Cümə günü, 2024-12-27, 6:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 23 » Xümsün hökmləri
3:56 PM
Xümsün hökmləri
 
XÜMSÜN MƏQAMI
XÜMSÜN ƏHƏMİYYƏTİ
Sual 1: Xümsün əhəmiyyətini bəyan edin.
"Xüms” İslamın vacib hökmlərindən biridir. Quran xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir: "Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün bəndəmizə nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır. Allah hər şeyə qadirdir!” ["Enfal"suresi aye 41]
Xüms və cihad iman əsilli iki prinsipdir. Bu iki hökmə əməl var-dövlət toplamaq həvəsi ilə mübarizə, nəfsi aldadıcı dünya görüntüləri və tamahkarlıqdan qorumaqla gerçəkləşir. Allah xümsü ehtiram olaraq peyğəmbər və onun övladlarına məxsus etmişdir.
Həzrət Baqir (ə) buyurub: "Bizim haqqımızı ödəmədikdə heç bir kəs üçün üzərinə xüms gəlmiş malı yemək caiz deyil.”[Vesailus-sie 6-ci cild]
İmran ibn Musa deyir: Xüms ayəsini həzrətə oxudum. O buyurdu: "Allaha məxsus hər bir şey peyğəmbərə çatır. Peyğəmbərə məxsus şeylər isə bizə (Əhli-beytə (ə)) çatacaqdır.” Sonra dedi: "Allah möminlərə verdiyi ruzini beş qismə bölüb. Bir qismini Allah yolunda infaq etsinlər, dörd qismini isə halallıqla yesinlər...” Bu göstərişlərə əməl etmək çətindir. Yalnız iman yolunda Allahın imtahan etdiyi şəxslər bu göstərişlərə əməl edib, çətinliklərə səbr edirlər.
XÜMSÜN ZƏRURİLİK DƏLİLİ
Sual 2: Xümsün (xüsusi ilə qazanc xümsünün) zərurilik dəlili nədir?
İslamda mühüm maliyyə vacibatlarından biri də xümsdür. Xüms əməli hökmlər (fürui-din) və ibadətlərdən sayılır. Beləliklə, xüms (Allaha) yaxınlıq məqsədi ilə verilməlidir. Bütün İslam məzhəbləri (şiə və sünni) xümsün zərurilik prinsipində yekdildirlər. İxtilaf yalnız xümsün hansı hallarda vacib olması və nəyə sərf olunması məsələsindədir. Sünnə əhlinin əksər hissəsi xümsün yalnız döyüş qənimətləri və xəzinəyə vacib olduğuna inanırlar. Şiə fəqihləri isə xümsün yeddi şeyə vacib olduğunu qəbul edirlər: Döyüş qənimətləri; dəniz və çaylara batmaqla əldə olunan qiymətli əşyalar; xəzinə; mədən; ticarət gəliri; harama qatışmış halal mal; "zimmi” kafirin müsəlmandan aldığı torpaq. Əvvəlki beş qismdə şiə fəqihləri yekdildirlər. Sonuncu iki qism isə onların məşhur nəzəridir. Araşdırılmaqda olan hazırkı mövzu qazanc xümsü məsələsidir. Allah-təala buyurur: "Bilin ki, ələ keçirtdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır.” [Enfal suresi aye 41] Şiə fəqihlərinin fikrincə xüms ayəsi kimi tanınan bu ayə yalnız döyüş qənimətlərinə xümsün vacib olmasını göstərmir. Onların fikrincə ayədə hər növ qazanc nəzərdə tutulur. "Qənimət” sözü lüğətdə geniş məna daşıyır. İnsanın əldə etdiyi hər bir fayda və qazanc qənimət adlanır.
