Bazar günü, 2024-12-22, 10:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 12 » Seyyidüş-şühəda Həmzənin həyatı (2)
5:43 AM
Seyyidüş-şühəda Həmzənin həyatı (2)
HƏMZƏ İSLAMI QƏBUL ETDİYİNİ BİLDİRİR
Əbu-Cəhl Məkkədə şirk başçılarından idi. O, cidd-cəhdlə bütpərəstliyi himayə edirdi. Bir gün həzrət Peyğəmbər (s) Səfa dağının yanından keçərkən Əbu-Cəhl onun qarşısını kəsdi, ona və İslama təhqirlər yağdırdı. Nəhayət, yorulub, Kəbəyə doğru getdi və Kəbənin yaxınlığındakı bir dəstə qüreyşlə oturdu. Həzrət Məhəmməd (s) Əbu-Cəhlin bu hərəkətini cavabsız qoydu.
Kəbə yaxınlığında əyləşənlər hələ evlərinə dağılışmamış Həmzə göründü. O daim ova gedər və ovdan qayıtdıqda əvvəlcə Allah evini təvaf edərdi. (təvaf-Kəbənin başına dolanmaq) Kəbə ətrafında adamların toplaşması Həmzəyə təəccüblü göründü. Abdullah ibn Cədanın kənizi Səfa ətəyindəki otağından Peyğəmbərin (s) təhqir olunması səhnəsini görmüşdü. O, özünü Həmzəyə çatdırıb, baş vermiş hadisəni olduğu kimi danışdı. Həmzə möhkəm qəzəbləndi və fəryad çəkərək dedi: «Əbu-Cəhl haradadır?» Həmzənin qəzəbindən qorxuya düşmüş müşriklər Əbu-Cəhli göstərdilər.
Həmzə qızmış şir tək Əbu-Cəhlin üstünə şığıdı. Ona macal verməyib, əlindəki kamanla başına bir zərbə vurdu. Əbu-Cəhlin başı yarıldı, üzünü qan bürüdü.(İbn Əsir, Kamil, 1-ci cild, səh. 501.) Sonra onu yerə yıxıb, ayağını boğazına dirədi və boğmaq istədi. Amma Əbu-Cəhlin ölümü fitnə-fəsada daha da rəvac verərdi. Ətrafdakı adamlar yaxınlaşıb, çətinliklə də olsa, Əbu-Cəhli Həmzənin əlindən aldılar.(«Biharul-ənvar», 18-ci cild, səh. 211.)
Hadisəyə şahid olanlar Həmzənin müsəlmanlığından xəbərsiz olduqları üçün onun bu hərəkətini məzluma kömək, cavanmərdlik kimi yozdular. Onun qəzəbini soyutmaq və İslama qarşı mənfi hisslərini qızışdırmaq üçün dedilər: «Sən ki müsəlman deyilsən, nə üçün Məhəmmədin (s) incidilməsi səni narahat etsin?!» Deyilən sözlər Həmzəni daha da qəzəbləndirdi. Qəlbində aşıb-daşan imanı açıqlamaq zərurəti yaranmışdı. Həmzə öz sirrini açaraq dedi: «Mən müsəlmanam. Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm. Əşhədu əlla ilahə illəllah və ənnə Muhəmmədər-rəsulullah. And olsun Allaha, imanımdan əl çəkməyəcəm. Əgər gücünüz varsa, mənim qabağımda dayanın.(«Əyanuş-şiə», 6-cı cild, səh. 243.)] Həmzənin sözləri müşrikləri elə yandırdı ki, ona hücum etdilər. Amma dağ tək əzəmətli Həmzəni yerindən tərpətmək müşkül bir iş idi. Əbu-Cəhl də hücum edənlərin qarşısını almağa çalışdı. O, işin sonundan qorxur və canını təhlükəyə atmaq istəmirdi.
Həmzənin öz müsəlmanlığını açıqlaması bir sıra dəyişikliklərə səbəb oldu. Peyğəmbərin (s) mövqeyi möhkəmləndi, qüreyşin planları alt-üst oldu, həzrətin (s) qəlbini isitdi.
Həmzənin qəzəbi soyuduqdan sonra qəlbini sakitləşdirmək, imanını möhkəmləndirmək üçün Peyğəmbərin (s) yanına gəldi və ərz etdi: «Dediklərin həqiqətdirmi?» Həzrət (s) buyurdu: «Bəli» və Həmzə üçün bir neçə ayə oxudu. Eşitdiyi Allah kəlamları Həmzənin qəlbinə sığal çəkdi və imanını gücləndirdi.
