Cümə axşamı, 2024-11-21, 9:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 25 » YALAN
3:54 PM
YALAN
 
 
YALAN

1-Əxlaqın dəyər və əhəmiyyəti.
2-Yalanın vurduğu müxtəlif zərərlər.
3-Dinin yalana olan baxışı.

      Hər bir millətin ictimai həyatı üçün zəruri olan məsələlərdən biri də əxlaqdır. Əxlaq, bəşərin ömrü ilə bərabər və onunla birgə yaradılmışdır. Heç bir şüurlu insan asayişin təmin olunması, cəmiyyətin islah və inkişafı üçün əxlaqın zəruri olduğuna şübhə etmir. Hansı normal insan əhdə vəfa etməkdən, əmin-amanlıqdan və haqdan üz döndərərək öz xoşbəxtliyini xəyanət və haqsızlıqda axtarar? Əxlaqın dəyər və əhəmiyyəti barədə yalnız bunu demək kifayətdir ki, istər inkişaf etmiş, istərsə də geridə qalmış hər bir millət əxlaqi dəyərlərə böyük hörmət və ehtiramla yanaşır.
        İnsan yaşadığı enişli-yoxuşlu həyatda bir sıra qanun-qaydalara tabe olub onlara riayət etməyi özü üçün zəruri hesab edir. O, müxtəlif zaman və şəraitlərdə yaşamasına baxmayaraq bir-birinə oxşar əxlaqi dəyərlərə yiyələnmiş və illər, əsrlər ötüb keçsə də bu günədək həmin dəyərləri qoruyub saxlaya bilmişdir. Məşhur ingilis alimi "Samuel Smaylz" deyir: "Əxlaq dünyanı hərəkətə gətirən ən böyük qüvvədir. Əxlaq, insaniyyətin həqiqi tə’rifi olduğu üçün ən gözəl surətdə özünü büruzə verdikdə insanın təbiətini ən yüksək formada təcəssüm etdirir. Həyatın bütün sahələrində uğur və müvəffəqiyyətə nail olan və nisbi üstünlüyə malik olan şəxslər başqalarının diqqətini özlərinə cəlb edir və onların hörmət və ehtiramını qazanırlar.
           Bütün gözəl xüsusiyyətləri özlərində cəm etdikləri üçün başqalarına örnək və nümunə olurlar. Əgər onlar bu dünyada olmazlarsa yaşamaq qeyri mümkün bir hala çevrilər. Bəşəriyyəti haqq və təqvaya hidayət edən bu şəxslər nur tək onların yoluna işıq saçır və səadətə çatmağa səbəb olurlar. Bunun üçün də onlara hər bir şəxsin hörmətlə yanaşması onun insanlıq borcudur. Cəmiyyət nə qədər ki, gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməyib, hüquq və siyasi ixtiyarları nə qədər geniş olsa da belə, yenə də tərəqqi və irəliləyişə nail ola bilməz və əgər hər hansı bir millət azad və başı uca yaşamaq istərsə heç də hökmən geniş əraziyə malik olmamalıdır. Çünki geniş əraziyə malik olsa da, bəzən təkamül üçün lazım olan şəraitdən məhrum olur. Əxlaq və mənəviyyatdan məhrum olan hər hansı bir millət isə tez bir zamanda zəifləyərək süquta uğrayır. "
