Bazar günü, 2024-12-22, 10:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 27 » Salman Farsinin həyatı (3)
9:07 AM
Salman Farsinin həyatı (3)
SƏLMAN MƏHƏMMƏDİ (MƏHƏMMƏDİ SƏLMAN)
"Allah Səlmanı dost tutur və onun qəzəblənməsi ilə qəzəblənir.” ("Qamuslur-rəcal”, c. 6, s. 427.) Səlman İslamın yetirməsi, Məhəmmədi Salmandır. O hansısa şöhrətli qəbilədən deyil.
Əhzab döyüşündə Xəndək qazılarkən ənsar deyir: "Səlman bizdəndir, çünki o da Məkkədən gəlmə deyil.” Mühacirlər isə onu özlərinə aid edərək deyirlər: "Səlman bizdəndir, çünki o da Mədinə əhli deyil.” Bu söhbətləri eşidən həzrət Peyğəmbər (s) buyurur: "Səlman biz Əhli-beytdəndir (ə).("Şərhe-"Nəhcül-bəlağə”, c. 14, s. 35.) Səlman ərəb və əcəmlikdən daha çox müsəlmandır. Bu səbəbdən də onu "Məhəmmədi Səlman” adlandırmışlar. Səlman həzrət Peyğəmbərlə (s) behişt müqaviləsi bağlamış şəxsdir.("Əl-ixtisas”, s. 3.) Onun İslam və İslam Peyğəmbəri (s) ilə bağlılığı o qədər güclüdür ki, Əhli-beytə (ə) bir çoxlarından yaxın sayılmışdır. Onun Əhli-beytə (ə) bağlılığı yüksək qiymətləndirilməsinin əsas səbəblərindəndir. Səlmanın istəyi ilə həzrət Peyğəmbərin (s) yazdığı əhdnamə ona olan ehtiramın əyani sübutudur. Bu namədə həzrət Peyğəmbər (s) İmam Hüseyn (ə) şəriətinin bəzi incəliklərini, ilahi dünyagörüşünün müəyyən məsələlərini bəyan etməklə yanaşı buyurmuşdur: "Bu namə Səlmanın ailəsi üçün yazılmışdır. Harada olur-olsun, onun canı və malı Allah və Allah rəsulunun amanındadır. Kimsə onlara zülm etməsin, çətinlik yaratmasın. Onları himayə edin. Onları bütün vergilərdən azad etdim. Onların istədiyini verin, əl tutun. Onlar pislik etsələr, bağışlayın. Onlara pislik edilərsə, müdafiəyə qalxın. Beytül-maldan onlara ildə 200 came verin.
Səlman bizim tərəfimizdən ona görə belə bir diqqətə layiq görülmüşdür ki, bir çox möminlərdən üstündür. Səlman behişt şövqündə deyilkən, behişt onun qədəmləri şövqündədir. O, mənim etibarımı qazanmışdır və müsəlmanların xeyirxahıdır. Səlman bizim Əhli-beytdəndir. Kimsə bu göstərişlə müxalif olmamalıdır. Nə qədər ki, ailəsi müsəlmandır, onlara yaxşılıqdan çəkinməyin. Allah lənət etsin bu əhdnaməyə qarşı çıxanlara. Səlmana ehtiram mənə ehtiramdır, ona əziyyət edilməsi mənə əziyyət edilməsidir. Səlmanı incitmiş kəsə qiyamət günü düşmənəm və həmin şəxsin yeri cəhənnəmdir. Vəssalam.”("Biharül-ənvar”, c. 22, s. 368.)