Savaş qəniməti və ticarət gəliri ayənin nəzərdə tutduğu qənimətlərdəndir. Ayənin nazil olma şəni döyüş qənimətlərinə aiddir. Lakin heç zaman ayənin nazil olma şəni bir şeyə məxsus olmur. Ayəni nazil olma şəni ilə məhdudlaşdırmaq olmaz. Həzrət ayətullah Bürucirdinin dərslərində belə bildirilir:
«Həqiqətdə ayə xüsusi hal üçün nazil olmuşdur. Lakin ayə heç zaman xüsusi halla məhdudlaşmır. Savaş qənimətlərindən başqa şeylərdə xümsün olmasını inkar edən sünnə əhli də ayənin nazil olma şənini xüsusi və məhdudlaşmış hesab etmirlər. Bədr döyüşündə nazil olmasına baxmayaraq, onlar ayəni bütün döyüşlərə aid edirlər. Ayənin nazil olma şəni xüsusi halla məhdudlaşırsa onu yalnız Bədr döyüşünə aid etməlidirlər.»
Əli ibn Məhziyarın səhihi kimi tanınmış mötəbər bir rəvayətdə imam Cavad ayədəki qənimət sözünü geniş mənalandırmışdı. İmam bu sözü əldə olunan qazanc kimi təfsir etmişdir.
Bu hədisdə imam "fəvaid” sözünü "qənaim” sözü ilə yanaşı işlədib, onları ayənin ünvanı kimi göstərmişdir. "Fəvaid” (faydalar) dedikdə insanın əldə etdiyi hər növ gəlir nəzərdə tutulur. Deyilənlərdən aydın olur ki, Quranda bütün gəlirlər nəzərdə tutulur və gəlir xümsü vacib sayılır. İmam da ayənin geniş məna daşıdığını bildirmiş və onu bizim üçün aydınlaşdırmışdır. Bütün deyilənləri qəbul etməyib, ayəni döyüş qənimətlərinin xümsü ilə məhdudlaşdıran şəxsə belə cavab veririk: Qurandan savay imamlardan nəql olunmuş bir çox rəvayətlər gəlirin xümsünün vacib olmasını bildirir. Bütün şiə fəqihləri bu rəvayətlərə istinad edib, onları öz kitablarında yazmışlar.
Sünnə əhlinin əksər hissəsi savaş qənimətlərindən başqa şeylərdə xümsün olmasını inkar edirlər. Digər bir tərəfdən isə zəkat büdcəsinin Bəni-Haşim seyidlərinə çatmasını haram sayırlar. Lakin bu insanların arasında da başqaları kimi yetim və miskinlər var. Belə bir sual yaranır ki, Bəni-Haşim seyidlərinin fəqirləri hansı büdcə ilə təmin olunmalıdır? Bütün dövrlərdə və bütün cəmiyyətlərdə döyüşlər olmadığı üçün yalnız savaş qənimətlərinin xümsü ilə təmin olunmaq mümkün deyil.
XÜMS NƏ VAXT VACİB OLDU?
Sual 3: İş və ticarət gəlirinin xümsü vacibdirsə nə üçün bu iş sonradan qanuniləşərək gec bir zamanda məsum imamlar tərəfindən vacib edildi?
Həqiqətən də xüms ayəsi risalət dövründə nazil oldu. Əziz Peyğəmbər bu qanunu icraya saldı. Həzrət Peyğəmbər (s) döyüş qənimətlərinin xümsünü yığırdı. İş və ticarət gəlirinin xümsü zərurət olaraq məsləhət əsasında imamların dövrünə kimi təxirə salındı. Bu zərurəti bir neçə işlə əlaqələndirmək olar:
1. Xümsün zəkat ilə fərqi bundadır ki, zəkat bütün müsəlmanlara, xüms isə yalnız peyğəmbər və onun qohumlarına məxsusdur. Peyğəmbər (s) də onu icra etməyi məsləhət bilmirdi.
2. Risalət dövründə kasıbçılıq cəmiyyəti bürümüşdü. Müsəlmanlar kasıbçılıq səbəbindən xümsü ödəyə bilmirdilər. Buna görə də girami peyğəmbər iş və ticarət gəliri xümsünü yığmaqdan daşındı.
