Şənbə günü, 2024-12-21, 8:11 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Dekabr » 1 » ''Tevessul"
12:35 PM
''Tevessul"
 
 
''Tevessul" Qur'an baximindan


İslam dini yarandığı gündən bəri qəddar düşmənlərlə üzləşmişdir. Onlar İslamı nabud etmək ücün fürsət axtarıb, bu yolda əllərindən gələni əsirgəməmişlər. Dəfələrlə bu müqəddəs dinə zərbə vurmaq istəmiş, amma bu işdə muvəffəq olmamışlar. Nəticədə İslam adı və İslam libası ilə bu dini yox etmək niyyətinə düşmüşlər. Özlərini müsəlman cilvələndirən bu İslam düşmənləri tarix boyu İslama güclü zərbələr endirmiş və İslamı kökündən məhv etmək arzusu ilə yaşamışlar.


Aşkar nümunə olaraq, "Əməvilər" sulaləsini və xüsusilə birinci dəfə bu qəbilədən xilafəti qəsb edərək, ələ keçirən Müaviyəni misal çəkmək olar. Mötəbər kitablarda qeyd olunmuş rəvayətlərə əsasən Müaviyə aşkar şəkildə Allahın Rəsuluna (s) olan nifrətini elan etmiş və Mutrif bin Muğeyrənin şiələri çox incitməməsi barəsində nəsihətinin cavabında belə demişdir: "Xəlifələr Əbu Bəkir, Ömər və Osman dunyadan getdikdən spnra, adları da unuduldu. Amma bu Peyğəmbərin (s) adı gündə beş dəfə Allahın adı ilə birlikdə çəkildiyi üçün, mən onu dəfn etmək istəyirəm. (Müaviyə və tarix, səh.173)


Gördüyünüz kimi Müaviyə Peyğəmbərin (s) canişini və bütün müsəlmanların xəlifəsi adı ilə İslama zərbə vurmaq , o həzrətin adını müsəlmanların zehnindən silmək, dəfn etmək niyyətində imiş.


Hicri tarixi ilə on ikinci əsrdə yaranmış vəhhabilik məzhəbinin davamçılarını da bu qəbildən hesab etmək olar. Çünki onlar da Quranın zahirini əsas tutaraq İslam adı və Tohid şüarı ilə İslamı məhv etmək, Peyğəmbərin (s) sunnəsini olduğu kimi davam etdirən yeganə məzhəb olan, şiə məzhəbinin gerçək və həqiqi etiqadatını sual altına aparmaq istəyirlər.


Vəhhabilər şiələrin bəzi etiqadatına irad tutaraq onları müşrik (Allaha şərik qoşan) adlandırır və buna görə qanlarını, mallarını halal hesab edirlər.


Bu müxtəsər məqalədə vəhhabilərin şiələri müşrik adlandırmasına səbəb olan, şiə etiqadatına əsasən düzgün və Allah tərəfindən əmr olunmuş bir əməlin , "təvəssül"ün Quran ayələrinə əsasən düzgünlüyündən söz açmaq istəyirəm. Vəhhabilər şiələrin hər hansı bir imamın və ya peyğəmbərin mübaərk türbəsinin yaninda durub ona salam verməsini, ondan öz hacətinin qəbul olumasında kömək istəməsini qəbul edə bilmirlər və günahlarının bağışlanması üçün Allahın sevimli bəndələrini Allahla öz arasında vasitə qərar verənləri, bütün müsəlmanların hidayət kitabı olan Quranın bu işi təsdiqləməsinə baxmayaraq, müşrik (Allaha şərik qoşan) adlandırırlar.


Yaxşı olar bu barədə olan Quran ayələrini nəzərdən kecirməzdən öncə, "təvəssülün" hansı mənanı daşıdığını araşdıraq.


Mötəbər lüğət kitablarında qeyd olunan mənalara əsasən "təvəssül", "hər hansı bir şeyə yaxınlaşmaq ücün vasitə qərar vermək" deməkdir.


Böyük dilçilik alimi İbni Mənzur Misri belə deyir: "Vəsilə və ya təvssül yaxınlaşma mənasındadır. Məsələn:"Filan şəxs Allaha tərəf vasitə qərar verdi" sözünün mənası "elə bir iş gördü ki, o işin vasitəsi ilə Allaha yaxınlaşdı"( mənəvi cəhətdən) deməkdir. (Lisanul ərəb,11-ci cild səh.724)


Həmçinin böyük lüğət alimi Fərahidi belə deyir: "Allaha tərəf vəsilə qərar verdim, yəni elə bir iş gördüm ki, onun vasitəsi ilə Allaha yaxınlaşdım (mənəvi cəhətdən)". (Kitabul Eyn, 3-cü cild, səh.1951)


Və yaxud görkəmli sunni alimi İbni Kəsir öz təfsirində belə yazır: "Təvəssül insanın Allahla öz arasında hacətlərinin qəbul olunması üçün vasitə qərar verməsinə deyilir". (1-ci cild,səh.532)


Bəs buna əsasən "təvəssül" insanın Allah-Taalanın əziz və müqərrəb olan bəndələrini, Allahla öz arasında günahlarının bağışlanması və hacətlərinin qəbul olunması üçün vasitə qərar verməsi deməkdir.


