Bazar günü, 2024-12-22, 5:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Fevral » 15 » Varlıq aləminin məqsədyönlü olması
7:49 AM
Varlıq aləminin məqsədyönlü olması
 
Varlıq aləminin
məqsədyönlü olması

 
         Varlıq aləmindən bəhs edərkən bir sual diqqəti cəlb edir: Dünyanın yaradılışının məqsəd və hədəfi vardırmı? Dünya müəyyən nizam əsasında qanun-qayda və hesab üzrə hər hansı məqsədə doğru hərəkət edirmi? Yoxsa dünyada cərəyan edən hadisələr pərakəndə və xaosdan başqa bir şey deyil? Xilqət təsadüfdənmi doğur? Dünyanı yetərincə tanımaq, onun yaradılış hikmətini anlamaq üçün bu suallara cavab tapmalıyıq. Burada başqa bir sual da ortaya çıxır:
            Kainat bir sıra rabitəsiz, şüursuz və heç bir hədəfi olmayan hadisələrin toplusundan yarana bilərdimi?
            Son suala uyğun bir-birindən fərqlənən iki nəzəriyyə ilə qarşılaşırıq.
          Birinci nəzəriyyə ilahiyyatçılar tərəfindən irəli sürülür. Onlar belə söyləyirlər ki, dünyanın Allah adlanan bir Xaliqi vardır. Eyni zamanda xilqət aləmi ilahi hikmət əsasında hər hansı bir məqsəd və sonluğa doğru hərəkətdədir.
            İkinci əks nəzəriyyə isə materialistlərə xasdır. Onlar iddia edirlər ki, dünya maddədən yaranmış və xilqət prosesində heç bir şüurlu yaradanın müdaxiləsi yoxdur. Təbiət aləmi fiziki və kimyəvi proseslərin təsiri nəticəsində yarandığına görə, heç bir hədəf və məqsəd daşımır. Onlar kainatın yaranışını məqsədsiz sayırlar.
          Dünyanın yaradılmasının məqsədyönlü və qanunauyğun olmasını iki yolla sübut etmək olar:
1.Varlıq aləminin yaranışında olan nizamlı və ardıcıl bir düzənin müşahidəsi.
2.Varlıq aləminin xilqətində hikmətamiz bir qüdrətin olması.
          Birinci halda dünyanın xilqətini müşahidə edərkən açıq-aydın görürük ki, kainatda olan varlıqlar müəyyən nizam və qanun-qayda ilə yaranmışlar. Başqa bir yandan, varlıq aləminin ayrı-ayrı təbəqələri arasında ahəngdarlıq və əlaqə vardır. Dünyada mövcud olan varlıqlar arasındakı ahəngdarlıq və nizamlı düzən bir daha göstərir ki, kainatda olan hadisə və ünsürlər müəyyən məqsəd üçün yaradılmışlar. Heç bir məqsəd və hədəfi olmayan hadisə və ünsürlər arasında boş-boşuna və mənasız yerə belə bir ahəngdar sistem ola bilməzdi. Varlıq aləmindəki nizamlı düzən sanki proqram üzrə hesablanmışdır.
           Dünyadakı müxtəlif varlıqlar üzərində aparılan araşdırmalar – hüceyrə və zərrəciklərdən tutmuş nəhəng kəhkəşanlar və qalaktikalara kimi göstərir ki, onların bütün tərkib hissələri proqram və hesab üzrə yaradılmış, müəyyən bir istiqamətdə hərəkət edirlər. Bu hərəkət isə hər bir varlığı müəyyən bir dərəcə və hədəfə doğru yetişdirir. Yəni varlıq aləmində qanunauyğun proseslər getməkdədir.
         H.Rouver "Həyatın məqsədyönlüyü" adlı kitabında bu mövzuya toxunaraq yazır:
            "Hər bir fərd bir növ hər hansı bir damla və zərrədən başlayaraq müəyyən qaynaqdan doğulur və sonra isə təyin edilmiş bir tale xətti üzrə hərəkət edərək təkamül yolu keçir. İnsanın ana bətnindəki təkamül yolu və böyümə mərhələləri nizamlı və ardıcıl bir qayda üzrə gedir" .
