Bazar günü, 2024-12-22, 8:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 4 » Rəbbin dərgahında
9:29 PM
Rəbbin dərgahında

MÜƏYYƏN BİR DƏYƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ HƏDDİ AŞMAĞIN NÜMUNƏLƏRİ
1. İBADƏT
İslamın tamamilə təsdiq etdiyi insani dəyərlərdən biri də ibadətdir. İslam baxımından insanın Allah yolunda etdiyi hər bir iş ibadətdir. Amma burada bizim məqsədimiz namaz, dua, münacat və bu kimi ibadətlərdir ki, islami mətnlərin ayrılmaz hissələridir.
İbadət doğrudan da əsl dəyərdir. Amma əgər, diqqət edilməsə cəmiyyət hədsiz dərəcədə bu dəyərə doğru yönələr, islam yalnız ibadət etmək, məscidə getmək, müstəhəbbi namaz qılmaq, dua oxumaq, müstəhəbbi qüsl vermək və Quran oxumaq kimi başa düşülər. Cəmiyyət bu istiqamətdə həddini aşanda, qalan dəyərlərin hamısı məhv olur. İslam tarixində cəmiyyət və şəxslərin belə bir ifrata varmalarını görmək olar. Tam çərəsiz şəxslər bu mübaliğə və ifratlara yol veriblər və belə bir yola düşdükdən sonra tarazlığı qoruya bilməyiblər. Əlbəttə onlar bu işləri üçün elə də günahlandırıla bilməzlər. Həmin şəxs, Allahın onu mələk deyil, insan yaratdığını başa düşə bilmir. Çünki o, mələk olsaydı belə işlərə məşğul olmalı idi. Buna görə də insan, müxtəlif dəyərləri bərabər və həmahəng surətdə inkişaf etdirməlidir.
Əziz islam Peyğəmbərinə, səhabələrdən bir qrupunun ibadətə ifrat dərəcədə qərq olduqlarını xəbər verirlər. O həzrət narahat və əsəbi halda məscidə gələrək uca səslə belə deyir: «Bu dəstələrə nə olub? Nə olub? (Peyğəmbər sözlərini ədəbli ifadə ilə deyib. Ümumi dillə desək, məqsədi bu olub ki, onlar nə xəstəliyinə tutulublar?)Eşitmişəm ki, mənim ümmətimdə belə şəxslər peyda olublar. Mən sizin peyğəmbərinizəm, amma belə etmirəm. Heç vaxt gecəni səhərə kimi ibadət etmirəm. Gecənin bir hissəsini istirahət edirəm, yatıram. öz ailə işlərimlə məşğul olaraq onlara da vaxt ayırıram. Hər gün oruc tutmuram. Bəzi günləri oruc tutur, bəzi günləri isə yemək yeyirəm. Həmin dəstə və onların yolu ilə gedənlər mənim sünnəmdən xaricdirlər.»
Peyğəmbər, islami dəyərlərdən birinin inkişaf etdirilərək digər dəyərlərin unudulmasını, yəni cəmiyyətin yalnız bir tərəfə meyl göstərməsini müşahidə etdikdə onunla mübarizə aparır.
Əmr ibni Asın Məhəmməd və Abdullah adlı iki oğlu olub. Məhəmməd, atası kimi dünyapərəst, Abdullah isə nisbətən nəcib adam olub. Əmr, həmişə oğlanları ilə məsləhətləşəndə Abdullah atasını Əli (ə)-a tərəf dəvət edirmiş. Məhəmməd isə atasına belə deyərmiş. Əlidən xeyir görməyəcəksən, Müaviyənin yanına get. Bir dəfə Peyğəmbər Abdullahı görəndə ona belə deyib: Mənə xəbər veriblər ki, gecələr sübhə kimi ibadət edir və gündüzlər oruc tutursan. Abdullah deyib: Bəli, ey Allahın peyğəmbəri! Peyğəmbər (s) söhbətinin davamında ona belə buyurub: Amma mən elə etmirəm və bu cür etməyi düz də saymıram. Bu düz iş deyil, onu tərk et.
