsir. Qureyşi dəvət edir və onların toplaşdığı məclisdə Həzrətə (s) ad qoyur. Övladının adını Muhəmməd (s) qoyur. Ondan soruşurlar ki, niyə bu övladın adını Muhəmməd qoyursan? Bu ad ərəblərin arasında çox nadir bir ad idi. Deyir: "İstədim ki, həm yerdə və həm də göydə onu mədh etsinlər. Allah bu adı öz Mahmud adına yaxın olan bir ad kimi seçmişdi. Mahmud yəni bəyənilən, Muhəmməd isə mədh edilən deməkdir. Hər iki söz bir maddədən götürülmüşdür”.

Şübhəsiz ki, Allahın ilhamı bu məsələdə özünü büruzə vermişdi. Bu ad ərəblərin arasında məşhur olsa da, çox az insan övladına bu adı qoyardı. O zamana qədər cəmi 16 nəfərə bu adı vermişdilər.

İslam Peyğəmbərinin (s) o biri adı isə Əhməd idi. Bu adı isə ona anası Aminə qoymuşdu. Əbdülmüttəlib vəfat edəndən sonra Həzrətin (s) əmisi Əbu Talib Peyğəmbərin (s) himayəçisi olur və qalan ömrünün 42 ilini Həzrətə (s) sərf edir. Onu hərtərəfli himayə edir.

Həzrət Peyğəmbər (s) anasından ancaq 3 gün süd yemişdi və sonra ona iki dayə süd vermişdir. Biri Əbu Ləhəbin kənizi Suyibə idi və o, Həzrətə dörd ay süd verir. Bu qadın əvvəllər Həmzəyə də süd vermişdi. Besətdən sonra Peyğəmbər (s) bir nəfəri göndərir ki, həmin kənizi satın alsın. Ancaq Əbu Ləhəb imtina edir. Peyğəmbər (s) ona ölənə qədər yardım edir. Həzrət (s) Xeybər döyüşündən qayından sonra onun ölüm xəbərini eşidir. Bu xəbər ona çox təsir edir və onun övladından xəbər tutmaq istəyir. Ancaq deyirlər ki, övladı anasından qabaq vəfat etmişdir.

Həzrətə (s) süd verən ikinci qadın Həlimə idi. Səəd ibni Bəkir qəbiləsindən olan Əbi Zueybin qızı idi. Ərəb əşrəflərində belə adət var idi ki, övladlarına dayə tutardılar. Dayələr də adətən səhralarda yaşayardılar ki, uşaqları təmiz havada böyütsünlər. Bu zaman bədənləri və sümükləri möhkəm olardı. Peyğəmbərin (s) dörd ayı olanda Bəni Səəd qəbiləsində qıtlıq var idi və ona görə də dayələr gəlib əşrəflərin uşaqlarını götürür və onları böyütməsinə görə maddi yardım alırdılar. Tarixçilərin dediyinə görə dayələrdən heç biri Həzrətə (s) süd verməyə razı olmur. Çünki Həzrət yetim idi və bu da onlara sərf etmirdi. Həlimə çarəsiz qalıb Əbdülmüttəlibin nəvəsini götürür. Əri ilə qərara alırlar ki, bu yetim körpəni götürsünlər və Allah da ona görə bu insanlara rəhm edər. Onların bu arzusu həyata keçir və Həzrətin (s) onların evinə gəlməsi ilə bərəkətləri artır və İlahi lütf bu insanlara şamil olur.

Başqa bir hədisdə isə deyilir ki, Həzrət (s) heç bir dayənin südünü yemir və nəhayət Həlimənin südünü yediyinə görə Əbdülmüttəlib onu bu dayəyə süd verməsi üçün verir.

Həzrət beş il Həlimənin yanında qalır və səlis ərəb dilində danışmağı öyrənir. Beş yaşı tamam olan kimi onu anasına geri qaytarırlar.

Həzrət Peyğəmbərin (s) atası Abdullah Yəsribdə vəfat etmişdi və Aminə neçə il idi ki, ərinin qəbrini ziyarət etmək istəyirdi. Oğlunun da böyüdüyünü görən ana qərara alır ki, onunla bir yerdə Yəsribə getsin. Bir ay Yəsribdə qalırlar və atasının vəfat etdiyi evi ilk dəfə Həzrət (s) o zaman görür. Bir aydan sonra Məkkəyə qayıtmağı qərara alırlar. Ancaq bu dəfə hələ yeri sağalmamış qəmdən sonra yeni qəm Həzrətin (s) canını bürüyür. Anası Məkkə yolunda Əbva adlı yerdə dünyasını dəyişir.

O gündən babası onu himayə edir. Ancaq bir qədər keçməmiş Əbdülmüttəlib də dünyasını dəyişir və Həzrətə (s) himayə etməyi oğlu Əbu Talibə tapşırır. Əbu Talib ilə Həzrətin (ə) atası Abdullah bir anadan dünyaya gəlmişdilər.

Həzrət Peyğəmbər (s) dünyaya gəldiyi gündən hürr və azad böyüyürdü. Onu bəşər deyil, Allah tərbiyə etmişdi. Həzrət (s) ata və ana tərbiyəsi görməmişdi. Onun tərbiyəsi ilə birbaşa Allah məşğul olurdu.

Babasından sonra Həzrəti (s) himayə edən əmisi Əbu Talib onu öz oğullarından ayırmırdı. Həzrət (s) peyğəmbərliyə məbus olandan sonra onu öz canı kimi qoruyur və himayə edirdi. Dəfələrlə Qureyşin Həzrətə (s) qarşı olan fitnələrinin qarşısıı almışdı. Nəhayət bu böyük insan da Peyğəmbərin (s) həyatının ən ağır günlərində dünyasını dəyişir. Özündən sonra İmam Əli (ə) kimi dəyərli bir cəvahirat qoyur ki, bir an belə Həzrətdən (s) ayrılmır. Onun dayağı və qardaşı olur. O gündən Həzrəti (s) müdafiə edir və həmdəmi olur.

Ad günün mübarək, ey yerlərin və göylərin məhbubu!

Salam olsun sənə, ey insanlığın yaranma səbəbi!

Salam olsun sənə, ey Fatimənin (s.ə) gözünün nuru!

Salam olsun sənə, ey Əlinin (ə) din qardaşı!

Salam olsun sənə, ey İslam ümmətinin əzizi və sevimli Rəsulu!



/Deyerler.org/
Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 956 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 seyidzadeazer   (2015-08-20 11:19 AM) [Daxil et]
SAlam olsun sana ey ALLAHIN RASULU.SALAM OLSUN SANA EY CADDIM RASULALLAH

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]