Bazar günü, 2024-12-22, 3:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 19 » Seyyidüş-şühəda Həmzənin həyatı (4)
7:12 AM
Seyyidüş-şühəda Həmzənin həyatı (4)
ŞƏHADƏT YOLUNDA NƏ AYAQ, NƏ BAŞ?
Zərrəcə qəlbimi qorxutmur savaş
Əldə qanlı qılınc, könüldə sevinc,
Can təndən qopmasa, çətin qala dinc.
Rahatlıq eşqiylə döyünür ürək,
Dünya bir körpüdür keçilsin gərək.
İslam qoşununun rəşadəti, xüsusi ilə Həmzə və Əli (ə) kimi insanların qəhrəmanlığı müsəlmanları qələbə ilə müjdələdi və düşmən məğlubiyyətin acısını daddı. Müsəlmanların aramsız hücumları qarşısında qaçmaqdan savayı yol qalmadı. Amma ehtiyat qüvvələrin və təpədəki oxatanların öz mövqeyini tərk etməsi nəticəsində İslam qoşununa arxadan hücum baş tutdu. Müsəlmanların bir hissəsi şəhid oldu, bir hissəsi qaçdı. Əli (ə) və Həmzə əvvəlki şücaətlə vuruşurdular. Həmzə yenə də düşmən leşkərinin bağrını yarıb qılınc çalırdı. O, Ühüd döyüşündə şəhadətə yetməzdən qabaq otuz bir müşriki qılıncdan keçirdi.(«Əsədul-ğabə», 2-ci cild, səh. 48.) Əsir düşmüş kafirlərdən biri müsəlmanlardan soruşdu: «Meydandakı yaxasına dəvəquşu lələyi taxmış kişi kim idi?» Onun Həmzə olduğunu bildirdilər. Əsir dedi: «Bizi bu hala salan o oldu».(Həmin mənbə.)
Həmzə savaş meydanında tanınmaq üçün yaxasına əlamət taxardı. Bəzi döyüşçülər başlarına lələk taxmaqla, alınlarına xüsusi parça bağlamaqla fədakar döyüşəcəklərini bildirirdilər.

SEYYİDÜŞ-ŞÜHƏDANIN ŞƏHADƏTİ
Həmzə ardı-arası kəsilməz həmlələrlə döyüşü davam etdirirdi. Hər ötən an onun Allahla görüş şövqünü artırırdı. O aramsız hücumlar edir, düşmənlərin başını bədənindən ayırır, onları pərən-pərən salırdı.
Əbu-Süfyanın Bədr döyüşündə atasını, qardaşını, oğlunu itirmiş arvadı Hind bu arada intiqam üçün münasib fürsət gördü. O öz qulamı Vəhşini çağırıb ona vəd etdi ki, əgər Həmzəni öldürə bilsə, azad ediləcək. Vəhşi meydanda hərlənib, Həmzəni öldürmək üçün münasib məqam axtarırdı. O, Həmzə ilə üzbəüz gəlməyə cürət etmədiyindən qəfil hücum üçün pusqu seçirdi. Vəhşi qorxusuz döyüşən Həmzənin haqqında etiraf edərək demişdi: «Onun qılıncı kimə çatırdısa, həyatına son qoyurdu».(İbn Əsir, Kamil, 1-ci cild, səh. 553.)
Vəhşi bir ağacın dalında pusquda dayandı. Həssas bir məqamda Həmzə yerə yıxıldı və zirehi kənara düşdü. Onun bədəninin bir hissəsini zirehsiz görən Vəhşi fürsəti fövtə vermədi. Pusqudan çıxıb nizəni Həmzəyə tuşladı.(«Üsdul-ğabə», 2-ci cild, səh. 47.) Bəli, Hindin kin silahı küfür pusqusundan Vəhşinin əli ilə atıldı və İslamın sadiq dostunun cisminə sancıldı. Həmzə Vəhşiyə doğru hücum etmək istəsə də, yarası ona imkan vermədi və fədakar mücahid yerə yıxıldı. O öz məhbubu ilə görüş şövqünün işığında dünyaya vida dedi və ruhu tən qəfəsindən pərvaz etdi. 59 yaşı tamam olmuş Seyyidüş-şühəda Həmzə əbədiyyətə qovuşdu.
