Bazar günü, 2024-12-22, 10:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 2 » Şeytanın razılığı.
12:19 PM
Şeytanın razılığı.
Şeytanın razılığı.
Şeytan istəyir ki, müsəlmanlar arasında ədavət və düşmənçilik salsın.
Allah-təala buyurur:
«Şübhəsiz, şeytan Sizin aranıza ədavət və kin salmaq istəyir.» («Maidə»- 91).
Odur ki, iki müsəlman bir-birinə qarşı kin-küdurət bəsləyəndə şeytan sevinir və çalışır ki, onlar barışmasınlar.
İmam Baqir(ə) bu haqda buyurmuşdur:
«Şeytan möminləri dindən çıxardana qədər onlar arasında kin-küdurət və ədavət yaradır. Elə ki möminlər dindən çıxdılar, xatircəm olub rahat nəfəs alır, arxası üstə uzanıb: «Qələbə çaldım!» deyir». Sonra İmam Baqir(ə) belə əlavə edir: «Bizim dostlarımızdan olan iki nəfər arasında mehribançılıq və səmimiyyət yaradana Allah rəhmət eləsin.»(«Üsul kafi» II c/s-345/hədis-6.)
Başqa bir rəvayətdə İmam Sadiq (ə)-dən belə nəql olunur:
«Şeytan iki müsəlman bir-birilə küsülü olduğu zaman xoşhal olur. Elə ki onlar barışdılar, ayaqları titrəyərək yerə yıxılıb fəryad edər: «Vay olsun mənə! Məhv oldum»(Yenə orda: II c/s-345/h-7.).
Belə bir sual meydana çıxır ki, niyə görə islam dinində müsəlmanlar arasında sülh və barışıq haqda çoxlu hədis və rəvayətlər mövcuddur? Belə ki Peyğəmbər(s) iki müsəlmanın bir-birilə üç gündən artıq küsülü qalmasını pisləyərək buyurur:
«Üç gündən artıq küsülü qalmaq olmaz»(Yenə orda: /II c/s-344/hədis-2: «Səhih Müslim»/II c/s - 279.)
Niyə görə iki müsəlman bir-birilə küsülü olduqda Allahın lənətinə düçar olurlar?
Müfəzzəl İmam Sadiq(ə)-dən belə eşitdiyini deyir:
«Bir-birilə küsüb ayrılanlardan biri Allahın və Rəsulunun lənətinə layiqdir. Ola bilsin, hər ikisi Allahın lənətinə düçar olsun.»(Yenə orda: II c/s - 344/hədis - 1)
Nə üçün İmam Sadiq(ə) möminlər arasında ixtilaf düşərkən başqa heç bir şeylə onları barışdırmaq mümkün olmadıqda bu iş üçün Müfəzzələ öz büdcəsindən müəyyən məbləğ ayırıb verir ki, onları barışdırmaq üçün bu puldan istifadə etsin? Niyə görə iki küsülü arasında mehribançılıq yaratmaq bütün müstəhəb namaz və oruclardan üstündür?
Dərindən düşünsək, başa düşərik ki, hər hansı bir millət və ya ümmətin mövcudluğunun əsasında birlik, mehribançılıq və səmimiyyət dayanır. Kiçik ixtilaflar həll olunmasa, tədricən ədavət qəlblərə kök salıb cəmiyyətin birliyini parçalayar. Bu isə həmin cəmiyyətin süqutu və tənəzzülüdür.
Aralarında ixtilaf düşən adamlar gərək tezliklə bu ixtilafa son qoyub bir-birilə barışsınlar. İmam Sadiq(ə)-in buyurduğu kəlamın («iki nəfər bir-birilə küsülü olarsa, Allahın lənətinə gələrlər») mahiyyətinin nədən ibarət olmasını isə o Həzrətin səhabələrinin ona: «Bu ikisindən birinin zalım olanına lənət yağdırılması təbiidir, amma niyə zərərçəkən də lənətlənir?»- deyə sual verərkən cavabında tapmaq olar: «Çünki öz din qardaşını barışığa dəvət etmir, ötüb-keçənləri bağışlamır.»(«Üsul kafi» II c/s-344/hədis - 1)
Buna görə də din qardaşının yanına gedib barışması hər bir müsəlmanın müqəddəs vəzifəsidir. Əgər onlar arasında küsülülük və kin-küdurət üç gündən artıq olarsa, Allahın mərhəmətindən kənarda qalarlar.(Qeyd etmək lazımdır ki, İslamda insanlar arasında mehribançılığın belə qiymətləndirilməsi və küsülülüyü, kin-küdurəti pisləməsi yalnız müsəlman və möminlərə aiddir. Buna görə də belə təsəvvür etmək olmaz ki, Allahın, Peyğəmbərin və İslamın düşmənləri ilə səmimi, mehriban olmaq düzgün bir əməldir. Bu cür mehribançılıq və dostluq «Quran»da tənqid olunmuşdur. «Qurani-Kərim»də Allahın və Peyğəmbərin düşmənləri ilə yaxın qohum olsalar belə, bu cür dostluq və mehribançılıq qadağan edilmiş, elə səmimiyyət və mehribançılıq imansız şəxslərin xüsusiyyətləri kimi qeyd edilmişdir: «(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə, dostluq etdiyini görməzsən..." («Mucadələ» -22).)
Hər halda gözəl əxlaqa sahib olan şəxs nəinki öz müsəlman və əqidə qardaşı ilə kobud rəftar etməz, hətta başqalarının da arasına ədavət toxumunun düşməsinə razı olmaz, Allahdan bu xeyirxah və müqəddəs işdə müvəffəq olmasını diləyər. Biz də imam Zeynülabidin(ə)-i özümüzə örnək götürərək bu barədə dua edib o ali Cənab kimi Tanrıya yalvarırıq:
«İlahi! Mühəmmədin və ailəsinin pak ruhlarına salam və salavat göndər. Mənə doğruluq və xeyirxahlıq libası geyindir. Məni təqva ilə ziyətləndir. Ədalətlə davranmaqda, qəzəbimi yatırmaqda, fitnə-fəsad alovunu söndurməkdə, pərakəndə düşmüşləri bir yerə yığmaqda və müharibələri sülhə çevirməkdə kömək ol.»(- «Səhifeyi-Səccadiyyə»: 20-ci dua.)

Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni    

Category: Diger me'lumatlar | Baxış: 884 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]