Bəzən cəmiyyət zahidliyə doğru çəkilir. Zahidlik və pərhizkarlıq mühüm həqiqətlərdəndir, inkaredilməz gerçəklikdir. O, mühüm təsir və faydalara malik dəyərlərdəndir. Bu dəyərə malik olmayan cəmiyyətin islam cəmiyyəti adlandırılması və ya səadət və xoşbəxtlik görməsi qeyri-mümkündür. Amma bəzən, bu dəyərin cəmiyyəti özünə tərəf çəkdiyini, orada zahidlikdən başqa bütün dəyərlərin məhv olaraq aradan getdiyini müşahidə edirik.
2. XALQA XİDMƏT
İslam dininin təsdiq edərək yüksək qiymətləndirdiyi qəti və inkaredilməz insani dəyərlərdən biri də xalqa və Allah bəndələrinə xidmət etməkdir. İslam peyğəmbəri bu məsələyə çox təkid edib. Qurani-kərim həmkarlıq, başqalarına kömək etmək və insanların bir-birlərinə xidmət etmələri barəsində belə buyurur:
«Yaxşı əməl heç də [ibadət vaxtı] üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba [Allahın nazil etdiyi bütün kitablara] və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda [və ya mal-dövləti çox sevməsinə baxmayaraq] malını [kasıb] qohum-əqrəbaya, yetimlərə, yoxsullara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb, zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda çətinlikdə [ehtiyac, yaxud xəstəlik üz verdikdə] və cihad zamanı [məşəqqətlərə] səbr edənlərdir...» (Bəqərə-177).
Amma bəzi vaxtlarda görürsən ki, Sədi kimi bir şəxs özünün əməldə belə olmasına baxmayaraq, şer xatirinə belə deyir: «İbadət xalqa xidmətdən başqa bir şey deyil.»
(Əlbəttə Sədinin bu şeri barəsində on birinci fəsildə izahlar veriləcək). Bəziləri ibadətin yalnız və yalnız xalqa xidmət olmasını deməklə, ibadətin dəyərini inkar etmək istəyirlər. Onlar bu sözləri ilə islamda insan üçün nəzərdə tutulmuş zahidlik, elm, cihad və bu kimi ali və böyük dəyərlərin hamısını inkar etməyə çalışırlar. Onlar deyirlər ki, insanlıq yalnız Allah bəndələrinə xidmət etmək deməkdir. Xüsusilə müasir ziyalıların bəziləri çox-çox ali məntiq əldə etiklərini güman edir və öz fikirləri ilə ali məntiq olan həmin işin adını insanlıq və insanpərvərlik qoyurlar. İnsanpərvərlik nədir? Onlar bu sualın cavabında deyirlər ki, insanpərvərlik xalqa xidmət etməkdir və biz Allahın yaratdığı bəndələrə xidmət edirik. Bizim onlara sözümüz budur: Əlbəttə, Allah bəndələrinə xidmət etmək lazımdır, amma həmin xalq nə olmaq istəyir? Əgər Allah bəndələrinin qarınlarını doyuzduraraq, əyinlərinə paltar geyindirsək onlar üçün ibtidai işləri, yəni heyvanlara lazım olan işləri görmüş oluruq. Əgər biz onlara yüksək qiymət verməsək və ümumiyyətlə, bütün dəyərləri xalqa xidmətdə məhdudlaşdırsaq və həmçinin nə bizdə və nə də başqalarında digər dəyərlər olmasa, Allah bəndələri bir dəstə at və qoyun misalında olarlar. Biz, bu işimizlə bir dəstə heyvanın qarnını doyuzdurub, əyninə paltar geyindirmiş oluruq. Əlbəttə insanın, heyvanları doyuzdurması da bir işdir. Amma məsələ burasındadır ki, görəsən insanın ən yüksək dərəcəsi heyvanlıq dərəcəsində qalmaq və «mən»im xidmətimin ən yüksək dərəcəsi özüm kimi heyvanlara xidmət etmək və onların xidmətlərinin də ən yüksək həddi özləri kimi heyvan olan «mən»ə xidmət etmələridir?! Xeyir, insana xidmət etmək, çox böyük və yüksək dəyərdir, amma insanın insan olması şərti ilə! Həmişə demişik ki, Lumumba da insandır, Musa da. Əgər məsələ xalqa xidmətdirsə, onların hər ikisi xalqın nümayəndələridir, bəs nə üçün onların arasında fərq qoyursunuz? Əgər məsələ xalqa xidmətdirsə, Müaviyə ilə Əbuzər arasında nə fərq var? Onların ikisinə də xidmət etmək lazım deyilmi?!