3. Məsum imamları imam Baqirin (ə) dövründən sonrayadək xümsün icrasından daşındıran ən mühüm səbəb siyasi durum idi. Verginin toplanması sultanın vəzifələrindən idi. Onlarla rəqabət aparan hər bir kəs qanunu pozan və hökumətlə müxalif olan fərd kimi rejim əleyhinə çevriliş və silah toplamaqda ittiham edilərək təqib olunurdu. Abbasilər dövründə nisbi azadlıq yaranması və mövcud şərait imamlara gizli şəkildə müsəlmanlardan xüms yığmağa imkan yaratdı.
4. Əziz Peyğəmbər (s) qeyblə rabitədə olduğu üçün yaxın gələcəkdə xilafətin qəsbkarların əlinə keçəcəyini bilirdi. Xüms dövlət vergisi sayılır və hakim, ya da sultana verilməlidir. Həzrət Peyğəmbər (s) iş və gəlir xümsünün vacibliyini bəyan etsəydi bu göstəriş müsəlmanların malını qarət edib, öz zülmlərini artırmaqda qəsbkar hökmdarlar üçün bəhanə olacaqdı. Həzrətin uzaqgörənliyi və iti baxışlılığı bu İlahi hökmün gizli pərdə arxasında qalmasına səbəb oldu.
XÜMSÜN FƏLSƏFƏSİ
Sual 4: Xümsün fəlsəfəsi nədir?
Deyəcəklərimiz kitab və sünnədən öyrəndiklərimiz əsasındadır. Xümsün bizim bilmədiyimiz bir çox səbəb və hikmətləri ola bilər:
1. Şübhəsiz ki, İslam təkcə əxlaqi, fəlsəfi və ya etiqadi bir məktəb kimi zühur etməmişdir. İslam bütün maddi və mənəvi ehtiyaclar nəzərə alınmış ictimai bir din olaraq zühur etdi. Bu məktəb peyğəmbər dövründə hökumət təsis olunan vaxtdan vardı. Hökumətin idarəsi üçün nizamlı və yetərli təminat mənbəsi lazım idi. Bununla da İslami hökumət təşkili sayəsində cəmiyyətin imkansızlarına, xəstələrinə, himayəsizlərinə, əlillərinə və yetimlərinə kömək edib iqtisadi boşluğu doldurmaq olardı. Allah-təala zəkat ayəsini nazil etməklə sonsuz rəhmət və yardım əlini peyğəmbərə uzatdı. O, zəkatı vacib etməklə bu çatışmazlıq və nöqsanı aradan qaldırdı. Zəkat bütün İslam cəmiyyətinə məxsus olan büdcələrdəndir. Zəkat Bəni-Haşimə (seyidlərə) yox, qeyd olunanlara çatır. Lakin hökumət başçısı olaraq imamın da təmin olunası xərcləri vardır. İslam quruluşunun inkişafı və cəmiyyətin idarəsi üçün ona böyük büdcə lazımdır. Bu məqsədlə, xüms vermək imkanlı şəxslər üçün vacib olub. Xüms rəvayətlərdə hökumət vergisi kimi qeyd olunub.
2. Allah-təala İslam peyğəmbərinin izzət və kəramətini qoruyaraq Bəni-Haşim və onun yaxınlarından olan fəqirlərin təmin olunması üçün xümsü vacib etdi. Allah onların səhmini Özü və peyğəmbərin səhminə yaxın bildi. Bununla da onların təhqir olunması üçün yaranmış zəmin aradan götürüldü. Bəzi şəxslərin fəqirlərə zəkat verərkən özlərini üstün, qarşı tərəfi isə alçalmış hiss etmələri mümkündür. Hansı ki, xüms və "vəchül-imarə” adlanan verginin ödənməsində məsələ tam əksinədir. Burada xümsü alan şəxs üstün hesab olunur.
3. Xüms elə bir büdcədir ki, imam nəzərdə tutduğu xeyir işləri bu büdcə vasitəsi ilə nəzərdən keçirir və onu lazım bildiyi istiqamətlərdə sərf edir. ("Allaha məxsus olan (xüms) peyğəmbər üçündür. Peyğəmbər onu istədiyi yerlərdə sərf edir.”
