Əsas səhifə » 2011 Fevral 23 » Rəbbin dərgahında
8:53 AM Rəbbin dərgahında | |
ALLAHIN MÖMİNLƏR ÜZƏRİNDƏ VİLAYƏTİ Allahın insanlar üzərində bir neçə növ hakimiyyəti (vilayəti) vardır: Mütləq hakim olduğu üçün bütün insanlar üzərində ümumi hakimiyyəti vardır və O hər şeyə hakimdir. Möminlər üzərində xüsusi vilayət. Quran Allahın bu növ hakimiyyəti barəsində buyurur: "Allah iman gətirmiş kəslərin vəlisidir.” ("Bəqərə" 257) Bu hakimiyyət möminlərə məxsusdur. Allahın hidayəti də iki növdür: Tanıma vasitələri və ağıl verdiyi insanlara aid olan ümumi hidayət. Möminlərə aid xüsusi hidayət. Yəni peyğəmbərlərin və Allahın dəvətini qəbul edən şəxslər bu hidayət ilə haqq yolu taparlar. Allah onlara daha çox nuraniyyət, düzgün düşüncə, dərin mərifət əta edər. Bu hidayət Allaha iman gətirən və bütün işlərini Onun öhdəsində qoyan şəxslər üçündür. "Ərəfə” duasında oxuyuruq: "İlahi, öz seçiminlə məni seçim etməkdən ehtiyacsız et”. (Mənim işimi özün idarə et və məni öz tədbirimə möhtac qoyma). (Şeyx Abbas Qummi, "Məfatihul cinan" İmam Hüseynin "Ərəfə" duası) Allah bu mərhələyə çatmış şəxslərə öz xüsusi hakimiyyətini tətbiq edər. Onların həyatlarının bütün sahələrində hakim olar, dünya işlərini idarə edər və onları öz tədbirləri ümidinə qoymaz. Buna görə də bəzən öz mömin bəndəsinə sağlamlıq əvəzinə xəstəlik, var-dövlət əvəzinə fəqirlik verər. Hətta bəzən mömin şəxs xəstələnib öz sağlamlığı üçün dua etdikdə bu duanın nəticəsində onun xəstəliyi daha da şiddətlənir! Beləliklə, xəstəliyin şiddətlənməsi Allahın ona bəxş etdiyi bir nemətdir. Duanın təxiri nəticəsində insan daha çox dözüm və hazırlıq əldə edir və səbir etmək nəticəsində daha üstün kamilliklərə yetişir. Buna görə də bizim dünyəvi işlərə aid bəzi dualarımız axirətimiz üçün azuqə olur, ya da fərdin xeyirinə başqa bir şəkildə bu dünyada gerçəkləşir. Əlbəttə, bu sayaq hallar hamının qavrayacağı şəkildə deyil və yalnız bu məqama çatmış şəxslər uyğun sözləri dərk edə bilərlər. Bu növ hakimiyyəti Allah bütün şəxslərə yox, yalnız öz xüsusi bəndələrinə tətbiq edir. Əlbəttə, Allah xəsislikdən uzaqdır. Lakin başqaları istəmədiyi üçün uyğun hakimiyyət onlara tətbiq olunmur. İnsan ixtiyari şəkildə qabağa getməli və könüllü olaraq özünü Allahın ixtiyarında qoymalıdır ki, Allah məsləhət bildiyi hər bir şeyi onun barəsində tətbiq etsin. Allah istəməyən şəxslər üçün öz xüsusi hakimiyyətini məcburi tətbiq etmir. NƏTİCƏSİNDƏN ASILI OLMAYARAQ DUA ETMƏK Qəbuldan daha mühüm duanın özü və Allah ilə raz-niyazdır. Baxmayaraq ki, biz adətən istəklərimizin və maddi ehtiyaclarımızın təmin olunması üçün dua edirik. Yəni yaşayışımızda problem və ya narahatçılıqla qarşılaşdıqda ilahi dərgaha əl açıb Ondan kömək istəyirik. Əlbəttə, bu iş Allahın rəbliyinə