Bazar günü, 2024-12-22, 11:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 18 » Salman Farsinin həyatı (1)
1:14 PM
Salman Farsinin həyatı (1)
SƏLMAN KİMDİR?
Bu yazıda Səlman Farsinin işıqlı çöhrəsi və müstəsna şəxsiyyəti ilə tanış olacağıq. Xülasə şəkildə deyə bilərik ki, Səlman Farsi həqiqət sorağında, yəqinlik məqamı arzusunda olan bir iranlı idi. Bu insan öz haqtələb həyatının müxtəlif eniş-yoxuşlarından və macəra dolu səfərlərindən sonra, nəhayət, həqiqətə nail olur, Allahı tanıya bilir. Doğru yol və ilahi məktəb uğrunda səylərin bəhrəsi İslam və müsəlmanlıq olur.
Həqiqət yolunda yorulmayan kəs
Kama çatıb, qəmdən olar mürəxxəs.
Həqiqətə qovuşmaq naminə hətta acı qul taleyini yaşamış Səlman nəhayətdə məqsədinə çataraq, İslamda qədərincə uca bir məqam qazanır. O, həzrət Peyğəmbərdən (s) "Səlman biz Əhli-beytdəndir” kimi misilsiz bir təltif alır.
Səlman Farsi İslam hərəkatının çiçəkləndiyi bir dövrdə böyük xidmətlər göstərərək Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və həzrətin (ə) vəfatından sonra da bu yolda mətinliklə dayana bildi.
Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi.
Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.
Fəzilət və kamal çeşməsi olan Səlman hicri 35-ci ildə uzun bir ömür yaşadıqdan sonra Allahın bəyəndiyi bir aqibətlə dünyaya vida dedi. (Bəzi mənbələr Səlmanın 250, bəzi mənbələr isə 350 il yaşadığını bildirirlər.)
Yuxarıda dediklərimiz böyük səhabə və İslam aləminin görkəmli siması Səlman Farsi haqqında xülasə bir söhbət idi.
Əlinizdəki kitabçada Səlmanın, bu həqiqi müsəlmanın ilhamverici siması ilə tanış olacaq, bu nümunədən faydalanmaq, onun davamçısı olmaq imkanı əldə edəcəksiniz.

