Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər |
İsa peyğəmbər (ə)
2013-08-05, 11:04 PM | |
İsa peyğəmbər (ə) O, Beytül-müqəddəsdə məbəddə oturmuşdu. Ömründən otuz il keçirdi. Hündür, arıq, ayaq yalın idi. Yun köynək geyinmişdi. Öz ümmətinin taleyi barəsində fikirləşirdi. İbadətgahdan çıxıb, təpələrə doğru getdi. Çobanlar öz qoyunlarını otlaqdan qaytarırdılar. Günəş qüruba yaxınlaşmışdı. Məsih Bəni-İsrail barəsində fikirləşir və öz-özünə deyirdi: "Yollarını azan bu insanları necə yola gətirə bilərəm?” Günəş batdı. Çobanlar evlərinə, qoyunlar tövlələrinə, quşlar yuvalarına, uşaqlar analarının qucaqlarına qayıtdılar. Amma, Məsih qayıtmadı. Niyə? Çünki, onun evi yox idi. O, çöllərdə yatırdı. Qar və yağış yağdıqda dağların mağaralarına gedirdi. Acdıqda yerdə bitən ot və ələflərdən yeyib, özünü doyururdu. Beləliklə, Məsih azad və tərki-dünya idi. Allahdan başqa heç kəsdən qorxmurdu. O, başı uca yaşayırdı. Çünki, bu dünyanın heç bir şeyinə bağlı deyildi. Gecə çatdı. Yatmaq vaxtı gəldi. İsa bir daşı başının altına qoydu və yatdı. O, böyük səmaya, ulduzla dolu asimana baxırdı. Birdən bir mələk zahir oldu. Nuru hər yeri doldurmuşdu. Mələk dedi: -Allah sənə risaləti təbliğ etməyə fərman verir. Məsih Allahın fərmanını icra etmək üçün ayağa qalxdı. Müqəddəs ruh onun köməyi idi. Allah onunla və onun yardımçısı idi. SƏMAVİ ELAN Bazar insan kütləsi ilə dalğalanırdı. İsa səmavi xəbəri elan etmək üçün orada dayandı. O, şücaətlə elan etdi: -Ey Bəni-İsrail! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Məndən qabaq gələn kitabı təsdiq edir və məndən sonra gələcək Əhməd adlı peyğəmbər barəsində sizə şad xəbər verirəm. O zaman Fontius Flatus Fələstinin hakimi idi. Orada hökumət padşahlıq idi. O, vilayət hakimlərini məmur etmişdi ki, böyük imperiyanın təhlükəsizlik və asayişinə xələl gəlmədən, onlara tabe olan şəhərlərdəki insanların istək və çətinliklərini həll etsinlər. Hakim, şəhərlərində baş verən hadisələri yaxından izləyirdi. Bir gün ölkəsinin vəziyyəti barəsində ona bir məlumat verdilər. Ona dedilər ki, İsa adlı bir cavan Allahın elçisi olduğunu iddia edir. İnsanları Allahın verdiyi və ruhun bulaşmasına səbəb olan şeylərdən uzaq olan fitrətlərinə qayıtmağa dəvət edir. Yəhudi keşişlər Məsihin dəvətindən narahat olan ilk insanlar idilər. Niyə? Çünki, Məsih insanları kasıb və yoxsullara qayğıkeşliyə, acları doyurmağa də`vət edirdi. Çünki, Məsih buyururdu: «Keşişlər Tövratı dəyişiblər». Çünki, keşişlər məhrum insanları aldadır, onların mallarını nəzir adı ilə alırdılar. O dövrdə yəhudilərin bəziləri qiyamət gününə və ölümdən sonrakı yaşayışa inanmırdılar. Hesab, cəza və savaba imanları yox idi. Amma, onu açıq surətdə və pərdəsiz demirdilər. Onlar zahirdə özlərini dindar göstərir, amma, ürəklərində azğın idilər. Zahirdə imanlı olduqlarını göstərir, lakin, öz küfrlərini gizlədirdilər. QARŞıDURMA VƏ KEŞMƏKEŞ Keşişlər İsa əleyhinə öz mübarizələrinə başladılar. Onlar şayiə yaymaqla həzrəti kafir olmasında ittiham edirdilər. Qəzəblə fəryad edib, deyirdilər: -Əgər