Həzrət Əlidən (ə) Səlman haqqında soruşdular, buyurdu: "Səlman bizim ruhumuzdan, xislətimizdən yaradılmış kəsdir. Allah onu əvvəl və sonralardan, aşkar və gizlinlərdən xəbərdar etmişdir.” Sonra həzrət (s) belə bir vaqeə danışır: "Səlmanla birlikdə Peyğəmbərin (s) hüzurunda idik. Məclisə daxil olan bədəvi ərəb Səlmanı qaldırıb onun yerində oturdu. Peyğəmbər (s) ərəbin bu hərəkətindən çox narahat olub buyurdu: "Ey kişi, Allahın göydə, Allah rəsulunun yerdə sevdiyi bir şəxsimi ayağa qaldırırsan?! Bilirsənmi, Allah Cəbrəil vasitəsi ilə mənə əmr etmişdir ki, Səlmana salam verim. Səlman məndəndir, ona cəfa edən mənə cəfa edir, onu rədd edən məni rədd edir, onu yaxın tutan məni yaxın tutur. Ey ərəb, Səlmana qarşı xəta etmə. Allah-təala mənə əmr etmişdir ki, keçmişin və gələcəyin elmlərini, yuxu təbirini, nəsil tanımağı ona öyrədim.”
Ərəb ərz etdi: "Ya Rəsuləllah, Səlmanın belə bir məqamda olduğunu bilmirdim. Məgər o İslamı sonradan qəbul etmiş bir atəşpərəst deyilmi?” Həzrət (s) buyurdu: "Mən Allahın buyuruqlarını çatdırıram. Mənimlə mübahisəmi edirsən? Səlman heç vaxt qəlbən məcus olmamışdır...” Sonra həzrət (s), peyğəmbər qarşısında təslim olmağın zəruriliyini bildirən ayələrdən oxudu və əlavə etdi: "Ey ərəb, dediklərimi qəbul et, şükr edənlərdən ol və inkar etmə. Yoxsa əzaba düşənlərdən olarsan. Peyğəmbərin dediklərini qəbul et ki, imanını itirməyəsən.”("Biharül-ənvar”, c.22, s. 347.)
Səlmanın uca məqamının sübutu üçün qeyd etmək kifayətdir ki, həzrət Peyğəmbər (s) gecələr Səlmana xüsusi dərs keçərdi. ("Əl-istiab”, c. 2, s. 59) Peyğəmbər (s) buyurur: "Allahım mənə bildirdi ki, səhabələrdən dördünü sevir və məni də həmin şəxsləri sevməyə çağırdı.” Bu dörd nəfərin kimliyini soruşdular və məlum oldu ki, hamı həmin dörd nəfərdən biri arzusundadır. Həzrət (s) buyurdu: "Əli onlardandır.” − sonra isə susdu. Bir qədər fasilədən sonra sözünə davam etdi: "Qalan üç nəfər isə Miqdad, Əbuzər və Səlmandır.”("Biharül-ənvar”, c. 22, s. 324.)
Səlmanın qəlb agahlığı və düşüncə istedadı onun bir çox fəzilətlər qazanmasına səbəb olmuşdur. O öz keyfiyyətləri ilə Peyğəmbərin (s) və Əlinin (ə) diqqətini cəlb etmişdir. Həzrət Əlinin (ə) Səlmana müraciətlə yazdığı məktub onun dini maarifə yiyələnmə hazırlığının sübutudur. Bu namədə həzrət (ə) Allaha həmd oxuduqdan, Peyğəmbərə salam göndərdikdən sonra buyurur: "Dünya yumyumşaq ilan kimidir. Zəhəri isə öldürücüdür. Dünyanın yalanlarından qorun. Onun dostluğu etibarlı deyil. Dünya qəmini boşla, bir gün onunla vidalaşacaqsan və o puç olub gedəcək. Dünyadan o zaman qorx ki, ona çox bağlısan. Çünki dünyaya bağlı olan kəs gözlədiyi şadlıqlar həddində çətinliklə üzləşər. Dünya ilə ünsiyyət dərinləşdikcə təhlükə də artır. Vəssəlam!("Feyzül-İslam, "Şərhe-"Nəhcül-bəlağə”, namə 68.)
