Bazar günü, 2024-12-22, 8:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 6 » Rəbbin dərgahında
6:31 PM
Rəbbin dərgahında
İBADƏT ZAMANI QƏLB İŞTİRAKININ ZƏRURƏTİ
Yaxşı diqqət etsək, namaz və dualarımızın günahdan savay bir şey olmadığını görərik. Bu mövzunu sadə bir misalla bəyan edək. Hərçənd Allah bu növ misallar çəkilməsindən uzaqdır; lakin bizim düşüncə səviyyəmiz aşağı olduğundan bu növ misallarla zehni hazırlıq əldə etməliyik. Fərz edin ki, uzun bir ayrılıqdan sonra yaxın dostu görürük və bir neçə saat birlikdə olmaq qərarına gəlirik; lakin görüş zamanı üzümüzü çevirib öz işimizlə məşğul oluruq. Belə bir rəftar necə də təhqiredicidir! Əgər görüşdüyümüz şəxs böyük bir şəxsiyyət olarsa, bu rəftar daha kobud və ədəbsiz görünər. Namaz zamanı diqqətimizin Allahda olmaması qeyd olunan rəftardan daha kobud, daha pisdir. Allah ünsiyyət icazəsi və özü ilə söhbət üçün tövfiq verdiyi halda Ona qarşı diqqətsiliyimiz böyük cəzaya layiqdir. O, əməlimizə görə bizi özündən uzaqlaşdırsa, yersiz olmaz. Lakin O bizi rədd etmir və həmişə ziyafət süfrəsində oturmağa çağırır.
Allahın bağışlama və əfvi bizi qürurlandırmamalıdır. Biz öz mərifətimiz qədərində və bacardığımız səviyyədə səhlənkarlıq etməməliyik. Yalnız tələffüz edilən, ibdatə ruhu olmayan namaz və ibadət ilahi lütfdən məhrumdur. Əlbəttə, onların mənasını və dəyərini bilməsək də tərk etməməliyik. Əslində ibadətimizin, namazımızın və duamızın qəlbən olması, ruhiyyə tapması mənasının dərk olunması üçün çalışmalıyıq. Əgər aşağı səviyyədə ibadətləri dərk etsək, onları əvəz edəcək bir şey tapmayacağıq.
İbadətləri, xüsusi ilə də vacib namazları təxirə salmaq çox yanlış bir işdir. Namaz bir müddət təxirə düşdükdən sonra onu daha həvəslə qılacağımız təsəvvür olunmamalıdır. Bir çox hallarda bu təxir şeytanın vəsvəsəsi ola bilər; yorğunluq, iş və bu kimi bəhanələrlə fəzilət vaxtı keçəndən sonra qılınan namazlar daha ruhiyyəsiz və naqis olur.
Beləliklə, aşağı səviyyədə olan ibadətlərimizi tərk etməməliyik. Çalışmalıyıq ki, bu ibadətlər daha gözəl olsun və Allah ilə düşüncə və tədəbbürlə üzləşək.
Oxunuşu aşağı səviyyədə olan ibadətlərdən uzaqlaşmaq özü günah və ədəbsizlikdir. Əməli tərk etmək hünər deyil, əməli kamilləşdirmək və Allah qarşısında daha ədəbli olmaq mühümdür.
Bəzi dardüşüncəli insanlar deyir: "Mənası anlanılmayan namaz və dua faydasızdır”. Lakin həqiqətdə belə deyil. Biz ibadətlərin daha dəyərli olması üçün çalışmalıyıq. Allah qarşısında bəndəlik vəzifəsində səhlənkarlıq etdiyimizi və ibadətlərin daha yaxşı dərk olunması üçün çalışmadığımızı etiraf etməliyik; qəlbimiz ona biganə olsa da, ibadət əmr etdiyi üçün abid görkəmi almalıyıq. Gərək Allahdan bizə qəlb iştirakı, diqqət və daha yaxşı ibadət üçün tövfiq əta edib, özünə münasibətdə düşüncə, ədəb və məhəbbətimizi artırmasını istəyək.

