Bazar günü, 2024-12-22, 10:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 16 » Seyyidüş-şühəda Həmzənin həyatı (3)
7:57 PM
Seyyidüş-şühəda Həmzənin həyatı (3)
BƏDR DÖYÜŞÜ
Təcavüzkar kafirlər və müşriklər müsəlmanların güclənməsindən çox narahat idilər. Onlar Mədinəyə hicrət etmiş müsəlmanların Məkkədəki evlərini qarət edir, xaraba qoyurdular. Artıq mövqelər aşkarlanmışdı. Müsəlmanlar belə bir qərara gəldilər ki, qüreyşin Məkkəyə xeyli mal aparan ticarət karvanını müsadirə etsinlər. Bundan xəbər tutan qüreyş başçıları karvana güclü bir mühafizə dəstəsi qoşmuşdular. Karvana Əbu-Süfyan başçılıq edirdi. O, karvanın yolunu dəyişib, müsəlmanların ağlına gəlməyən bir yolla hərəkət etmək istədi. Müsəlmanların da savaş məqsədləri yoxdu. Amma təsadüfi görüş döyüşü labüdləşdirdi. Küfr başçılarının təkəbbürü də qarşıdurmanı qaçılmaz edən səbəblərdən oldu. Onlar müsəlmanları qorxutmaq üçün döyüşmək qərarına gəldilər. Hər iki dəstə üzbəüz düzüldü. Allahın yardımı, qeybi ümidlər İslam qoşununu ruhlandırırdı. Düşmən qoşunu isə tərəddüdlər içində çabalayırdı. Onlar hərbi cəhətdən üstün olsalar da, qəlblərindənki tərəddüdlər mövqelərini zəiflədirdi. Döyüş başlamazdan qabaq kafirlərin Əsvəd Məxzumi adlı bir başçısı döyüşçülərdəki ümidsizliyi görüb, onları şücaətləndirmək qərarına gəldi. Ona görə də o bir gedişlə döyüşçüləri hərəkətə gətirməyə çalışdı. Onlarla belə bir müqavilə bağladı ki, üç yoldan birini seçsinlər: ya özlərini müsəlmanların hovuzlarına çatdırıb su içsinlər, ya hovuzları dağıtsınlar, ya da öldürülsünlər. Özü isə qoşundan ayrılıb, hovuzlara tərəf hərəkət etdi. Amma məqsədə çatmamış Həmzə ilə üz-üzə gəldi. Həmzə bir zərbə ilə onun qılçasını üzdü.("Sireye-ibn-Haşim" c.2, səh. 276) Əsvəd yerə yıxılmasına və ayağından qan axmasına baxmayaraq, sürünə-sürünə özünü hovuza çatdırmaq istədi. Amma Həmzənin iti qılıncı onun boğazına dirəndi və başı bədənindən ayrıldı. Beləcə, Həmzə Əsvədin su içmək arzusunu gözündə qoydu.("Tarixe-Təbəri" c.2, səh.127)
Həmzənin şücaəti tövhid qoşununun əzmini artırdı və müşriklərin canına üşütmə saldı. Sonra döyüşün ilk mərhələsi, təkbətək döyüş başlandı. Müşriklərdən üç döyüşçü qabağa çıxıb, qarşı tərəfdən rəqib tələb etdi. Müsəlmanlar Əli (ə), Həmzə və Übeydə meydana girdi. Həmzə həmin gün yaxasına dəvəquşu lələyi sancmışdı. Bu əlamət onu müsəlman döyüşçülər arasında fərqləndirirdi.("Məğazi" c.1, səh.76)
Əli (ə) Vəlidlə, Həmzə Şeybə ilə, Übeydə isə Ütbə ilə üzbəüz dayanmışdı. Allah-təalanın şir ürəkli mücahidlərinin təkbir sədaları altında döyüş başlandı. Qılıncların parıltısı meydanın toz-dumanında görünməz oldu. Ürəklər döyünür, gözlər intizar içində döyüş meydanını izləyirdi. Çox keçməmiş Əli (ə) və Həmzə öz rəqiblərinə qalib gəlib, ayağı kəsilmiş Übeydənin köməyinə tələsdilər və müşrik döyüşçünün boynunu vurub, onu həlak etdilər.(İbn Əsir, Kamil, c.1, səh. 531)