Deməli, insanlığın yalnız xalqa xidmət kimi qiymətləndirilməsi və onun, bundan başqa heç bir dəyərə malik olmamasını iddia etmək də ifrata varmaqdır.


3. AZADLIQ
Azadlıq ən böyük və ali insani dəyərlərdən biridir. Başqa sözlə desək, azadlıq insan mənəviyyətinin, yəni onun heyvanlıqdan üstün olan cəhətlərinin bir hissəsidir. Azadlıq insan üçün maddi dəyərlərdən də əhəmiyyətlidir. İnsanlıq dəyərlərini azacıq da olsa dadanlar, ən çətin şəraitdə aclıq və susuzluqla yaşamağı kiminsə əlində əsir vəziyyətində yaşamaqdan üstün tuturlar. Onlar, kiminsə hökmranlığı altında deyil, azad yaşamaq istəyirlər.
Bildiyiniz kimi, Əbu Əli İbni Sina təəssüflər olsun ki, bir müddət vəzir işləyib. Ona görə təəssüflər olsun deyirəm ki, o, vəzir işlədiyi üçün elmi işlərlə lazımınca məşğul ola bilməyib və şübhə yoxdur ki, vəzirlik etməsəydi, malik olduğu misilsiz istedadı ilə bəşəriyyət üçün gördüyü böyük işlərdən daha böyük və əzəmətli işlər görərdi. Molla Sədra kimi şəxsiyyətlər həmişə İbni Sinanın həmin işlərlə məşğul olmasından təəssüfləniblər.
«Alimlərin məktubu» kitabında İbni Sinanın həyatının həmin dövrü barəsində çox maraqlı bir hekayət nəql edilib:
«İbni Sina, bir gün onu müşayət edən təmtəraqlı bir dəstə ilə gedirmiş. Gözü, çirkli işlə məşğul ola-ola dilində bu lətif şeri zümzümə edən bir süpürgəçiyə sataşır:
Gerami daştəm ey nəfs əz anət
Ki asan be qozərəd bərdel cəhanət.
Yəni: «Ey nəfs, dünya sənə asan keçməsi üçün səni əziz tutdum.»
İbni Sina şeri eşidib təbəssüm etdi. Gülər üzlə həmin şəxsə kinayə ilə belə dedi: Təzim və ehtiram həddi sənin şərafətli nəfsə etdiyindir?! Onun qədir-qiyməti, quyu dibində zibil təmizləmək zillətinə düçar etməyin, izzət və şəni bu xar işə giriftar etməyindir?! Misilsiz ömrünü bu alçaq işdə puç edirsən və bu çirkin işi nəfsinə iftixar sayırsan? Həmin şəxs işdən əl çəkərək ona üz tutub belə dedi: «Himmət aləmində alçaq və hörmətsiz işlə çörək yemək rəis minnəti çəkməkdən daha yaxşıdır». İbni Sinanı tər basdı və sürətlə oradan uzaqlaşdı.