İndi gəlin öz vicdanımızı hakim qərar verib fikirləşək. Əgər bir şəxs Peyğəmbəri Allahla öz arasında vasitə qərar verib, O həzrətdən Allah dərgahına üz tutub onun günahlarının bağışlanması üçün dua etməsini istəsə, bu şirkdirmi? Sizcə bu işi şirk sayan şəxs "şirk" və "tohidin" həqiqi mənasını kamil şəkildə dərk etmişdirmi?!


"Təvəssül" haqqında bəzi ayələr


Allah tərəfindən nazil olan və bütün müsəlmanların qəbul etdiyi bu müqəddəs kitabda təvəssül barəsində bir neçə ayə mövcuddur. Onlardan bəzilərində "təvəssül" kəlməsi aşkar şəkildə qeyd olunub, bəziləri isə, təvəssül mənasını daşıyır.


Təvəssül kəlməsi qeyd olunan ayələrdən biri "Maidə" surəsinin 35-ci ayəsidir:


"Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!" Gördüyünüz kimi "vəsilə" kəlməsi bu ayədə mütləq və hec bir qeyd və şərtə bağlı olmayan şəkildə işlənilmişdir. Demək olar ki, hər növ vasitəyə, o cümlədən, Peyğəmbər(s) və imamı (ə) da vasitə qərar verməyə şamil olur.


Həmçinin "İsra" surəsinin 57-ci ayəsində buyurur:


"Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!"


Bu ayədən belə başa düşülür ki, Allahdan başqa bütün varlıqlar, istər mələklər, istər peyğəmbərlər, istərsə də məxluqatın başqa təbəqələri böyük və rəhimli Allahdan feyz və mənfəət kəsb etməkdə vəsilə axtarır, onun rəhmətini daha çox cəlb etmək, əzabını dəf etmək üçün müxtəlif vasitə və vasitəçilərdən istifadə edirlər.


İndi isə təvəssül kəlməsinin qeyd olunmadığı, lakin təvəssül anlamında olan bəzi ayələri nəzərinizə çatdırıram:
Allah-Taala "Nisa" surəsinin 64-cü ayəsində belə buyurur:

"Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər".


Burada münafiqlərin Allahın ən əziz bəndəsi Peyğəmbəri (s) Allahla öz aralarında, özlərinə zülm etdikdən sonra günahlarının bağışlanması üçün vasitə qərar vermələri Allah tərəfindən bəyənilmiş olduğu göstərilir.


"Yusif" surəsinin 97 və 98-ci ayələrində isə Allah-Taala aşkar şəkildə Yəqubun (s) övladlarının o həzrəti Allahla öz aralarında vasitə qərar vermələrindən söz açır:
"(Oğlanları ona: ) "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!" dedilər. (Yə’qub) dedi: "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"

Qurani-kərim "Tövbə" surəsinin 114-cü ayəsində buyurur:


"İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və’də görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi".


Bu ayədə də İbrahimin (s) öz atasi ücün bağışlanma diləməsi təvssülün düzgünlüyünə və Allah tərəfindən bəyənilən bir əməl olduğuna işarədir.


Gördüyünüz bu ayələrdə aşkar şəkildə başa düşürük ki, peyğəmbərlərə və Allah yanında əziz olan bəndələrə təvəssül edib, onları özümüzlə Allah arasında vasitə qərar vermək heç cür şirklə əlaqəsi olmayan və Allah tərəfindən bəyənilmiş bir işdir.


Bu həqiqətə sunni alimlərinin Qurana yazdığı təfsirlərdə də rast gəlmək olur. Misal olaraq böyük sünni alimi Alusini göstərmək olar. O, öz təfsir kitabında təvəssülün düzgünlüyünə dəlalət edən çoxlu hədis nəql etmiş və uzun araşdırmadan sonra bu əməlin düzgünlüyünə etiraf edərək belə deyir:


"Mən bu qədər araşdırmalardan sonra Peyğəmbərin məqamını istər yaşadığı dövrdə, istərsədə dünyadan gedəndən sonra Allah dərgahına vasitə qərar verməkdə heç bir mane görmürəm".


O sonra sözünü belə davam etdirir:


"Peyğəmbərdən başqalarınında məqamını Allah dərgahına vasitə qərar verməkdə heç bir eyb görmürəm, bu şərtlə ki, o şəxslərin Allah dərgahında həqiqətən də uca məqamları olsun". (Ruhul-məani, 3/128)



Əlbəttə bu əməlin düzgünlüyünə sübut olan dəlillər sünnü kitablarında olduqca çoxdur. Biz nümunə olaraq birini qeyd etdik. Çünki bizim hədəfimiz burada yalnız təvəssülü Quran baxımından qısaca olaraq araşdırmaq idi.

Hazırladı: Mirəli Vəlizadə

Category: Diger me'lumatlar | Baxış: 1413 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]