Daha sonra ümumi həmlə başlandı. Həmzə böyük rəşadət və qəhrəmanlıqla döyüşə girişib, düşmən ordusunun köksünə vardı. O, qorxudan döyüşçülər arasında gizlənmiş bir çox küfr başçılarını öldürdü və növbəti bir qəhrəmanlıq dastanı yaratdı. Hamı Həmzənin şücaətindən danışırdı. Onun yaxın silahdaşı Əmirəl-möminin (ə) belə buyurur: «Müşriklərdən birini təqib edirdim. Bir müsəlmanla bir müşrikin vuruşduğunu gördüm. Bu döyüşdə müsəlman şəhid oldu. Polad zireh geymiş Təyəmə adlı qatil məni tanıyıb, nərə çəkərək dedi: «Ey Əbu-Talib oğlu, meydana gəl!» Sonra isə qılınc çəkib, hücuma keçdi. Mən qalxanla özümü müdafiə etdim. Amma onun ağır zərbəsi qalxanı əzdi. Qılıncımla onun cavabını verdim və boynundan bir zərbə vurdum. Başının üzüldüyünü zənn etdim. Amma zireh möhkəm olduğundan qılınc təsir etməmişdi. Bu vaxt arxadan bir qılınc parladı. Başımı aşağı saldım. Göydən enən qılınc düşmənin başını papağıyla birgə üzüb atdı. Bu vaxt qulağımda isti və tanış bir səs cingildədi: «Tut onu, ey Əli! Mənəm, Əbdül-Müttəlibin oğlu». Dönüb arxaya baxanda Seyyidüş-şühəda əmimi gördüm. Öldürülmüş müşrik isə ərəbin şücaətli qəhrəmanlarından sayılan Təyəmə ibn Ədi idi».("Biharul-Ənvar" c.19, səh.338)
Tarixçilər Bədr döyüşü haqqında yazırlar ki, bu döyüşdə müşriklərin əksəriyyətini Həmzə və Əli (ə) öldürdü. Bədr döyüşü başa çatanda müşriklərin yetmişə yaxın cəngavərinin cəsədi torpağa sərili qalmışdı. Bu zərbə qüreyşi sarsıtdı. Həmzənin öldürücü qılıncını müşriklər heç vaxt unutmadılar. Bundan sonrakı döyüşlərdə müsəlmanlara qarşı fitnəni qızışdıran Əbu-Süfyan Məkkənin fəthi zamanı canını qurtarmaq məqsədi ilə riyakarcasına İslamı qəbul etdi. Osmanın vaxtında Ühüddə Həmzənin qəbri yanından keçərkən qəbiri təpikləməklə öz kinini bildirmişdi və tənə ilə demişdi: Ey Əbu-Əmarə! O şeydən (xilafət) ötrü ki, bir-birimizə qılınc çəkirdik, bu gün həmin şey bizim uşaqlarımızın əlindədir və onunla əylənirlər!»("Şərhə-Nəhcül-Bəlağə" c.16, səh.136)

ŞƏHADƏT ŞÖVQÜ
Hadisələr bir-birini əvəz edirdi. Məkkədən gələn xəbərlər açıq-aşkar düşmənin məkrlərindən danışırdı. Haqla batilin baş-başa gəlməsi qaçılmaz idi. Dinin hifzi və İslam məktəbinin qorunması böyük fədakarlıqlar tələb edirdi. Həmzənin iman və etiqadı getdikcə möhkəmlənirdi. O, fədakarlıq üçün alışıb-yanırdı. Artıq Ühüd savaşı üçün şərait yaranmaqdaydı. Sanki Allah-təala öz imtahan və sınağı sayəsində, çətin hadisələr burulğanı və qanlı savaşlarda müsəlmanların fədakarlıq və möhkəmliyini nümayiş etdirmək istəyirdi. Həmzə səfər azuqəsini hazırlamış müsafir tək əbədi saraya doğru tələsməkdəydi. Məbudla görüş şövqü onun əl-ayağından dünya bağlarını açmışdı. O, azad və rahat idi.
Amma daxilində başqa bir qovğa vardı. Onun dar cisim qəfəsi uca ruhuna tab gətirmirdi. Həmzənin ruhunda kök atmış məhbubla görüş şirinliyi duyğusu intizar kölgəsini ağırlaşdırmışdı. Onun yalnız ilahi zikrə məşğul olan dil-dodağı danışıq və təamdan imtina etmişdi. Son gecə gəlib çatdı. Bu gecə Həmzənin qədr gecəsi idi. Bu gecənin səhəri Allah yolunda şəhadət səadəti Həmzənin sorağına gələcəkdi.
