Bazar günü, 2024-12-22, 10:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 22 » Salman Farsinin həyatı (2)
4:17 AM
Salman Farsinin həyatı (2)
VİLAYƏT
Vilayət dedikdə insanı həqiqi imama müti edən mərifət və sevgi nəzərdə tutulur. Vilayət Əmirəl-möminin Əli (ə) və digər məsum imamların rəhbərliyinin qəbul olunmasıdır. Vilayət mövzusunda müsəlmanlar üçün böyük siyasi, etiqadi və ictimai bir fəlsəfə mövcuddur.
Səlman Həzrət Əli (ə) haqqında xüsusi bir əqidə və mərifətə malik olmuşdur. O, Həzrət Əlinin (ə) məqamını düzgün tanıya bilmiş və onu Peyğəmbərin varisi, canişini kimi qəbul etmişdir. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Səlman bu yolda sabitqədəm olmuşdur. Peyğəmbərin vəfatından sonra məsciddə hamının gözü qarşısında Həzrət Əlinin (ə) hüquqlarını xatırladan və bu hüquqları müdafiə edənlərdən biri də Səlman olmuşdur. Səlman həmin dövrün xəlifəsi qarşısında ayağa durub etiraz edən ikinci şəxs olmuşdur: "Nə etdiyinizi bilmədiniz... Ey Əbu-Bəkr əgər sənin qarşına cavabını bilmədiyin bir məsələ çıxsa, nəyə istinad edəcəksən? Səndən cavabını bilmədiyin bir söz soruşulsa, kimə pənah aparacaqsan? Özünü Peyğəmbərə ən yaxın, Allah kitabını ən gözəl bilən və Peyğəmbər yolunda qabaqcıl olan şəxsdən üstün tutmağa əsasın nədir? Peyğəmbər (s) həyatı boyu onu üstün tutdu və ölümü zamanı da onun haqqını sizə vəsiyyət etdi. Siz Peyğəmbərin buyuruqlarını unutmuş, onun vəsiyyətlərini yaddan çıxarmış, vədinə xilaf çıxmış şəxslərsiniz...”("Tərcümeye-ehtecace-Təbərsi”, c. 1, s. 208.)
Səlmanın bu çıxışı xeyli əhatəlidir və bu çıxışın məğzini Peyğəmbərdən sonra görməzliyə vurulan haqqın müdafiəsi təşkil edir. Müsəlmanlar arasında parçalanma da məhz həmin gündən və həmin hadisə ilə əlaqədar başladı.
Hadisələr və çətinliklərlə qarşılaşan zaman ən əsas məsələ yolu itirməmək, fitnə-fəsad üzərində qurulmuş cazibələrə məftun olmamaqdır. Vilayətə bağlılıq eynən imamların (ə) rəhbərliyi altında hərəkət etmək və imam haqqında ilahi göstərişlərə müti olmaqdır. Görkəmli şəxsiyyəltərdən olan Səlman vilayət inancına bağlı olmuşdur.
Səlman vilayət haqqındakı bir xütbədə demişdir:
"Agah olun! Əgər əvvəlcədən vilayət əmrini Əlinin ixtiyarına versəniz səmadan və torpaqdan, başınız üstən və ayağınız altdan ruzi yeyəcəksiniz... Belə olmazsa, bəla gözləyin. Mən sizinlə əlaqəni qırıram. Agah olun, əgər mənim vəzifəm zülmün dəfi, işimi yerinə yetirmək, dinə yardım göstərmək olarsa, qılıncımı çiynimə qoyub, qədəm-qədəm şəmşir çalası, yara-yara irəli gedəsiyəm.
Ey insanlar, əgər fitnələr qaranlıq gecədə zülmət parçaları tək üstünüzə gəlib, sizi məhv etmək istəyərsə, həətta iti süvariləriniz, natiqləriniz, öndə gedənləriniz də bundan amanda qalası deyil. Ona görə də ali-Məhəmmədin (Məhəmməd ailəsini) qoruyun. Onlar behişt karvanının başçılarıdırlar. Hər zaman Əlini (ə) qoruyun. And olsun Allaha, biz Peyğəmbər (s) dövründə onu vilayət sayaraq salam verərdik.
Agah olun! Mən öz qərarımı aşkar bəyan etdim. Allaha iman gətirmiş və Peyğəmbərə (s) təslim olmuşam. Hər bir müsəlmanın mövlası olan mövlamla fəxr edirəm.("Ricale-kəşşi”, s. 20.)