etiqad və bəndəlik nümunəsi olmaqla yanaşı insan üzərində tərbiyəvi rol oynayır. Lakin duanın fəlsəfəsi ümumi şəkildə münacat, raz-niyaz, yalnız hacətlərin, xüsusilə də dünyəvi hacətlərin istənilməsi deyildir. Məsumlardan nəql olunmuş bir çox duaların məzmununda göstərilir ki, əsas duanın özü, Allah ilə raz-niyazdır. Onun qəbul olub-olmamasını düşünməməliyik. "İstəmək” "istənilən şeydən” daha mühümdür. Allahla münacat və əlaqə o qədər ləzzətli və dəyərlidir ki, bunu dərk edən kəs heç vaxt maddi və dünyəvi məsələlər barədə düşünməz. Beləliklə, dua da daha çox əhəmiyyət kəsb edən Allah ilə danışıq və raz-niyazdır. Bu, Allahdan tələb olunan şeylərdən qat-qat üstündür. Bəndənin Ağası ilə xəlvətə çəkilib, raz-niyaz etməyə nail olması onun öz istəklərinə çatmasından daha dəyərlidir. Ona nəinki aləmlərin rəbbi ilə söhbətə icazə verilmişdir, hətta Allah özü onu "uduni” ("çağırın Məni”) sözü ilə dəvət etmişdir. ("Bəqərə" 126) Bu, bəndə üçün necə də böyük səadətdir! Beləliklə, duada maddi istəklərin təmin olunması yox, duanın özü və Allah ilə raz-niyaz daha üstündür. Duanın xarici gerçəkliklərini, qəbulunu və nəticələrini nəzərə almadan ona inam və əminlik insan şəxsiyyətinin formalaşmasına, insani duyğuların güclənməsinə səbəb olur. Dua edən şəxsin öz daxili və psixoloji aləmində çatdığı ləzzətlər və tövfiqlərə dua etməyən şəxsin çatması və bu halı dərk etməsi mahaldır. Bu həqiqətlər mömin insanın şəxsiyyət və inkişaf səviyyəsini tanıtdırır. DUANIN QAYDALARI İmam Sadiq (ə) buyurur: «Duanın qaydalarını gözlə...» ("Muhəmməd Baqir məclisi, "Biharul-Ənvar" 93-cü cild, səh. 322, 16-cı rəvayət) Necə dua edək? Məgər dua etməyin qayda və şərtləri var? Yoxsa xüsusi yer və xüsusi vaxta ehtiyac var? Quran və pak Əhli-beyt (ə) rəvayətlərindən məlum olur ki, Allahın dərgahına çatmaq üçün heç bir xüsusi yer və xüsusi vaxt lazım deyildir. Allahın rəhmət qapısı Onun yolçularının üzünə həmişə açıqdır. İnsan hər zaman Allaha qəlbini açarsa, Allah onun cavabını verər. Əlbəttə, cümə axşamı və Qədr gecəsi kimi zamanlarda, Məscidül-həram, imam Hüseynin və başqa imamların məzarları kənarında dua etməyin fərqli xüsusiyyətləri var. Lakin Quran və rəvayətlər dua etmək üçün başqa qaydalar da göstərir. Bunlardan ən mühümü dua zamanı və duadan qabaq Allahın əzəməti haqda düşünməkdir. Allah-təala buyurur: "Rəbbinizi inilti ilə və ahəstə çağırın.” ("Əraf" 55) Bu ayədə dua etmək əmr olunur. Lakin ayə buyurur ki, dua inilti ilə və ahəstə şəkildə olsun. Bu ayədə iki nöqtə qeyd olunur: Ahəstə dua etmək, yalvarış və inilti halında olmaq: Allah bəndələrinə yaxındır, onların duasını eşidir. Buna görə də qışqırıq və fəryada ehtiyac yoxdur. Möminlərə peyğəmbərin yanında səslərini qaldırmamaq tapşırılmışdı. Bəs