Həmin gecə həzrət Peyğəmbər (s) Həmzəni yanına çağırıb buyurdu: «Əmican, zənnimcə, tezliklə məndən uzaq düşəcək və məndən qeybdə olacaqsan. Demək istəyirəm ki, Allahla görüş zamanı səndən İslam və iman şərtləri haqqında soruşulanda nə cavab verəcəksən?» Bu sözlərdən şəhid olacağını anlayan Həmzənin gözləri yaşla doldu və dedi: «Ey Peyğəmbər, mənə yol göstər və bu sualların cavabını öyrət». Həzrət (s) buyurdu: «Ey Həmzə, ixlasla şəhadət ver ki, «la ilahə illəllah, muhəmmədər-rəsulullah». Həmzə dedi: «Şəhadət verirəm». Peyğəmbər (s) sözünə davam etdi: «Sonra de ki, behişt və cəhənnəm haqdır, qiyamət günü gələcək və ona heç bir şəkk yoxdur. Şəhadət ver ki, sirat və mizan haqdır. Hər kəs zərrəcə yaxşılıq və pislik etsə, əməlinin mükafatını və cəzasını görəcək. Şəhadət ver ki, bir dəstə behiştdə və digər bir dəstə cəhənnəmdə olacaq. Şəhadət ver ki, Əli (ə) əmirəl-möminindir». Həmzə dedi: Şəhadət verirəm və bütün bunları etiraf edirəm, inanıram». Həzrət əlavə etdi: «Şəhadət ver ki, Həsən (ə) və Hüseyn (ə), eləcə də, Hüseynin (ə) nəslindən gələcək imamlar haqdırlar». Həmzə ərz etdi: «İnanıram və təsdiq edirəm».
Həzrət (s) öz söhbətində yeni bir mərhələyə keçdi və öz buyuruqları ilə Həmzəni riqqətə gətirdi: «De ki, Həmzə Seyyidüş-şühəda, şəhidlər ağası, Allah və Onun rəsulunun şiri və Peyğəmbərin (s) əmisidir». Şəhadət qoxulu sözləri eşidib, Həmzə o qədər ağladı ki, heydən düşdü. Sonra bu xoş müjdənin şükrü olaraq, dodaqlarını Peyğəmbərin (s) gözlərinə qoyub öpdü. Həzrət (s) buyurdu: «De ki, qardaşım Əbu-Talibin oğlu Cəfər behiştdə mələklərlədir. Şəhadət ver ki, Məhəmməd və onun ailəsi Allah məxluqlarının ən üstünləridir».
Sonra Peyğəmbər (s) Həmzəyə xitabla buyurdu: «Ey Həmzə, Peyğəmbər Əhli-beytinə (s) iman gətir, ölümün və həyatın bu əqidə əsasında olsun. Onların dostu ilə dost, düşmənləri ilə düşmən ol». Həmzə dedi: «Ey Allah Rəsulu! Bütün deyilənlərin doğruluğunu təsdiq edirəm. Bu əqidəmə Allahı şahid tuturam».
Nəhayət, Peyğəmbər (s) Həmzəyə dua edib, buyurdu: «Allah səni öz əqidəndə möhkəm və müvəffəq etsin.»("Biharul-Ənvar" c.22, səh.278) Həmzənin din yolunda fədakarlığa eşqi misilsiz idi. Əbu-Süfyanın Mədinə üzərinə qoşun çəkməsi xəbəri gələndə müsəlmanlar iki yoldan birini seçməli oldular: onlar ya şəhərdə qalıb, düşmənlə Mədinə küçələrində döyüşməli, ya da şəhərdən çıxıb, müşrik qoşunu ilə üzbəüz dayanmalıydılar. Bədr döyüşündə iştirak edə bilməmiş cavanlar təklif edirdilər ki, döyüş şəhərdən kənarda olsun. Onlar düşmənlə savaş və şəhadət eşqindəydilər. Bəzi yaşlılar və düşüncə sahibləri, eləcə də Həmzə dedi: «Ey peyğəmbər, qorxuruq ki, şəhərdə qalsaq, düşmən ondan çəkindiyimizi zənn edər və bu ehtimal onları daha da cəsarətləndirər. Bədr döyüşündə 300 nəfərlə idin və Allah sənə qələbə nəsib etdi. Bu günsə biz çoxuq. Məgər belə bir günün gəlib çatmasının gözləmirdikmi?! Biz bunu Allahdan istəmişik. Allah həmin fürsəti bu gün qismət etmişdir."Məğazi" c.1, səh.210)
Hamı bir nəfər kimi şəhadətə tələsirdi. Həmzə dedi: «And olsun Allaha, bu qılıncımla Mədinə kənarında onlarla çarpışanadək dilimə bir şey vurmayacağam».(Həmin mənbəə, səh.211)

ÜHÜD MEYDANINDA
Həmin ilin ramazan ayı, oruc tutmuş müsəlmanlar üçün çox əlamətdar idi. Onlar iman, Allaha və Onun rəsuluna eşqin nümayişi günlərini yaşayırdılar.