Bir gün Əmirəl-möminin (ə) süvari halda, bir dəstə müsəlmanla əyləşmiş Səlmanın yanındakılara müraciətlə deyir ki, nə üçün ayağa qalxıb onun ətəyindən tutmur, suallarınızı vermirsiniz; and olsun Allaha, sizi Peyğəmbər (s) yoluna ondan başqası hidayət edən, istiqamətləndirən deyil; o, yer üzünün rəbbani alimi və xalqın yeganə söykənəcəyidir; onu itirməklə elminizi itirəcəksiniz. Elə o gündən də aranızda fitnə-fəsad tüğyan edəcək.("Biharül-ənvar”, c. 22, s. 321.)
İbn Abbas Səlmanı yuxuda görüb ondan soruşur ki, behiştdə Allaha və Onun rəsuluna imandan sonra nə üstün sayılır? Səlman belə cavab verir: "Allaha və Onun Peyğəmbərinə imandan sonra Əli ibn Əbi-Taliblə dostluq, onun vilayətinə tabeçilikdən üstün bir şey yoxdur.”(Həmin mənbə, s. 341)
Səlmanın nəzərində layiqli rəhbər və ən düzgün xətt Əli (ə) və onun imaməti olsa da, Əlinin (ə) fəzilətləri onun dilindən düşməsə də, müsəlmanların birliyini qorumaq xatirinə o da haqsız saydığı xəlifəyə beyət edir, düşmənlərin faydalanacağı ixtilafın qarşısını alır.

ZÖHD
Dünyaya qul olmamaq, onun əsarətindən azad qalmaq, ötəri cazibələrə uymamaq, axirətlə müqayisədə dünyanı heç saymaq "zöhd” adlandırılan ilahi xüsusiyyətlərdəndir.
Səlman zöhd və təqvada da elə bir məqama çatmışdı ki, ideal və nümunə kimi tanınmışdı. O daim misilsiz zöhdü ilə yad edilmişdir. Hazırkı dövrdə bir möminin üstün təqvasını nəzərə çatdırmaq üçün onu "dövrünün Səlmanı” adlandırırlar.
Cəhd eylə ki, layiqli müsəlman olasan
Dövrünün şərri önündə eyni Səlman olasan.
Səlmanın zöhd və təqvası onun dərin imanından qaynaqlanırdı. Böyük iman sahibləri heç vaxt dünya istəklərinə əsir olmurlar. İmam Sadiq (ə) buyurmuşdur: "İman on dərəcədir. Miqdad səkkizinci, Əbuzər doqquzuncu, Səlman isə imanın onuncu dərəcəsindədir.”(Həmin mənbə, s. 341)
Səlmanın təmtəraqlı evi yox idi və heç zaman da ev arzusuna düşməmişdi. Hələ tamamilə evsiz olduğu vaxt müsəlmanlardan biri onun üçün ev tikmək istəsə də, Səlman razılaşmırdı. Nəhayət, belə bir razılığa gəldilər ki, ayağa qalxanda baş tavanına, uzananda ayaq divarına dəyəcək bir sığınacaq tikilsin.("Şərhe-"Nəhcül-bəlağə”, s. 336.)
Bir gün iki müsəlman Səlmana qonaq olur. Səlman süfrəyə bir parça çörək və duz qoyur. "Peyğəmbər (s) qadağan etmiş olmasaydı, daha yaxşı süfrə açardım”, deyir. Qonaqlardan biri "bir qədər göyərti olsaydı, yaxşı olardı”, deyə Səlmana müraciət edir. Səlman küçəyə çıxır və aftafasını bir dükanda girov qoyub, göyərti alır. Süfrə yığışıldıqda qonaqlardan biri belə dua edir: "Allaha həmd oxuyuram ki, bizi verdiyi nemətlərdən qane etdi.” Səlman isə belə deyir: "Əgər qane olsaydın, mənim aftafam girov qoyulmazdı.”(Həmin mənbə, c. 3, s. 155)
Səlman beytülmaldan aldığı cüzi maaşının da böyük hissəsini fəqir-füqəraya paylayardı. Bir dəfə əlindəki bir dirhəmə baxıb deyir: "Xurma yarpağı alıb, ondan səbət toxuyar və üç dirhəmə sataram. Qazanacağım iki dirhəmdən bir dirhəmini ailə-uşağıma xərcləyərəm, o birini isə sədəqə verərəm.”("Həyatus-səhabə”, c. 2, s. 166.)

İBADƏT
Səlman zahid və müttəqi olduğu qədər də abid idi. Səlmanın ibadətini onun elm və agahlığı uca mərtəbəyə qaldırırdı. Çünki agah ibadət, dərin düşüncə ilə müşayiət olunan pərəstiş səthi və zahiri ibadətlə müqayisəyə gəlməz. Hər kəsin ibadəti onun şüur və dərrakəsi həddində qiymətlidir.