4. Xüms insanın kamilliyi və inkişafı üçün vasitədir. Hər bir şəxs vəzifələrini yerinə yetirməklə kamillik mərhələlərini keçir. İnsan Allaha yaxınlıq məqsədi ilə və dünyaya arxa çevirməklə vəzifəsini yerinə yetirir, günahlarını təmizləyir və kamilliyə doğru hərəkət edir (İmam Rzanın (ə) öz yaxınlarından birinə yazdığı məktubda deyilir: "Xüms ödəmək insanın ruzi əldə etmək və günahlarının bağışlanma səbəbidir.”
5. Bu məktəbin əsas hədəfi olan ilahi dinin dirçəlişi və İslam hökumətinin qurulması üçün zəkat büdcəsindən əlavə müstəqil bir büdcə lazımdır. İlahi ədalət hökumətinin qurulmasına doğru olan bir inqilabın xərclərinin təmin olunması üçün xüms çox böyük sərvətdir. Həmin məktubda deyilir: "Xüms bizim Allahın dininə yardımımızdır.”
Hüzur və qeyb dövründə şiə məktəbi xüms üzərində möhkəmlənmişdir. Xüms Əhli-beyt və onların ardıcılları olan alimlərə zalım rejim qarşısında möhkəm dayanmaq üçün qüvvə verdi.
XÜMS VƏ SEYİDLƏR
Sual 5: Nə üçün İslamda xüms seyidlərə verilməlidir? Bu iş bir növ ayrıseçkilik hesab olmurmu?
Bir qrup təfsirçilərin fikrincə, zəkatın vaciblik hökmü Məkkədə nazil oldu və zəkat ödəmək müsəlmanlara vəzifə sayıldı. Lakin İslam Peyğəmbəri (s) Mədinəyə gəlib İslam hökuməti qurduğu zaman Allah tərəfindən xalqdan zəkat yığmaq əmri aldı. Bu vasitə ilə Peyğəmbər (s) cəmiyyətdə imkansızlara kömək etdi. Amma Bəni-Haşimin (seyidlərin) bu büdcədən istifadə etməyə haqqı çatmırdı. Bu göstərişin iki səbəb ola bilər:
1. Peyğəmbərin zəkatı öz yaxınlarının ixtiyarına verməsi müxaliflərin əlində bəhanə olmasın.
Bəni-Haşimin zəkatdan istifadə etməsi başqaları üçün üstünlük, Bəni-Haşim üçün isə kiçiklik hesab oluna bilərdi. Allah-təala məqam və kəramətlərini qorumaq üçün zəkatı onlara haram etdi. Əlbəttə seyidlər bir-birlərinə zəkat verə bilərlər. Çünki bu alış-verişdə üstünlük hissi gözə dəymir. Həzrət Əli (ə) buyurur: "Allah-təala zəkatda bizim üçün heç bir səhm ayırmayıb. O, Peyğəmbər və biz Əhli-beyti (ə) üstün tutub, xalqın malının çirkini yeməyə qoymadı.”
Bu iki səbəb Bəni-Haşimin zəkatdan məhrum olmasına bais oldu. Başqa bir tərəfdən isə seyidlərin arasında işdən düşmüş, yolda qalmış, yetim və s. şəxslər vardır. Bu şəxslər hansısa yolla təmin olunmalıdır. Allah-təala bu boşluğu doldurmaq və onların hörmətini qorumaq üçün Bədr döyüşündən sonra xüms ayəsini nazil etdi. Beləliklə xüms ehtiyaclı seyidlər üçün ruzi yeri oldu. Əslində İslamda iki büdcə var: Xüms və zəkat büdcəsi. Bu bölgü seyidlərin daha çox səhm əldə etməkləri üçün yox, cəmiyyətdə hörmət və kəramətlərinin qorunması üçündür.
Bundan əlavə, İslam nəzərdə tutur ki, seyidlərin əsil-nəsili silsilə şəklində məlum olsun. Peyğəmbər və imamların xatirəsi qəlblərdə yaşasın. Belə ki, seyidlərə babaları İslam peyğəmbərinə xatir hörmət göstərilsin.
 
Seyid Müctəba Hüseyni 
Category: Exlaq | Baxış: 1021 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]