Əsas səhifə » 2009 Oktyabr 18 » Tövbə və istiğfar
10:44 AM Tövbə və istiğfar | |
Tövbə və istiğfar
Başlanğıc mərhələlərindən biri də tövbə və istiğfardır. İnsan qəflət, nadanlıq, heyvani və nəfsani qüvvələrin coşub-daşması nəticəsində günaha batarsa, gecikmədən Allahın mərhəmətinə sığınıb ondan bağışlanmasını istəsin. Tövbə və istiğfar suyu ilə qəlbini, ruhunu yuyub təmizləsin, əks təqdirdə səhlənkarlıq və işi bu gün-sabaha qoymaq özü də bir günah olub inadkarlığa dəlalət edər. “Qurani-Kərim”dən belə faydalanırıq ki, tövbə iki şərtlə qəbul olunur: insan günaha küfr və inadkarlıq üzündən yox, öz cəhaləti və nadanlığı səbəbindən batmış olarsa; günaha batandan sonra vaxt ötürmədən peşman olub dərhal tövbə edərsə. Allah-təala bu barədə buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edələr. Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq." («Nisa»-17,18). Ey müsəlman bacı-qardaşım! Nə qədər gec deyil, tövbə et ki, vaxt azdır. Görün, Allah-təala öz bəndələri ilə hansı ahənglə danışır: "İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan («Quran») üçün yumşalması vaxtı gəlib çatmadımı?" («Hədid»-16). Günahı təkrarlamağın və tövbə etməməyin aqibəti Günahından peşman olmayıb tövbə etməyi təxirə salanları qarşıda acınacaqlı bir aqibət gözləyir. İmam Sadiq(ə)-dən belə bir hədis nəql olunur: "Atam (İmam Baqir)(ə) dəfələrlə deyərdi: «Qəlb üçün günahdan pis şey yoxdur, çünki ürək günaha batıb günahı təkrar etdikcə günah qəlbə hakim kəsilib onu xarabaya çevirir."[Sunneni Nesai IV c/ cuz 8/seh.117] Yəni təbii olaraq, üzü Allaha tərəf olan qəlb qiyafəsini dəyişib qaralaraq bir daha haqq söz və nəsihət eşitmir. Bu, sonu küfrlə, Allah ayələrini təkzib və səmavi həqiqətlərə istehza etməklə bitən “Qurani-Kərim”in buyurduğu həmin yoldur: "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" («Rum»-10). İmam Sadiq(ə)-dən belə nəql olunmuşdur: Allah-təala buyurur: «Əgər mənim bəndəm öz nəfsani istəklərini mənə itaət etməkdən üstün tutarsa, onu cəzalandırmaq üçün ən azı mənə münacat etməyin ləzzətini ondan alaram."[Biharul-envar.Beyrut capi XXXII c/ s-92] Başqa bir hədisdə İmam Sadiq(ə) belə buyurur: "Şübhəsiz, günaha batan şəxs onun (günahın) təsirindən gecə namazından məhrum olur. (Mənəvi qidaları kəsməkdə) günahın təsirinin sürəti iti bıçağın əti kəsməkdə sürətindən daha çoxdur."[Usuli-kafi] Nəhayət, insan özünü o yerə çatdırır ki, onun qəlbinə və qulağına qəflət möhürü vurulub, qaranlıq və zəlalət pərdəsi gözünə çəkilərək mübarək: "Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır." («Bəqərə»-7) ayəsi ona şamil olur. İndi ki «Quran» və dini övliyalar(ə) baxımından günahın zərərləri aydın oldu, onu qəlbin səhifəsindən təmizləməkdə səhlənkarlıq etmək səfehlərin və axmaqların adətidir. Çünki günah öldürücü bir zəhərdir. Əgər onu dəf etmək üçün bir tədbir görülməzsə, daha nicat tapmaq üçün bir yol qalmaz. Məgər ölümün qəflətən insanı haqlaması, hətta bir nəfəs çəkməyə belə möhlət verməməsi həqiqət deyilmi? Bəli, bu, “Qurani-Kərim”də buyurulduğu bir həqiqətdir: "Artıq nə bir vəsiyyət etməyə iqtidarları çatar, nə də ailələrinin yanına qayıda bilərlər!" («Yasin»-50). Uca Yaradan Peyğəmbər(s)-ə belə xitab edir: "(Ey Mühəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü (qiyamət günü) ilə qorxut!" («Məryəm»-39). O "vaxt deyərlər: "...Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" («Ənam»-27). Lakin sonrakı peşmançılığın nə faydası. Bu arzu əməli olaraq heç vaxt həqiqətə qovuşmayacaqdır. Allah eləməsin ki, bir gün biz də belə demiş olaq: "... (İlahi) Öz ömrümü bu gün-sabah etməklə xarab etdim." Buna görə də qəlbləri cilalayan istiğfarı unutmayaq. Bütün hallarda Allahı istiğfar etməklə yada salaq: istər vacib namazlarda, istərsə də müstəhəb namazlarda, hətta yatarkən belə istiğfar etmək lazımdır ki, bilmək olmaz, bəlkə yuxudan bir daha ayılmadıq. Peyğəmbər(s)-in həyatı barədə belə nəql olunur ki, Allahın Rəsulu hər gün yetmiş dəfə "əstəğfirullah" deyərmiş. Bəzi hədislər də vardır ki, onun bir oturumda iyirmi beş dəfə "əstəğfirullah" deyərək istiğfar etməsi söylənilir. İstiğfar günahkarlara şəfa bəxş edən dərmandır. Bir hədisdə belə buyurulur: "Hər bir dərdin dərmanı vardır. Günahların da dərmanı istiğfardır." Bunu da bilmək lazımdır ki, istiğfar və tövbə üçün ən yaxşı vaxt gecə yarısıdır. O zaman bütün qapılar bağlı və hamı yuxuda olur,lakin Allahın rəhmət qapıları o zaman bəndələrinin üzünə açıq olur. Allah mömin bəndələri vəsf edərək buyurur: "Onlar (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir. (sübh namazına qalxanlardır)." («Ali-İmran»-17). Başqa bir ayədə isə buyurulur: "Onlar gecələr (ibadətlə məşğul olub) az yatardılar. Səhərlər isə (Allahdan) bağışlanmaqlarını diləyirdilər." («Zariyat»-17,18). Peyğəmbər(s) buyurur: "Allah yanında Allah qorxusundan gözdən axan yaşdan və ya Onun yolunda tökülən qandan daha sevimli bir şey yoxdur. Ola bilməz ki, bəndə Allah qorxusundan ağlasın, amma Allah-təala onu öz rəhmət şərabı ilə sirab etməsin, onun göz yaşlarını behiştdə gülüş və sevincə çevirməsin, onun ətrafındakılarına iyirmi min nəfər olsa belə, mərhəmət göstərməsin. Allah-təalanın cəhənnəm əzabından qoruduğu kimsədən başqa heç bir göz Allah qorxusundan ağlamaz. Əgər gözündən yaş axıb üzünü isladarsa, heç vaxt yoxsulluq və zillətə düşməz. Əgər bir ümmətin arasında Tanrı bəndələrindən biri Allah qorxusundan ağlayarsa, şübhəsiz, Allah-təala o ümmətə onun göz yaşları xatirinə nicat verər." Allah qorxusundan ağlamaqdan başqa hər bir şeyin öz ölçüsü var. İmam Sadiq(ə) bu barədə buyurur: "Qiyamət günü üç nəfərdən başqa hamının gözü ağlar olacaq: harama göz yuman, Allaha ibadət edib ayıq qalan və gecə yarısı Allah qorxusundan ağlayan şəxs." Əgər bu sahədə müvəffəq olmursansa, yaxşı olardı ki, Əbu Həmzeyi Sumali duasını yada salıb Allah ilə zümzümə və münacat edəsən: "İlahi! Mən hər zaman özümə söz verib ibadətə, itaətə hazır olduğumu söyləyəndə və Sənin qarşında durub namaz qılmaq istəyəndə yuxunu mənə göndərdin, razü-niyaz və münacat halını məndən aldın. İlahi! Mən özüm-özümlə əhd bağlayıb “bundan sonra mənim batinim yaxşı olacaq və tövbəkarların məclisinə gedəcəyəm” - deyə özümə söz verdikdən sonra görəsən nə oldu ki, birdən-birə mənə bəla gəldi, ayağım büdrədi, mənimlə Sənin aranda sədd yarandı? Ey mənim Mövlam! Olmaya Sən məni Öz mərhəmət qapından qovub bəndəlik xidmətindən uzaqlaşdırıbsan? Bəlkə mənim bəndəlik haqqını yüngül tutduğumu görüb məni Öz rəhmət qapından qovmusan? Olmaya, mənim Səndən üzüdönük olduğumu görüb mənə qəzəblənmisən? Bəlkə məni yalançılar arasında görüb öz qayğından məhrum etmisən? Bəlkə məni nemətlərinə qarşı naşükür görüb məhrum etmisən? Bəlkə məni elm adamlarının məclisində tapmayıb zəlalətə atmısan? Bəlkə məni qafillər arasında gördüyünə görə öz mərhəmətindən naümid etmisən? Bəlkə məni batillər (boşboğazlar) məclisində görüb elə oradaca onların arasında qoymusan? Yoxsa duamı eşitmək istəmədiyindən öz dərgahından qovub, həyasızlığıma və utanmazlığıma görə məni cəzalandırmısan? ..." Qısası, bu münacatı zümzümə etməklə daxili dərdləri, mənəvi xəstəlikləri və Allahdan uzaqlaşmanın səbəblərini bilib özünü islah etmək üçün müalicə fikrinə düşmək olar. Ayətullah Məhəmmədrza Məhdəvi Kəni
| |
|
Total comments: 0 | |