           Xilqətin məqsədyönlü və müəyyən hədəf ilə gerçəkləşdiyini sübut edən ikinci yol bu prosesdə Allah-təalanın hikmət sifətinə malik olduğunu araşdırmaqdan ibarətdir. Yəni biz müxtəlif elmi və fəlsəfi-məntiqi dəlillərlə sübut edə bilirik ki, təbiət aləmi heç də xaotik və təsadüfi halda yaranmayıb, bəlkə də əksinə, maddi dünyanı hikmətli bir iradə, təbiətin özündən yüksək və güclü olan bir qüdrət yarada bilərdi. Bunu sübut etməklə bir həqiqəti aşkar edə bilərik ki, dünya boş-boşuna deyil, hədəf və məqsədlə xəlq olunub. Yoxsa dünyada müşahidə edilən saysız-hesabsız varlıqlar belə bir nizamla boş-boşuna və bihudə yaradıla bilməzdi. Görün Yaradan Allah bunları necə gözəl və nizamlı bir sistemə salıb. Məgər təsəvvür etmək mümkünmüdür ki, bu qədər kəhkəşanlar, ulduzlar, yer üzərindəki canlılar, bitkilər, gül-çiçək bihudə və əbəs yerə yaranıb? Varlıq aləminin yaranışında müşahidə edilən bu nizam və tədbir hədəfsiz və məqsədsiz ola bilərmi? Həmin nizam və qayda-qanun yaradılışın məqsədyönlü olduğuna dəlalət etmirmi? Əgər xilqətin boş-boşuna və bihudə yarandığını iddia etsək, bizim iddiamız ilahi hikmətin və Tanrı xilqətinin məntiqinə zidd olmazmı?
             Öncə söylədik ki, ilahiyyatçıların xilqət barəsində düşüncəsi bundan ibarətdir ki, hər bir varlığın son qayəsi və məqsədi vardır, varlıq aləmi məqsədyönlü yaranıb. Bu düşüncə tərzi Avropada "finalizm" adlanır – yəni hər varlığın son qayəsi vardır, varlıq düzəni müəyyən bir nizam, qayda-qanun üzrə yaradılıb və bu nizam hər hansı bir məqsəd və hədəflə tənzimlənib. Materialistlər isə "mexanizm" ideyasının tərəfdarı olaraq iddia edirlər ki, dünyada baş verən proseslər maşınsayağı və mexanikidir, burada heç bir məqsədyönlü hərəkət yoxdur. Mexanizm ideyasına söykənənlər yaşamaq uğrunda mübarizə tezisini məqsədyönlü hərəkətə qarşı qoyurlar. Onlar həmin tezisi iki dəlil üzrə əsaslandırırlar:
Birincisi, yaşamaq uğrunda mübarizənin özü varlıq aləminin yaranışını istiqamətləndirir, mövcud olan varlıqlar ilə həyat şəraiti arasında uzlaşma yarada bilir. Deməli, dünyanı Yaradan Xaliqə ehtiyac olmadan xilqətin nizam və qayda-qanunları həmin mübarizə əsasında tənzimlənir.
İkincisi, mexanizm tərəfdarları güman edirlər ki, əgər xilqətin yaranışının məqsəd və qayəsi olsaydı, onda varlıq aləmindəki dəyişmələr və növlər haqqındakı Darvin təlimi əhəmiyyətini itirərdi. Həmin təlimə görə, baş verən dəyişmələr bəzi varlıqlar üçün xeyirli, bəziləri üçün isə zərərli ola bilər. Başqa sözlə desək, əgər xilqətin məqsəd və qayəsi olsaydı, mövcud aləmdəki dəyişiklər zərərli və təsirsiz qalmazdı. Onlar düşünürlər ki, varlıq aləmindəki dəyişmələr öncədən müəyyən bir təkamül xətti üzrə olsaydı, bir sıra hallarda bəzi xilqət növləri ilə mühit arasında ziddiyyət yaranmazdı. Mexanizm ideyasına söykənənlər belə nəticə çıxarmışlar ki, Darvin təlimini qəbul etsək, onunla yanaşı həyat uğrunda mübarizə tezisini də qəbul etməliyik. Əgər Allahın Xaliq olduğunu qəbul etsək bu son tezisi əsaslandıra bilmərik. Onlar iddia edirlər ki, həyat uğrunda mübarizə tezisi elmi prinsiplərə əsaslanan şərtdir və ona görə Allaha inam və həyatın qayəsi barədə düşüncədən vaz keçmək qaçılmazdır.
