Bazar günü, 2024-12-22, 7:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 29 » VALİDEYNİN HÜQUQU
1:57 PM
VALİDEYNİN HÜQUQU
VALİDEYNİN HÜQUQU
Artıq keçən dərsdən məlum oldu ki, İslam dini ictimai bir dindir. Onun davamçıları Allaha xatir bir-birlərini sevir və səmimi dostluq əlaqələri qururlar. Burada insanların səadət və xoşbəxtliyi yaranmış əlaqlərin kamilləşməsi ilə, başqa sözlə desək, bu rabitələrin ilahiləşməsi ilə təmin olunur. Buna görə də bir müsəlman kimi üzərimizə düşən dini vəzifələrin bir qismi cəmiyyətlə bağlı olduğu halda formalaşır. Bu vəzifələri dərk edib onlara layiqincə əməl etmək həm Allahın razılığına, həm də bizim dünya və axirət xoşbəxtliyimizə səbəb olur. Әgər bu vəzifələrin nədən ibarət olduğunu bilmək istəsək, ilk növbədə başqalarının bizim üzərimizdə hansı hüquqlara malik olduqlarını bilməliyik.
Bu dərsdən etibarən valideyn-övlad, möminlər və saleh insanlar, qohum-əqrəba, ər-arvad, dost-tanış və qonşuların qarşılıqlı olaraq bir-birinin üzərində olan hüquqları haqda söhbət açacağıq.
ATA-ANAYA YAXŞILIQ
Müqəddəs islam dinində bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, Allaha ibadətdən sonra ata-anaya yaxşılıq hər bir insanın üzərinə düşən ən ümdə vəzifələrdən biri sayılır. İsra surəsinin 23-25-ci ayələrində bu haqda deyilir:
«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb, gözəl davranmağı] buyurmuşdur. Әgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşgün çağına yetərsə, onlara: «Uf!»—belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Səndə onlara rəhm et!» -de.
Rəbbiniz ürəklərinizdə olanları [qəlblərinizin sirlərini] ən yaxşı biləndir. Әgər əməli saleh olsanız [ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki] Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!»
Göründüyü kimi Allah-taala insanları ibadətə əmr etdikdən sonra dərhal onlara ata-anaya yaxşılıq etməyi tövsiyə edir. İmam Sadiq (ə) ayənin izahında buyurur:
«Yaxşılıq və xeyirxahlıq bundan ibarətdir ki, onlarla [valideynlərlə] xoş rəftar etmiş olasan.
Onlara o qədər diqqət yetirməlisən ki, ehtiyac duyduqları şeyləri onlar istəməzdən əvvəl dərk edib onların ixtiyarına qoymalısan».
Hədislərdən birində deyilir:
«Peyğəmbərdən (s) ata-ananın övladın üzərində hansı hüquqa malik olduğu haqda soruşduqda:
Onlar sənin həm cənnətin, həm də cəhənnəmindirlər».(Әt-tərğib vət-tərhib, 3-cü cild səh-316. )
Yəni, insanın cənnət və cəhənnəmə getməsi valideynlərinə göstərdikləri qayğıdan asılıdır.
Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş başqa bir rəvayətdə deyilir:
«Cənnət anaların ayaqları altındadır». (Yəni, cənnətə analara layiqincə qayğı göstərməklə nail olun).
Başqa sözlə desək, övladlar öz üzərinə düşən borclarını yerinə yetirməli və layiqincə anaların haqlarını ödəməlidirlər.
Başqa bir rəvayətdə cənnətin valideynlərin ayaqları altında olduğu göstərilir. Yəni, insan cənnətə nail olmaq üçün ata-ananın qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməlidir.
