Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər |
Hud peyğəmbər
2013-08-10, 5:25 AM | |
Hud peyğəmbər Ərəbistan yarımadasının xəritəsinə baxın. Onun sağ tərəfində geniş bir səhralıq görəcəksiniz. Ona Rub`ul-Xali deyirlər. Həyat əlamətlərindən tamamilə uzaq olan bir yer... Nə su, nə bitki... Amma, görəsən bu yerlər min illər bundan öncə də səhralıq olmuşdurmu? Yox. Bu vahiməli torpaqlar, məhsuldar yer və yaşıllıq olmuşdur. Arxeoloqlar orada qumların altında dəfn olunmuş qədim bir şəhərin qalıqlarını tapmışlar. Tarixdən qabaqkı dövrdə bu yerlərdə güclü Ad qəbilələri yaşayırmışlar. Bunlar ərəb qəbilələrindən olub, çox keçmiş zamanlarda orada sakin olmuşlar. Tarix onların barəsində bir söz demir. Yalnız Qur`ani Kərimdə bu barədə bə`zi mətləblər söylənilmişdir. Ad qəbilələri bitki və yaşıllıqla dolu olan o məntəqədə yaşayırdılar. Orada vaxtı-vaxtında yağışlar yağır, yer yaşıllaşır və səfalı olurdu. Hovuzları su ilə dolur, tarlalar gözəlləşirdi. Beləliklə onların torpaqları xurma və üzüm ağaclarıyla doldu. Tarlaları yaşıllaşdı, bağları genişləndi. O zaman insanlar ev və bina tikməyə çox diqqət göstərirdilər. Me`marlıq sənətində, qala və saray tikmək işində xüsusi məharətləri vardı. Onlar güclü və qürurlu insanlar idilər. Ne`mətin bolluğu onları azğınlığa çəkmişdi, ağıl və düşüncənin səsinə səs vermirdilər. Onlar büt və heykəllərə ibadət edirdilər. Öncə onları öz əllərilə düzəldir və sonra onlara pərəstiş edirdilər. Onlar öz ibadətgahlarını təpələrin başında tikib, heykəllərini orada yerləşdirirdilər. Onlar deyirdilər: -Bu bizim yaşıllıq allahımızdır. O, dəniz allahıdır. Bu quru allahıdır. Bu döyüş allahıdır. Buna görə də onlar qarşılarına çıxan bütün məsələlərdə onlardan kömək istəyirdilər. Əhqaf torpaqları yaşıllıq və çəmənlik idi. Onların heyvanları artdıqca naz-ne`mətə, xoşgüzəranlıq və əyyaşlığa, qürur və təkəbbürə daha çox qərq olurdular. Elə bilirdilər ki, bütün ne`mətlər onların allahlarındandır. Ona görə də qabaqkından daha artıq bütpərəstliyə alışırdılar. Onlar günahsızlara daha çox zülm etməyə başladılar. Əqidə və yaşayışlarında onlarla bir olmayanlara qarşı kobud rəftar edirdilər. Pak insanlar qorxu içində yaşayırdılar. Onlar zəif azlıqlar idilər, güc vasitələri isə mülkədarların əlində idi. Bütün sərvətlilər zalım idilər. Onların uca boyları, güclü əzələləri və bərk ürəkləri var idi. Elə bil ürəklərini daşdan düzəltmişdilər. O zaman, Allahın geniş dünyasının həmin nöqtəsində Hud (ə) yaşayırdı. O, saleh, mehriban və xeyirxah bir insan idi. Allah-təala onu peyğəmbərliyə seçib, qəbiləsinə tərəf göndərdi. Hud (ə) öz də`vətini yeganəpərəstliyə də`vət, bütpərəstlikdən, daşdan düzəltdikləri və heç bir xeyir və ziyanları olmayan allahların ibadətindən çəkindirməklə başladı. Hud (ə) Allah adamı idi və bütpərəstlərdən qorxmurdu. Onlar cismi cəhətdən güclü insanlar idilər, amma, Hudun (ə) güclü iradə və ruhiyyəsi var idi. O, Allahla idi və Allah da onunla. Allahsa hamıdan güclüdür. Hudun (ə) risalətinə iman gətirən pak insanlar çox az idilər. Zalım və əyyaşlar Hudu (ə) və onun risalətini məsxərə edirdilər. Onu nadan və dəli adlandırırdılar. Ad əhalisi Allahın peyğəmbərinə əzab-əziyyət verir, onu daim hədələyirdi. Hud (ə) öz də`vətini davam etdirdi. O həmişə öz qəbiləsinə nəsihət edir, Allahın ne`mətlərini və