Bəs əsl həqiqət nədən ibarətdir?
            Əslində tədrici təkamül nəzəriyyəsini elmi prinsip kimi qəbul etsək, elə bu prinsipin özü varlıq aləminin yaranışının məqsədyönlü olduğuna dəlalət edir. Varlıq aləminin mühit ilə uyğunluğuna gəlincə, bu məsələ bir daha göstərir ki. kainatda mövcud olan varlıqların batinində onları mühitlə uzlaşmağa vadar edən daxili bir güc vardır. Deməli, dünyada mövcud olan varlıqların müəyyən hədəf və məqsədə doğru yönəlməsi ideyasını qəbul etmədən onların tədrici dəyişmə və təkamülünü də elmi baxımdan əsaslandırmaq mümkün deyil. Darvin bu məsələyə diqqət yetirərək Allahın varlığını qəbul etmişdir.
           Başqa bir yandan, mexanizm tərəfdarları varlıq aləminin yaranması ilə bağlı hadisələrdəki nizam və qanunauyğunluğu, eyni zamanda ali varlıq aləminin mühitlə uzlaşmasını təsadüfi saymaqla səhvə yol verirlər. Çünki ehtimal nəzəriyyəsinin hesablamalarına və maddi aləmin sonradan yaradılması ideyasına əsaslanaraq varlıq aləmini təsadüfi saymaq olmaz.
            Onu da əlavə edək ki, tədrici təkamül prinsipinə əsasən, naqis varlıqlar mühitlə uzlaşmayaraq məhv olur, lakin mühitlə uzlaşan varlıqlar isə qalırlar. Varlıq aləmində olan kamillik keyfiyyətləri naqis varlıqdan fərqlənir və bu keyfiyyətlərin hər birinin öz qayəsi vardır. Fikrimizi misal ilə aydınlaşdıraq: Əldəki qırış xətlər bir şeyi əldə tutarkən onun sürüşüb düşməsinin qarşısını alır. Gözdəki kirpiklər gözə toz düşməsinə mane olur. Əldəki barmaqlar arasındakı fərqlər onların müxtəlif işləri yerinə yetirməsi ilə bağlıdır. Bu sayaq keyfiyyətlər insanın bir varlıq kimi kamillik xüsusiyyətlərini sübut edir və bunun yaşamaq uğrunda mübarizə tezisi ilə əlaqəsi yoxdur. Deməli, kamal sifətlər tədrici təkamül ilə izah edilmir və varlıq aləminin yaşam və davamında əsaslı rol oynamır. Eyni zamanda, varlıq aləmində kamillik keyfiyyətləri olmasaydı, canlı aləmdə varlıqlar arasında fərq olmazdı – yəni hər bir varlıq nümunəsinin öz kamillik sifətləri vardır. Həmin sifətlər bir varlığı başqasından fərqləndirməklə yanaşı, xilqətin müəyyən hədəf və qayə ilə yaradılmasını göstərir. Həmin qayə varlıq aləminin inkişaf və təkamülünü təmin edir.
            Bu ümumi girişdən sonra dünyanın yaradılışının məqsədyönlü olduğunu Quran ayələri baxımından əsaslandırmağa çalışaq.
