Bazar günü, 2024-12-22, 3:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyun » 13 » Rəcəb ayının fəziləti və əməlləri
8:18 PM
Rəcəb ayının fəziləti və əməlləri
 
Rəcəb ayının fəziləti və əməlləri
 
Rəcəb ayı üstün aylardan biridir. Bu elə bir aydır ki, Allahın lütf və inayəti bu ayın orucunu tutanların üzərindədir. Rəcəb ayının fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur. Allahın Rəsulu (s) bu barədə belə buyurub: «Rəcəb ayı böyük aydır. Hörmət və fəzilətdə heç bir ay ona çatmaz. Kafirlərlə müharibə bu ayda haramdır. Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allah-Təalanın razılığını qazanar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar».
 
İbni Babiveyh mötəbər sənədlə Salimdən rəvayət etmişdir: «Rəcəb ayının axırına bir neçə gün qalmış İmam Sadiqin (ə) hüzuruna getdim. O Həzrətin (ə) mübarək gözləri mənə sataşan kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox, yəbnə Rəsuləllah. Həzrət (ə) buyurdu: O qədər savab əlindən çıxıb ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah-Təala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah, qalan günləri oruc tutsam, onun bəzi savablarına nail ola bilərəmmi? Buyurdu: Ey Salim! bu ayın axırında bir gün oruc tutan şəxsi Allah-Təala ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırından iki gün oruc tutan şəxs siratdan asanlıqla keçər. Üç gün oruc tutan şəxs isə, Qiyamət gününün böyük qorxusundan amanda qalar».
 
İmam Museyi Kazım (ə) belə buyurub: «Rəcəb bir əzəmətli aydır ki, Allah-Təala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, cəhənnəmdən bir illik yol miqdarında uzaqlaşar və hər kəs o ayda üç gün oruc tutsa, behişt ona vacib olar».
 
Rəcəb tövbə və məğfirət ayıdır. Bu ayda çox deyilməsi tövsiyə olunan zikrlərdən biri «Əstəğfirullahə və əsəluhut-təubə»-dir.
 
 İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql edir: «Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Bu ay da günahlarınızın bağışlanmasını diləyin ki, Allah-Təala bağışlayan və mehribandır». Belə isə Əstəğfirullahə və əsəluhut-təubə, zikrini çox deyin.Bu ayın digər mühüm əməlləri isə imkansızlara, kimsəsizlərə əl tutmaq və sədəqə verməkdir.
 
Həzrət Əli (ə) belə buyurub: «Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah-Təala onu elə əzizləyər ki, o cür əzizləməni nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın xəyalına gəlib». Həzrət Peyğəmbər (s) belə buyurub: «Hər kim Rəcəb ayında 100 dəfə «Əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh» söyləsə və sonra sədəqə versə, Allah-Təala da onun işini rəhmət və bağışlanma ilə xətm edər və hər kim ki, bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».
 
 Rəcəb ayının 13, 14 və 15-ci gününün əməlləri
 
Etikaf
Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kəbəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmaili tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), ruku və səcdə edənlər üçün pak-pakizə edin» («Bəqərə» surəsi, ayə 125).
 
Etikaf müstəhəb əməllərdən biri hesab olunur. İslam tarixini yazanlar Allahın Rəsulunun (s) hər il Rəcəb və Ramazan aylarında evdən çıxaraq, Hira mağarasına getdiyini və orada Allaha ibadət etməklə məşğul olduğunu qeyd ediblər. Etikafın məxsus günləri Rəcəb ayının 13, 14 və 15-i və Ramazan ayının son 10 günüdür.
 
Etikafı «came məscid»ində yerinə yetirmək lazımdır. Əgər insan 2 gün etikafda olarsa, bu işi 3-cü gün davam etdirmək ona vacib olar. Etikafda olan şəxs bu 3 gün ərzində, yalnız zərurət olduğu halda məsciddən bayıra çıxa bilər. İmam Sadiq (ə) buyurmuşdur: «Etikaf, yalnız ədalətli pişnamazın camaat namazı qıldığı cümə məscidində olmalıdır».
 