Həmzə həzrət Məhəmmədə (s) dedi: «Dinini aşkarla. And olsun Allaha, istəmirəm ki, səmanın kölgə saldığı şey mənim olsun və keçmişdəkilərin ayinində qalım.(«Əssəhih min sirətil-rəsulil-əzəm», 2-ci cild, səh. 77.) Həzrət Peyğəmbər (s) ona dua etdi və Allahdan istədi ki, Həmzənin imanını möhkəmləndirsin.
Həmzənin izhar etdiyi müqəddəs qeyrət, onun peyğəmbər və İslamı himayəsi, Əbu-Cəhlin təhqirlərinə layiqli cavab verməsi tərifəlayiqdir. İmam Səccad (ə) bu qeyrət və əzmi mədh etmiş, Həmzənin uyğun münasibətlərini onun behiştə daxil olması üçün amil saymışdır.(«Biharul-ənvar», 22-ci cild, səh. 273) Müsəlmanlığını məqamında izhar etmiş Həmzə belə bir şer oxumuşdur:
Həmd olsun qəlbimi düzən Allaha,
İman nurun cana süzən Allaha.
Bir dinlə hidayət qıldı ki məni,
Bu din bəndələrin səadət şəmi.
Oxunduqca bizə o nur ayələr
Nisgil dolu gözdən sevinc ələnər.
Fələklərdən ayə enən o rəhbər
Nemətdir, baxmayın ona birtəhər.
And olsun Allaha, nə qədər varam
Onu ağır gündə tənha qoymaram.
(«Əyanuş-şiə», 6-cı cild, səh. 244.)
Həmzə İslam ayinlərinə əqidəsini aşkarladıqdan sonra qüreyş anladı ki, Peyğəmbərin (s) müdafiə gücü artmışdır. Bu səbəbdən də Peyğəmbərə qarşı pisliklərini bir qədər məhdudlaşdırdılar.(«Sireye-ibn-Haşim», 1-ci cild, səh. 312) Bu hadisə Əbu-Talibi də çox sevindirdi. O, Həmzənin əzm və iradəsi haqqında şer də qoşdu.(«Tarixe-Peyambəre-İslam», səh. 98)
İslamın başlanğıc dövründə Həmzənin himayədarlığı əhəmiyyətli rol oynadı. Onun şücaəti məsum imamların da diqqət mərkəzində olmuşdur. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Həmzənin yoxluğu daha çox hiss olunur. Hətta xilafət qəsb olunduğu vaxt Əmirəl-möminin (ə) Həmzəni xatırlayaraq buyurur: «And olsun Allaha, əgər Həmzə və Cəfər sağ olsaydılar, heç vaxt filankəs xilafətə tamah salmazdı. Amma nə edim ki, Əqil və Abbasla qalmışam!» Həzrət (ə) Səqifənin səhəri gün Həmzə və Cəfəri yardıma çağırır, «Ey Cəfər, ey Həmzə», deyə fəryad edir.
Sudəyr deyir: İmam Baqirin (ə) yanında idim. Peyğəmbərin (s) vəfatından sonrakı dövrdən söhbət düşdü. Deyildi ki, həmin vaxt Əliyə (ə) yardım edilmədi. Bir şəxs imamdan soruşdu ki, bəs bəni-Haşimin gücü-qüvvəsi harada idi ki, imama yardım göstərilmədi. Həzrət (ə) buyurdu: «Bəni-Haşimdən kim qalmışdı ki? Cəfər və Həmzə şəhadətə yetişmişdi, Abbas və Əqil isə gücsüz idi. Bir də onların müsəlmanlığından elə də böyük müddət ötüşməmişdi. And olsun Allaha, Həmzə və Cəfər sağ olsaydılar, həmin iki şəxs (iki xəlifə) arzusuna çatmazdı. Onlar canlarını fəda edərdilər ki, həmin vəziyyət yaranmasın».(«Səfinətul-bihar», 1-ci cild, səh. 338.)