Qurani-kərimə görə varlıq dünyası heç də bihudə yerə yaranmayıb, onun bütün tərkib hissələri və burada olan ünsürlər müəyyən hədəf və məqsədlə yaradılıb. Bir neçə Quran ayəsində varlıq aləmi və insanın xilqətinin məqsədyönlü olması vurğulanır.
         Ali-İmran surəsi, 190-191-ci ayələrə diqqət yetirək:
Həqiqətən, Göylərin və Yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi (bir-birinin ardınca gəlib-getməsi), ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən) qəti dəlillərdir.
         O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, Göylərin və Yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından Özün qoru!
         Yuxarıdakı ayələr insanları Göylərin və Yerin xilqətindəki nizam barədə, həm də gecə ilə gündüzün ardıcıl növbələşməsinin hikməti üzərində düşünməyə dəvət edir. Hər bir fərd öz istedad və bacarığına uyğun olaraq yaradılışın sirlərini anlayır, dəqiq bir baxışla Göylərin və Yerin xilqətindəki qanunauyğun düzəni izləyir. Varlıq aləmindəki bu gözəl və ardıcıl düzən insanı heyrətə salır. Həmin düzən üzərində aparılan müşahidə və araşdırmalar bir daha insanın diqqətini varlıq aləminin xilqətində olan məqsədyönlü prinsipə yönəldir. Sözü gedən ayələr açıq-aydın bir məsələni yada salır ki, varlıq aləminin yaradılışında olan məqsədyönlüyü başa düşmək üçün düşünmək lazımdır, belə ki, dünyanın yaradılışını düşünmədən və təfəkkür süzgəcindən keçirmədən sadəcə müşahidə etməklə onun məqsədyönlü olduğunu anlamaq olmaz. Bəzən astronomiya alimləri uzun illər boyu varlıq aləmi üzərində müşahidə aparır və mütaliə edirlər, lakin onlar varlığın bir ayə və nişanə olduğunu dərk etmək istəmədiklərindən, aləmin məqsədyönlü olduğunu da başa düşmürlər. Doğrudan da bir nəfər varlıq dünyası üzərində müşahidə aparsa, onun bütün tərkib hissələri və ünsürləri arasında olan nizam-intizamı və ardıcıl qanunauyğunluğu dərk edər. Bu yöndə düşüncə və təfəkkürə daldıqdan sonra insan üçün bir məsələ aydınlaşır: dünyaya hakim olan ümumi nizam və qanun sadəcə dünyanın tərkib hissələrinə xas olan xüsusiyyət deyil, bu bir növ təbiət və maddi aləmin fövqündə olan metafizik bir gücdən – enerjidən doğan bir nizamdır. Həmin qeyri-maddi vücudun fəzilət və hikməti varlıq karvanını öz məqsəd və mənzilinə yönəldir.
             Qurani-kərimdə Göy və Yerdə olan bütün varlıq nümunələrinin əbəs yerə yaranmadığı qeyd olunur.
Sad surəsi, 27-ci ayə:
Biz Göyü, Yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!
Ənbiya surəsi, 16-cı ayə:
Duxan surəsi, 38-ci ayə:
Biz Göyü, Yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar yalnız onun Xaliqi Allaha ibadət etməlidirlər.)
           Bu ayələrdə oyun-oyuncaq mənası daşıyan söz işlənib. Dünyanı oyuncaq və əyləncə sayanlara qarşı işlənən bu məfhum çox yerində işlənib. Həmin məfhum əqli mahiyyət daşımır. Adətən uşaqlar məqsədsiz və hədəfsiz oyuncaq düzəldib məşğul olar, sonra da onu xarab edərlər.
           Yuxarıdakı ayələr müqayisə yolu ilə bir daha diqqətimizi dünyanın əbəs yerə yaranmadığına yönəldir. Allah dünyanı yenidən məhv etmək üçün yaratmayıb. Varlığın ilkin qaynağı (məbdə) dünyanı bir hədəf və məqsədə doğru hərəkət üçün xəlq etmişdir və dünya həmin hədəfə doğru hərəkətdədir.