onun bərəkətlərini onların yadına salırdı. Amma, heç bir faydası yox idi. Onlar güman edirdilər ki, allahları onlara ruzi yetirir, yağış göndərir, ot və bitki bitirir, bərəkət verir və onlar artıb, inkişaf edirlər. Ona görə də dedilər: -Hud (ə) dəlidir. Allahlar ona nifrin etmişlər. Onlar Hudu (ə) öz də`vətini davam etdirərsə, pis aqibət və nəticə ilə qorxudurdular. Ona dedilər: -Allahlar səni cəzalandıracaqlar. Hud (ə) Ad zülmkarlarını və onların allahlarını mübarizəyə çağırırdı. Hud (ə) öz risalətini davam etdirdi. Zalımlar Hudun (ə) qarşısında bir iş görməyə aciz qalmışdılar. Ad camaatı iki dəstəyə bölündülər: Sayca çox az olan, Allaha və qiyamət gününə iman gətirmiş şəxslər və Hudun (ə) risalətinə kafir olub, öz tüğyan, təkəbbür, fəsad və azğınlıqlarını davam etdirənlər. Onların islah olunmalarına heç bir ümid qalmamışdı və eləcə öz azğınlıqlarında sərgərdan idilər QƏRİBƏ ŞƏHƏR - İRƏM Ad qəbiləsi o dövrdə dünyanın ən böyük şəhərini bina etdilər. O, İrəm şəhəri idi. Onun oxşarı heç bir yerdə tikilməmişdi. Şəhər uca binalar, bağ və bostanlarla dolu idi. Onu zülmkar və bütpərəst Şəddad tikdirmişdi. Orada yaşamaq üçün Şəddad, onu özünə cənnət olaraq düzəltdirmişdi. O güman edirdi ki, həmişə diri qalacaq və heç vaxt ölməyəcəkdir. O çox qüdrətli idi, odur ki, həmişə yaşayacağını xəyal edirdi. QITLIQ Yağış zamanı çatdı. Amma, yağış yağmırdı. Buludlar Əhqaf göylərindən keçib, uzaq məntəqələrə gedirdilər. Burada bir yerdə cəm olur və sonra dağılışırdılar. Ad camaatı çəmənliklərdən, əkin sahələrindən, dağ meyvələrindən və bostanlardan istifadə edərək öz günlərini keçirirdilər. Həmin il yağışsız keçdi. Onların məhsulları azaldı. Heyvanların bə`zisi aclıqdan məhv oldular. Bə`zi ağaclar qurudular. Ad camaatı bütlərə üz tutdular. Onlara ibadət edir və onların yanında qurban kəsirdilər. Amma, heç bir faydası yox idi. Yenə də yağış zamanı çatdı. Buludlar toplandı. Ad camaatı sevinib, şad oldular. Tünd rəngli buludlar idi. Bə`ziləri dedilər: -Bu buludlar yağış buludlarıdırlar. Amma, buludlar sür`ətlə dağıldılar. Bütpərəstlər öz qurbanlarının sayını artırdılar. Lakin, buludlar görünür, sonra isə itirdilər. Əsən küləklər yalnız onlar üçün qum gətirirdi. İMAN - XEYİR VƏ BƏRƏKƏT DEMƏKDİR Hud (ə) gəlib, öz qövmünə nəsihət etdi və onlara dedi: -Mən sizi sevirəm. Mən sizin xeyrinizi istəyirəm. O buyurdu: -Ey qəbilə! Allahınızdan bağışlanmaq istəyin və ona tərəf qayıdın! Tövbə edin ki, göyün yağışını ardıcıl olaraq sizin üçün göndərsin və gücünüzü artırsın. Ad camaatı Allah tərəfindən onlar üçün gəlmiş elçinin nəsihətinə qulaq asmadılar. Ondan üz çevirdilər, onu hədələdilər və qurban kəsib, allahlarının yanına qoymaqla məşğul oldular. Yağış zamanı keçdi. Amma, bir damcı yağış da yağmadı. Qıtlıq onların bütün torpaqlarını bürüdü. Onların yaşıl və səfalı yerləri səhraya çevrildi. Heyvanları tələf oldu, ağacları qurudu. Üçüncü il çatdı. Çox çətin bir il idi. Susuzluq özünün son həddinə çatmışdı və yalnız heyvanların işləməsi üçün kifayət idi. Əkin sahələri isə eləcə quru və susuz qalmışdı. Onlar hər gün öz ibadətgahlarına tərəf gedir, bütlərə ibadət edir və onların yanında ağlayıb, raz-niyaz edirdilər. Hud (ə) onlara nəsihət verib, Allaha imana də`vət edirdi. Çünki, o, təkliyi ilə hər şeyə qadir idi. Bütlərin isə heç bir dəyər və əhəmiyyətləri