            Yuxarıda qeyd olunanlar nəzəri baxımdan hamı tərəfindən yekdilliklə qəbul olunur. Lakin əməli olaraq həyata keçirilib-keçirilmədiyinə gəldikdə, insanların elmlə əməl arasında böyük fasilə yaratdıqlarının şahidi oluruq. Belə ki, insanların bir çoxu əxlaqi dəyərləri nəfsani istəklərə qurban verərək daim aldadıcı naz-nemətlər fikrində olurlar. Bəşəriyyət yaradıldığı ilk gündən özü ilə bir-biri ilə zidd olan xüsusiyyətlər gətirmişdir. Onun xeyirlə şərin mübarizə meydanı olan qəlbi qəzəb və şəhvət hisslərinə də hakim olmuşdur. Sair nəfsani istəklərin mənşəyi də məhz odur.
            Bunun üçün də insan heç nədə ifrata varmamalı və sərt davranışını gözəl və ürəyəyatan əxlaqi dəyərlərlə əvəz etməlidir. Bu bir həqiqətdir ki, yüksək əxlaqi xüsusiyyətlərə malik olan insan gözəl davranışının tez bir zamanda müsbət nəticəsini görür. Lakin onun həqiqi müsbət nəticələrini Allahın qarşısında təslim və Onun əmrlərinə tabe olduqda görür. Psixoloqlardan biri deyir: "İnsanın hissiyyatları iki hissədən ibarətdir. Onun bir hissəsində təziqedici qüvvə, digər hissəsində isə müqavimət duyğuları özünə yer etmişdir. Müqavimət duyğularına güc gələ bilən hər bir qüvvə dərhal vücudumuza öz təsirini qoyur və bizi özünə tabe edir. "
Daxili hisslərinə nəzarət edib istəklərini ağıl və məntiqlə ayaqlaşdırmağa nail olan şəxslər, necə deyərlər, qəlblə ağıl arasında sülh bərqərar etmiş olurlar. Buna nail olan şəxslər təbii ki, xoşbəxtlik və səadət yolunu bir çox çətinliklər arasından süstlük göstərmədən azad iradə ilə qət etmişlər. Bəşər elm və texnikada ağlasığılmaz nailiyyətlər edib öz qüdrətini dənizin dərinliklərində də nümayiş etdirsə də, lakin hələ də müasir sivilizasiya çətinliklər qarşısında acizdir. Bu çətinliklər bəşəriyyəti hərc-mərcliyə, tamahkarlığa və nəzmsizliyə düçar etmişdir. Bütün bunların ən başlıca səbəbi isə ruhi düşkünlük və əxlaqi dəyərlərdən uzaq düşməkdir. Jul Roman deyir: Hal-hazırkı dövrdə elm çox inkişaf etmişdir, lakin daxili istəklərimiz hələ də özünün ibtidai mərhələsində dayanmışdır. Əgər onlar da elm və şüurumuzla çiyin-çiyinə irəliləsəydi, deyə bilərdik ki, fikir və iradədən meydana gələn mədəniyyət də inkişaf etmiş və tərəqqiyə nail olmuşdur.
           Bəli, əxlaqi dəyərlərə üstünlük verməyən mədəniyyət onun görüşlərinə birdəfəlik xətt çəkmiş olur və nəticədə öz əli ilə özünə quyu qazmış olur. Cəmiyyətdə nöqsan və bədbəxtçiliklərin mövcud olması onun əxlaqi dəyərlərə ehtiyac duyduğundan xəbər verir. Əxlaq isə yorğun və heç bir taqəti olmayan mədəniyyətə yeni bir həyat bəxş edir.