            Quran ayələri dəfələrlə Göylərdə və Yerdə olan bütün varlıqların haqq olaraq yarandığını təsdiqləyir. Bu baxımdan aşağıdakı ayələr diqqəti cəlb edir.
Nəhl surəsi, 3-cü ayə:
            Allah Göyləri və Yeri haqq olaraq yaratmışdır. Allah Ona şərik qoşulan bütlərdən uzaqdır!
Ənam surəsi, 73-cü ayə:
            Göyləri və Yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" – deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən Odur. Hikmət və bilik sahibi də Odur!
İbrahim surəsi, 19-cu ayə:
            (Ya Məhəmməd və ya ey mömin insan!) Məgər Allahın Göyləri və Yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər Allah istəsə, sizi yox edib yerinizə başqa bir məxluq (insan tayfası) gətirər.
Rum surəsi, 8-ci ayə:
            Məgər onlar öz-özlüklərində Allahın Göyləri, Yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.
Ənkəbut surəsi, 44-cü ayə:
            Allah Göyləri və Yeri haqq olaraq (zərurət kimi) yaratmışdır. Həqiqətən, bunda (bu yaradılışda) möminlər üçün bir ibrət vardır!
Təğabun surəsi, 3-cü ayə:
             O, Göyləri və Yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi və surətlərinizi gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir.) Axır dönüş də Onun hüzurunadır.
           Göstərilən bütün ayələr dünyanın bihudə yerə yaranmadığı mənasına dəlalət edir, yəni dünya batil və mənasız bir varlıq deyil. Xilqətin müəyyən bir məqsəd və məfhumu vardır. Kainat da həmin məqsədlə yaranmışdır. Deməli, varlıq dünyası kor-koranə bir təsadüf kimi xəlq olunmayıb. Əksinə, dünya və onun tərkib hissələri müəyyən hədəf və qayəyə malikdir.
           Qurani-kərim insanın da müəyyən məqsəd və hədəflə yarandığını bəyan edir. Bu baxımdan aşağıdakı iki ayəyə diqqət yetirək:
Muminun surəsi, 115-ci ayə:
         Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?
Qiyamət surəsi, 36-cı ayə:
          Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
            Bu ayələr insan həyatının hədəf və məqsədini açıqlamaqla bütün insanlara xatırladır ki, bəşər övladı boş-boşuna və bihudə yaradılmayıb. İnsan batil və başlı-başına buraxılmış bir varlıq deyildir. O, kor-koranə, təsadüfi və boş amillər xatirinə həyata atılan məxluq deyildir. İnsan da başqa varlıq aləmi kimi müəyyən məqsədə yetişmək üçün xəlq olunub. Onun son qayıdışı da yaradılışın ilkin qaynağına doğrudur. Bu isə kamillik sifətlərinə yiyələnməklə əldə olunur.
             Qeyd edək ki, musəvilərin müqəddəs kitabı olan Tövratda varlıq aləminin məqsədyönlü olması barədə qısaca bəhs edilib:
"Allah öz hikməti ilə Yeri yaratdı, öz ağlı ilə Göyləri möhkəmləndirdi.
Yəhva – Göyləri yaradan Tanrıdır, Yeri düzənləyib yaratdı və onu möhkəm etdi. Onu boş yerə yaratmadı".

Yaradılışın hədəfi

           Əvvəlki bölmədə varlıq aləminin yaranmasının müəyyən bir hədəfi olduğuna işarə etdik. Burada həmin məsələni bir qədər xırdalamaq istəyirik, başqa sözlə desək, yaradılışın qaynağı olan Allahın varlıq aləmini nə üçün yaratdığını açıqlamaq niyyətindəyik. Qurani-kərimdə bəyan edildiyi kimi, əgər kainatda olan varlıqlar boş yerə yaranmayıbsa, deməli xilqətin yaranmasının dəlili və səbəbi – yəni hədəfi vardır.