İmam Səccad (ə)-dan «Hüquq risaləsi» adı ilə nəql olunmuş məşhur bir rəvayətdə deyilir:
«Üzərinə düşən ən başlıca vəzifə ananın, sonra atanın, sonra da övladlarının haqqını ödəməkdir».(Biharul-ənvar, 74-cü cild, səh-3. )
Hədisin davamında imam Səccad (ə) ananın haqqının ödənilməsinin əhəmiyyəti barədə buyurur:
«Ananın sənin üzərində olan haqqı hər şeydən böyükdür. O, kimsənin nəvaziş etməsi mümkün olmayan bir yerdə səni nəvaziş etmiş və kimsənin yemək verməsi mümkün olmayan bir yerdə öz canı və qanı ilə qidalandırmışdır. Bil ki, o, səni gözü, qulağı, əl-ayağı, dərisi və bir sözlə bütün varlığı ilə qorumuş, dünyaya gəldiyin vaxtadək ağrı və çətinliklərə dözüb, səbr və təmkinlə keşiyində durmuşdur. Özü ac olsa da səni doyurmuş, susuz olsa da sənə su vermiş, yarı çılpaq olsa da səni geyindirmiş, qızmar günəşin altında dursa da öz bədənini sənin üçün kölgə etmiş, gecələri yatmayıb sənin şirin yuxuya dalmağın üçün əzab-əziyyətlərə dözmüşdür. Unutma ki, ana bətni sənin ilk evin, qucağı ilk beşiyin, sinəsi qidan, bədəni isə sipərin olmuşdur. Ağrı və çətinlikləri uzaqlaşdırmaq üçün sənə görə istiyə-soyuğa dözməli olmuşdur. Elə isə onun qədrini bil və layiqincə haqqını ödə. Və yadında saxla ki, onun haqqını yalnız Allahın köməyi ilə ödəyə bilərsən».(Biharul-ənvar, 74-cü cild, fəsil-1)
Sonra imam Səccad (ə) övladın atanın qarşısında öz borcunu necə ödəməsi haqda buyurur:
«Bil ki, atan sənin kök və gövdən, sənsə onun budağısan; O olmasaydı sən də olmazdın; Səndə olan bütün gözəl xüsusiyyətlərin kökü və mənşəyi atandır. Elə isə bütün bu nemətlərin qarşısında onun layiqincə qədrini bil və Allaha şükr və səna et».(Biharul-ənvar, 74-cü cild, səh-6. )
XOŞA GӘLMӘZ RӘFTARLARDAN ÇӘKİNMӘK
Allah-taala Maidə surəsinin 23-cü ayəsində insanlara ata-ana ilə gözəl rəftar etməyin vacib olmasını xatırlatdıqdan sonra onlarla kobud rəftar etməyi qəti qadağan edərək buyurur:
«...Uf!-belə demə, üstlərinə qışqırıb acı söz söyləmə...»
Diqqət yetirmək lazımdır ki, insanın hər hansı bir səhv və ya kobudluqla rastlaşarkən etiraz əlaməti olaraq dilə gətirdiyi ən sadə və münasib söz «uf!» kəlməsidir. Demək Allah-taala bizlərə valideynlərə qarşı hətta belə bir kiçik kobudluğa yol verməməyimizi də qəti qadağan etmişdir.
İmam Sadiq (ə) bu haqda buyurur:
«Әn sadə kobudluq «uf!» deməkdir. Әgər bundan da sadə ifadə olsaydı, Allah-taala onu da qadağan edərdi»(Biharul-ənvar, 74-cü cild, səh-6. )
Әgər valideyinlərə «uf!» deməklə narazılıq bildirmək kobudluq sayılırsa, onda onları döymək, söymək və təhqir etməyin nə dərəcədə qəbahət və haram olması məlum məsələdir.
Məsum imamlardan (ə) nəql olunmuş bir çox hədis və rəvayətlərdə valideynə qarşı kobudluq edənlərin ağır əzablarla cəzalandırılacaqları göstərilir.
Peyğəmbərdən (s) nəql olunmuş hədisdə ata-anaya qarşı pis rəftar etmək Allaha şərik qoşmaq, döyüş meydanını tərk etmək kimi böyük günahlardan biri sayılır.
«Qiyamət günü Allah dərgahında böyük günahlardan biri də Allaha şərik qoşmaq, günahsız mömin bir şəxsi öldürmək, fərarilik və valideynə qarşı pis rəftar etməkdir».(Әt-tərğib vət-tərhib, 3-cü cild, səh-327. )
Başqa bir hədisdə deyilir:
«Allah tərəfindən (valideynlərlə pis rəftar edənlərə) belə bir xitab olunar: İstədiyin hər bir işi gör və bil ki, səni bağışlamayacağam».(Kənzul-ummal. )
Yəni, valideynin üzünə qayıdanlar nə qədər xeyirxah işlər görsələr də belə, Allahın nəzərindən uzaq olarlar. Lakin unutmaq olmaz ki, bütün günahları tövbə etməklə aradan aparmaq mümkündür və bu günah nə qədər böyük olsa da insan peşman olaraq Allah-taaladan bağışlanmasını diləyə bilər.
Valideynlərə qarşı edilən kobud rəftarlar haqda iki mühüm mətləbə işarə etmək lazımdır:
1. Rəvayətlərdə göstərilən valideynlərə qarşı kobud rəftarların nümunələri;
İmam Səccad (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:
«Ata-anaya acıqla baxmaq və onlara qəzəblənmək valideynə qarşı kobudluq hesab olunur».(Biharul-ənvar, 74-cü cild səh-61 )
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:
«Valideyni kədərləndirən şəxs onlara qarşı kobud rəftar etmiş olur».(Kənzul-ummal. )
İsra surəsinin 24-cü ayəsindən və bu məzmunda nəql olunmuş bir çox rəvayət və hədislərdən bu nəticəyə gəlmək olur ki, valideynə qarşı olunan hər hansı bir hörmətsizlik və kobud rəftar islam nöqteyi-nəzərindən haram və böyük günahlardan hesab olunur. Valideyn övladına qarşı haqsızlığa yol versə belə, övlad onlara qarşı kobudluğa yol verməməlidir.
İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:
«Allah-taala valideynə - övladına qarşı haqsızlığa yol versə belə - acıqla baxan şəxslərin namazlarını qəbul etməz».(Biharul-ənvar, 74-cü cild, səh-61. )
2. Kobud rəftar etməkdən çəkinmək və gözəl davranmağın vacibliyi təkcə mömin və müsəlman valideynlərə deyil, eləcə də qeyri-müsəlman və müşrik valideynlərə də aid olunur. Yəni, valideyn qeyri-müsəlman və müşrik olsa da belə, onlarla gözəl rəftar edilməli və heç bir kobudluğa yol verilməməlidir. Loğman surəsinin 14-15-ci ayələrində bu haqda buyurulur:
«Biz insana ata-anasına yaxşılıq etməyi [valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı] tövsiyə etdik. Anası onu [bətnində] çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. [Biz insana buyurduq]: Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!
Әgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, [bu işdə] onlara itaət etmə. [Qalan] dünya işlərində onlarla gözəl keçin [onlara itaət et]...»
Ayənin məzmunundan belə bir qənaətə gəlmək olur ki, valideyn qeyri-müsəlman, müşrik olsa və övladını Allaha şərik qoşmağa və ya Onu inkar etməyə vadar etsə də belə, onlarla gözəl davranılmalı və kobudluğa yol verilməməlidir.
Şübhəsiz ki, belə bir rəftar onlarda islama qarşı rəğbət hissinin yaranmasına, hətta onu qəbul etmələrinə də səbəb ola bilər.
Tarixdə baş vermiş hadisələrdən birində deyilir: İmam Sadiq (ə)-ın vasitəsi ilə islamı qəbul etmiş Zəkəriyya ibni İbrahim deyir: İmam Sadiq (ə) məni islam dini ilə tanış etdikdən sonra bu ilahi dini rəğbətlə qarşılayıb [qəbul edib] ondan soruşdum: Atam, anam və qohum-əqrəbalarımın hamısı məsihidirlər və anamın gözləri görmür. Mən onlarla birlikdə yaşayır, bir qabda yemək yeyirəm. Bunun bir nöqsanı vardırmı? İmam Sadiq (ə) soruşdu:
Onlar donuz əti yeyirlərmi?
Dedim, nəinki yemir, hətta ona əl də vurmurlar. İmam Sadiq (ə) buyurdu:
Elə isə bunun heç bir nöqsanı yoxdur. Ananın qayğısına qal, onunla gözəl rəftar et və dünyasını dəyişdikdə onun dəfnini öz üzərinə götür.
Zəkəriyya deyir: Kufəyə imam Sadiq (ə)-ın yanına qayıdanadək onun tövsiyələrini yerinə yetirirdim. Anama yemək verir, paltarlarını yuyur və daim ona qulluq edirdim. Bir gün anam mənə dedi: Oğlum! Nə qədər ki, bizim dinimizdə idin mənə nə belə qayğı göstərir, nə də belə qulluq edirdin. Dedim: Bizə bu xeyirxah işi Peyğəmbərin (s) övladlarından biri tövsiyə etmişdir.
Anam dedi: O peyğəmbərdirmi? Dedim: Xeyir, lakin peyğəmbər övladıdır. Dedi: Yox, o peyğəmbərdir. Çünki, bu peyğəmbər tövsiyələrindəndir. Dedim: Yox, ana o peyğəmbər deyildir. Çünki, bizim peyğəmbərdən (Həzrət Məhəmməddən (s)) sonra yer üzünə heç bir peyğəmbər gəlməyəcəkdir və o peyğəmbər övladıdır. Anam dedi: Oğlum! Sənin qəbul etdiyin din, dinlərin ən yaxşısıdır; Məni bu dinlə tanış et.
İslam dini haqda ona bəzi məlumatlar verdim və o da dediklərimi qəbul edib müsəlman oldu. Ona namaz qılmağı öyrətdim; Günorta və axşam namazlarını qıldı və həmin gün vəziyyəti ağırlaşdı və dünyasını dəyişdi. Onu müsəlmanlarla birlikdə islam qayda-qanunları ilə dəfn etdik.
MEHRİBANÇILIQ
İsra surəsinin 24-cü ayəsində valideynlərlə gözəl rəftar etmək və onlarla gülərüz və mehribanlıqla davranmaq tövsiyə olunur. İmam Sadiq (ə) ayənin izahında buyurur:
«Onlara gülər üzlə nəzər sal, səsini onların səsindən ucaltma, onlara əl qaldırma və yol gedərkən onlardan irəli keçmə».
O həzrət həmin ayənin «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et» hissəsinə çatdıqda buyurdu:
Səni döydükləri zaman (mehribanlıqla) söylə: Allah sizi bağışlasın!(Biharul-ənvar, 74-cü cild, səh-39, Üsuli-kafi, 2-ci cild, səh-158 )

Müəllif: İsmayıl Əhmədov  

Category: Exlaq | Baxış: 915 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]