YALANIN VURDUĞU MÜXTƏLİF ZƏRƏRLƏR

       Düz danışmaq nə qədər gözəl və xeyirlidirsə, yalan danışmaq da bir o qədər zərərli və xoşagəlməzdir. Düz danışmaq ən gözəl xüsusiyyətlərdən biri, yalan danışmaq isə ən pis və xoşagəlməz xüsusiyyətlərdəndir. Dil, qəlbin sirrini deyən və daxili hissləri bəyan edən bir vasitədir. Yalana həsəd və ədavət səbəb olduqda, verdiyi nəticələr olduqca ağır və acınacaqlı olur.
      Əgər dil yalan danışmağa adət edərsə, viranedici tufantək insanın şəxsiyyətinə ağır zərbə vurub onun şərəf sarayını qarət və yerlə yeksan edər.
           Yalan insanda xəyanət və nadanlıq ruhiyyəsini gücləndirir və vicdan alovunu onun qəlbində söndürür.
           Yalan birlik və həmrə’yliyə son qoyub cəmiyyətdə ixtilaf və qarşıdurma köklərini salır. İnsanın haqdan uzaq düşməsinə səbəb olan əsas amillərdən biri də onun həqiqətdən uzaq olan iddialarıdır. Həris insanlar öz məqsədlərinə çatmaq üçün öz yalanları ilə həqiqətin üzərinə qalın pərdə çəkər və şirin dillərini işə salaraq sadəlövh insanları özlərinə əsir edərlər.
          Yalançı insanlar özlərinə fikirləşməyə macal vermirlər və kimsənin onun dediklərindən agah olmadığını güman etdiyi üçün heç nəyin dərinliyinə varmırlar və bunun üçün söhbətlərində dəfələrlə səhvə yol verir və bir-birinə zidd olan sözlər deyirlər. Nəticədə isə böyük rüsvayçılıqla üzləşib xəcalət çəkməli olurlar. Demək; "Yalançının yaddaşı olmaz"-misalı heç də əsassız deyildir.
            Cəmiyyətin əxlaqına ağır zərbə vuran bu xoşagəlməz xüsusiyyətin meydana gəlməsinə səbəb olan əsas amillərdən biri də "məsləhət görülən yalanlar" adını almış yalanlardır. Camaat adətən həqiqətin üzərinə pərdə çəkmək və öz xoşagəlməz işlərinə don geydirmək üçün ona arxalanırlar. Lakin onlar bunu bilməlidirlər ki, din və məntiq buna yalnız bəzi hallarda icazə verir. Məsələn, əgər hər hansı bir müsəlmanın canı, malı və ya namusu xətərlə üzləşərsə, əldə olan imkanlardan istifadə edib - hətta yalan danışmalı olsaq da belə - onun canını və ya ona aid olan şeyləri (mal və namusu) qarşılaşdığı təhlükədən qorumalıyıq. Lakin eyni zamanda həddi aşaraq ifrata da varmamalıyıq. Əgər bunun əhatə dairəsini genişləndirib öz istək və maraqlarımız üçün də istifadə edəriksə, artıq məsləhətli yalan üçün heç bir səbəb olmayacaqdır.
          Məşhur yazıçılardan biri deyir: "Hər şeyin bir dəlili vardır və görülən hər bir iş üçün dəlil gətirə bilərik. Hətta cani və cinayətkarlar belə mühakimə olunduqları zaman özlərini müdafiə etmək üçün müxtəlif dəlillərə əl atırlar. Bunu da qeyd etmək lazımdır ki, bütün yalanlar məsləhət üzündən deyilir, yəni yalan deyən şəxs ilk növbədə öz şəxsi mənfəətini nəzərdə tutur və əgər heç bir mənfəət nəzərdə tutulmazsa, deyilən yalanlar heç bir əhəmiyyət kəsb etməyib başqaları üçün də bir o qədər təhlükəli olmayacaqdır. İnsan fitri olaraq öz şəxsi mənafeyi ilə müvafiq olan hər bir şeyi xeyirli hesab edir. Deməli, nə qədər ki, insan düz danışmaqla şəxsi mənafeyinə xələl gələcəyini təsəvvür edir, yalanın ona xeyir verdiyini görüb yalan danışmağa başlayacaqdır. Çünki, o yalanda xeyir və mənfəət, düz danışmaqda isə zərər görür.
            Bunu da unutmamalıyıq ki, yalan olduqca böyük bir təhlükədir. Lakin yalan danışmağa lazımi şərait yaranar və yalan danışmaqla meydana gələn təhlükə aradan qaldırılarsa, əksinə olaraq təhlükəyə səbəb olan şəxslərə ağır zərbə vurulmuş olunur.
        Bəyan azadlığı, fikir azadlığından daha çox əhəmiyyət kəsb edir. Çünki, tərzi-təfəkkürdə hər hansı bir çətinlik meydana gəldikdə yalnız şəxsin özünə mənfi təsir göstərir. Lakin bəyan azadlığı ictimai məsələləri əhatə etdiyi üçün xeyir və zərər də hamıya şamil olur.
           Qəzali deyir: "Dil, Allahın bizə bəxş etdiyi böyük nemətlərdən biri və olduqca incə və zərif bir bədən üzvüdür. Bu bədən üzvü çox kiçik olsa da, lakin onu idarə etmək və buraxdığı səhvləri bərpa etmək çətin və ağır olur.
          Çünki küfr və iman məhz onun şəhadət verməsi ilə aşkar olur və bu iki şey (küfr və iman) insanın Allaha tabe olub və ya Ona qarşı çıxmasından xəbər verir. Dilin şərrindən yalnız o kəslər yaxa qurtara bilir ki, onu din yüyəni ilə əlində saxlayıb yalnız dünya və axirətinə xeyir verəcəyi təqdirdə buraxmış olsun.
         "Yalanın, uşaqların zehnində yer etməməsi üçün heç vaxt onlara yalan deməməliyik. Çünki uşaqlar adətən ünsiyyətdə olduqları şəxslərin rəftar və davranışlarını götürürlər. Əgər yalan uşağın tərbiyəsində ən başlıca rol oynayan ev mühitinə nüfuz edərsə və valideynlərin rəftar və davranışları da əxlaqi dəyərlərin tam ziddinə olarsa, heç vaxt uşaq düzgün tərbiyə ala bilməyəcəkdir. Moris Teylisin dediyi kimi: "Düzgün danışmağa, həqiqət barədə fikirləşməyə və yalnız həqiqət ardınca getməyə adət etmək yalnız o kəslərin işidir ki, uşaqlıqdan belə tərbiyə olunsunlar. "