            Öncə Morris Meterlinqin xilqətin hikməti haqqındakı maraqlı bir fikri ilə tanış olaq. O, "Yaradılışın fəlsəfəsi" adlı əsərində belə yazır:
"Bu nəhəng dünyada, böyük kainat qanunları çərçivəsində və yaradılış düzənində bizim yaşadığımız dünya kimi yüz min-yüz milyon kəhkəşan vardır. Belə olduğu halda məni və sizləri yaratmağa nə ehtiyac varmış? Mən və sizlər olmasaydıq bu dünya necə olardı? Əgər biz insanların yaşadığı bu Yer kürəsi olmasaydı, böyük yaradılışa hansı zərər dəyərdi?" .
        Belə bir sual ortaya çıxır:
         "İnsan nə üçün varlıq aləminin yaranma səbəbi və məqsədi barəsində düşünür?" Belə bir düşüncənin dəlili ondan ibarətdir ki, insanın gördüyü bütün işlərdə müəyyən hədəf və sonluq axtarışı vardır. İnsan məqsədsiz və hədəfsiz bir iş görməz. Başqa sözlə desək, insanın hər bir əməl, hərəkət və davranışı müəyyən məqsəd və hədəflə bağlıdır.          Məsələn, insan aclıq çəkdikdə tox olmaq üçün yemək yeyir, susuzluğunu yatırmaq üçün su içir, yorularaq öz cismani və ruhi qüvvəsini yenidən bərpa etmək üçün yatır, öz yaşamını təmin etmək məqsədilə çalışır və s.
İnsanın gündəlik yaşayışı ilə bağlı yuxarıdakı sadə misalların hər birinə baxdıqda onların müəyyən hədəf və məqsədlə edildiyi bəlli olur: aclığı və susuzluğu yatırmaq, yorğunluğu çıxarmaq və insanda yaşamaq gücünü bərpa etmək. Deməli, insanın əməl və hərəkətlərində məqsədyönlü prinsiplər vardır. Yuxarıdakı hədəf və məqsədlərə daha diqqətlə yanaşsaq onların hər birində iki qarşılıqlı meylin köklərini tapa bilərik: faydalı və mənfəətli şeyləri özünə tərəf cəlb etmək, faydasız və zərərli şeyləri isə özündən uzaqlaşdırmaq. Məsələn, toxluq amili iki cəhətlə bağlıdır: maddi-cismani gücü artırır (fayda və mənfəətin cəlb edilməsi), zəiflik və xəstəliyin qarşısını alır (zərərin uzaqlaşdırılması). Susuzluğun yatırılması da bu sayaqdır. Həyatın təmin edilməsi üçün insanın çalışması, bir yandan bəşər nəslinin davamı üçün faydalıdır (fayda və mənfəətin cəlb edilməsi), o biri yandan isə insanları yoxsulluq və səfalətdən qoruyur (zərərin uzaqlaşdırılması).
             Bir sözlə, insanın gördüyü əməl və hərəkətlərin hər biri həm onun ehtiyaclarını ödəməyə – yəni fayda və mənfəəti cəlb etməyə, həm də ona yetişə biləcək zərəri uzaqlaşdırmağa yönəlib. Buraya əlavə edə bilərik ki, insanın mənəvi-əqli fəaliyyəti isə naqisliyi uzaqlaşdırmaq və kamilliyə qovuşmaq, pis əməldən çəkinmək və yaxşı əmələ yönəlmək məqsədi güdür və Allah bəşərə ağıl və şüuru boş yerə bəxş etməyib.
Burada bir məsələyə də aydınlıq gətirmək lazımdır ki, yuxarıdakı ikili prinsip Allaha şamil edilə bilərmi? Bu sualın birbaşa və açıq cavabı mənfidir. Çünki xilqət aləmi və orada xəlq olunan bütün varlıqlar nə Allaha bir xeyir verə bilməz, nə də Ona zərər yetirə bilməz. Allah ehtiyacsız və zəngindir (qənidir) və Onun heç nəyə ehtiyacı yoxdur. Onun kamala da ehtiyacı yoxdur, çünki Allah özü mütləq kamal qaynağıdır və bu məsələ islam filosofları və o sıradan Molla Sədra tərəfindən sübuta yetirilib. Dünyanı yaradan mütləq kamala sahibdir. Deməli, mütləq kamil varlıq hər sayaq kamilliyin qaynağı olaraq öz yaratdığı varlıqlara ehtiyac duya bilməz. Bütün varlıq aləmi, əksinə olaraq
           Allaha möhtacdır.