İmam Sadiq (ə) nəql edir ki, bir gün həzrət Peyğəmbər (s) öz yaxınlarına buyurur: "Sizlərdən hansınız bütün günləri ardıcıl oruc tutur?” Səlman cavab verir ki, ya rəsuləllah, mən! Peyğəmbər (s) soruşur: "Sizlərdən hansınız bütün gecələri ardıcıl ibadətə məşğul olur?” Yenə Səlman cavab verir ki, mən!” Həzrət (s) növbəti sualını verir: "Sizlərdən eləsi varmı ki, bir günə bir Quran oxuyub xətm etsin?” Səlman cavab verir ki, ya rəsuləllah, mən!
Səlmanın cavabları məclisdəkilərdən birini narahat edir. Həmin şəxs Səlmanı özünü tərifləməkdə ittiham edərək deyir: "Əksər günlər Səlmanın oruc olmadığını görmüşəm. Gecələrin də çoxunu yatır. Həm də əksər vaxtlar susur. Necə ola bilər ki, belə bir adam daim oruc olsun, gecələri ibadət etsin və bir günə Quranı oxuyub başa vursun?”
Peyğəmbər (s) buyurdu: "Sakit ol, sənin Loğman kimisi ilə nə işin! Əgər necəliyini bilmək istəyirsənsə, onun özündən soruş.” Səlman öz dediklərini belə izah etdi: "Ayda üç gün oruc tuturam. Allah-təala buyurur ki, hər kəs yaxşı iş görsə, həmin işin əvəzini onqat alacaq. Demək, mənim orucum otuz gün olur. Şəbanın sonuncu günü oruc tutub, onu ramazanın əvvəlinci günü ilə əlaqələndirirəm. Belə edənlərə həmişə oruc tutanların mükafatı verilir. Peyğəmbərimiz (s) buyurmuşdur ki, hər kəs pak, dəstəmazlı, təharətli halda yatsa, bütün gecəni ibadət etmiş kimidir. Quran xətminə gəldikdə isə, Peyğəmbər (s) Əli (ə) haqqında buyurmuşdur ki, sən "qul huvəllah”ın oxşarısan; o surəni bir dəfə oxuyan Quranın üçdə birini oxumağın, iki dəfə oxuyan Quranın üçdə ikisini oxumağın, üç dəfə oxuyan isə bütün Quranı xətm etməyin savabını alır; ya Əli, hər kəs səni dildə dost tutsa, imanının üçdə biri, hər kəs həm qəlbi, həm də dili ilə sənə dost olsa, imanının üçdə ikisi və hər kəs həm qəlbi, həm dili, həm də əqli ilə sənə yardımçı olsa, bütün imanı kamala çatar.”("Biharül-ənvar”, c. 22, s. 318.)

KƏRAMƏTLƏR
Bəzi insanlarda müşahidə olunan qeyri-adi əlamətlər, xariqüladə istedadlar, xüsusi agahlıqlar həmin insanların Allahla möhkəm bağlılıqlarından danışır. Bu sayaq qeyri-adiliklər "kəramət” adlandırılır. Səlman dərin imanı, təqvası və ibadəti ilə yanaşı böyük kəramətlərdən də bəhrələnmişdir. Səlmanda müşahidə olunmuş kəramətlər, onun gələcəkdə baş verəsi hadisələrdən xəbərdarlığı, dualarının qəbul olması, fövqəladə əlamətləri onun ruhunun ilahiliyi nişanəsidir. Bu qəbildən kəramətlərin əta olunması onun üstün qabiliyyətlərindən söz açır. Səlmanın bu xüsusiyyəti həzrət Peyğəmbərdən (s) və Əlidən (ə) yüksək səviyyədə qidalanmasının göstəricisidir. Bu kəramətlərdən bəzilərini xatırlayaq:
1. Səlman Mədainə getdiyi vaxt bir dəstə müsəlman da onunla olmuşdur. Səlmanla olanlardan biri belə nəql edir: Kərbəla adlanan yerə çatdığımız vaxt Səlman həmin yerin adını soruşdu; bildirdik ki, bu yer Kərbəla adlanır. O dedi: "Bəli, bu yer mənim qardaşlarımın qətlə yetiriləcəyi məkandır. Bax, bura xeymələrin qurulacağı, bura isə dəvələrin duracağı yerdir. Bax, burada isə onların qanı axıdılacaq − deyə ayrı-ayrı məhəlləri göstərdi və sözünə davam etdi − keçmişin görkəmli insanları bu yerdə qətlə yetirilmişdir, gələcəkdə də bir çox görkəmli insanlar bu yerdə qətlə yetiriləcək.” Kufəyə çatdığımız vaxt soruşdu ki, bəs bu yeri necə adlandırırlar? Cavab verdik ki, Hərura. Buyurdu ki, keçmiş ümmətlərin ən pisləri bu yerdən çıxıb, indiki ümmətin də ən pisləri bu yerdən çıxasıdır. (O, nəhrəvan şeyxlərini, xəvarici nəzərdə tuturdu) Kufəyə çatdığımız vaxt soruşdu ki, Kufə buradırmı? Buyurduq ki, bəli. Bildirdi ki, burada İslamın nişanəsi vardır. Sonralar Kufə və Nəcəf İslamın iki mərkəzinə çevrildi.("Ricale-kəşşi”, s. 19; "Biharül-ənvar”, c. 22, s. 386.)