EŞQ VƏ MƏHƏBBƏT MƏRİFƏT SÖVQATIDIR.
Namaz və bir çox duaların məzmunları ilahi mərifətdən danışır. İnsanın qəlbində ilahi məhəbbət yaranarsa, onu Allaha tərəf sövq edər. Bu qayda ilə insanın məcburən və süstlüklə ibadət etməsinə ehtiyac qalmayacaq. Əksinə, ibadət etməyə müvəffəq olmadıqda narahat olacaq. Beləliklə, Allaha aşiq bəndələr azacıq asudəlik tapdıqda namaz, dua və Allah zikri fikrinə düşürlər. Bu halı əldə edənədək namaz və duamızla Allaha bəndəlik etdiyimizi və ləyaqətli bəndə olduğumuzu düşünmək yersizdir. Biz bu gümanla özümüzü aldadırıq. Bir şəxs həqiqətən də başqasını sevərsə, ondan bir an belə ayrılmaq istəməz, həmişə onunla ünsiyyətə can atar. Əgər məşuq ondan hansısa bir işin görülməsini istəyərsə, onun razılığı üçün bu işin ardınca gedər; əslində isə həmişə məşuqla birlikdə qalıb ondan ayrılmamaq istəyir. Həzrət imam Hüseyn (ə) buyurur: "İlahi, Səni tanımaq üçün qüdrətinin nişanələrinə müraciət etməyi əmr etdin”.(Şeyx Abbas Qummi "Məfatihul-cinan" Ərəfə günündə İmam Hüseynin (ə) duası)
Allahın uyğun buyuruğuna baxmayaraq, aşiq bəndələr qəlbən istəyirlər ki, həmişə raz-niyaz halında olsunlar. Onlar Allahın hüzurunu tələb edir və ondan tövfiq istəyirlər. Baxmayaraq ki, zahirən Onu unudub maddi vasitələri düşünməyə məcburdurlar.
İnsanın Allahı sevib, Ona bəndəlik etdiyi halda Onunla ünsiyyət yaratması qeyri-mümkündür. Allah ilə raz-niyaz və münacat etməyə maraqsız insanın Allaha qarşı hansı məhəbbətindən danışaq? Sevgi və düşmənçiliyimizin, cihadımızın, infaqımızın və başqa bütün işlərimizin Allah üçün olduğunu deyib, Onu sevməyə bilərikmi? Heç zaman! Əgər işlərimiz Allah xatirdirsə, Onu sevməməyimiz və namazdan çox hansısa bir işi arzulamağımız mümkün deyil. İlahi övliyalar bir neçə dəqiqə fürsət tapıb, xəlvət guşədə Allah ilə raz-niyaz etmək intizarında olublar; onların ictimai iş və vəzifələri sona yetdikdə sakit bir bucaq axtarıb öz məhbubları ilə pıçıltıya başlamaq istəyirdilər. Onlar öz münacatları və istəklərində ilahi "ləbbeyk”i eşidirdilər; bu isə onların güc və həvəsini ikiqat artırırdı.
(4)
"Həmd olsun O Allaha ki, pərdəsi götürülməz və dərgahının qapısı bağlanmaz. Onu çağıranı rədd etməz və Ona ümid edənlər naümid olmaz”.

ALLAHA ÜMİD VƏ ONA GÜVƏNMƏK
"İftitah” duasında işarə olunmuş mövzulardan biri də Allahın bəndəsini heç vaxt qovmayıb, rəhmət qapılarını üzünə bağlamayaraq onu naümid etməməsidir. Əlbəttə, bu, bəndənin Allaha tərəf gedib, Ona təvəkkül və ümid etməsi ilə şərtlənir. Şübhəsiz, Allaha kələk gəlmək olmaz.