SƏLMANIN ÖZÜ HAQQINDA DEDİKLƏRİ
Səlmanı bilavasitə öz sözləri ilə tanıyaq. Geniş bir hədisdə Səlman öz həyatını, ömür tarixçəsini belə bəyan edir:
İsfəhanın Cəy kəndində bir kəndli ailəsində anadan oldum. Atam öz səhəsini əkib-becərər, dolanışığımızı alın təri ilə qazanardı. O məni çox sevirdi.("Biharul-Ənvar" da Salmanın Şirazdan olması bildirilir)
Atəşpərəstlik (məcus) dinində xeyli zəhmət çəkdim. Daim atəş yandırar, onu qoruyub, sönməyə qoymazdım.
Atamın bir bağı vardı. Bir gün məni həmin bağa göndərdi. Yolda bir məsihi kilsəsi gördüm. Onların ibadət və dua səsləri məni cəzb etdi. Daha artıq məlumat toplamaq üçün binaya daxil oldum. Onların dua mərasimini müşahidə edib öz-özümə dedim ki, bu din bizim dinimizdən yaxşıdır. Hava qaralanadək orada qaldım və atamın bağına getmədim. Nəhayət, ardımca adam gəldi. Qəlbimdə xoş hisslər yaratmış dinin mərkəzinin harada olduğunu soruşdum. Dedilər ki, Şamdadır. Atamın yanına qayıtdıqdan sonra öz müşahidələrim, qəlbimdə yaranan hisslər haqqında ona danışdım. Atamla söhbətimiz mübahisəyə çevrildi. Nəhayət, ayaqlarımı zəncirləyib, həbs etdilər.
Məsihilərə xəbər göndərdim ki, mən onların dinini qəbul etmişəm. Onlardan xahiş etdim ki, Şamdan karvan gələndə mənə xəbər versinlər. Həmin karvanla Şama getmək qərarına gəlmişdim. Qərarımı həyata keçirdim. Atamın həbsindən qaçıb, Şama üz tutdum. Kilsələrin rəisi və böyük alim, "Usquf” adlanan şəxsin yanına getdim. Başıma gələnləri ona danışdım. Usqufun yanında qalıb, ibadət və təhsilə məşğul oldum.
Bir qədər dünyagir Usquf dünyasını dəyişdikdən sonra axirətə rəğbətli bir xadim onun canişini oldu. Mən bu şəxsə daha çox bağlandım. Amma xoş münasibətlərimiz uzun sürmədi. Çünki o da tezliklə vəfat etdi. Ölümündən qabaq soruşdum ki, ondan sonra kimə müraciət edim, kimdən tövsiyyə alım? O məsləhət gördü ki, Mosulda yaşayan bir məsihiyə müraciət edim. Deyilən şəxsi tapsam da, o da bir müddət sonra dünyasını dəyişdi. Dini işlərimdə yardım almaq üçün növbəti abid sorağı ilə Nəsibinə, sonra isə Rum şəhəri Umuriyyəyə yola düşdüm. Oradakı abidlərdən istifadə etməklə yanaşı, maddi ehtiyaclarımı ödəmək üçün bir neçə inək və qoyun aldım.
Sonuncu abiddən soruşdum ki, özündən sonra kimə üz tutmağımı məsləhət görürsən. Dedi: "Elə bir şəxs tanımıram, amma indi İbrahim dinindən olan növbəti Peyğəmbərin zühuru gözlənilir. Həmin peyğəmbər iki daş-kəsəklik arasında xurma bağları olan ibr məntəqəyə hicrət edəsidir. Əgər imkan tapsan, özünü ona çatdır. O Peyğəmbərin əlamətlərindən biri budur ki, sədəqə götürməz, amma hədiyyə qəbul edər; onun iki çiyni arasında peyğəmbərlik nişanı var. Onu bu nişanla hökmən tanıyarsan.”
Bir gün ərəb diyarından gəlmiş karvana qoşulub yola düşdüm. Amma onlar məni yolda zorla bir yəhudiyə satdılar. Orada qaldığım müddətdə elə bilirdim ki, axtardığım yer elə oradır. Əslində isə ora tamam başqa bir məntəqə idi. Bir müddət sonra başqa bir yəhudi məni əvvələki sahibimdən alıb, özü ilə Mədinə şəhərinə apardı.
Mədinədə sahibimin xurma bağında işləyirdim. Bir müddət sonra Allah öz Peyğəmbərini seçdi. Onun besətindən, peyğəmbərliyə çatmasından bir qədər sonra Mədinəyə hicrət etdiyini eşitdim. Qobada Bəni-Əmr ibn Of tayfasının yanında qaldı. Sahibimin öz əmisi oğlu ilə söhbətlərindən anladım ki, axtardığım peyğəmbər elə odur. Gecə məxfi şəkildə evdən çıxıb, özümü Qobaya çatdırdım. Peyğəmbərin xidmətinə yetişdim. Hüzurunda bir neçə nəfər vardı. Dedim ki, siz bu yerdə qəribsiniz, mənimsə bir miqdar sədəqə azuqəm var, hansınıza verməyim daha yaxşıdır? Peyğəmbər səhabələrinə "Allahın adı ilə başlayın” buyurub, özü süfrəyə əl uzatmadı. Öz-özümə dedim ki, sədəqəyə toxunmaması onun peyğəmbərliyinin nişanəsidir.
Səhəri gün yenə bir qədər azuqə götürüb, onun xidmətinə getdim. Hədiyyə adı ilə bu yeməyi ona təqdim etdim. Səhabələrinə buyurdu ki, Allahın adı ilə başlayın, özü də yeməyə başladı. Öz-özümə dedim ki, hədiyyəni qəbul etməsi də onun peyğəmbərlik nişanəsidir. Onda üçüncü nişanəni axtarırdım. Bir neçə gün sonra onu səhabələri ilə birlikdə Bəqi qəbristanında gördüm. Bir əbanı geyinmiş, o birini çiyninə salmışdı. Onun arxa-sında durdum ki, peyğəmbərlik möhürünü görüm. O mənim məqsədimi anlayıb, çiynindən əbanı götürdü və mən həmin peyğəmbərlik nişanını gördüm. Peyğəmbərlik möhürü eynən deyildiyi şəkildə idi. Ayaqlarına düşüb öpdüm və ağladım.
Həzrət məndən başıma gələnləri soruşdu, mən də olub-keçənləri nəql etdim. Sonra İslamı qəbul etdim. Amma qul olduğum üçün Bədr və Ühüd döyüşlərində iştirak edə bilmədim.
Peyğəmbərin məsləhəti ilə azad olmağım üçün sahibimlə müqavilə bağladım. Müsəlmanların köməyi ilə müəyyən olunmuş məbləği ödəyib azad oldum. Azad müsəlman kimi yaşayıb, Xəndək və sair döyüşlərdə iştirak etdim.("Biharul-Ənvar" c.22, səh.355-362)
Haralara çəkdi gör bu yol məni
Uçurumlar keçib, zirvəyə çatdım.
Şahid oldu könül aman nələrə−
Haqqın qırılmayan ipini tutdum.

