Bazar günü, 2024-12-08, 5:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 8 » Təbəssüm və şadlıq insanın gözəlliyidir
7:19 AM
Təbəssüm və şadlıq insanın gözəlliyidir
       Təbəssüm və şadlıq insanın gözəlliyidir
       İnsan gərək gülərüz, təbəssümlü, xoşrəftar və şən olsun.
 
*      "... Salam ... Məni narahat edən mənfi cəhətlərimdən biri budur ki, işdəki psixi yorğunluq və əsəbiliyimi özümlə evə gətirirəm. Bunu gizlətməyə çalışsam da bacarmıram. Evə girəndə qaşqabaqlı olduğumu görən arvad isə başlayır ki, "yenə nədir ayağını evə qoyan kimi qaşqabağını salladın? Nədir, nə xəbərdir? Biz sənə nə etmişik ki, sir-sifətini turşudursan?..."

     Həmişə mənə əzab verən digər bir xüsusiyyətim də budur ki, mən əsəbləşdiyim zaman ixtiyarsız olaraq söyüş söyürəm...".

     ? Öncə sizə təbrik deyirəm ki, öz eyiblərinizi görməyi bacarmış və onları islah etmək fikrinə düşmüsünüz. Öz eyiblərinə vaqif olmaq və onları islah etmək insani keyfiyyətlərdəndir.[1] Kamil, bəsirətli insan həmişə öz eyiblərindən xəbərdardır və onları islah etmək üçün çalışır, öz nəfsini ədəbləndirir, danlayır və onu hesaba çəkir. Ən böyük eyib isə öz eyiblərini görməmək və onlardan qafil olmaqdır.[2]

     Eyiblərini görməyən şəxsin eyibləri gündən-günə çoxalır, o, pisliklər bataqlığında boğulur və əbədilik cəhənnəm əzabına layiq görülür. Belə bir şəxs yaradılmışların ən pisidir. Həzrət Əli (ə) buyurub: "Başqalarının eyibini demək istəyən hər bir kəs, əvvəlcə öz eyiblərini deməlidir.”[3]

      Gülərüz, təbəssümlü olmağın dəyər və zəruriliyi:

     İnsan təbiətən gözəldir və gözəlliyə tamaşa etməyi sevir. Gülümsər çöhrə və təbəssümlü dodaqlar dünyanın ən gözəl və cəlbedici mənzərələrindəndir. İnsan şən, gülərüzü sevir, qaşqabaqlı və zəhrimar tökülən sifətlərdən isə uzaq qaçır.

     Allah-Taala da gülərüzlü, xoşrəftarlı insanları sevir, onlara savab yazılır və qaşqabaqlı və tutqun sifətlərdən isə acığı gəlir.[4]

     Peyğəmbər (s) buyurub: "Möminlərlə və camaatla (dost, qohum, ailə və uşaq) açıq və xoşüzlə görüşün ki, gülərüz ürəkləri cəzb edir, məhəbbəti artırır, şadlıq və təzəlik gətirir, ürəklərdə olan kin-küdurəti silib atır.”

     Mömin insan həmişə çalışır ki, qəm-qüssəsini ürəyində gizlətsin və şad və gülərüzlü görsənsin. Əziz peyğəmbərimiz (s) təbəssümlü idi və bir kəslə danışdığı zaman söz arası təbəssüm edərdi.

     Amma nə edək ki, həmişə şən və gülərüzlü olaq?

     Öncə bunu başa düşməliyik ki, bizdə bu mənfi xüsusiyyət, yəni qaraqabaqlılıq vardır. Bunu dərk etdiyimiz zaman çarə yolunun mühüm bir qisminə çatmış hesab oluruq. Həyat, yəni müxtəlif problem, çətinlik, maneələrlə üzbəüz və qarşı-qarşıya durmaq. Yəni tufanlı, coşqun dalğalı dəniz və dəryalardan keçmək.

     Kişi ruzi qazanmaq üçün evdən çıxır və bu yolda onlarla müşkül və çətinliklə üzləşir. O, fikir, düşüncə ilə işə başlamalı və hər cür problemlə üzləşməyə hazır olmalıdır. Problemlərin həllinə çalışmalı, bu tufan və təlatümlü həyat dəryasından ağılla və mətinliklə keçməlidir. Bu dünyada eniş-yoxuş, gecə-gündüz, işıqla zülmət və asanlıqla çətinlik bir-birlərinə qarışmışdır. Amma insan o qədər güclüdür ki, hər gün yüzlərlə çətinliyə sinə gərir, onların həllinə çalışır, amma bu qədər zəhmət və əziyyətə əhəmiyyət verməyib öz ruhi, cismi zərifliyini qorumağı bacarır, gün ərzində çəkdiyi yorucu zəhmətlərin acısını gizlədə bilir və üzündə ifadə etmir. Xüsusilə də, əgər insan şən, gülərüz olmağın dəyərini bilərsə və İlahinin ona bəxş etdiyi qüdrətə arxalanarsa, heç vaxt problemlər onun qaşlarını çata, düyünləyə və üzünə kədər ifadəsi qondura bilməyəcəkdir.

     Buna görə də siz bəzən ovqat təlxedici, kefpozucu problemlərlə üzləşdiyiniz, rastlaşdığınızda, bu kefsizliyi evə və ailənizə aparmayın. Evin kandarına çatdıqda ayaq saxlayın. Allah-Taalanın gülərüz, şən insanlara verdiyi vədləri, dəyərləri xatırlayın və yada salın ki, ailə və övladlarınız bir gün axşama qədər eşq və məhəbbətlə sizin işdən qayıdacağınızı gözləyiblər. İndi isə gözləri qapıdadır ki, atamız daxil olacaqdır. İçəri daxil olarkən gözəl əxlaq, xoş rəftar, gülümsər, təbəssümlü və şirin sözlərlə ailənizin bir günlük yorğunluq və intizarına son qoyun.

     İmam Sadiq (ə) buyurub: "Xeyirxah iş görmək və gözəl əxlaq sahibi olmaq evləri abad və ömürləri uzun edər.”[5]

     Əlbəttə, qadının da vəzifəsidir ərini qarşılamaq üçün qapıya qədər gəlsin, gülərüzlə ona xoşgəldin desin, paltarlarını soyunmaqda ona kömək etsin ki, əri sabahın işi üçün daha da ruhiyyəli və qüdrətli olsun. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Qadının vəzifəsi budur ki, evin qapısına qədər ərini qarşılamağa getsin və ona xoş gəldin desin.”[6] 

 


[1] . Töhəful-uqul.

[2] . Ğürərul hikəm və dürərul kəlim; Mizanul-himət;

[3] . Ğürərul hikəm və dürərul kəlim;

[4] . Üsuli-kafi; Mizanul-hikmət;

[5] . "Əş-şafi”, cild:1;

[6] . "Müstədrəkül vəsayil”, 3/...;

islammektebi.org

Category: Exlaq | Baxış: 1083 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]