Biz öz şəxsi istəyimizə əsasən başqası üçün bir iş görüb, ona minnət qoya bilərik ki, bu işi sənə xatir gördüm. Lakin bizim niyyət və əməllərimizdən xəbərdar olan Allah ilə bu sayaq keçinmək olmaz. "Allahın ümidi ilə” zikri yaxşı bir şüardır. Lakin, öz söz və əməlimizdə sadiq olmalıyıq. Bir çox hallarda bu sözü hər yüz dəfə dedikdə biri düz olur. Beləliklə, əgər bir şəxs həqiqətən Allaha ümidvar olsa, duada deyildiyi kimi olar. "Ona ümid bağlayan hər kəsi naümid etməz”.
Əgər naümid oluruqsa, əslində Ona ümidvar olmamışıq və işə Onun ümidi ilə başlamamışıq. Əgər bir iş meylimizə uyğun gəlmişsə, çalışmışıq. Lakin istəklərimizə qarşı, zəhmətli və çətin bir iş olduqda bu işi görməmişik, ya da süstlüklə görmüşük. Məsələn, hansısa bir işi gördükdə vasitə varsa, bu işin ardınca gedirik. Başqa halda bu işin baş verməsini mümkün saymırıq. Kiminsə köməyinə ümid bağlayıb bir iş görürüksə, bu şəxsi tapmadıqda və ya rədd cavabı eşitdikdə narahat oluruq, bu işdən çəkinirik. Biz hətta sadə dünyəvi işlərdə də bizə şəfaətçi olmaq üçün dost-tanış axtarırıq. Bu yanaşma bizim Allaha təvəkkül etməyimizin göstəricisidir. Allah bu növ ümidləri puça çıxarmayacağına zəmanət verməmişdir.

ALLAHA ÜMİD BARƏSİNDƏ HƏZRƏT ƏLİNİN (Ə) SÖZÜ
Həzrət Əli (ə) bu növ ümidlər barəsində buyurmuşdur: "Öz gümanı ilə iddia edir ki, Allaha ümidvardır. Böyük Allaha and olsun ki, yalan deyir. Nə üçün onun ümidvarlığı əməlində görünmür? Hər kim ümidvardırsa, onun ümidvarlığı əməlində görünür. Böyük işlərdə Allaha, kiçik işlərdə isə bəndələrə ümid bağlamışdır. Bəndənin haqqını əda edir, Allahın haqqını isə o qədər də yox. Nə üçün Allahın haqqına qarşı səhlənkarlıq göstərib ona insanların haqqından daha az riayət edirsiniz?!” ("Nəhcül-Bəlağə" 160-cı xütbə)
Həzrət buyurur: "İnsan nəyəsə ümidvar olduqda ona çatmaq üçün çalışır. Ümid insanı hərəkət və təlaşa vadar edir”. Təhsil alan cavan münasib sənətə yiyələnmək və cəmiyyətdə yaxşı mövqe tutmaq üçün illərlə zəhmət çəkir, gecə və gündüz, soyuqda və istidə, vətəndən uzaqda əziyyətə qatlaşır. Nə üçün? Çünki filan sənətə yiyələnməklə münasib mövqe tutacağına ümidvardır. Demək, ümid tənbəllik və süstlik yox, hərəkət səbəbidir.
Bəziləri Allaha ümid bəhanəsi ilə bütün vəzifələrdən boyun qaçırırlar. Müstəhəb işlər görməyə, səhv işlərdən çəkinməyə çalışmırlar. Onlardan soruşulduqda isə deyirlər: "Allahın rəhməti genişdir”; "Allah bizimlə öz rəhməti ilə rəftar edəcək, Onun fəzlindən məyus olmaq olmaz!” Məgər bu şəxslərin Allaha olan ümidi peyğəmbərlər və övliyaların ümidindən daha çoxdur? Peyğəmbərlər və övliyalar Allaha nəhayət dərəcədə ümidvar olsalar da, ən kiçik əməllərdə də səhlənkarlıq göstərmirlər.
Bizim ümidimiz onların ümidindən belə çoxdurmu ki, heç bir əməl etmədən Allahın bizi behiştin ən yaxşı qəsrlərinə aparacağına ümid bağlayırıq?!