Həmzənin öldüyünə əmin olan Vəhşi onun cəsədinə yaxınlaşıb zireh və silahını götürdü. Sonra sinəsini yarıb, ciyərini çıxardı. Kin və qəzəb alovunda qovrulan Hind Həmzənin ciyərini çeynəməklə özünü sakitləşdirdi. Ona bu hərəkəti ilə bağlı «ciyəryeyən» ləqəbi də verilmişdir. Amma bu iş onun qəzəbini soyutmadı. Vəhşi ilə birlikdə meydana gəlib, Həmzənin cəsədinə yaxınlaşdı. Amansız qadın şəhidin burnunu və qulaqlarını kəsdi. Bu görünməmiş cinayət Hinddən yadigar qaldı.(Məğazi 1-ci cild, səh. 286.)
Nəhayət, Ühüd savaşı başa çatdı. Müsəlmanlar uğrunda döyüşüb, şəhid verdikləri namaza durdular. Peyğəmbər (s) ilk öncə vəfalı əmisi haqqında soruşdu. Həmzənin şəhid olduğunu bildirdilər. Həzrət onu görmək istədi. Səhabələrdən biri onun yerini bildiyini dedi. Cənazəni axtarıb tapsalar da, Həmzənin vəziyyətini Peyğəmbərə deməkdən çəkindilər. Gedənlərin qayıtmadığını görən Peyğəmbər Əlini (ə) onların ardınca göndərdi. Amma Əli (ə) də cəsədin vəziyyətini gördükdən sonra həzrətin (s) yanına qayıda bilmədi. Həzrət (s) xəbər çıxmadığını görüb, özü Həmzənin cəsədini axtarmağa başladı. Nəhayət, cənazəni tapdı. Onun tikə-tikə parçalandığını görüb ağladı və dünya dolu kədərlə buyurdu: «Məni bu qədər qəzəbləndirən səhnə ilə üzləşməmişdim».(Həmin mənbə 1-ci cild, səh. 289.) Sonra üzünü şəhidin peykərinə tutub buyurdu: «Ey Həmzə! Ey Allah Peyğəmbərinin (s) əmisi! Ey Allahın və Onun rəsulunun şiri! İşin yaxşı idi, çətinlikləri aradan qaldırdı. Sən Allah rəsulunu himayə etdin, onun müdafiəsinə qalxdın.(«Əyanuş-şiə», 6-cı cild, səh. 246) Bu yolda canını fəda etdin. İndi behiştdə hurilərlə, Allahın rəhməti civarındasan. Artıq Allahın razılığını qazanmısan və əbədi səadətə çatmısan.»
Gördüyü səhnədən qəzəbi alovlanmış Peyğəmbər (s) əhd etdi ki, əgər qüreyşi ələ keçirsə, onların da öldürülənləri ilə belə rəftar edəcək və Həmzəyə görə onların yetmişini bu kökə salacaq. Amma bu vaxt Allah-təaladan belə bir ayə nazil oldu: «İntiqam almaq məqsədi ilə cəza verəsi olsanız, həmin şəxsi özünüz cəzalandırıldığınız şəkildə cəzalandırın. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir»(«Nəhl» surəsi, ayə 126.). Ayə nazil olduğundan sonra həzrət (s) buyurdu: «Səbr edəcəyəm».(«Tənqihul-məqal», 1-ci cild, səh. 375.)

SEYYİDÜŞ-ŞÜHƏDA HƏMZƏ İLƏ VİDA
Həzrət Peyğəmbərin (s) Həmzənin qanlı cəsədi ilə görüş səhnəsi olduqca üzücü idi. Peyğəmbər (s) əbasını cənazənin üstünə çəkdi. Amma əba Həmzənin qamətinə gödəklik etdi və onun ayaqları göründü. Həzrət (s) açıq qalmış hissəsini səhranın otları ilə örtdü.(«Biharul-ənvar», 20-ci cild, səh. 63.)
Həmin vaxt uzaqdan Həmzənin bacısı Səfiyyə göründü. Peyğəmbər (s) Səfiyyənin oğlu Zübeyrə buyurdu: «Tələs və qoyma anan Həmzəni bu vəziyyətdə görsün». Zübeyr anasını yarıyolda saxlamağa çalışdı və ona dedi ki, Peyğəmbər (s) sənin meydana gəlməyini istəmir. Səfiyyə dedi: «Oğul, eşitdim ki, qardaşım Həmzəni öldürmüş, onun burun-qulağını kəsmiş, sinəsini yarmışlar. Düşünürəm ki, Allah yolunda belə bir müsibətə dözmək çətin olmaz. Ümid edirəm ki, Allah mənə səbr verə». Nəhayət, Peyğəmbər (s) Səfiyyəyə icazə verdi ki, qardaşının cənazəsinə yaxınlaşsın. Səfiyyə cənazəni görüb, gözlərindən qanlı yaşlar axıtdı. Həzrət (s) də dərdli-dərdli ağladı. Sonra Həmzə üçün bağışlanmaq diləyi buyurdu: «Ey Həmzə! Heç vaxt bundan ağır müsibətim olmayacaq. Kimsənin müsibət ağrısı sənin müsibətin kimi deyil».(«Əyanuş-şiə», 6-cı cild, səh. 246.) Sonra həzrət (s) üzünü Səfiyyəyə tutub buyurdu: «Şad ol! Cəbrayıl mənə xəbər verdi ki, Həmzənin yeddi göydə «Əsədullah və Əsədul-rəsulihi» deyə çağırdılar».(Məğazi 1-ci cild, səh. 290.)