DİNİN YALANA OLAN BAXIŞI

      Nəhl surəsinin 105-ci ayəsində Qurani
-Kərimin yalana olan mənfi münasibəti və yalançının həqiqi müsəlman cəmiyyətindən uzaq olması barəsində deyilir: "Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar.”
            Peyğəmbər (s) buyurur: "Sizləri düz danışmağa tövsiyə edirəm. Bu bir həqiqətdir ki, düzlük insanı xeyirxahlığa, xeyirxahlıq isə insanı cənnətə qovuşdurar. Yalnız həqiqəti deyib, həqiqət axtaran şəxslər Allah-taalanın nəzərində düz danışanlardan hesab olunarlar. Yalan danışmaqdan çəkinin. Yalan insanı günaha, günah isə insanı cəhənnəmə sürükləyir. Yalan danışan şəxslər isə Allahın nəzərindən düşər və Onun dərgahında yalançılardan hesab olunarlar."
            Yalançı şəxslərin ən bariz xüsusiyyətlərindən biri də başqalarının dediklərinə gec inanmalarıdır. Peyğəmbər (s) dən bu haqda nəql olmuş hədisdə deyilir: "Düz danışan şəxslər başqalarının dediklərinə tez inanar, yalançı şəxslər isə başqalarını da yalançı hesab edər. "
Samuel Smaylz deyir:
"Bəziləri özlərinin xoşagəlməz xüsusiyyətlərini başqaları ilə müqyaisə edirlər. Lakin bilməliyik ki, başqaları rəftar və davranışlarımızı ayna tək özündə əks etdirir və onlarda müşahidə etdiyimiz yaxşı və ya pis davranışlar bizim öz rəftar və davranışlarımızdır ki, onlarda in’ikas olunmuşdur.”
          Əxlaqi dəyərlərə yiyələnən hər bir şəxs heç vaxt yalan danışıb özünü günah çirkabında aludə etməz. Yalançı şəxslərin zahir və batinində haqq yoldan uzaq olan psixoloji çatışmazlıq vardır. Yalana, özlərində zəiflik və süstlük hiss edən şəxslər əl atırlar. Yalan, qorxaq və bacarıqsız şəxslərin sığınacaq yeridir. Əli (ə) bu barədə buyurur:
"Əgər əşyaları oxşarlıq və bir-birlərinə olan bağlılıq baxımından kənar-kənara qoysaq, düzlük şücaətin, yalan isə qorxaqlığın kənarında duracaqdır. "
     Raymon Piç deyir:
"Yalan, bacarıqsız insanların ən gözəl müdafiə və təhlükədən qorunma vasitəsidir. Bunun üçün də ağdərili insanların tabeçiliyində olan müxtəlif qara dərili millətlər arasında yalan daha çox yayılmışdır. Yalan, zəiflik və bacarıqsızlığın təcəllisidir. Uşaqdan: "konfetlərə sən dəymisən?", ya "güldanı sən sındırmısan?" – deyə soruşduqda, etiraf etdikdə cəzalandırılacağını bildiyinə görə" – xeyr, mən etməmişəm" deyərək özünü müdafiə etməyə məcbur olacaqdır."
          Əli (ə) başqa bir yerdə düz danışmağın üstünlük və verdiyi müsbət nəticələr barədə buyurur: "Düz danışan şəxslər üç şeyi əldə edərlər: camaatın etimadını qazanar, onu səmimi dost kimi qəbul edər və qəlblərində böyüklüyünə yer verərlər."
         İslam insanın fəzilətini onun düzlüyündə və düz danışmağında görür.
     İmam Sadiq (ə) bu haqda buyurur:
"Bəzilərinin çoxlu namaz qılıb oruc tutmalarına aldanmayın. Çünki, ola bilsin onlar buna vərdiş etsin və vərdiş etdikləri şeydən əl çəkmək onlar üçün çətin olsun. İnsanları əmanətə vəfadar olmaları və düz danışmaları ilə sınayın və bir-birləri ilə müqayisə edin. "
Əli (ə) buyurur: "İnsan üçün ən pis xüsusiyyət yalan danışmaqdır. "
Samuel Smaylz deyir: "İnsana yaraşmayan xüsusiyyətlərdən ən pisi yalan danışmaqdır. Düzlük və səadət insanın yeganə məqsədi olmalı və heç vaxt onu digər məqsədlərinə qurban verməməlidir. "
