Bazar günü, 2024-12-22, 5:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 24 » Əsrimizin vəbası böhtan!
10:04 PM
Əsrimizin vəbası böhtan!


Yaşadığımız 21-ci əsr dönəmində, nədənsə elm-texnika inkişaf etdikcə, insanlar bir o qədər mənəvi tənəzzülə uğrayır, milli-mənəvi dəyərlərini itirir - bir sözlə paradoksal bir durum yaranır ki, artıq insaniyyət, şəxsiyyət deyilən məfhuma tamamilə zidd olan ən rəzil əməllər adiləşir.
Qloballaşmaya inteqrasiya olunan ölkədə qanun, haqq, ədalət, hüquq anlamları yalnız termin xüsusiyyətini daşıyır. Belə bir halda, müxtəlif mənəvi xəstəliklər inkişaf edir, texniki proqress, mənəvi reqresslə əvəzlənir.
Bu nöqteyi-nəzərdən, müasir dövrümüzdə belə adi hal alan xəstəliklərdən biri də -böhtandır və bu böhtanın qurbanları çox vaxt günahsız insanlar, o cümlədən inanclılardır. Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, günümüzdə yaşanan vəba viruslu böhtanlar insanların inancı ilə ziddiyyət təşkil edir və onlara müxtəlif əzab-əziyyət verir.
Böhtan, iftira - olmayan bir şeyi olmuş kimi təqdim etmək deməkdir. Böhtanın kökü yalan üzərində qurulduğundan, rəzil xislətlərdən, fəsadlardan sayıldığından dinimizdə də böyük günahlardan hesab olunur və bu yöndə insanlara çağırışlar edilir.
Müqəddəs kitabımız Qurani-Kərimdə də insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd olunur: "Mömin kişiləri, möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır)". ("Əhzab” surəsi, 58)
"(Etiqad, danışıq və əməldə) bilmədiyin bir şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır(insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. ("İsra” surəsi, 36)
"Şübhəsiz, o böyük böhtanı gətirənlər sizin özünüzdən olan mütəşəkkil və yekdil dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyrinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münafiqlərin rüsvay olmalarına səbəb olur). Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən kəs üçün isə böyük bir əzab vardır”. ("Nur” surəsi,11)
Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər Əhli-beyt (ə) hədislərində də nəql olunub. İslam peyğəmbərinin (s) vəsiyyətlərindən biri - düzgünlük və yalandan çəkinmək idi. Rəsulallah (s) buyurur: "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar”.
Həzrət Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur".
İmam Baqir (ə) böhtanin mənşəyi olan yalan haqqında buyurmuşdur: "Allah Təala şər üçün bir sıra kilidlər qərar vermişdir. Bu kilidlərin açarları isə şərabdır. Yalan isə şərabdan daha pisdir”.
Peyğəmbərimiz (s) hədislərin birində yalanın sələmdən də alçaq xislət olduğunu vurğulamışdır.
Hədisləri nəzərdən keçirdikdə, agah oluruq ki, yalan, böhtan, iftira sahiblərinin əzablı aqibətləri qaçılmazdır.
Böhtan sahibləri nələrə əl atsalar da, əqidə, izzət daşıyıcıları öz həqiqi yollarından dönməzdirlər. Çünki qəlblərində Allah məhəbbəti var, İslam məktəbindən qaynaqlanırlar, Əhli-beyt (ə) yolçularıdırlar. Böhtançılar dünya və Ilahi qanunlara dırnaqarası baxsalar da, haqqı tapdalanan, təzyiqlərə məruz qalan, müxtəlif böhtanlarla üzləşən günahsız əqidə sahibləri üçün hər bir halda, ən müsibətli anlarda belə İlahi qanunlar höccətdir və onlar belə bəlalar müqabilində əzm, səbir göstərərək sinə gərirlər.
Əbu Bəsir Həzrət Sadiqdən (ə) belə eşitdiyini nəql edir: "Hürr insan bütün hallarda hürdür. Başına müsibət gələrsə səbir edər, müsibətlər sel kimi üstünə axışsa belə, yenə də səbir edər. Müsibətlər onu məğlub edə bilməz. Əgər məğlub olub əsir düşərsə, çətinliklər onun üçün asanlaşar. Necə ki, çox əmin olan Yusifin (ə) əsir götürülməsi və kölə edilməsi, onun azadlığına heç bir xələl gətirmədi. Nə quyunun qaranlığı, nə də başına gələn digər müsibətlər ona heç bir ziyan vura bilmədi. Buna görə də Allah ona lütf etdi və məlik qıldı. Sonra da onu peyğəmbər qərar verdi və onun sayəsində bir ümmətə rəhm etdi. Bax, səbir bu şəkildə ardından xeyir gətirər. Bu halda, səbir edin, səbirli olun ki, əcrə yetişəsiniz. ("Üsuli –Kafi”, c.2, səh.89). 
Zəhranur Qüdsi
"Dəyərlər”in oxucusu

 


Category: Diger me'lumatlar | Baxış: 953 | Added by: Ənfal | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]