Seyyidüş-şühəda Həmzənin cənazəsi ilə son vidalaşma oldu. Qərara gəldilər ki, şəhidləri döyüş yerində, Ühüd dağının ətəyində torpağa tapşırsınlar. Həzrət Peyğəmbər (s) İslamın rəşadətli sərkərdəsinin zəhmət və fədakarlıqlarına təşəkkür olaraq, əvvəlcə onun cənazəsi üçün namaz qıldı. Digər şəhidlərə namaz qılması üçün onların cənazəsini bir-bir Həmzənin cənazəsi yanına gətirdilər.(«Əyanuş-şiə», 6-cı cild, səh. 246.) Beləcə, Həmzənin cənazəsi üçün şəhidlərin sayı qədər namaz qılınmış oldu. Bu, İslam döyüşçüsü üçün böyük bir iftixar idi.
Növbə şəhidlərin dəfninə çatdı. Peyğəmbər (s) Həmzənin para-para olmuş sinəsini həmin qanlı libaslarda torpağa tapşırdı. Dəfndən qabaq cənazəni öz ridası ilə bükdü.(«Biharul-ənvar», 22-ci cild, səh. 281.) Peyğəmbərin (s) tövsiyəsi ilə aralarında dostluq olan şəhidləri bir qəbirdə dəfn etdilər. Həzrət Həmzə öz bacısı oğlu Abdullah ibn Cəhş ilə bir qəbirdə torpağa tapşırıldı.(Məğazi 1-ci cild, səh. 291.)

MƏDİNƏ YAS İÇİNDƏ
Ühüd döyüşü başa çatdıqdan, iman yolunda yetmiş şəhid qurban verdikdən sonra Peyğəmbər (s) və mücahid müsəlmanlar Mədinəyə qayıtdılar. Mədinə yas içində idi. Peyğəmbər (s) Mədinənin küçələrindən keçərkən evlərdən ağlaşma səsi gəlirdi. Kimi oğlunun, kimi ərinin, kimi də ata-qardaşının şəhid olduğu üçün ağlayırdı. O vaxtlar əldən getmiş əziz insana görə növhə deyib ağlamaq adət idi. Ağlaşma səsi həzrətin (s) qəlbini yandırıb-yaxırdı. Ühüd şəhidlərinin dağı çox ağır oldu. Amma həzrəti (s) başqa bir məsələ də qəmləndirirdi. Belə ki, Həmzə üçün ağlayacaq bir kəs yox idi. Həmzənin bu qəribliyi Peyğəmbəri daha da kövrəldirdi. Ona ağlayan olmadığından Peyğəmbər üzülürdü.(«Üsdül-ğabə», 2-ci cild, səh. 48.) Peyğəmbərin (s) üzüntüsü ənsarı da qəmləndirdi. Onlar öz ailələrini Həmzənin evinə göndərdilər ki, bu əzəmətli insan üçün əzadarlıq keçirilsin.(«Tarixe-Təbəri», 2-ci cild, səh. 210.) Bu iş ərəblər arasında bir qaydaya çevrildi. Kimə müsibət üz verdisə, əvvəlcə Həmzəyə sonra öz itkisinə ağlayırdı.(«Əyanuş-şiə», 6-cı cild, səh. 246.)

ŞƏHİDİN MƏZARI ÜSTƏ
Ühüd döyüşündə Həmzə və digər mücahidlərin şəhadətindən sonra cənazələr Ühüd dağının ətəyində, qanlı libaslarında dəfn olundular. Bəziləri öz adamlarının cənazələrini Mədinəyə aparmaq istəsələr də, həzrət (s) buna icazə verməyib buyurdu: «Harada şəhid olublarsa, orada da dəfn edin».(«Üsdul-ğabə», 2-ci cild, səh. 49.)
