Bazar günü, 2024-12-22, 10:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 11 » Seyyidüş-şühəda Həmzənin həyatı (1)
4:42 AM
Seyyidüş-şühəda Həmzənin həyatı (1)
MÜQƏDDİMƏ
Kamillik zirvəsinə göz dikmiş insanın ilahi yolla hərəkətdə əzm və iradəsi artır. Fəzilət və hikmət sahibi olan insanlar həmin bu kamillik zirvəsi, kamal qülləsidirlər. Onların həyat tarixçəsi ilahi yolun necə keçilməsi dərsini öyrədir. «İdeallarla tanışlıq» adlı silsilə kitabçalarda şücaətli və səxavətli şəxsiyyətlərin həyatından danışılmışdır. Bu çöhrələrin təsvirində qələm acizdir, məqamlarının vəsfində dil!
Onlar əhdlərinə vəfa etdilər, son nəfəsədək möhkəm dayandılar, al qanları onların sədaqətini sübut etdi. Onlar qəlblərini eşq nuru ilə diriltdilər, iman yolunda can verib, əbədilik qazandılar. Bu insanlar həmişə diridirlər və Allahın yanında ruzilərdən bəhrələnirlər. Onlar «Allah» deyib, son nəfəsədək öz əqidələrindən dönmədilər və nəhayət, şəhadət camını başlarına çəkdilər. Bu, ilahi yola sədaqətin sübutu idi.
Qandan da rəsmi sənəd varmı?! Hansı imza şəhadətdən mötəbərdir?! Onlar Allahı axtardılar, qəlblərini ilahi eşqə təslim etdilər. Elə ki, qəlb məhəbbətlə doldu, ruhun hicabı olan cismi aradan götürdülər. Tənləri can oldu, canları isə Allaha fəda!
Bu kitabçalarda iman, cihad, şəhadət, haqpərəstlik ideallarının iftixar və əzəmət dolu həyatlarının təsviri verilsə də, onların haqqı bu işlə ödənmiş sayılmamışdır. Onların ruhlarının ucalığının, imanlarının böyüklüyünün sonadək açıqlandığı iddia olunmur. Çünki bu insanlar bəşəri kamilliyin uca qülləsində dayanmışlar və bu məqamın sözlərlə təsviri mümkünsüzdür. Amma.
Çəkə bilməsən də dəryanın suyun,
Susuzluğu yatır, qoy olsun payın.
Bu kitabda oxuyacaqlarınız İslamın rəşadətli sərkərdəsi, tövhid qoşununun güclü qolu, Allah Peyğəmbərinin (s) əmisi və vəfalı dostu həzrət Seyyidüş-şühəda («şəhidlər ağası») Həmzənin həyatına ötəri bir baxışdır. Bu şəxs ilk gündən Allah dinini himayə etdi və Ühüd döyüşündə şəhadət iftixarını qazandı.
Ümid edirik ki, bu həyat tarixçəsi haqpərəstlər üçün bir nümunə olsun və iman kölgəsində kəramət axtaran gənclərə sədaqət dərsi versin. Olsun ki, bu silsilədən olan digər kitabçalar da oxucuların İslamın tarixi şəxsiyyətləri ilə tanışlığında faydalı ola.
Qum, Cəvad Mühəddisi, 1998