qarşı tərəf Allahdırsa necə?! Özünü Allahın qarşısında hiss edən kəs Onun hüzurunda səsini qaldırmaqdan həya etməlidir. Qurani-Kərimdə "təzərru” (yalvarış, ahu-zar) dəfələrlə zikr olunmuş bir nöqtədir. Bu nöqtələrin zikri, bəzilərinin təsəvvürünə zidd olaraq, duanın sırf nəfsə təlqin olmadığını göstərir. Duada başqa bir nöqtə də var. Əks-təqdirdə təlqin "təzərru”dan da üstün digər bir şəkildə mümkün olardı. Qurani-Kərimin iki ayəsində "təzərru” ilə bağlı oxşar məfhumlar ifadə olunur. Ayələrdən birində buyurulur: "Səndən əvvəl də ümmətlərə (peyğəmbərlər) göndərdik. Sonra onları müsibət və fəlakətə düçar etdik ki, bəlkə yalvaralar.” ("Ənam" 42) Başqa bir ayədə isə belə buyurulur: "Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibət və bəlaya saldıq ki, bəlkə, Allaha yalvarıb-yaxarsınlar!” ("Əraf" 94) Bu iki ayədə xalq təkid ilə Allaha yalvarmağa və ah-naləyə dəvət olunur. Nə üçün "təzərru” (inilti)? İnildəməyin bizə hansı faydaları var? Allah nə üçün bu hala çox təkid edir? Bu mövzu barəsində çox mübahisələr olmuşdur. Hazırda isə bu mövzu ilə bağlı geniş araşdırmaya imkanımız yoxdur. Elə ona görə də xülasə izahat verəcəyik. Bəşəriyyətin ruhu elə yaradılıb ki, insan üzü ilahi dərgaha yalvarıb-yaxarmasa bəlaya düçar olar. İnilti və yalvarış insanı xudbinlik və təkəbbürdən uzaqlaşdırır, onu Allah qarşısındakı vəziyyətindən agah edir. Çünki inilti və yalvarış halı şəxsiyyətin sınması ilə əldə olunur. İnsanın göz yaşı, inilti və yalvarışla özünü sındırması Allah hüzurunda bəndəliyin ən gözəl nümayişidir. Qüdsi hədisdə nəql olunur ki, Allah İsaya buyurdu: "Ey İsa Məni yalvarışsız çağırma.” (Muhəmməd Baqir məclisi, "Biharul-Ənvar" 14-cü cild, səh. 290, 14-cü rəvayət) Başqa bir hədisdə Allah-təala buyurur: "Ey İsa özünü kiçilt.” (Həmin mənbəə, səh. 298) Yalvarış və inilti halına çatmaq Allahın istəyi ilə mümkündür. İstədiyimiz vaxt yalvarış və iniltiyə müvəffəq ola bilmərik. Əlbəttə, bizim yalvarışlarımız, ah-nalələrimiz, təvazökarlığımız və kiçikliyimizin Allah üçün heç bir faydası yoxdur. İnsan öz əməlləri ilə Allaha fayda vermək gücündə deyil. Allah öz yaradıcılığı, feyz verməsi və lütfü ilə bəzi halətlər əta edir və bunun nəticəsində iman, hidayət və mərifətimizi artırır. Allah bizə öz günahlarımızı tanıyıb onları etiraf etmək üçün tövfiq verir. Bunlar ilahinin lütflərindəndir. Təkəbbür və qürurumuz Allahla aramızda olan maneədir. İnsan bu maneə və ya pərdələri götürsə, özünü Allahın qarşısında zəlil və biçarə görəcəkdir. Bununla da, o, Allahın geniş rəhmətinə daxil olacaqdır. Allahın rəhməti şəlalə kimi daim cərəyandadır. Biz öz günahlarımızı etiraf edib, daim yalvararaq özümüzü geniş ilahi rəhmətə şamil edə bilərik. Öz mənliyimizi sındırmaqla qabiliyyət tapıb, ilahi