Ühüd şəhidlərinin dəfn olunduğu yer möminlərin ziyarətgahı və ilham mənbəyi oldu. Həzrətin (s) göstərişi ilə xalq öz şəhidlərinin, xüsusi ilə Həmzənin ziyarətinə gedirdi. Həzrət (s) özü də Ühüd şəhidlərini ziyarət edir, onlara belə salam verirdi: «Salam olsun sizə, göstərdiyiniz səbr və müqavimətə görə! Axirət evi necə də yaxşı yerdir!»
İslamın əzəmətli xanımı Fatimeyi-Zəhra (s) da iki-üç gündən bir Həmzənin qəbrini ziyarət edərdi.(Məğazi 1-ci cild, səh. 313.) Xanım Zəhra (s) onun qəbrini təmir edər, səliqəyə salardı.(«Əyanuş-şiə», 6-cı cild, səh. 246.) O, Həmzənin məzarı üstə ağlayardı.(«Səfinətul-bihar», 1-ci cild, səh. 337.)
Şəhidlərin qanı ilə peyman bağlamaq istəyənlər üçün Həmzənin məzarı bir ocaq, and yeri idi. Onlar bu məzarı ziyarət etməklə şəhadət yoluna bağlılıqlarını izhar edərdilər. Belə bir yanaşma Peyğəmbər (s) tərəfindən də tövsiyyə olunmuşdu. Həzrət (s) buyurmuşdu: «Məni ziyarət edib əmim Həmzəni ziyarət etməyən şəxs mənə cəfa qılmışdır».
Mədinə kənarında Həmzə və sair şəhidlərin ziyarəti Allah yolunda xalisanə fədakarlıqların, böyük qəhrəmanlıq dastanlarının xatırlanmasıdır. Bu məzarların ziyarət olunması ilə həqiqətə eşq, Allah yolunda cihad həvəsi ziyarətçilərin qəlbində yer tapır. Şəhid türbətində, onun qanlı qoxusunda belə bir misilsiz təsir vardır.
Həzrət Zəhra (s) Həmzənin qəbrinin türbətindən təsbeh düzəltmişdi. O, bu təsbehlə zikr oxuyardı. Xalq da xanımın bu işinə maraq göstərərdi. Amma Hüseyn ibn Əli (ə) şəhadətə yetişdikdən sonra onun türbətinin daha fəzilətli olmasını əsas götürərək, məhz bu türbətdən təsbehlər hazırlanmağa başlandı.(«Biharul-ənvar», 98-ci cild, səh. 133.) Həzrət Fatimənin (s) bu işi ibrətamiz idi. Xanım hələ türbətdən təsbeh düzəltməzdən qabaq yun sapa çoxsaylı düyünlər vuraraq, düyünləri saya-saya Allahı zikr edərdi. Həmzə Ühüd döyüşündə şəhid olduqdan sonra isə Fatimə (s) onun türbətindən təsbeh düzəltmək qərarına gəldi.(Həmin mənbə, 82-ci cild, səh. 333.)
Bəli, şəhadət torpağa da müqəddəslik verir, iman və şücaət türbətdən güc alır.
Torpaq şəhadətdən aldı ətrini,
Qara daş dodaqda tapdı yerini.
İmam Rahil (r) buyurur: «Şəhidlərin həmin pak türbətidir ki, qiyamətədək aşiqlərin və ariflərin ziyarətgahı, azadələrin şəfa ocağı olacaq».(«Səhifeye-nur», 20-ci cild, səh. 239.)
Əgər Ühüd şəhidlərinin ziyarəti nəsibimiz olsa, Seyyidüş-şühəda Həmzə və digər şəhidlərin məzarı başında dayanaq, onlara salam verək; necə ki, həzrət Peyğəmbər (s), həzrət Zəhra (s) və onların pak ailəsi bu müqəddəs türbətə hörmət göstərmişlər.
Bizə öyrətmişlər ki, Həmzə və digər Ühüd şəhidlərinin ziyarəti zamanı belə deyək:(«Məfatihul-cinan» )
«Salam olsun sənə, ey Peyğəmbərin (s) əmisi! Ey şəhidlərin üstünü!
Salam olsun sənə, ey Allahın şiri, Allah rəsulunun şiri!
Şəhadət verirəm ki, Allah yolunda cihad etdin və öz canından keçdin. Səni ziyarət etməklə Allaha və Onun rəsuluna yaxınlaşıram. Sənin şəfaətinə qəlb bağlamışam. Öz xilasımı, qurtuluşumu axtarıram.