o peyğəmbərdirsə, bəs möcüzəsi hardadır? Musanın çoxlu mö`cüzələri var idi. Amma, İsa heç bir möcüzə gətirməmişdir. Məryəm barəsində də pis sözlər deyirdilər. Pak qəlbli və iffətli olduğu halda, onu pis töhmətlərlə ittiham edirdilər. İsa Bəni-İsraili maddi-maraqların əsarətindən qurtarmaq üçün mənəviyyata də`vət edirdi. Onların biri dedi: -Ruh bizim damarlarımızda axan qanlardır. Məryəm oğlu İsa buyurdu: -Ruh Allahın yaratdığıdır. Onlar deyirdilər: -Ey İsa! Biz sənin nə dediyini anlamırıq. Məsih əyildi. Bir ovuc palçıq götürdü və dedi: -Bunlar nədir? Bir ovuc palçıqdır. -Onda ruh varmı? -Yox. -İndi mən bu palçıqdan bir quş düzəldəcəyəm. Ona üfürdükdə Allahın izni ilə bir quşa çevriləcəkdir. Onlar təəccüblə dedilər: -Məqsədin nədir? -Məqsədim budur ki, mən ona üfürüb, Allahın izni ilə onu quşa çevirə bilərəm. Çünki, həyat bağışlayan Allahdır. O hər bir işə qadirdir. O anda İsa bir ovuc palçıqdan quşa oxşar bir qəlib düzəltdi. Qəlib tamamlandı. Həzrət o palçıq qəlibə üfürdü. Birdən bir ovuc palçıq ağ bir göyərçinə çevrildi. Qanad çaldı və mavi səmada uçmağa başladı. Məsihin vücudu qüdrətli Allah və yaradıb təsvir edən Xaliq qarşısında təzim etdi. HƏVARİLƏR Görəsən Bəni-İsrail İsaya iman gətirdimi? Onlar Allaha təslim oldularmı? Yox. Keşişlərin kinləri daha da artdı. Onlar sadəlövh insanlar arasında şayiə yayır və İsanı kafir bir cavan adlandırırdılar. Onlar o həzrətin qətl planını hazırladılar. İsa (ə) hiss etdi ki, onların gözlərindən küfr yağır. Ona görə də fəryad edib buyurdu: -Allah yolunda kim mənim köməyim ola bilər? On iki həvari ayağa qalxıb dedilər: -Biz Allahın köməkçiləriyik. Allaha iman gətirdik. Sən də şahid ol ki, biz Allahın əmrinə təslimik. Sonra isə üzlərini göyə tutub, dedilər: «İlahi! Sənin nazil etdiyinə iman gətirdik. Elçinə itaət etdik. Bizi azğın insanlar sırasına salma!» AZİR İsanın Azir adlı bir dostu vardı. Onu çox sevirdi. O, imanlı bir cavan idi. Bir gün İsa əhvalını soruşmaq üçün Azirin evinə getdi. Anası ağlayaraq çıxdı və dedi: -Azir dünyadan köçüb və üç gün qabaq torpağa tapşırılmışdır. İsa buyurdu: -Onu görmək istəyirsənmi? O cavanın imanlı anası dedi: -Hə, ey Allahın Ruhu! -Sabah gələrəm və Allahın izni ilə onu dirildərəm. Səhər tezdən İsa gəlib, o cavanın anasına buyurdu: -Mənimlə oğlunun qəbrinin başına gəl. Məryəm oğlu İsa qəbrin qarşısında dayandı. Başını göyə qaldırıb, həyat bağışlayan Allahın dərgahına ağladı və sonra ürək yanğısı ilə səslədi: -Ey Azir! Yuxudan oyan! Birdən torpaqlar kənara çəkildi. Qəbir yarıldı. Azir torpağın içindən çıxdı. Ana övladını qucaqladı. Gözlərindən sevinc yaşları axdı. Məsih o cavana buyurdu: -Ananla qalmaq istəyirsənmi? Azir dedi: -Bəli, ey Allahın seçilmiş məxluqu. Məsih buyurdu: -Allah-təala sənə yenidən ömür əta etmişdir. Tezliklə, evlənəcəksən. Allah sənə saleh övladlar verəcəkdir. SƏMAVİ YEMƏK Allah-təala həvarilərə vəhy etdi ki, mənə və mənim elçimə iman gətirin. Dedilər: «İman gətirdik. Sən də şahid ol ki, biz Allahın əmrinə təslimik». Həvarilər Məryəm oğlu İsanın ətrafına