2. Kərbəlada imam Hüseynin (ə) karvanına qoşulmuş Züheyr ibn Qeys deyir: "Biz imamla eyni vaxtda Kufəyə doğru hərəkət edirdik. Dayanacaqlarda imamla birgə dayanmaq istəmirdik. O, hərəkət edəndə biz dayanar, o dayandıqda hərəkət edərdik. Hicaz və İraq arasındakı dayanacaqlardan birində süfrə açdığımız vaxt imamın (ə) göndərdiyi şəxs yaxınlaşıb salam verdi və dedi: "İmam səni çağırır.” Bir qədər fikrə getdim. Xanımım da dedi: "Ey Züheyr, Peyğəmbər (s) balasının dəvəti qarşısında nə götür-qoy edirsən?!” Mən qalxıb, yola düşdüm. Bir qədər sonra şad halda qayıdıb bildirdim ki, Hüseynin (ə) dostları cərgəsinə qatıldım.” Züheyr tutduğu yeni mövqeni belə açıqlamışdır: Rumlularla müharibədə böyük qənimət əldə etmişdik. Səlman məndən soruşdu ki, bu qənimətlər səni sevindirirmi? Cavab verdim ki, bəli. Sualının səbəbini soruşdum. Dedi: "Ali-Məhəmməd cavanlarının ağası imam Hüseyni (ə) görəndə necə sevinəcəksən? Onun tərəfindən cihad edəndə şadlanacaqsanmı? Bilirsənmi, onunla çiyin-çiyinə döyüşmək dünya və axirət səadətidir?!”
Bəli, Səlmanın sözlərini xatırlayan Züheyr imam Hüseynə (ə) doğru tələsdi ki, onunla bir cərgədə döyüşə bilsin.("Tərcümeye-tarixe-kamil”, c. 5, s. 142.)
Salman öz bəsirət və agahlığı ilə gələcəyi görürdü. O, Züheyrə nəsib olacaq böyük səadət haqqında xəbər vermişdi. Bəli, Züheyr uca məqamlı Kərbəla şəhidləri cərgəsində yer tutdu.
3. Bir dəstə yəhudi yoldan keçən Səlmanı tutub, şallaqlamağa başlayırlar. Onlar Səlmana işkəncə verir və deyirdilər ki, Allahını çağır, qoy, sənə kömək etsin. Səlman isə yalnız belə dua edirdi: "Pərvərdigara, məni bəla qarşısında səbrli et.” Yəhudilər deyir: "Dua et ki, Allahın bizə əzab göndərsin.” Səlman isə nifrindən çəkinərək deyir: "Olsun ki, sizlərdən biri gələcəkdə müsəlman olsun.” Onda, aramızda müsəlman olmayacaq kəslərə əzab istə, dedilər. Səlman əzab istədi. Yəhudilərin əllərindəki qamçılar ilan tək onların əlini çaldı... Bu macəra baş verən zaman Peyğəmbər (s) bir məclisdə olur. O qəfildən üzünü məclis əhlinə tutub buyurur: "Ey müsəlmanlar, Allah-təala elə indicə qardaşınız Səlmanı iyirmi yəhudiyə qalib etdi. Çıxın, onu qarşılayın!” Səlmanla görüşdən və onun düşmənlərinin həlak olmasını eşitdikdən sonra Peyğəmbər (s) buyurdu: "And olsun Allaha ki, mənim ümmətimin arasında duası eynən Nuhun duası kimi olan bir şəxs qərar verilmişdir.” Sonra Səlmana müraciətlə buyurdu: "Sən bizim xüsusi qardaşlarımızdansan, sən müqərrəb mələklərin məhbubusan, sənin fəzilətin ərşdə günəş işığından daha parlaqdır. Sən Quranın "əlləzinə yominunə bil-ğəyb” kimi yad etdiyi fəzilətli insanlardansan.”("Biharül-ənvar”, c. 22, s. 372)

Ardı var...

Müəllif: Cəvad Mühəddisi   



Category: Tarix | Baxış: 965 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]