Başqa bir vaxt Həzrət Əli (ə) Səlmanın haqqında Əbuzərə buyurur: "Ey Əbuzər, əgər Səlman bildiklərini sənə desə, onu öldürənə rəhmət oxuyarsan. Ey Əbuzər, Səlman yer üzündə "babüllah” yəni Allahın qapısıdır. Mömin onu tanıyan şəxsdir. Onu tanımayıb, inkar edən şəxs kafirdir. Səlman biz Əhli-beytdəndir (ə).”(Ricale-kəşşi”, s. 15; "Biharül-ənvar”, c.22, s. 374.)
Həzrət Əli (ə) də Səlmanı həkim Loğmana oxşatmış və buyurmuşdur ki, Səlman biz Əhli-beytdəndir və həkim Loğman kimi olan Səlmanın tayını haradan tapacaqsınız?!("Biharül-ənvar”, c. 22, s. 330)
Səlman Mədaində olsa da, Mədinə müsəlmanlarının qəlbində idi və heç vaxt Əmirəl-mömininin (ə) diqqətindən kənarda qalmazdı. Səlman vəfat etdikdə Həzrət Əli (ə) onun dəfni üçün özünü Mədainə çatdırdı.
Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Əmirəl-möminin (ə) sübh namazını bizimlə qıldı, sonra bizə müraciətlə buyurdu: "Ey camaat! Qardaşım Səlmanın vəfatına əzadarlığınızla Allah tərəfindən mükafatınız artırılmış oldu.” Sonra Peyğəmbərin (s) əmmaməsini qoyub, libasını geyindi, onun qılıncını və qamçısını götürüb, dəvəsinə süvar oldu. Qəmbərlə birlikdə Mədainə doğru hərəkət etdi. Bir müddət sonra Mədaində Səlmanın evinin qarşısında dayandılar.(Həmin mənbə, s. 372)
Deyildiyi kimi, Səlman Peyğəmbər ailəsinin üzvlərindən və vəhy evinin yetirmələrindən sayılmışdır. O daim həzrət Peyğəmbər (s), Əli (ə), hətta həzrət Fatimədən (s) mənən qidalanmışdır. Səlmanın həzrət Fatimədən (s) əxz etdiyi biliklərdən biri də "Nur” duasıdır. Xanım Fatimədən (s) atasından öyrəndiyi bu duanı hər sübh və axşam oxuyardı. O bu duanı Səlmana da öyrətdi. Səlman deyir: "And olsun Allaha, mən bu duanı Məkkə və Mədinənin mindən çox qızdırmaya tutulmuş xəstəsi üçün oxudum və onların hamısı şəfa tapdı.”
Bu yerdə "Nur” duasını xatırlamağımız yaxşı olar:
Duanın tərcüməsi:
"Rəhman və Rəhim Allahın adı ilə” Nur Allahın adı ilə; Nur nuru, nur üzərindən nur Allahının adı ilə; bir Allah ki, işləri yoluna qoyandır; Nuru nurdan yaradan Allahın adı ilə; Nuru nurdan yaradan Allaha həmd olsun; Nuru bir kitabda yazmış, bir səhifə açmış, müəyyən ölçüdə, Tur dağında öz uca Peyğəmbərinə göndərmişdir. Həmd olsun o Allaha ki, izzəti ilə yad edilər, əzəməti ilə məşhurdur, xoşluqda və çətinlikdə təşəkkür olunar. Allahın salamı olsun ağamız Məhəmməd və onun pak ailəsinə.” ("Məfatihul-cinan”, s. 208)

MÜQƏDDƏS MÜHARİBƏLƏRDƏ SƏLMANIN ROLU
Səlmanın üstünlükləri hətta müharibə meydanlarında da özünü büruzə verirdi. Bu fəzilətlər insanları ilhamlandırır və bir sıra çətinliklərin həllində yardımçı olurdu.