SƏLMANIN FƏZİLƏTLƏRİ
Kamil və pak müsəlman nümunəsi olan Səlman bir çox ilahi keyfiyyətlərə sahib olmuşdur. O səy və təlaş göstərərək, müxtəlif fəzilətlər qazanmışdır. Onun diqqəti daha çox cəlb edən bəzi fəzilətlərinə nəzər salaq.

ELM
İslam Peyğəmbəri (s) buyurmuşdur: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.”(İbn Əbül Hədid, "Nəhcül-Bəlağə" nin şəhri, c.18, səh.36)Bəli, ciddi çalışmalar nəticəsində insan haqq yolu tapa bilir. Peyğəmbərin səhabələri arasında kimsə elm və bilikdə Səlmana çatmadı. Səlman öz uzun ömrü boyu ardıcıl şəkildə elm və mərifətini artırardı. O, məsihi böyüklərinin yanında da bu məqsədlə uzun illər qalmışdı. Bir vaxt həzrət İsanın vəsilərindən sayılardı.
Müsəlmanlıqdan sonra isə Səlman İslam Peyğəmbərinin (s) yaxınlarından oldu. Xüsusi vaxtlarda Peyğəmbərlə (s) görüşər, ondan elm öyrənərdi. Səlman Farsi rəvayətlərdə əbəs yerə Loğmana oxşadılmamışdır.
Hər insan Səlmanın elm və agahlığının dərinliyini anlamaq gücündə deyil. İnsanlar yalnız öz tutumları həddində elmə yiyələnə bilirlər. Səlman öz elmi məqamı haqqında belə deyir: "Ey insanlar, əgər bildiklərimdən sizi xəbərdar etsəydim, "Səlman divanədir”, ya da "Onu öldürənə alqış” deyərdiniz.”("Ricale-kəşşi" səh.20) Səlman gələcək hadisələrdən xəbərdar olar, insanları qiyafəsindən tanıyar, qeybdən xəbər verərdi. Səlmanın uca elmi məqamı haqqında İmam Sadiq (ə) buyurmuşdur: "İslamda Səlmandan elmli, fəqih insan xəlq olunmamışdır.”("Təqihul-məqal" c.2, səh.47) Həzrət Əli (ə) və digər məsum imamlar Səlmanı keçmiş və gələcəkdən xəbərdar bir insan kimi yad edirlər. Əmirəl-möminin Əli (ə) Peyğəmbərin (s) yaxınları haqqında danışarkən Səlmanın adına çatdıqda buyurur: "Bəh-bəh, Səlman biz Əhli-beytdəndir. Siz Səlman kimisini haradan tapa bilərsiniz?! O, həkim Loğman kimidir, əvvəlin və sonranın elmini bilir, Səlman nəhayətsiz bir dəryadır...”(İbn Əbul Hədid, "Nəhcül-Bəlağə" nin şərhi, c.18, səh.36)
Səlman "Məhəmmədi elmlər” xəzinəsi idi. Bir dəfə o, həzrət Peyğəmbərin (s) xidmətində olarkən Peyğəmbər onun haqqında xoş sözlər deyib, yanında oturdur. Cabir ibn Əbdüllah Ənsari Peyğəmbərdən (s) Səlman haqqında soruşduqda həzrət (s) buyurur: "Səlman nəhayətsiz elm dəryasıdır, Səlman əvvəlin və sonranın elmlərinə vaqifdir. Səlmanı düşmən biləni Allah düşmən bilər, onu dost biləni Allah dost bilər.”("Biharul-Ənvar" c.22, səh. 347) Digər bir rəvayətdə Səlman dərin dəryaya, sonsuz xəzinəyə, şirin və hikmət dolu çeşməyə bənzədilir.(Həmin mənbəə)
Səlmanın biliyi yalnız əqli maariflə məhdudlaşmır. Onun peşəkar bilikləri də çox əhatəlidir. Xəndək döyüşündə xəndəklərin qazılması təklifini Səlman verdi və bu təklif qəbul olundu. Eləcə də Taif döyüşündə düşmən qalalarının mancanaqlar vasitəsi ilə fəth edilməsi Səlmanın fikri idi. Mancanağın ixtirası çox vaxt Səlmana aid edilir. Söhbətimizin davamında bu iki nümunəyə bir daha qayıdacağıq.

Ardı var...
Müəllif: Cəvad Mühəddisi   


Category: Tarix | Baxış: 1213 | Added by: Ənfal | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]