yox idi. Çünki, onlar yalnız bir neçə daş parçası idilər. DAĞIDICI TUFAN Üçüncü il yağışın yağma zamanı çatdı. Amma, quraqlıqdan başqa bir şey yox idi. Qıtlıq hər yeri bürümüşdü. Küləklər əsir və qum dalğalarını vaxtı ilə yaşıl və səfalı yerlər olan dərələrə tərəf itələyirdi. Əhqaf torpaqları qurqlığa qərq oldu. Hud (ə) həmişə camaatı Allaha imana və bütpərəstlikdən çəkinməyə də`vət edirdi. O deyirdi: -Allah-təala qüdrətlidir. Yağış göndərən, yeri öldükdən sonra dirildən odur. Qüdrətli Allah o şəxsdir ki, dərələrə, çöllərə və çəmənliklərə yaşıllıq, səfalıq və təravət bəxş edir. Bütlər eşitməz daşlardılar. Onların xeyir və ziyanları yoxdur. Ad qəbilələri onun risalətinə iman gətirməyib, zalım hakimlərinə itaət edirdilər. Bə`zi pak insanlardan savayı heç kəs Huda (ə) iman gətirmədi. Üçüncü ildə də Əhqaf sakinləri göyə baxır, bulud və yağış gözləyirdilər. Səma təmiz və mavi idi. Buluddan əsər-əlamət yox idi. Bütpərəstlər daha çox qurban vermək fikrinə düşdülər. Güman edirdilər ki, ne`mət bolluğu Allahı, onları qıtlıq və quraqlıqdan xilas edəcəkdir. Lakin, bir xəbər yox idi. Hud (ə) gələrək sonuncu dəfə onlara nəsihət verdi. Onları tövbəyə, Allaha tərəf qayıtmağa də`vət etdi: Yağış göndərən və bolluq illərini əta edən yeganə Allaha doğru. Amma, Ad qövmü Hudu (ə) çıxararaq ona dedilər: -Get, ey dəli! Sən yalançı adamsan. Əgər doğru deyirsənsə Allahın bizim üçün əzab göndərsin. Biz heç vaxt allahlarımızdan əl çəkməyəcəyik. Bizim allahlarımız bizə ruzi yetirir, yağış göndərir, torpaqlarımızı məhsuldar edir və qoyunlarımıza bərəkət verirlər. Onlar bu işləri heç vaxt unutmurlar. Hud öz qəbiləsinin halına yanırdı. O istəyirdi ki, onlar iman gətirib, dəyərli və səadətli həyat yaşasınlar. Saatlar keçdi, üfüqdə qorxulu qara buludlar göründü. Buludlar get-gedə irəlilədilər və bütün Əhqaf səmasını bürüdülər. Ad tayfası buludları görərək şad olub, sevindilər və dedilər: -Allahlar bizim dualarımızı qəbul etdilər. Bizim üçün yağış yağan buludlar göndərdilər. Tezliklə yer yaşıl və səfalı olacaqdır. Yaşıllıq bağ və bostanlara qayıdacaqdır. Hud əzabın qəti nişanəsini görərək dedi: -Yox! Heç vaxt! Bu çatmasına tələsdiyiniz şeydir. Onda dərdli əzab olan bir küləkdir. O, hər şeyi viran edəcək. Hud dağa sığındı. Mö’minlər də ora sığındılar. Əzab çox yaxınlaşdı. Zaman keçirdi və bütpərəstlər toplaşmış qara buludlara diqqətlə baxaraq yağış gözləyirdilər. Amma, faydasız idi. Soyuq küləklər əsməyə başladı. Tezliklə dağıdıcı tufan hərəkətə gələcəkdi. Göydə işıqlar parlamağa və qorxulu ildırımlar çaxmağa başladı. Buludların gurultusu başlandı. Göy gurultusu elə möhkəm və qorxulu idi ki, kafirlərin ürəklərini titrətdi. Bütpərəstlər qorxaraq öz evlərinə sarı qaçdılar. Onlar ümidsizliklə buludlara baxırdılar. Hudun sözləri, onun nəsihətləri barədə fikirləşmirdilər. Yalnız daş heykəllərə baxırdılar. Onlar bu inamda idilər ki, o eşitməz daşlar onlara ruzi bağışlayır və onlara xeyir, bərəkət və ne’mət bolluğu əta edirlər. Allahın qəzəb tufanı başlandı. Küləklər ağır, quru və olduqca soyuq idilər. Yağış və bulud gətirən küləklər deyildilər. Onlar çox güclü külək və qum topalarının tufanı idilər. Dəhşətli saatlar keçdi. Tufan sakitləşmək bilmirdi. Qum dalğaları dərəyə tərəf gedirdilər. Ad qəbiləsi öz güc və qüdrətlərinə çox güvənirdilər. Onlar