İmam Baqirin (ə) dilindən nəql olunmuş bu sözlər həzrət Seyyidüş-şühədanın vücudundakı imanın dərinliyini, yüksək rəşadətini və Allahın rəsulunu himayəsini açıq şəkildə göstərir. İslamın ilkin qəribçilik dövrlərində Həmzə öz himayəsini ondan əsirgəmədi. Həzrət Peyğəmbərin (s) evinin qabağına çirkab tökmək Əbu-Ləhəbin adəti idi. Bir dəfə Həmzə Əbu-Ləhəbin bu işinə şahid olur. Həmin çirkabı götürüb Əbu-Ləhəbin başına tökür. Əbu-Ləhəb üz-gözündən çirkabı təmizləyə-təmizləyə «axmaq təkallahlı» deyir. Sonralar başqalarını bu işə təhrik etsə də, özü bir daha belə rəftara cürət etmir.(«Qamusur-rical», 7-ci cild, səh. 40.)
Həmzənin peyğəmbərlə yaxınlığı möminlərin ümidini artırırdı. Ömər ibn Xəttab İslamı qəbul etməmişdən qabaq Peyğəmbər (s) və onun ayinlərinə qəzəblənərək müsəlman olmuş bacısının evinə gedir. Amma orada Quran ayələrini eşidib, qəlbi yumşalır. Ömər həzrət Peyğəmbərin (s) özü ilə görüşmək istəyir. Bu məqsədlə onun evinə gəlir. Həmin vaxt orada müsəlmanlar cəm olmuşdular. Silahlı Ömər qapını döyür. Evdəki müsəlmanlar Ömərin səsini tanıyıb, qorxurlar. Amma Həmzə tövrünü pozmadan deyir: «Qoyun daxil olsun. Əgər məqsədi xeyirdirsə, xidmətindəyik. Yox əgər pis məqsədlə gəlmişdirsə, öz qılıncımızla onu öldürərik!»
Peyğəmbər (s) Ömərə daxil olmaq icazəsini verir. Ömər Həzrətlə (s) görüşdən sonra İslamı qəbul edir.(«Sireye-ibn-Haşim», 1-ci cild, səh. 370.)

HİCRƏT ASTANASINDA
Həzrət Məhəmmədin (s) ardıcıllarına təzyiqlər artırdı. Bir qrup müsəlman qüreyşin hücumlarından amanda qalmaq üçün Həbəşəyə hicrət etdilər. Həzrət (s) Taifdə münasib şərait görmədiyindən Yəsribə (sonradan Mədinə adlandı) hicrət etmək qərarına gəldi. Həmzə Məkkədə qalıb peyğəmbəri himayə edənlər arasında idi.
Peyğəmbər (s) həcc mərasimində bir qrup yəsribli müsəlmanla gizli şəkildə görüşdü və onlar İslamı qəbul etdiklərini bildirdilər. Minanın Əqəbə hissəsində sonralar «Əqəbə peymanı» kimi tanınmış müqavilə bağlandı. Bu müqaviləyə əsasən Peyğəmbərin (s) Mədinəyə hicrətin təmin olunmalı idi. Bu hadisədə Həmzənin də mühüm rolu vardı. Həzrət Peyğəmbər (s) həcc əməllərindən sonra Əbdül-Müttəlibin Əqəbədə yerləşən evində Mədinədən gələn nümayəndələrlə görüşdü. Bu görüş müşriklərdən gizli keçirilirdi. Onlar Peyğəmbərlə müdafiə haqqında müqavilə bağladılar və söz verdilər ki, Peyğəmbəri və mühacir müsəlmanları canları-qanları ilə qoruyacaqlar.
Müşriklərin bu görüşə mane olmamaları üçün Həmzə və Əli (ə) keşikdə dayanmışdı. Əqəbədə Peyğəmbərin (s) gizli şəkildə bir qrup adamla görüşdüyünü eşidən müşriklər silahlanıb, həmin yerə gəldilər. Onları əli qılınclı Həmzə və Əli (ə) qarşıladı. Toplantı haqqında soruşub, həmin yerə getmək istədikdə Həmzə dedi: «Burada kimsə yoxdur və biz heç kimi görməmişik. And olsun Allaha, kim keçmək istəsə, onu öldürəcəyəm.