Allahın ehtiyacsız və qəni (zəngin) olması tovhid prinsipindən qaynaqlanır və Quran ayələri də həmin fikri təsdiqləyir:
          Nisa surəsi, 131-ci ayə:
             Göylərdə və Yerdə nə varsa, hamısı Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) Göylərdə və Yerdə nə varsa, hamısı Allahındır. Allah ehtiyacsızdır, (Öz-Özlüyündə) şükr olunmağa, tərif olunmağa layiqdir.
            Həcc surəsi, 64-cü ayə:
           Göylərdə və Yerdə nə varsa, hamısı Onundur. (Onun qüdrətindən yaranmış əsərdir.) Həqiqətən, Allah ehtiyacsızdır və hər cür şükrə, tərifə layiqdir! (Hər işi bəyəniləndir.)
            Fatir surəsi, 15-ci ayə:
           Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir! (Onun bütün işləri bəyəniləndir.)
          Məhəmməd surəsi, 38-ci ayə:
         Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar (bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər Ondan üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər.
             İmam Hüseyn (ə) Ərəfə duasında bu barədə belə buyurur:
"İlahi! Sənin substansiyan (Zatın) o qədər zəngindir ki, öz tərəfindən Sənə bir xeyir yetişməz, bəs mənim tərəfdən Sənə hansı xeyir yetişə bilər?"
              Həmin "qəni" kökündən Haqqın istiğna sifəti – yəni Onun heç nəyə ehtiyacı olmadığı aşkar olur. Deməli, Allah substansiya baxımından o qədər uca və yüksək səviyyədə ehtiyacsızdır ki, hətta özü-özünə bir mənfəət yetirməz. Onun xəlq etdiyi varlıqlara gəlincə, onlar Allaha möhtacdır və Allah onlara heç vaxt möhtac ola bilməz.
              Sadə adamlar və yaxud Meterlinq kimi şəxslər belə bir sual ortaya atırlar ki, axı Allahın (və ya Xaliqin) bizləri xəlq etməyə nə ehtiyacı var? Əslində bu sualın qoyuluşu səhvdir, çünki öncə işarə etdiyimiz kimi, Allah ehtiyacsızdır. Onun barəsində ehtiyac və ya naqislik kimi sifətlər işlənə bilməz. Allahın nə kamal dərəcəsinə yetişməyə, nə də hər hansı bir naqisliyi aradan qaldırmağa ehtiyacı yoxdur. Belə olduqda "Allahın varlıq dünyasını yaratmağa nə ehtiyacı vardır?" sualının qoyuluş məntiqi düzgün deyil. Bu incə mətləbi anlayan islam filosofları belə söyləmişlər: Allahın substansiyasının xilqət aləmində məqsəd və hədəfi yoxdur, söhbət Onun hərəkətinin hədəfindən gedir.
Onu da əlavə edək ki, Allah iradə ilə hərəkət edəndir, məqsədlə hərəkət etmir. Məqsədlə hərəkət edənlər öz hərəkətini hər hansı bir hədəfə yetişmək üçün icra edirlər. Məsələn, insan hər hansı bir məqsədə çatmaq üçün hərəkət edir və onda bu hərəkəti yerinə yetirməyə həvəs və maraq yaranır. Ancaq iradə ilə hərəkət edən Allah öncə bir məqsədə yetməyi nəzərdə tutmur və həmin məqsədə görə hərəkət etmir. Onun hərəkəti müəyyən məqsədi güdmədən iradə ilə gerçəkləşir. Hərəkət iradənin nəticəsi olaraq gerçəkləşir. Təbiət özü Allahın iradəsi ilə xəlq olunur və yaradılış (sün) öz substansiyası baxımından müəyyən bir qayə və hədəfə malikdir, xilqət həmin hədəfə doğru hərəkətdədir. Hacı Molla Hadi Səbzəvari öz Mənzuməsində belə söyləyir:
                 "Allahın hikmət və qayəsi onu tələb edir ki, bütün varlıq aləmi öz varlıq qanun-qaydası əsasında son qayəsinə yetişsin" .