HƏMZƏNİN FƏZİLƏTLƏRİ
Həmzənin həyat səhifələrini varaqladıqda onun iman və əməl baxımından fəzilətləri, yüksək məqamı ilə tanış ola bilsək də, Həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) buyuruqları onun məqamını daha aydın göstərir. Uyğun buyuruqlardan bəzilərini xatırlayaq.
İslam Peyğəmbəri (s) buyurur: «Qardaşlarımın ən yaxşısı Əli (ə), əmilərimin ən yaxşısı Həmzədir».(«Biharul-ənvar», 22-ci cild, səh. 274.) Başqa bir rəvayətdə oxuyuruq: «Qiyamət günü məhşər səhnəsinə süvari halda daxil olanlardan biri əmim Həmzədir. Allahın və rəsulunun şiri Əzba dəvəyə süvar halda gələr.(Həmin mənbə, səh. 273.) İmam Baqir (ə) buyurur: «Ərşin sütununa yazılmışdır: «Həmzə Allahın və Onun rəsulunun şiri, şəhidlərin sərvəridir».(Həmin mənbə, səh. 280.)
İmamlar daim həzrət Həmzənin şəxsiyyətinə, onun və Cəfər Təyyarın nəslindən olduqlarına görə daim fəxr etmişlər. Həzrət Əli (ə) uca məqama malik olmasına baxmayaraq, xilafət məsələsi şuraya tapşırılanda Seyyidüş-şühəda Həmzə kimi əmisinin olmasını özünə imtiyaz saymışdır və xəlifənin təyin olunacağı məclisdə buyurur: «Sizi Allaha and verirəm, aranızda elə bir şəxs varmı ki, Həmzə kimi, Allahın və Onun rəsulunun şiri kimi əmisi olmuş olsun?!»
İmam Hüseyn (ə) də öz növbəsində xalqa Həmzənin şəxsiyyəti haqqında danışaraq, onu tanıtdırmaqla xalqın döyüş əhval-ruhiyyəsini gücləndirir. İmam Hüseyn (ə) Kərbəladakı xütbələrində, imam Səccad (ə) Dəməşq məscidindəki nitqində Həmzə ilə iftixar edir. İmam Baqir (ə) «Əhzab» surəsinin 23-cü ayəsini («Möminlər arasında Allahla bağladıqları əhdə sadiq olanlar var. Onlardan kimisi şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir.) təfsir edərkən buyurur: «Allah ilə elə əhd etmişdilər ki, heç zaman qaçmasınlar. Əhdinə vəfa edən və əcəli çatanlar Həmzə ilə Cəfər oldu. Şəhadətini gözləyən isə Əli (ə) idi.(«Biharul-ənvar», 22-ci cild, səh. 277.)
Allahın Rəsulu (s) buyurmuşdu: «Qiyamət günü mənə dörd bayraq verilər: «Həmd» bayrağını özüm tutaram; «La ilahə illəllah» bayrağını Əliyə (ə) verərəm, o, yüngül hesabdan sonra behiştə daxil olacaq dəstənin önündə gedər; «Əllahu əkbər» bayrağını isə Həmzəyə tapşıraram, o başqa bir dəstənin önündə olar; «Sübhan əllah» bayrağını isə Cəfərə verərəm, onun arxasında bir dəstə insan dayanar. Həmin vaxt ümmətimin şəfaəti üçün onların yanında dayanaram».(Həmin mənbə, 8-ci cild, səh. 7.)
İslam Peyğəmbəri (s) hicrətdən sonra müsəlmanlar arasında qardaşlıq əqdi yaradarkən, onları qardaşlaşdırarkən, Həmzə ilə Zeyd ibn Harisə arasında da qardaşlıq əqdi oxuyur.(«Əyanuş-şiə», 6-cı cild, səh. 244.)
Seyyidüş-şühəda, yəni «şəhidlər ağası» ləqəbini Həmzəyə həzrət Peyğəmbər (s) verdi.(Həmin mənbə, 6-cı cild, səh. 243.) Hüseyn ibn Əlinin Kərbəlada şəhadətindən sonra bu ləqəb daha çox ona aid edilmişdir.
Cabir ibn Abdullah deyir: «Bir gün Müaviyənin göstərişi ilə Ühüddə quyu qazılırdı. Qazıntı zamanı sanki yenicə basdırılmış Ühüd şəhidlərinin cənazələri üzə çıxdı. Oradakılar hönkürtü vurub ağladılar. Həmin vaxt Ühüd savaşından 40 il ötmüşdü. Həmzənin cənazəsinin bel ilə zədələnmiş ayağından qan axdı».(«Tənqihul-məqal», 1-ci cild, səh. 375.)
Peyğəmbər (s) Həmzəyə xüsusi bir məhəbbət bəsləyirdi. «Həmzə» adını o qədər xoşlayırdı ki, övladı üçün ondan ad istəyənlərə bu adı təklif edirdi. Həzrət (s) övladı üçün ad istəyən bir kişiyə buyurdu: «Onun adını «Həmzə» qoy. Bu ad mənim üçün ən əziz adlardandır».(«Kafi», 6-cı cild, səh. 19.)