Məymun ibn Mehman deyir: Həsən ibn Əlinin (ə) yanında oturmuşdum. Bir kişi gəlib dedi: «Ey Rəsuləllahın övladı! Filankəsin məndən filan qədər alacağı var və məni həbs etmək istəyir». İmam (ə) buyurdu: «Allaha and olsun, mənim pulum yoxdur ki, sənin borclarını ödəyim». Sonra həmin kişi ilə söhbət etdi. Məymun deyir ki, İmam (ə) ayaqqabılarını geyərkən, ona ərz etdim: «Yəbnə Rəsuləllah! Etikafda olduğunuzu unutmusunuzmu?»
 
Həzrət (ə) buyurdu: «Unutmamışam, ancaq atamın babam Rəsuləllahdan (s) belə nəql etdiyini eşitmişəm ki, müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışan 3 min il oruc tutan və gecələri oyaq qalaraq Allaha ibadət edən şəxs kimidir».
 
İnsan zəruri halda (məsələn, şahidlik etmək, xəstənin ziyarətinə getmək, səfərdən gələn birini qarşılamaq, qonağı yola salmaq və ya cənazə dəfni üçün) etikafı poza bilər. Əgər insan zəruri işlərdən biri üçün məsciddən çıxarsa, ən yaxın yolu seçməli, ehtiyac olan miqdardan çox məsciddən kənarda qalmamalı, oturmamalı, kölgənin altı ilə hərəkət etməməli və imkan daxilində kölgədə oturmamalıdır. Bu ayın əməlləri içərisində pak İmamlardan (ə) bir çox dualar və ibadətlər rəvayət olunub. Biz bu ayın əməllərini sizlərə müxtəsər şəkildə çatdırırıq.
 
Rəcəb ayının on üçüncü gününün daha bir əməli
 
Rəvayətlərə əsasən, Fil ilindən otuz il sonra Rəcəb ayının on üçündə, Kəbə evinin içində Həzrət Əmirəl-möminin Əli (ə) dünyaya gəlmişdir. Bu gün «Əyyamul-beyz»in birinci günüdür. Bu gündə tutulan oruc üçün çoxlu savab vardır.
 
Rəcəb ayının on üçüncü gecəsində, həmçinin iki rəkət namaz qılmaq müstəhəbdir. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə Həmddən sonra bir dəfə «Yasin» surəsi, bir dəfə «Mulk» surəsi və bir dəfə «İxlas» surəsi deyilməlidir.
 
 Ummu Davud duası
 
Bu dua əzəmət və bərəkətlə dolu olan dualardandır. Əllamə Məclisi yazmışdır: «Bil ki, Rəcəb ayının ortasının ən ümdə əməllərindən biri Ummu Davud duasıdır ki, ibn Babuyə şeyx Tusi, Seyid ibn Tavus (Allah onlardan razı olsun) mötəbər hədislərə istinadən rəvayət ediblər ki, bu dua hacətlərin verilməsi, qəm-qüssənin götürülməsi, zülmün dəf olunması üçün təcrübə edilib» («Zadul-məad» 21). İmam Sadiq (ə) belə buyurub: «Hər kəs bu duanı oxusa, mütləq onun duası qəbul olar, hətta əgər yerin və göyün qapıları sənin istəyinə mane olsa belə».
 
 Ummu Davud əməli Şeyxin «Misbah» kitabına əsasən belədir: Rəcəb ayının 13, 14 və 15-ci günləri oruc tutulmalıdır. 15-ci gün zaval (günorta) vaxtı qüsl edilməlidir. Günorta azanı olandan sonra, zöhr və əsr namazları sakit və xəlvət yerdə qılınmalıdır. Namaz bitdikdən sonra üzü qibləyə Həmd və İxlas surələrini (hər biri 100 dəfə), «Ayətul-kursu» 10 dəfə, sonra Ənam, İsra, Kəhf, Loğman, Yasin, Saffat, Fussilət, Şuəra, Duxan, Fəth, Vaqiə, Mulk, Qələm surələri və İnşiqaq surəsindən Nas surəsinə qədər, daha sonra isə Ummu Davud duası oxunmalıdır.

 
İstinad: Ihq.az
 
Category: Diger me'lumatlar | Baxış: 1007 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]