toplaşıb, onu təsdiq etdilər. Onlar peyğəmbəri müdafiə etmək üçün hazır oldular. Onlar kiçik bir qoşun, lakin çox güclü və qüdrətli idilər. Məsih dünya və axirətdə dəyərli məqama malik idi. O, iman cəhətindən elə bir məqamda idi ki, Allahdan nə istəsəydi, duası qəbul olardı. İsanın istəkləri insanların Allaha iman gətirməsi və Allahın verdiyi öz fitrətlərinə qayıtmaları üçün idi. O, çox səylə qoyunlarının bir-birindən ayrılmamasına çalışan pak qəlbli və mehriban bir çobana bənzəyirdi. Olmaya canavar onları yeyələr! Bəni-İsrailin yoxsul və məhrum insanları itmiş qoyunlara bənzəyirdilər. Münafiq kişilər isə canavar kimi idilər. Kasıb və yoxsulları oğurlayıb, ruh və canlarında Məsihin risalətinə olan iman nurunu məhv edirdilər. Bir gün Məsih həvarilərlə birgə yaxınlıqdakı təpələrin yanından keçirdi. O, Allaha imanı insanların arasında yaymaq istəyirdi. Bir su bulağının yaxınlığında oturdu. Həvarilər də onunla oturdular. Məsih onların ayaqlarını yumağa başladı. Həvarilər onun bu qəribə işinə təəccübləndilər. O həzrətə dedilər: -Ey Allahın elçisi! Niyə belə edirsən? Məsih çox təvazökarlıqla buyurdu: -Sizdən istəyirəm ki, insanlarla belə rəftar edin! Mənim sizinlə rəftar etdiyim kimi. Mən sizə xidmət göstərdiyim kimi siz də insanlara xidmət göstərin. Həvarilər acmışdılar. Amma, Məsih acdığı zaman bir qədər çöl otlarından yeyir və aclığı dəf edirdi. Amma, həvarilər bu işi görə bilmirdilər. Yalnız Məsih dünyaya rəğbətsiz insan idi. O özünü, nəfsi istəklərinə hakim olmağa alışdırmışdı. Həvarilər öz aralarında danışırdılar. Palçıqdan quş qəlibi düzəldən, sonra ona üfürüb, quşa çevirən, Azirin qəbri başında dua edib, onu dirildən Məsih Allahdan bizim üçün səmadan yemək göndərməsini istəyə bilər. Ona görə də dedilər: -Ey Məryəm oğlu İsa! Sənin Rəbbin bizim üçün göydən yemək göndərə bilərmi? İsa çox narahat oldu. O dedi: -Bunlar Allahın qüdrətinə şübhəmi edirlər? Onlara xəbərdardlıq edərək buyurdu: -Əgər imanınız varsa Allahdan qorxun. Dedilər: -Biz istəyirik o yeməkdən yeyək. Bilirik ki, sən bizə doğru deyirsən. Biz bu işə şahidik. Amma, bizim qəlblərimiz daha çox arxayın olsun deyə bu istəyi etdik. İnsanların qarşısında bu möcüzəyə şəhadət verəcəyik. Bu özü, sənin risalətinin doğruluğu üçün yeni bir sübut olacaqdır. Həm də səmavi yeməkdən yeyib, bərəkət götürmək istəyirik. İsa sakit oldu. Amma, nurani çöhrəsi kədərləndi. Gözlərindən səmavi nur parlayırdı. Məsih asimanların Rəbbinin dərgahına səcdə etdi. Sonra başını göyə qaldırdı. O pak vücudunun dərinliklərindən səsləndi: «İlahi! Bizim üçün səmavi yemək göndər ki, əvvəlimiz və axırımız üçün bayram və həmçinin səndən bir nişanə olsun. Bizə ruzi əta et! Sən ən yaxşı ruzi verənsən.» Göydə bir nur parlayıb, o məkanı bürüdü. İsa və həvarilər ürəklərinin dərinliklərinə gedən dəhşətli bir səs eşitdilər. O, ilahi vəhyin səsi idi. Onlara buyurdu: -Mən bu yeməyi sizin üçün göndərirəm. Amma, əgər bundan sonra sizin biriniz kafir olsa ona elə əzab edəcəyəm ki, heç kəsə belə əzab etməmişəm. Səmavi yemək nazil oldu. Onda ürək