İbni Sina həmin şəxsin məntiqinin cavabsız bir gerçəklik olduğunu dərk etmişdi. Heyvani və dünyəvi məntiqdə, insanın toyuq qızartması, plov, at, kəniz, qul və əyyan-əşrafı buraxıb süpürkəçilik etməsi və sonra azadlıqdan dəm vurması mənasızdır. Azadlıq nədir? O, hiss və duyğu orqanları ilə dərk edilən şeydirmi? Xeyir, duyğu ilə hiss edilən maddi şey deyil, amma ali insan vicdanı üçün azadlıq o qədər qiymətlidir ki, tualet quyusu təmizləməyi asılılıq və əsirlikdən üstün tutur.
Azadlıq, doğrudan da böyük dəyərdir. İnsan bəzən bir cəmiyyətdə bu dəyərin tamamilə unudulduğunu, bəzən də oyandığını görür. Bəziləri bəşəriyyət sözünün mənasını azadlıq kimi izah edərək, azadlıqdan başqa heç bir dəyərin olmamasını iddia edirlər. Onlar bütün digər dəyərləri azadlıqda məhv etmək istəyirlər. Amma yaddan çıxarmaq olmaz ki, azadlıq yeganə dəyər deyildir, ədalət, hikmət, irfan və digər şeylər də inkaredilməz dəyərlərdir.
4. EŞQ
Bəzən də irfan, sufilik və irfani qəzəllərdəki eşq yeganə insani dəyər hesab edilir.
Cilveyi kərd roxəş did mələk eşq nədaşt
Yaxud:
Fereşte eşq nədanəd ke çist, qisse məxan
Bexah camo qolabi bexake adəm riz.
Mələk bilməz eşqin mənasını, durma diz çök,
Al ələ piyaləni, gülabı adəmin üstünə tök.
Sonra digər bütün dəyərlər, hətta əql unudulur. Eşqin dəyərliliyinə daha çox meyl göstərən ariflər əql ilə müxalifdir və onunla rəsmi surətdə mübarizə aparırlar. Hafiz belə deyir:
Sufi əz pərtovi mey razi nəhani danest
Qohəre hər kəs əz in ləl təvani danest.
Onun, bu şerdən məqsədi odur ki, yalnız və yalnız arif insan, eşq miniyi ilə həqiqi irfana (Allahın dərk edilməsinə) çata bilər. O, sonrakı beytlərdə belə deyir:
Ey ki əz dəftəri əql ayəti eşq amuzi
Tərsəm in nökte be təhqiq nədani danest.
O, bu beytdə «İşarələr» kitabının sonunda eşqdən söz açmış İbni Sinaya xitab edib. Deməli, bunların fikrincə insan və insanlıq eşqdən ibarətdir və əql tamamilə məhkumdur.
Bəzən də əql və təfəkkürün yeganə dəyər sayılmasının şahidi oluruq. İnsan bunlara baxdıqda hamısını xəyal və təsəvvür hesab edir. İbni Sina bəzən söhbətlərində belə deyib: «Bu sözlər sufilərin xəyali söhbətlərinə bənzəyir, əql ilə irəliləmək lazımdır.»
Əql, eşq, məhəbbət, ədalət, xidmət, ibadət, azadlıq və bu kimi digər şeylər bəşərdə olan müxtəlif dəyərlərdir. İndi görəsən hansı insan kamil insandır: Sırf ibadətlə məşğul olan, yoxsa azad insan? Yaxud sırf aşiq və ya sırf əqlə meyl göstərən? Xeyir, bunlar heç biri kamil insan deyil! Bu dəyərlərin hamısını ən yüksək və ali həddə bir-biri ilə mütənasib surətdə özündə inkişaf etdirən şəxs kamil insandır. Əli (ə) belə bir insan olub.
Category: Exlaq | Baxış: 963 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]