Səlmanın, sadəcə, döyüş meydanında olması döyüşçülərə ruh verir, onları hərəkətə gətirirdi. Səlmanın hikmətli sözləri və dəvətləri bəzən düşmənləri də haqq yola gətirirdi. Səlmanın hazırladığı döyüş planlarının, hərbi ixtiralarının həlledici əhəmiyyəti vardı.
Düşmənin silaha əl atmadan, yalnız Səlmanın sözləri ilə təslim olduğu döyüşlərdən biri Mədainin fəthi zamanı baş vermişdi. Onun təsirli rəftarı sayəsində Mədainin yeddi şəhərindən ikisi heç bir döyüş əməliyyatı aparılmadan təslim oldu. Rüstəm Fər-rüxzadın komandanlığı altında olan dörd min döyüşçü Səlmanın təbliğatı sayəsində ordunu tərk edib, İslamı qəbul etdilər. Bu dörd min döyüşçü İran ordusunun xüsusi təyinatlı dəstəsini təşkil edirdi.("Tarixe-Kufə”, s. 89.)
Mədainin fəthi zamanı Səlmanın düşmənləri İslama dəvət etməsi belə baş verdi: Səlman dedi: "Mənim əsil-nəsəbim siz iranlılardandır və mən üç işdə sizin xeyirxahınızam. Sizin faydanız bu üç məsələdədir: 1. Əgər İslamı qəbul etsəniz, bizim qardaşlarımızsınız, malımıza şəriksiniz, bizimlə eyni vəzifələrə məsulsunuz; 2. Təslim olun və müsəlmanlara cizyə − vergi ödəyin; 3. Əks-təqdirdə sizinlə vuruşacağıq. Həqiqətən də, Allah xainləri dost tutmur.
Səlman düşmən əsgərlərini İslama dəvət etməklə yanaşı, daxili cəbhəyə də yetərincə diqqət ayırırdı. Mədain şəhəri fəth olunduqdan sonra əsgərləri başına toplayıb onlara "Yusif” surəsinin təfsirindən danışar, onları sədaqətli və əmanətdar olmağa həvəsləndirərdi. Çünki Mədainin aldadıcı sərvətlərini görən yoxsul ərəblər arasında xəyanət baş qaldıra bilərdi.("Helyətül-övliya”, s. 203.)
Səlmanın müharibə meydanındakı digər bir fəaliyyəti döyüşçülərin ruhiyyəsini yüksəltmək, onlara dua və ibadət proqramları təlim etmək idi. Əsgərlərin döyüş meydanında ibadətə təşviq olunması həzrət Peyğəmbərin (s) təlimlərindən idi. Bu yolla döyüşçü Allahın qeybi yardımlarına daha çox ümidvar olur. Çünki ilahi yardımlar daim İslam müdafiəçilərinin sorağındadır.

DÖYÜŞ MEYDANINDA SƏLMANIN ŞÜCAƏTİ
Səlman elm və bilikdə, ibadət və duada öncül olduğu kimi, döyüş meydanında da şücaət göstərər və əsgərlərin döyüş əhval-ruhiyyəsini qaldırırdı. Müsəlman qoşunun Dəclə çayından keçməli olduğu döyüşlərdən birində altmış nəfərdən ibarət atlı dəstə özünü suya vurub Allahın yardımı ilə çayı adlayır. Qoşun başçısının yanında olan Səlman ona deyir: "Müsəlmanlığı yenicə qəbul etmiş bu insanlar hələ ki günaha batmadıqlarından su onlara ram olmuşdur. And olsun o Allaha ki, Səlmanın canı onun əlindədir, bütün qoşun dəstə-dəstə bu çaydan keçəsidir.” Səlman atlı dəstələrin önündə gedir, əsgərləri ruhlandırır, onlarda arxayınlıq yaradırdı.

Ardı var...

 Müəllif: Cəvad Mühəddisi  


Category: Tarix | Baxış: 1249 | Added by: Ənfal | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]