açan ruzi və bərəkət vardı. Çörək və ətlə dolu idi. Yeməyin ətri fəzanı bürümüşdü. Aclar və yeməyi üçün heç bir şeyi olmayanlar Məryəm oğlu İsanın yanına gəldilər ki, onlara da yemək yedirsin. Onlar da ləzzətli və ətirli yeməkdən yesinlər. Yedilər və doydular. O gün bütün camaat ən dadlı və ləzzətli yemək yedilər. DƏNİZİN SAHİLİNDƏ Bir gün Məsih məhrum və yoxsul insaların görüşünə getdi. Balıqçı o həzrəti görərək qışqırdılar: -Müəllim gəldi! Onlar nigaran yaşayırdılar. Çünki, öz torlarını dənizə salsalar da onlara heç bir şey nəsib olmamışdı. Onların bəzisi sahilin yanında oturmuşdular. Bəzisi balıq ovlayan qayıqlarda məyus halda dənizə baxır, bəziləri isə yelkənləri dolayırdılar. Ümidsizlik hər yeri bürümüşdü. İsa qayıqların birinə mindi. Ovçulara yenidən ov üçün hazır olmalarını tapşırdı. Yelkənlər yenidən qaldırıldı. Qayıqlar Məsihin qayığının arxasınca hərəkətə gəldilər. Qayıqlar dənizin bir nöqtəsində dayandılar. Məsih ovçulara işarə etdi ki, öz torlarını suya atsınlar. Gözlənilmədən torlar balıqla doldu. Yenidən atdılar. Yenidən balıqla dolu torları çölə çıxartdılar. Beləliklə qayıqlar balıqla doldu. Ovçular şən mahnılar oxuya-oxuya qayıdıb, verdiyi ne`mətlərinə görə Allaha şükür etdilər. ŞƏFA Bir gün həvarilərin biri Həzrət Məsihi öz evinə dəvət etdi. Həzrət onun dəvətini qəbul edib, onlara getdi. Yolda Məsih hərəkət edən və camaatın məsxərə etdiyi bir cavanı gördü. O cavan kar idi. Heç bir eşitmədiyindən bir söz də deyə bilmirdi. Heyrətlə insanlara baxırdı. Onlarsa ona gülürdülər. Məsih əllərinin içini məhəbbətlə onun başına və qulaqlarına çəkdi. Möcüzə baş verdi. O cavan ilk dəfə olaraq eşitməyə başladı. Camaatın istehza dolu sözləri bu macəraya təəccüb edən ifadələrlə əvəz olundu. Bə`ziləri Məsihə iman gətirib, o həzrətin adamlarına qoşuldular. Məsih dostunun evinə gedən yolunu davam etdirdi. Səhər çağı Məsih qapısının döyüldüyünü eşitdi. Daşlar dayanmadan qapıya vurulurdu. Həzrət çölə çıxdı. Dəri xəstəliyinə düçar olmuş bir kişini gördü. Camaat ona daş ataraq şəhərdən çıxmağa məcbur edirdilər. Uzaqdan ona daş atırdılar. Ona olan nifrətlərini bildirirdilər. Məsih mübarək əlini onu üzünə çəkdi. Duzun suda əridiyi kimi dəri xəstəliyinin əlamətləri də ondan getdi. O cavanın çöhrəsində sevinc göründü. Camaat Həzrət Məsihə tərəf qaçıb, ondan bərəkət götürdülər. HİYLƏ Məsih kasıb və yoxsul, məhrum və yazıq insanlara görə belə yaşayırdı. O, insanları nura doğru çağırırdı. O, mübarək Məhəmməd peyğəmbərin (s) gəlişini onlara xəbər verirdi. Onu Müəzzi (İzzət verən, mö`minləri əsarətdən qurtaran) adı ilə yad edərək deyirdi: «Tezliklə atanın («ata» sözü təhrif olunmuş incillərə sonradan əlavə olunmuşdur – tərcüməçi) mənim adımla göndərəcəyi müqəddəs ruhun Mü`əzzisi hər şeyi sizə öyrədəcək. O mənim sözlərimi sizin yadınıza salacaqdır». O həzrət Allah-təalanın Tövratda Musaya buyurduğunu onlar üçün oxuyurdu: «Sənin kimi onların arasından bir peyğəmbəri seçəcək və sözümü onun dili ilə bəyan edəcəyəm. O sifariş etdiyim hər şeyi onlara deyəcəkdir». Ona görə də