güman edirdilər ki, qıtlığa, quraqlığa və tufana qələbə çalacaqlar. Elə bilirdilər ki, tufan axşam və ya sabah sakitləşəcəkdir. Çərşənbə günü səhər daha güclü küləklər əsməyə başladı və yeddi gecə səkkiz gün eləcə möhkəm əsdi. Tufan çərşənbə günü səhər sakitləşərək dayandı. O gözəl və səfalı şəhəri qumla hamarlaşdırmayınca, gözəl İrəm şəhərini qumlar altda dəfn etməyincə, sakitləşmədi. Evlər bir-birlərinə dəydi. Çox güclü və möhkəm olan mərmər sütunları töküldü. Hudun risalətinə kafir olanlar yerdə qumların üzərində çırpınırdılar. Onların uca qamətləri vardı. Buna görə də quru xurma ağacının gövdələrinə bənzəyirdilər. Heykəllər üzü üstə yerə düşdülər və parça-parça oldular. O bütpərəst ibadətgahı xarabalığa çevrildi. Allahın nifrini onları tutdu. Onlar zalım və qürurlu insanlar idilər. Onların ürəklərində zərrə qədər də rəhm və mərhəmət yox idi. Onların yaşayışı başdan ayağa əbəs və bihudəlik idi. Hətta öz saraylarını tikdikləri zaman belə bu işləri yalnız əbəs yerə və faydasız olaraq yerinə yetirirdilər. Heç vaxt onlardan istifadə etmirdilər. Ona görə də Allah küfrlərinə və mö’minlərə etdiyi zülmlərinə görə onlara qəzəbləndi; onları həlak edib, Hud və ona iman gətirənləri xilas etdi. Onları azad etdi ki, insanlar öz fitrət və təbiətlərinə qayıtsınlar və xeyir-bərəkət, firavanlıq və ne’mət bolluğu ilə dolu olan yeni insan həyatlarına başlasınlar. Bismillahir-Rəhmanir-Rəhim. "Biz Ad qövmünə onların qardaşları olan Hudu göndərdik. Onlara dedi: -Ey qövm!Allaha pərəstiş edin, ondan başqa sizin üçün bir mə’bud yoxdur. Sizsə yalnız töhmət vurursuz. Ey qövm! Mən bu risalətim üçün sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradan şəxsin öhdəsinədir. Anlamırsınızmı? Ey qövm! Allahınızdan bağışlanmaq istəyin. Sonra tövbə ilə ona doğru qayıdın. O sizə səma yağışını göndərər. Gücünüz üstünə güc əlavə edər. Amma, günahkarcasına haqdan üz çevirməyin. Dedilər: -Ey Hud! Sən bizim üçün aydın sübut gətirməmisən və biz öz alllahlarlarımızı sənin sözünlə buraxmayacağıq. Biz əsla sənə iman gətirməyəcəyik. Biz sənin haqqında yalnız bunu deyirik: ”Bizim bə’zi allahlarımız sənə ziyan vurmuş, ağlını aparmışlar”. Hud dedi: -Mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən sizin Allaha qoşduğunuz şəriklərdən uzağam. Ondan başqa ibadət etdiyiniz bütün şeylərdən uzağam. İndi ki, belədir, hamılıqla mənə qarşı plan çəkin və mənə fürsət verməyin. Amma, bilin ki, əlinizdən heç bir iş gəlməyəcəkdir. Mən özümün və sizin rəbbiniz olan Allaha təvəkkül edirəm. Allah bütün canlılara hakimdir. Mənim Rəbbim doğru yoldadır. Ona görə də əgər üz çevirsəniz, bilin ki, mən üzərimə düşən risalətimi sizə çatdırdım və Rəbbim sizin yerinizə başqa bir dəstəni gətirər, sizsə ona azca zərər belə yetirə bilməzsiniz. Mənim Rəbbim hər şeyin qoruyanıdır. Bizim əmrimiz yetişən zaman Huda və ona iman gətirən şəxslərə öz rəhmətimizlə nicat verib, onları ağır əzabdan xilas etdik. Bu Ad qövmü Allahın ayələrini inkar edib, peyğəmbərlərinə günah etdilər və haqqın düşməni olan hər bir zalıma itaət etdilər. Bu dünyada və Qiyamət günü onlar üçün lə’nət və pis adlar vardır. Bilin ki, Ad qövmü öz Rəbbinə kafir oldu. Hudun qövmü Ad Allahın rəhmətindən, xeyir və səadətdən uzaq olsun! Kamal əs-Seyyid | |
Views: 859 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |