Bazar günü, 2024-12-22, 10:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 28 » YENİ ÜMİD QAPISI
4:33 AM
YENİ ÜMİD QAPISI



Balaca Fatimə həmişə oldugu kimi, rəngli qələmləri ilə məşğul idi. Bu, onun ən sevimli əyləncəsi idi. Son zamanlar ən çox çəkdiyi rəsmlər - məktəb, parta, məktəb formasında həyətdə oynayan uşaqlar idi. Bu gün də o, öz məktəbinin binasınin rəsmini cızırdı. İri açılan qoşa qapının üzərində "Xoş gəlmisiniz” kəlməsini də yazmağı unutmadı. Bu kəlməni yazarkən, qızcığazın köksündən bir ah çıxdı. Axı bu qapiların çoxdandı onun üzünə açılmasının həsrətini çəkirdi. Düzdü, indi tətildi. Bütün məktəblilər iki aydır ki, doğma məktəbləri ilə müvəqqəti olaraq vidalaşıblar. Amma Fatimə öz sinif yoldaşlarından fərqli olaraq, səkkiz aydır ki, oz partasından, doğma məktəbindən qoparılıb.

Qəfil döyülən qapının tıqqıltısı qızcığazı qurduğu xəyal aləmindən qopardı. Qapıya qaçdı. Gələn anası idi. Anası həmişəki kimi onun yanağından öpdü. Bu gün anası çox sevincək idi. O, hətta anasının gözlərinin parıltısında öz əksini gördü. Neçə müddət idi ki, anasını belə şən görmürdü.

Anası nənəsinə xitab edərək:

Anacan, yaxşı xəbərim var. Yeni bir ümüd qapısı açıldı.
Nə baxımdan, qızım?
Məktəblərdə qoyulan hicab qadağasını deyirəm.
İcazə verdilər?
Hələ yox, amma deyəsən inşaallah, tezliklə həll olacaq. Bu gün yeni başlanan "100 000 imza” kampaniyası barədə məlumat aldım.
Bu, nə deməkdir?
Ay ana, xalqımız bir olub cəmlə balalarımızın yaranmış problemini həll etmək üçün çalışacaq.
Fatimənin anası məsələni təfsilatı ilə izah etdikcə, balaca qızın həyacandan şişmiş ürəyi sanki sinəsinə sığmırdı. Anası sözünü bitirən kimi, tez ondan soruşdu:

Anacan, neçə imza blankı götürdün?
Beş.
Elə beş? Niyə belə az?
Qızım, bunu doldurub təhvil verək, inşaallah yenə götürərik.
Artıq Fatimənin tam olaraq bürüyən yeni bir ümüd sevinci onun kiçik beynini məşğul edirdi. O, plan cızırdı. Hara gedəcək, kimlərdən imza atmağı xahiş edəcək.

İlk olaraq evdə olan hamı ilk blankın sətirlərini dolduraraq imzaladilar. Sonra ən yaxın qohumlarını ziyarət etməyə və imza toplamağa getdilər. Bu münvalla bir gün ərzində artıq üç blankı doldurdular.

Sabahdan iş günü olduğundan, anası işə gedəcəkdi. Bu fikirdən Fatimə kədərləndi. Anası qızının əhvalının dəyişdiyini görüb, ona yaxınlaşdı.

Qızim yoruldun?
Xeyir ana, nə yorulmaq! Heç bir az da yorulmadım.
Bəs niyə kefin yoxdur?
Axı sən sabah işdəsən. Evə axşam yorğun gələcəksən. Bəs biz necə imza toplayacağıq?
Anası bir az fikrə gedib, gülümsəyərək cavab verdi:

Sən narahat olma. İş günlərində axşamlar qonşularımızı ziyarət edərik. Onlardan bizə dəstək olmağı xahiş edərik.
Anacan, axı sən heç vaxt qonşudan heç nə xahiş etməmisən. Bunu mənə görə edəcəksən?
Mənim balam, əlbəttə, ən əsası Allahın razılığinı qazanmaq üçün və mənim balalarımın probleminin həll olmasına görə edəcəyəm.
Balaların? Axı mən sənin tək qızınam.
Qızım, sənin kimi aylardır məktəbə getməyən çoxlu qızlar var. Onlar da mənim balalarımdı. Bu blanklara imza atan və atacaq insanlarln əksəriyyətinin evində bu problem yaşanmır. Lakin biz hamımız azərbaycanlıyıq. Bir-birimizə bacı-qardaşıq. Çətin günümüzdə bizə dayaq olub səsimizə səs verərək öz imzalarini atanlar da başa düşürlər ki, vətəndaşlıq, qardaşlıq borclarını yerinə yetirirlər. Allah hamısından razı olsun!
Beləcə onlar götürdükləri blankları doldurub təhvil verir, yeni boş blankları doldurmağa davam edirdilər. Hər səhər və axşam Fatimə kompüter vasitəsilə artan imza sayını izləyirdi. Bu işdə onun və yaxınlarının da əməyi olduğundan, çox xoşbəxt idi.

Bu axşam o yenə "Dəyərlər” saytını açaraq, səbirsizliklə nəticəni gözləyirdi. Yenilənən rəqəmə baxıb, inanmadı.

Çünkü artıq 100 000 imza tamam olmuşdu! Gözləri sevincdən yaşardı. Qeyri-ixtiyari olaraq balaca əllərini yuxarı qaldıraraq "Allahım, şükürlər olsun Sənə! Bizə ümüd qapısını açdığına görə. Özün kömək ol bu toplanan imzalar, əziyyətlər hədər olmasın! Mən və mənim kimi məktəbindən ayrı düşmüş bütün qızlar öz sinif yoldaşları ilə birgə sentyabrda dərsə gedə bilək!”.

Onun bu duasına evdə oturanlar "amin” dedilər.

Gəlin biz də "amin” deyək balaca Fatimələrin, Zəhraların, Zeynəblərin, ... duasına ki, Allah o kiçik dodaqlardan səslənən bu həzin duanın cavabında "Kun!” desin, inşaallah. 

Rübab Ələmdar,

/Deyerler.org/
Category: Diger me'lumatlar | Baxış: 730 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]