yəhudilər düşmənçilik edirdilər. Onlar camaatı Məsihi öldürmək üçün təhrik edirdilər. Onun bərəsində şaiyə yayıb, deyirdilər: -O cadugərdir və həzrət Musanın dinindən çıxmışdır. Bir gün yəhudilər ibadətgaha tərəf getdilər. Məsih həvarilərlə orada idi. Onlar Məsihi öldürmək istəyirdilər. Hökumət məmurları işə qarışdılar. İsanı tutmaqda hakim Filatosun məqsədi fasiq yəhudiləri himayə etmək, İsanın fikir və peyğəmbərliyi barəsində araşdırma aparmaq idi. Məsih məmurlar tərəfindən saraya gətirildi. Onun arxasınca səs-küy qalxdı. Filatos nigaranlıq və qəzəbləri barəsində onlarla söhbət etmək üçün saraydan çıxdı. Onlar hər tərəfdən qışqırırdılar: -O kafirdir. -Dinsizdir. -Xəyanətkardır. Gözətçilər sarayın qapılarını bağladılar. Filatos diqqətlə Məsihin çöhrəsinə baxdı. İsanın gözlərindən səfa və səmimiyyət yağırdı. Öz-özünə dedi: «Belə bir cavan mütləq parlaq düşüncələrə sahib olmalıdır». Buna görə də Filatos üzünü həzrətə tutub dedi: -Bəziləri deyirlər ki, sən camaatı hökumətin əleyhinə təhrik edirsən. Məsih özünə etimadla dedi: -Mən camaatı ruhlarına qayıtmalarına dəvət edirəm. Dəvət edirəm ki, insan öz qardaşına ehsan və yaxşılıq etsin, yeganə Allaha ibadət etsin. Filatos yunan fəlsəfələrinin bəzi məzhəbləri barəsində mə`lumata malik idi. Ona görə də İsanın fikir və düşüncələrində Roma hökumətinə təhlükə yaradacaq bir şey görmədi. O, sarayın qapılarını açıb, Məsihi azad etdi. Amma, yəhudilər şayiə yaydılar ki, hakim Məsihin fikirlərinin təsiri altına düşmüşdür. O, padşaha xəyanət etmək istəyir. Onlar çirkin və nanəcib insanlar idilər. Onlar təkcə şayiə yaymırdılar, həm də məktublar yazıb, Romaya göndərir və padşahdan o hakimi vəzifəsindən uzaqlaşdırmağı xahiş edirdilər. Beləliklə, hərc-mərc bütün ölkəni bürüdü. Hakim işlərin onun əleyhinə başa çatacağından qorxaraq, yəhudilərlə razılığa gəldi və onları Məsihin barəsində azad buraxdı. Kin və düşmənçilikdə yanan yəhudi və keşişlər canavar kimi Məsihin axtarışında idilər. Onlar dişləri ilə onu parçalamaq istəyirdilər. Amma, günahına görə yox, onun insaniyyətinə görə. Allahın Musaya nazil etdiyi dinə bənzər həqiqi bir din gətirdiyi üçün. Yəhudi keşişlər hay-küylə Məryəm oğlu İsanı tutmaq barəsində söhbətə başladılar. Casuslar hər yerdə o həzrəti axtarırdılar. Məsihin gizlənməsi onların nigaranlığına səbəb olmuşdu. Çünki, o həzrətin vücudu onların mənafeləri üçün çox böyük təhlükə sayılırdı. Keşişlər həzrət Məsihi tapan və onu tutmaq üçün onlara məlumat verən adamlara hədiyyə və mükafatlar təyin etdilər. MƏSİHİN ƏZİYYƏTLƏRİ Məsih və anası çox əzab-əziyyətlərə dözdülər. Yəhudilər İsanın doğulduğu ilk günlərdən Məryəmə əziyyət verirdilər. Onların ürəkləri Allahın möcüzəsi ilə dirilmək əvəzinə Məryəmi pis işlərlə ittiham edir və deyirdilər: «İsanın atası Yusif Nəccar adlı bir kişidir». İsa böyüdükdən və Allahın risalətini öhdəsinə götürdükdən sonra hər yerdə onu təzyiq altında saxladılar. Onlar indi hökuməti onu öldürməyə təhrik etmişdilər. Onlar hakimi padşaha xəyanət etməsində ittiham edirdilər. Yəhudilər o