HƏMZƏ İSLAMDAN QABAQ
Peyğəmbərin (s) babası Əbdül-Müttəlib Hicazın sevimli şəxslərindən idi. Bəni-haşim qəbiləsi içində onun xüsusi hörməti vardı. Oğlanları Əbdül-Müttəlibin şöhrətini daha da artırırdılar. «Əshabe-fil» hadisəsindən dörd il qabaq onun daha bir oğlu oldu və körpənin adını Həmzə qoydular. Həmzə Əbdül-Müttəlibin və anası Halə binti Vəhəbin ağuşunda boya-başa çatdı. Halə binti Vəhəb İslam Peyğəmbərinin (s) anası Amənənin əmisi qızı idi.(«Üsdul-ğabə», 2-ci cild, səh. 46.) Həmzə bu ailədə nəfsitox, cəsarətli və səxavətli bir uşaq kimi tərbiyələnirdi. Həmzənin uşaqlıq dövründə bu ailədə daha bir övlad, Abdullahın oğlu Məhəmməd dünyaya gəldi. Həzrət Məhəmməd (s) Həmzədən dörd yaş kiçik idi.(Muğazi, Vaqidi, 1-ci cild, səh. 70.) Bu yaş fərqi səbəbindən Həmzənin uşaqlıq və gənclik dövrü Peyğəmbərlə birgə keçirdi. Bundan əlavə, Peyğəmbər (s) Həmzə ilə süd qardaşı idi. Peyğəmbər (s) Həlimə Sədiyyəyə tapşırılmamışdan qabaq ona bir neçə gün Əbu-Ləhəbin kənizi süd vermişdi. O, Həmzənin də süd anası idi. Həmzənin uşaq yaşlarından Peyğəmbərlə yaxınlığı ona bir sıra fəzilətlər qazandırmışdı. Hicaz mühiti həmin dövrdə fitnə-fəsadla dolu olsa da, Həmzə heç vaxt günaha yol verməmişdi. O, xoşagəlməz rəftarlardan çəkinər və həzrət İbrahimin pak ayinlərinə əməl edərdi. Həmzə daim saleh işlər ardınca tələsərdi. O yaxşı at çapar, ox atar və öz dövrünün pəhləvanları ilə kəmər tutardı. Həmzənin sağlam və güclü bədəni vardı. Onu övladlarının adı ilə «Əbu-Yəla» və «Əbu-Əmmarə» çağırardılar. Həzrət Peyğəmbər (s) Xədicə ilə evlənmək istədikdə əmiləri ilə məsləhətləşdikdən sonra, nəhayət, Həmzə ilə birgə Xədicənin atası Xüvəylidin yanına elçiliyə getdilər.(«Tarixe-peyğəmbəre-İslam», səh. 69.) Bəzilərinin fikrincə, Xüvəylid bu izdivacdan qabaq dünyasını dəyişmişdi və elçilikdə Xədicənin əmisi Əmru ibn Əsəd iştirak edirdi.
Həzrət Məhəmmədin (s) peyğəmbərliyinin başlanması ilə əzabkeş Hicaz xalqı üçün ümid qapısı açılmışdı. İslamı qurtuluş yolu kimi qəbul edənlər tədricən ona iman gətirirdilər və yeni ayinin nüfuzu günbəgün artırdı. Bu vəziyyət müşrikləri narahat edirdi. Onlar Peyğəmbər əleyhinə təbliğatlarını gücləndirirdilər.
Həmzə Peyğəmbərin (s) dəvətinin haqq olmasına əmin idi. Həzrətin (s) əxlaqı, rəftarı, şəxsiyyəti və bəyanları Həmzəni inandırmışdı ki, o, həqiqətən də, Allahın peyğəmbəridir. Amma Həmzə öz imanını açıqlamağı məsləhət bilmirdi. Bundan ötrü münasib fürsət lazım idi. Həmzə fürsət axtarırdı ki, öz qanlı qılıncının kölgəsində müşriklərlə vuruşsun və Allahın dinini müdafiə etsin. Həmzə öz imanını gizlətdiyindən rahatcasına Qüreyş başçılarının toplantılarında iştirak edir və onların söhbətlərindən xəbərdar olurdu.
Bir gün Həmzə Kəbə yaxınlığında Qüreyş başçıları ilə oturub, onların söhbətlərini dinləyirdi. Müşriklər onların saraylarını alt-üst edəcək tufan haqqında danışırdılar. Bu tufan onların arzularını, xalqı azdırıb bəhrələnmək məqsədlərini gözlərində qoyası idi. Haqqında danışdıqları kəs onların başqalarının bədbəxtliyi üzərində qurulmuş xoşbəxtliklərini hədələyirdi. Onların söhbəti gəncləri özünə tərəf çəkən, guya ailələrdə ixtilaf salan Məhəmməd və onun yeni ayinləri haqqındaydı.
İslamın yaşı artdıqca, müsəlmanların sayı çoxaldıqca Qüreyşdən olan düşmənlərin müqaviməti də güclənir, kinləri aşkara çıxır, Peyğəmbər və müsəlmanlarla ədavətləri həddi aşırdı. Həmzə bütün baş verənləri diqqətlə izləyirdi. Həzrət Peyğəmbərin (s) dözüm və iradəsi onu heyrətə gətirirdi. Peyğəmbərin (s) səbr və mübarizəsi Həmzənin qəlbindəki imanı gücləndirir və şirkin ona yol tapmasının əbədi olaraq qarşısını alırdı. O, uşaqlıqdan Peyğəmbərlə ünsiyyətdə olmuşdu. Bilirdi ki, Peyğəmbər sədaqətli, əmanətdar və doğruçudur. Onun qəlbində Həzrət Məhəmmədə (s) qarşı gizli bir eşq çağlayırdı. Nəhayət, münasib fürsət yarandı və Həmzə öz imanını izhar etdi.
Bəziləri onun besətin (peyğəmbərliyin) ikinci, bəziləri isə besətin altıncı ili İslamı qəbul etdiyini bildirirlər.(«Üsdul-ğabə» 2-ci cild, səh. 46; «Əyanuş-şiə» 1-ci cild, səh. 243.)Hər halda Həmzənin İslamı qəbul etməsi səhnəsi olduqca maraqlıdır.

Ardı var...

Müəllif: Cəvad Mühəddisi     

Category: Tarix | Baxış: 939 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]