Bu səs Peyğəmbərin (s) və ona beyət edənlərin qulağına çatdı. Məclisdəkilər qılınca əl atmaq istəsələr də, həzrət (s) buna etiraz etdi və buyurdu: «Döyüşmək vəzifəmiz yoxdur». Sonra məclisdəkilərin dağılıb getməsini istədi. Oradakılar fürsətdən istifadə edib, məclisi tərk etdilər. Peyğəmbər (s) isə Məkkəyə qayıtdı.(«Biharul-ənvar», 19-cu cild, səh. 12.)
Tədricən hicrət üçün şərait yaranırdı. Həmzə Peyğəmbərin (s) və Əlinin (ə) yanında idi. O, İslamın müdafiəsinə və bu yolda hər bir fədakarlığa hazır idi. Peyğəmbər (s) hicrət etməmiş bir qrup müsəlman Məkkəni tərk edib, Mədinəyə üz tutdu.

MƏDİNƏDƏ
Məkkədəki ağrılı-acılı illər arxada qaldı. Peyğəmbər (s) və müsəlmanlar Mədinəyə hicrət etdilər. Həmzə də ilkin hicrət edən müsəlmanlardan idi. O da digər mühacirlər kimi Peyğəmbərin (s) gəlişi intizarındaydı.
Həzrət Peyğəmbər (s) Mədinədə hökumət təşkil etdi. Cəmiyyət Allahın dini əsasında qurulmağa başladı. Hicrətdən bir qədər sonra peyğəmbər Həmzə, Əli (ə) və Fatiməni (s) çağırıb, onlara buyurdu: «Mənimlə beyət edin, razılıq beyəti!» Həmzə soruşdu: «Atam-anam sənə fəda olsun, nəyə beyət edək, məgər əvvəl beyət etməmişik?» Peyğəmbər (s) buyurdu: «Ey Allahın və Onun rəsulunun şiri! Allah və Onun rəsulu ilə vəfadarlıq və möhkəmlik beyəti et. Bu yolla imanın kamilləşəcək». Həmzə dedi: «Olsun, baş üstə». Sonra isə beyət üçün əlini uzatdı.(«Biharul-ənvar», 22-ci cild, səh. 278.)
Zaman keçir, İslamın günbəgün artan qüdrəti düşmənləri daha çox qorxuya salırdı. Onlar İslama zərbə vurmaq haqqında planlar cızırdılar. Möminlər isə Allahın dinini canları-qanları ilə qorumaq əzmindəydilər. Artıq iman Həmzənin ruhunda və canında kök atmışdı. O, müsəlman olduğu gündən Allahın əmrləri qarşısında təslim olmuş, Onun rəsuluna itaət etmiş, həyatını və gücünü bu yolda xərcləmişdi. Buna görə də o, «əsədullah və əsədul-rəsulihi» («Allahın şiri və Onun rəsulunun şiri») ləqəbini qazanmışdı. Müsəlmanların müşriklərlə ilk döyüşündə Həmzə qoşun başçısı məqamına yüksəldi.
Peyğəmbərin (s) bayraq verdiyi və hərbi iş ardınca göndərdiyi ilk şəxs Həmzə oldu. Əbu-Cəhlin rəhbərlik etdiyi, Şamdan qayıdan 300 nəfərlik karvan dəniz sahilinə çatdı. Həmzə yarısı mühacir, yarısı ənsar olan 30 nəfərlik dəstə ilə həmin yerdə karvana çatdı. Tərəflər döyüş üçün sıraya düzüldülər. Amma hər iki tərəflə peymanı olan bir şəxsin vasitəçiliyi ilə döyüş baş tutmadı.(«Sireye-ibn-Haşim», 2-ci cild, səh. 245.) Həmzə və yoldaşları Mədinəyə qayıtdılar, Əbu-Cəhl isə karvanla birlikdə Məkkəyə yola düşdü. Bununla belə, Həmzə ilk dəfə peyğəmbərdən bayraq alıb, meydana gedən şəxs adını qazandı. Bu hadisə hicrətin ilk ilində, ramazan ayında baş vermişdi.(Məcazi 1-ci cild, səh. 246.)
Nəql olunur ki, Həmzə Əbu-Cəhlin dəstəsi ilə rastlaşdıqda bir şer oxudu. Bu şerdə ilk dəfə meydana göndərilməsini özü üçün iftixar sayırdı.(«Sireye-ibn-Haşim», 2-ci cild, səh. 246.)

Ardı var....

   Müəllif: Cəvad Mühəddisi  

Category: Tarix | Baxış: 961 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]