Beləliklə, Allahın substansiya baxımından hədəf və qayəsi yoxdur, Onun xilqətinin qayəsi vardır. Filosoflar bu məsələni sübut etdikdən sonra, insan və dünyanın yaranışını Allahın feyzi ilə izah edirlər. Feyz anlamı latınca emanasiya qarşılığı ilə ifadə olunur və öz məzmun tutumu baxımından tükənməz bir qaynaq mənası daşıyır. Allah mütləq varlıq olmaqla bütün kamil sifətlərə malikdir. O, bütün kamillik və xeyir sifətlərin tükənməz bir qaynağı və mənbəyidir.
               Allahın substansiyası tovhid baxımından haqqın əhədiyyət mərtəbəsi olmaqla bütün kamil sifətləri əhatə edir. Onun pak substansiyasına heç bir eyb və nöqsan yol tapa bilməz.
            İlahi vücudun bu mərtəbəsi bütöv və geniş bir məna tutumuna malikdir ki, burada heç bir çoxluq və tərkib hissəsindən söhbət gedə bilməz. Çoxluq və mürəkkəblik məfhumu maddi aləmə xasdır, Allahın substansiyası isə bütöv və bölünməz anlamdır.
                Allah substansiya baxımından vacibül-vücud sayılır və Onun vücudu öz-özünə vacibdir və heç nədən asılı deyildir. Substansiya tam və kamil olduğuna görə, mütləq feyz qaynağıdır, kamilliyin şərti də feyz anlamı ilə izah olunur. Kamil olan hər bir varlıq eyni zamanda feyz qaynağı ola bilir, lakin naqis olan varlıq feyz qaynağı ola bilməz. Deməli, mütləq kamal sahibi olan vacibül-vücud, həm də öz substansiyası ilə zəngin (qəni) və mütləq feyz qaynağı sayılır. Allahın mütləq feyz qaynağı olması Onun feyzinin bütün varlıq aləmini əhatə etməsini şərtləndirir. Deməli, dünya və varlıq aləmi Allah feyzinin ali məhsuludur.
              Qurani-kərimdə Allahın feyzini bəyan edən nemətlərə işarə edilir:
           İsra surəsi, 20-ci ayə:
          Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir.
           Loğman surəsi, 27-ci ayə:
           Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbimin sözləri (yazılıb) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir!
          Pərvərdigarın sözləri Onun kamalının və feyzinin nişanələridir. Haqqın kamalı və feyzi tükənməz olduğu kimi, bunları bəyan edən sözlər də tükənməzdir.
                 Hədislərin birində isə belə deyilir:
           "Allah-təala buyurmuşdur: Ey Adəm övladı! Səni Mənə bir fayda vermək üçün yaratmadım. Səni ona görə yaratmışam ki, bəlkə sənə bir xeyir verəm. Ona görə Məni hər şeydən və hamıdan uca tut (Məni öz əməl və rəftarının qayəsi üçün örnək kimi qəbul et)" .
Cəlaləddin Rumi "Məsnəvi"nin 2-ci dəftərində bu hədisdən faydalanmışdır:
         Peyğəmbər deyib ki, Haqq buyurubdur:"Xilqətim məqsədi ehsan olubdur.
Yaratdım xilqəti bəhrə götürsün,
Şəhdimdən özüyçün şirə götürsün.
Mən ki, xilqətimdən fayda ummazam
Ucayam, qəniyəm, ehtiyacsızam."
Müəllif: Abdulla Nəsri
 
Category: Diger me'lumatlar | Baxış: 968 | Added by: es-selat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]