           İslam, bütün əxlaqi proqramlarını iman üzərində qurmuşdur və onu bəşəriyyətin səadət və xoşbəxtliyi üçün ən başlıca amil hesab etmişdir. Əxlaqsız iman - Dekartın dediyi kimi - bataqlıq üzərində tikilən saraya bənzəyir. Alimlərdən başqa biri isə bu barədə deyir: "Dinsiz əxlaq, qayalıq və ya kolluğa düşmüş və orada quruyan toxuma bənzəyir. Ən gözəl əxlaq belə, əgər dindən ilham almazsa, hərəkətsiz ölütək kimsəyə fayda verməz. "
           Din qəlb və şüur adlanan iki daxili ölkəyə hökmranlıq edir. Elə buna görə də sülh və asayiş mərkəzi qəlb və beyinin özüdür. İnsanda dinə maraq və rəğbətin artması maddiyyatın nüfuzunun zəifləməsinə səbəb olur. Bu isə insanla bir çox xoşagəlməz xüsusiyyətlər arasında böyük bir maneə yaradır. İman və təqvaya arxalanan şəxs daim aramdır və müəyyən hədəfə malik olur. İslam, iman və əxlaqi dəyərləri insanın şəxsiyyəti üçün meyar təyin etmiş və eyni zamanda onların güclənməsinə böyük diqqət yetirmişdir. Müsəlmanın sözlərinə dəyər verən də məhz imandır. Belə ki, şəri qanunlara əsasən hər bir müsəlman özünü müdafiə etmək və ya hər hansı bir mətləbi sübuta yetirmək üçün and içmək və ya şəhadət verməklə irəli sürülən iddia və mətləbin sübuta yetirilməsinə son qoya bilər.
            Məlum məsələdir ki, əgər bu kimi hallarda yalana əl atılarsa, dəyən zərəri nə bağışlamaq olar nə də aradan qaldırmaq. Demək, yalan nə qədər böyük olarsa, dəyən zərəri və günahı da bir o qədər ağır və böyük olar. İmam Həsən Əskəri (ə) yalanın bütün pisliklərə səbəb olması haqda buyurur: "Bütün pisliklər bir evə yığılmışdır və bu evin açarı da yalandır. "
          Dediklərimizə dahada aydınlıq gətirmək üçün diqqətinizi Peyğəmbərin (s) bu barədə verdiyi göstərişlərə cəlb etmək istəyirik. Rəvayətlərdən birində deyilir: "Günlərin biri bir şəxs Peyğəmbərin (s) yanına gəlib ondan xoşbəxtlik və səadətə çatmaq üçün tövsiyələr etməsini xahiş edir. Peyğəmbər (s) onun xahişini qəbul edib bu qısa cümlə ona cavab verir: "Hər zaman həqiqəti de və yalandan uzaq ol! "Şəxs cavabını eşidib gedir. Onun özü sonralar etiraf edərək deyərdi: "Mən əvvəllər olduqca bədxasiyyət bir insan idim. Peyğəmbərin (s) dediklərini eşitdikdən sonra isə onların hamısını kənara qoydum. Belə ki, məndən gördüyüm işlər barədə soruşduqda, bundan sonra hər şeyi açıb düz deyər və sirrimi aşkar edərdim və beləliklə böyük rüsvayçılıqla üzləşərdim. Bunun üçün də özümə haqq qazandırmaq və eybimi ört-basdır etmək üçün yalan danışmalıydım ki, bu zaman da Peyğəmbərin (s) buyuruğuna əməl etməzdim. Mən Peyğəmbərin (s) dediklərini eşitdikdən sonra təxirə salmadan icra etməyə başladım və nəticədə günah və pisliklərdən uzaqlaşıb qəlbimi günah çirkabından çıxara bildim.” Bəli, həqiqəti deyən və düz yolda olan şəxslər həyatda bütün ağrı-acılardan, iztirab və nigarançılıqdan uzaq və daim yüksək əhval-ruhiyyədə olarlar.
Deməli, din və dünya baxımından yalanın qoyduğu mənfi təsirləri araşdırmaq şüurlu insanlar üçün ən böyük ibrət və həyat dərsidir. Həqiqi kamal isə iman və əxlaq sayəsində təcəlli tapır, həqiqi kamal olmayan yerdə isə nə asayiş olar, nə də səadət.
 
Müəllif: Seyyid Müctəba Lari
 
Category: Diger me'lumatlar | Baxış: 834 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]