həzrəti öldürməkdə yaşıl işıq aldılar. Hər yerdə onu axtarmağa başladılar. Roma hakimi də onu tutmaq və dar ağacından asmaq üçün əsgərlərdən ibarət bir dəstə təyin etdi. Bəs İsa harada idi? Məsih bəzi həvarilərlə bağda gizlənmişdi. Yemək yedikdən sonra həzrət ayağa qalxdı ki, öz ardıcıllarına təvazö və təvazökarlıq barəsində dərs versin. Onların əllərini yudu və buyurdu: -Mən bu işi etdim ki, sizin üçün nümunə olsun. Siz də insanlarla təvazökarcasına rəftar edin. O gecə Məsih xəyanət hiss etmişdi. Buyurdu: -Sizə xəbər verirəm. Tezliklə çoban gedəcək və qoyunlar tənha qalacaqlar. Xoruz üç dəfə banlamazdan əvvəl sizin biriniz mənə kafir olacaqdır. Həvarilər bir-birlərinə nəzər saldılar. Yəhuda Esxəryutinin gözlərindən xəyanət qığılcımı saçırdı. O qış gecəsində hava çox soyuq idi. Hamı yuxuya getdikdə Yəhuda yavaş-yavaş çölə çıxdı. O, qızıl və ləl-cəvahirat barəsində düşünürdü. Tezliklə əlinə yetişəcək mükafat barəsində fikirləşirdi. Ona görə də keşişlərin xəbər gözlədikləri ibadətgaha doğru getdi. Yəhuda böyük keşişin qulağına yavaşca nə isə deyib, bir ovuc qızıl sikkə aldı. Xoruz üç dəfə banladı. Kahinlər romalı əsgərlərə fərman verdilər ki, Yəhuda Esxəryutiylə birgə getsinlər. Yəhuda üzünü örtmüşdü ki, heç kəs onu tanımasın. O hərəkət etdi. Əsgərlər də onun ardınca hərəkət etdilər. Camaat məsələdən xəbərdar oldular. Hay-küy qalxdı. Onlarla mə`mur bağa daxil oldu. Həvarilər o yan bu yana qaçdılar. Allah iradə etdi ki, xaindən intiqam alsın. Ona görə də Məsihin oxşar sifətini Yəhudanın üzünə saldı. Yəhuda Məsihə oxşadı. Allah-təala Məsihi göylərə, onlardan uzaqlara apardı. Onu yəhudilərin çirkin hiylələrindən xilas etdi. XAÇ Romalı məmurlar Məsihi tuta bilmədilər. Onlar onu öncədən tanımırdılar. Çünki, qabaqca onu görməmişdilər. Amma, hay-küy və qalmaqal arasında gözləri Yəhudaya düşdü. Gördülər ki, Məsihin bütün əlamət və nişanələri onda vardır. Onu tutub, apardılar. Yəhudilər Məsihin əlindən çox tez rahat olmaq istəyirdilər. Ona görə də cəld onu Cəlcələ təpəsinə apardılar. İsanın sərgüzəştləri unudulsun deyə orada həmin İsaya oxşayan adamı dardan asdılar. Görəsən doğrudanmı məsələ bununla sona çatdı. Yox! Onun zühuru barəsində çoxlu şayiələr yayıldı. Bəlkə onu çox sevən yoxsul və kasıblar bu şayiələri yayırdılar. Bununla belə yəhudilər qorxu ilə yaşayırdılar. Çünki, Məsihin ölməsinə əmin deyildilər. Buna görə şayiə yayırdılar ki, Məryəm oğlu İsa öldürülmüş və dardan asılmışdır. Amma, həqiqət başqa cür idi. Allah-təala Qurani-kərimdə buyurur: «Onlar İsanı nə öldürdülər, nə də dardan asdılar. Lakin, məsələ onlar üçün dəyişildi. Şübhəsiz ki, onu öldürmədilər. Allah onu özünə tərəf ucaltdı. Allah qüdrətli və hikmətlidir». Məsih bir gün qayıdacaqdır... Nə vaxt? Vəd olunmuş gün. Əhli-beytin on ikinci imamı Məhəmməd Məhdinin (ə) qiyam edəcəyi gün. Məsih həzrət Məhdinin (ə) sözlərinə və ona şəhadət verəcək, haqq batilə qələbə çalacaq və hər yeri əmin-amanlıq və asayiş bürüyəcəkdir. Seyyid Kamal | |
Views: 825 | Downloads: 0 | Rating: 3.5/2 |
Total comments: 0 | |