Uzaq yoldan gəlmişəm. Bu ümidlə ki, cəhənnəm odundan qurtulum, günahlarım bağışlanmış olsun.
Ey Peyğəmbərin (s) vəfalı dostu! Mən dərdimi dərk etmək üçün sizdən üstün mərhəmət və səxavətə malik ailə tapa bilmədim.
Ey zəiflərin yardımçısı! Fəqir və ehtiyaclı olduğum gündə mənim şəfaətçim ol. Sənin ziyarətinə qəmgin, üzüntülü bir qəlblə gəlmişəm. Məzarının kənarında göz yaşları axıdıram. Sən həmin şəxslərdənsən ki, Allah-təala onlarla bağlılığı təşviq etmiş, onlarla dostluğa yönəltmişdir.
Siz elə bir ailəsiniz ki, sizi sevənlər bədbəxt olmaz. Sizin dərgahınıza üz tutanlar məhrum qalmaz. Könlündə sizin eşqinizə yer verənlər ziyan görməz. Düşmənlərinizsə heç vaxt xoşbəxt olmayacaq».
Sonra iki rəkət namaz qılıb Allahdan ehtiyaclarımızı istəyək və digər Ühüd şəhidlərinə xitabən deyək:
«Salam olsun Allahın rəsulu Məhəmməd ibn Abdullaha, salam olsun onun pak ailəsinə, salam olsun sizə, ey mömin şəhidlər, ey iman və tövhid ailəsi, ey Allah dininin və Allah rəsulunun dostları! Calam olsun sizə, Allah yolunda göstərdiyiniz yardımlara görə! Necə gözəl aqibətə çatdınız!
Şəhadət verirəm ki, Allah sizi öz dini və peyğəmbəri üçün seçdi. Allah yolunda ən gözəl şəkildə cihad etdiniz, Allahın dinini, Peyğəmbərin (s) canını qorudunuz və onun yolunda aşiqcəsinə can verdiniz.
Şəhadət verirəm ki, siz həzrət Peyğəmbərin (s) yolu və ayinləri üstündə öldürüldünüz. Allah öz Peyğəmbəri, İslam və müsəlmanlar tərəfindən sizə ən üstün mükafat versin. Siz Allahın razılıq və kəramətinə nail olduğunuz, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaş olduğunuz üçün Allah behiştdə sizin çöhrənizi bizə tanıtdırsın!
Şəhadət verirəm ki, siz Allahın firqəsindənsiniz. Sizinlə döyüşənlər Allahla döyüşmüşlər. Siz Allah dərgahına yaxın olanlardan, doğru yolu tapıb, əbədi diri qalanlardansınız. Allah yanında ruziyə çatmısınız.
Sizi öldürənlərə Allahın, mələklərin, bütün insanların lənəti olsun. Ey tövhid əhli! Mən sizin yanınıza bir ziyarətçi kimi gəlmişəm, sizin haqqınızla tanışam, sizi ziyarət etməklə Allaha yaxınlıq axtarıram.
Allahın salamı, rəhməti və bərəkəti olsun sizə! Sizi öldürənlər isə Allahın lənətinə və qəzəbinə gəlsinlər!
Pərvərdigara! Məni bu şəhidlərin ziyarətindən faydalandır. Onların yolunda mənim də qədəmlərimi möhkəmləndir. Məni o əqidə ilə dünyadan apar ki, bu şəhidləri həmin əqidə ilə aparmısan. Məni behiştinin uca mənzillərindən olanlarla yoldaş et.
Şəhadət verirəm ki, siz bizdən qabağa düşmüsünüz, yeyin olmusunuz və biz də sizə qatılasıyıq».
Bəli, Allahın dini və İslam Peyğəmbərinin (s) müdafiəsi yolunda həyatlarının son anına və son damla qanlarına qədər xalislik və fədakarlıqla döyüşən insanlarla peymanımız belədir. Onlar bizim üçün idealdır - iman, əməl, əqidə və cihad idealı!
Onların məzarları eşq məhəlli, adları ilham mənbəyi, xatirələri hərəkətvericidir. Ziyarətləri fədakarlıq, haqşünaslıq, şəhid qanı önündə vəzifənin icrası əlamətidir!
Bütün yer üzü Ühüd meydanıdır! Haqq və batil qoşunlarının savaş səhnəsi!
Kim bu yolda canından keçsə, Seyyidüş-şühəda Həmzənin aydın xəttini izləyir. Bu yol isə Allah yoludur!

Son...

Müəllif: Cəvad Mühəddisi  

Category: Tarix | Baxış: 968 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]