Cümə günü, 2024-11-22, 1:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 11 » Şeytanın insanları azdırması
4:49 AM
Şeytanın insanları azdırması
Şeytanın insanları azdırması
Şeytanın insanları düz yoldan azdırmaqdan savayı başqa bir hədəfi yoxdur. O, müxtəlif yollarla insanları kamillik və irşad yolundan sapındırmağa çalışır. Quran ayələrinə görə, şeytan bütün tərəflərdən insana hücum edərək onu yoldan çıxarır.
Bu ayələrə diqqət yetirək:
Əraf surəsi, 16-17-ci ayələr:
İblis dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!"
Burada arxa, ön, sağ və sol cəhətlərdən bəhs edilir, lakin həmin anlam başqa məna daşıyır. İmam Bağır (ə) haqqında bir hədisdə belə deyilir:
"Şeytanın qabaq tərəfdən insanın sorağına gəlməsi o deməkdir ki, axirət və qarşıya gələn dünyanı onun nəzərində yüngül və sadə göstərsin. Arxadan gələrək insanları mal-dövlət toplamağa, başqalarının haqqını ödəməkdən vaz keçərək öz varislərinə və övladlarına miras yığmağa dəvət edir. Sağ tərəf dedikdə mənəvi işləri şəkk-şübhə toxumu səpərək zaye edir. Sol tərəf dedikdə insanları şəhvət və maddi ləzzətlərə şirnikləndirir" [93].
Burada şeytanın insanları azdırmaq üçün hansı yollara əl atması barədə bir neçə kəlmə demək lazım gəlir.
1.Şeytan insanları azdırmaq üçün onların pis əməllərini öz gözlərində yaxşı və gözəl kimi göstərir. İblis Allah rizasına zidd olan şeyləri də insan üçün gözəl göstərir. İnsan aldanaraq bu sayaq pis işlər görür. Şeytan mənfi işləri insan üçün bər-bəzəkli pərdə üzrə göstərir, nəticədə insan Allahın halal buyurduğu işlərdən vaz keçərək haram işlərə qurşanır.
Bu yöndə bir neçə ayəni nəzərdən keçirək.
Ənam surəsi, 43-cü ayə:
Barı əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin etdikləri əməlləri Şeytan onlara süslü göstərmişdi.
Ənfal surəsi, 48-ci ayə:
O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin pənahınız, dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!" – demişdi.
Nəml surəsi, 24-cü ayə:
Mən onun və tayfasının Allahı qoyub Günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər.
2.Şeytan öz vəsvəsəsi ilə insanları yoldan azdırır. Adəm (ə) haqqında bəhs edilən qissədə, şeytan insanı öz vəsvəsəsi ilə aldadır.
Taha surəsi, 120-ci ayə:
(Allahın bütün bu xəbərdarlığından sonra) şeytan Adəmə
vəsvəsə edib (pıçıldayıb) belə dedi: "Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?
Əraf surəsi, 20-ci ayə:
Şeytan Adəm və Həvvanın örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmadığınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir". Həm də onlara: "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm" – deyə and içdi.
Əraf surəsi, 27-ci ayə:
Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəmi və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxarmasın. Şübhəsiz ki, Şeytan və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik.
3.Şeytan camaat arasında kin-küdurət və düşmənçilik yaradır, onları Allahı zikr etməkdən və namazdan çəkindirir.
Maidə surəsi, 90-91-ci ayələr:
Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!
Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza kin və ədavət salmaq, sizi Allahı zikr etməkdən və namaz qılmaqdan ayırmaq istər. Artıq bu (pis əmələ) son qoyacaqsınızmı?
İsra surəsi, 53-cü ayə:
(Ya Məhəmməd!) Bəndələrimə de ki: "(Danışdıqları zaman "La ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah" kimi) gözəl sözlər söyləsinlər. (Və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)" "Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq düşmənidir!"
Şeytan öz fitnəkar əməlləri ilə insanları Allahdan qafil salır və azdırır.
Yusif surəsi, 42-ci ayə:
Yusif bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi şərabpaylayana dedi: "Ağanın yanında məni də yada sal!" Lakin Şeytan ona ağasının yanında Yusifi yada salmağı unutdurdu və buna görə də Yusif bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.
Mucadələ surəsi, 19-cu ayə:
Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Xəbəriniz olsun ki, Şeytanın firqəsi – məhz onlar, ziyana uğrayanlardır!
4.Şeytan Haqqa qarşı mübarizə aparır və bununla da insanları kamal və inkişafdan saxlayır.
Ənam surəsi, 121-ci ayə:
Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.
5.Şeytan insanları yoldan azdırmaq üçün onlara boş-boş vədlər verir və nəfsə tabe olanlar şeytana aldanırlar.
Nisa surəsi, 120-121-ci ayələr:
Şeytan müşriklərə vədlər verir, ürəklərində arzular
oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir.
Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar.
6.Şeytan insanları pis işlərə və mənfi əxlaqa təhrik edir, haqq yolunda öz sərvətini xərcləmək istəyənləri bu işdən çəkindirir.
Bəqərə surəsi, 268-ci ayə:
Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allahın mərhəməti genişdir. Allah hər şeyi biləndir!
Bəqərə surəsi, 269-cu ayə:
Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!
7.Şeytan və onun yolu ilə gedənlər insanları aldatmaq üçün sehrbazlığı təlim edirlər. Sehr ilə insanı düz yoldan azdıran şeytandır.
Bəqərə surəsi, 102-ci ayə:
Yəhudilər Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki, o iki mələk: "Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" – deməmiş heç kəsə (sehr) öyrətmirdilər. (Bununla belə) yəhudilər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!
8.Şeytan insanları düz yoldan azdırmaq üçün həmişə mənfi yollardan istifadə etməklə kifayətlənmir, bəzən özünü insanlara xeyirxah göstərməklə onları aldadır.
Əraf surəsi, 21-22-ci ayələr:
Həm də onlara: "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm", – deyə and içdi.
Beləliklə, Şeytan onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi).

Category: Diger me'lumatlar | Baxış: 1644 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]