Biz, adətən, Allaha çox ümidvar olduğumuzu güman edirik. Lakin Əmirəl-möminin (ə) hamının ovcunu açıb, rüsvay etdi; O buyurdu: "Sizin nə qorxunuz var, nə də ümidiniz. Əgər Allaha ümidvar olsaydınız, əməlləriniz öz təsirini göstərərdi. Hansısa bir şəxsin sizin üçün nəsə bir iş görməsinə ümidvar olduqda onunla necə rəftar edirsiniz?! Həmişə onun xətrinə dəyəcək bir rəftar etməkdən çəkinirsiniz, ona həmişə hörmət edirsiniz və sair. Məgər bircə dəfə ona pis söz deyib, onunla düşmənlik və müxalifətçilik etmisiniz? Bəs Allah ilə necə?”
Həzrət buyurur: "Bəndəyə olan ümidiniz kiçik bir işlə bağlı ikən onunla etdiyiniz rəftarı Allah ilə etmirsiniz; hansı ki, Allaha böyük və əzəmətli işlərdə ümid edirsiniz”.
İnsan başqa insana hansı işlərdə ümidvar ola bilər? Adətən, insan başqa insana çox cüzi və kiçik işlərdə ümid edir. İnsan hansısa bir insanın çətinliyinin aradan götürülməsində, onun üçün böyük bir iş görməkdə, ehtiyac zamanı onun həyasını qorumaqda, hətta təhlükə zamanı onun canını qoruyub bir müddət çox yaşamasında və sair işlərdə vasitə olarsa, yenə bütün bunlar məhduddur. Cavan bir tələbənin ömrünün ən gözəl illərini sərf edib aldığı diplom nə dərəcədə dəyərlidir? 100 milyon, 1 milyard, 100 milyard manat? Hər nə qədər böyük rəqəm olsa, yenə məhduddur. Bizim Allahdan istədiklərimiz isə əbədi və sonsuz bir həyatdır. Məgər biz belə bir istək və ümidə uyğun əməl edirikmi? Əgər ümidvarıqsa, nə üçün bunun təsiri əməllərimizdə görünmür? Demək, daha yaxşı olar ki, Allaha qarşı sadiq olaq və özümüzü aldatmayaq. Allah heç vaxt aldanmaz. Baxmayaraq ki, bəziləri Allahı aldadıb Ona hiylə gəlmək istəyir. Lakin onlar Allahın mütləq agahlığından xəbərsizdirlər: "Allahı və iman gətirənləri aldatmaq istəyənlər özlərindən başqasını aldatmırlar.”("Bəqərə" 9)
Allah ilə sədaqətli olmalıyıq. Allaha qarşı zirəklik əslində fərsizlikdir. Allah qarşısında zirək o kəsdir ki, öz niyyətini xalis etsin və Allaha qarşı sədaqətli olsun.
İman adı altında öz nəfs istəklərimizə əsasən etdiyimiz işlər xalqı aldada bilər. Lakin Allah aldanmaz. Əgər indiyədək belə olmuşuqsa, səbəb niyyət və əməllərimizin xalis olmamasıdır. Əgər özümüzü dəyişmək istəyiriksə, tam çevrilməliyik; ümidimiz yalnız Allaha olmalıdır. Yoxsa Allah bizi uzaqlaşdırar. Bununla da bir-birimizdən asılı qalıb, biçarə olar və bir yerə çıxa bilmərik. Yalnız Allahın etibarlı güvənc yeri olduğunu və Ondan başqa kimə ümid bağlasaq naümid qalacağımızı bilməliyik.