İntizar gecəsi ötüşdü. Səhərdən savaş və qan qoxusu gəlirdi. Allah aşiqlərinin başı üzərində şəhadət göyərçini qanad çalırdı. Onlardan biri də Həmzə idi. Küfr leşkəri İslam qoşunu qarşısında, Mədinənin şimalında Ühüd dağının ətəyində cərgələnirdi. Müşrüklər Bədr döyüşündə öldürülən adamlarının intiqamını almaq həvəsindəydilər. Müsəlmanlar da Peyğəmbərin (s) başçılığı altında rəşadət göstərmək əzmindəydilər.
Hər iki qoşun öz mövqeyində möhkəmlənirdi. Həzrət Peyğəmbər (s) oxatanların bir hissəsini Məşrif təpəsində yerləşdirmişdi ki, düşmən İslam ordusuna arxadan həmlə edə bilməsin.
Əvvəlcə təkbətək döyüş başladı. Əli (ə) doqquz kafirlə döyüşdü və onların həyatına son qoydu. Həmzə isə savaş fürsəti gözləyirdi. Qeyd olundu ki, o, qılıncını düşmən qanı ilə sirab edənədək dilinə bir şey vurmayacağını əhd etmişdi. Həmzə hələ də orucunu açmamışdı.
Ümumi həmlə başlayanda İslam döyüşçüləri düşmən leşkərinin üzərinə hücuma keçdilər. Həmzə qəhrəmancasına düşmən qoşununun bağrını yarmaqdaydı. O bu döyüşdə iki qılıncla vuruşur və fəryad edirdi ki, mən Allahın şiriyəm.(Əyanuş-şiə" c.6, səh.245) Düşmən qoşunundan bir çoxlarını öldürdükdən sonra İslam qərargahına qayıtdı. Bir qədər sonra ikinci dəfə hücuma keçdi. Həmzə bu qanlı səhnənin qəhrəmanı idi. O, meydana şücaətlə girir, müşrikləri pərən-pərən salırdı. Kimsə bu ağır zərbələrə tab gətirmək gücündə deyildi.("Biharul-Ənvar" c.20, səh.55) O kimini öldürür, kimini əsir götürürdü. Həmzə qoşunun ənginliyinə daxil olmaqla, canını təhlükəyə atırdı. Yoldaşları onu ehtiyatlı olmağa çağıraraq deyirdilər: «Cavan və güclü olduğun vaxt bir bu qədər təhlükəyə atılmazdın. Nə səbəbdən bu yaşda bu qədər qorxusuzsan? Ey Həmzə, qılınc qoca-cavan, güclü-zəif tanımır. Düşmənə bu qədər yaxınlaşma». Amma Həmzənin batinindən kimsənin xəbəri yoxdu. O, eşitdiyi nəsihətlər müqabilində belə dedi: «Cavanlıqda hadisələrdən və təhlükələrdən çox ehtiyat edirdim. Çünki bu dünyadan getməyim, ölümü yoxluq kimi başa düşürdüm. Əlbəttə ki, hamı ölümdən çəkinir. Amma indi Məhəmmədin (s) nuru bərəkətindən ölümü yoxluq bilmirəm. And olsun Allaha, o məni ayıltdı, dünyaya gözlərimi açdı. Ölümü yoxluq bilmədiyimdən qorxusuz döyüşürəm. Ölümü əbədi həyata qapı bilənlər bu qapıdan Allahın behiştinə daxil olmağa tələsirlər.

Ardı var...

Müəllif: Cəvad Mühəddisi    

Category: Tarix | Baxış: 913 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]