İmam Sadiqdən (ə) olan bir rəvayətdə nəql olunur ki, Allah-təala buyurdu: «And olsun izzət və cəlalıma, ərş üzərində əzəmətimə, Məndən başqasına ümidvar olan kəsin ümidini məyusluğa çevirəcək, xalq qarşısında ona zillət libası geydirəcək, onu özümdən uzaqlaşdıracaq, vüsalıma qovuşdurmayacam. Müşküllər mənim əlimdə olduğu halda çətinliyə düşdükdə Məndən başqasınamı ümid bağlayır? Bağlı qapıların açarı mənim əlimdə olduğu halda başqalarınınmı qapısını döyür? Mənim qapım Məni çağıranların üzünə açıq deyilmi? Çətinliyə düşdüyü vaxt Mənə ümid bağlayıb ümidsiz qalmış bir kəs tapılarmı? Mühüm bir işdə Mənə üz tutub məhrum qalmış birini tapmaq olarmı?!»(Muhəmməd Baqiri məclisi, əvvəlki mənbəə, c. 71, səh. 130, 7-cü rəvayət, 63-cü bab)
Beləliklə, yalnız və yalnız Allaha ümidvar olmalıyıq. Allaha ümidvar olmaq, yəni bütün qüvvələri Allahdan bilmək və bunları işə salmaq; Allahın iradəsi olmadan heç bir işin baş tutmamasına inanmaq. Həkim yanına gedib dərmandan istifadə etmək lazımdır. Lakin şəfa Allahın əlindədir. Əgər Allah istəməsə, həkim düzgün seçim etmədən başqa bir dərman göstərəcəkdir. Yaxud da bütün bu işlər qaydasında olsa belə, şəfa üçün vasitə olmayacaqdır. Bu o demək deyil ki, həkimə müraciət etməyə ehtiyac yoxdur. Allaha ümidvar olmaqla yanaşı həkimin göstərişlərinə də əməl etməliyik; çünki bu işlər Allahın feyz vasitələrindəndir. Bütün hallarda şəfa Onun tərəfindədir.
Allaha güvənmək, yəni bütün işlərin və bu işlərin vasitələrinin Allahın əlində olmasına inanmaq; insanın qəlbən Allahı düşünməsi, bütün işləri Onun sahmana saldığına və bütün vasitələri Onun yaratdığına inanması; hətta vasitələr olmayan yerdə də O səbəbkarlıq üçün aciz deyil və vasitəsi olmadan da hansısa bir işi görə bilər. Beləliklə, mömin insan heç bir halda ümidini Allahdan üzmür, istər adi vasitələr olsun, istərsə də olmasın. Əgər nəzərdə tutduğu vasitəyə çatmırsa, naümid olmur. Bu vasitələr istər pul olsun, istər şəfaətçi, istər doktor, istər dərman, istərsə də bu kimi başqa şeylər. Demək, Allahın bizim ehtiyaclarımızı hökmən qeyri-adi vasitələrlə aradan qaldıracağını gözləməməliyik. Adi vasitələrə məhəl qoymayıb Allahdan çətinlikləri qeyri-adi yolla həll etməsini istəmək özünəpərəstişdir; çünki adi vasitələrlə öz məqsədimizə çatmağımız Allahın iradəsidir. Buyurur: "Allah işlərin öz vasitələrindən qeyri vasitələrlə baş tutmasından çəkinər.”(Muhəmməd Baqiri məclisi, əvvəlki mənbəə, c. 2, səh. 90, 114-cü rəvayət, 14-cü bab)
Bəli, Allah adi vasitələr olmayan yerdə qeyri-adi vasitələrlə öz işini görür; necə ki, Bəni-İsraildən bir dəstə üçün səmavi süfrə göndərdi, həzrət İbrahimi alovdan diri saxladı və s.
(5)
"Pərvərdigara, biz elə bir əzəmətli dövlətin iştiyaqındayıq ki, onun sayəsində İslam və müsəlmanlar öz izzətini geri qaytarsın, nifaq və münafiqlər zillətə düçar olsun və həmin dövlətdə bizi itaətə dəvət edənləri öz yolunda rəhbər qərar verəsən, onun vasitəsi ilə dünya və axirətin böyüklüyünü bizə nəsib edəsən”.

Müəllif: Ustad Misbah Yəzdi  

Category: Exlaq | Baxış: 1017 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]