rəhmətdən daha çox faydalanarıq. Başqa yolla işlərimizə rəhmət kölgəsi düşməyəcəkdir. Deyildiyi kimi, duanın həqiqəti Allahın qarşısında bəndəlik və kiçikliyin göstərilməsidir. Bu kiçiklik hissi hər nə qədər böyük olarsa, insan Allaha bir o qədər yaxınlaşar. Əlbəttə ki, Allah bəndələrinin Onun qarşısında kiçilməsindən ləzzət almır. Allahın heç kəsə heç bir ehtiyacı yoxdur. Hətta heç bir mövcudu yaratmasaydı da, qorxu və tənhalıq hiss etməyəcəkdi. Necə ki, bu mövcudları yaratmamışdan əvvəl də belə idi. Allah öz zatında bütün kamilliklərin sonsuz şəklinə sahibdir. Başqalarının kiçilməsi Onun üçün hansısa bir hissin yaranmasına səbəb olmur və bu kiçilmə Allah üçün elə bir kamillik dərəcəsi yaratmır ki, əvvəllər onda olmamış olsun. Əlbəttə, Allah bizim ibadətimizdən razı və şad olur. Çünki ibadət bizim üçün kamillik səbəbidir. İnsanın ən üstün kamillik dərəcəsi Allah qarşısında öz eyiblərini tanımasında, Allah ilə əlaqəsində, kiçiklik göstərməsində, Ona qarşı məhəbbətli olmasında və bu həqiqətləri dərk etməsindədir. İnsan bu mərifət və tanışlıq nəticəsində hər şeyə yiyələnə bilər. Bu, insanın Allaha qovuşmasının sirridir. İnsan bu yolla Allahın görüşünə gedə bilər. İnsan öz kiçiklik və ehtiyacını anlayıb, bunları Allah qarşısında etiraf etməyənədək Allaha doğru yol tapmayacaqdır. Çünki insanın varlığı Allah qarşısında kiçilmə və Onunla əlaqədən ibarətdir. Bu mövzu öz yerində sübut olunmuşdu. Qorxu və ümid halında olmaq duanın digər şərtlərindəndir. Dua insanın Allaha diqqəti və bəndəlik əlaqələrinin möhkəmlənməsindən ibarətdir. Bu əlaqədə iki tərəf var. Birinci tərəf böyük Allahdır, ikinci tərəf isə günahkar bəndə. İnsan öz günahını yada saldıqda xəcalət hissi keçirir, Allahın rəhmətini gördükdə isə ümidvar olur. İnsan bir tərəfdən Allahın əzabından qorxub nigaran olmalı, başqa bir tərəfdən bütün günahları bağışlansa belə Allahdan heç bir şey azalmayacağını nəzərə almalıdır. Bu insan üçün həmişə gərəkli olan qorxu və ümid halıdır. "Əbu-Həmzə Somali” duasında bu nöqtəyə diqqət yetirilmişdir. Dua üçün başqa qaydalar da deyilmişdir. O cümlədən, imam Sadiqdən (ə) bir rəvayətdə nəql olunur: "Duanı Allahın həmd sənası ilə başlayın. Sonra onun nemətlərini sayın. Daha sonra öz günahlarınızı yada salıb onları etiraf edin və Allahdan bağışlanma və əfv tələb edərək Məhəmməd və onun ailəsinə salavat göndərin.” (Muhəmməd Baqir məclisi, "Biharul-Ənvar" 93-cü cild, səh. 317, 12-ci rəvayət) Dəstəmazlı olmaq, batini və zahiri paklığa və səliqəyə riayət etmək, qəlbin möminlərə münasibətdə kindən təmizlənməsi, duadan qabaq sədəqə vermək, başqalarının səhvini bağışlamaq, duada başqalarına önəm vermək, duadan əvvəl və duanın sonunda Məhəmməd (s) və onun ailəsinə salavat göndərmək İslam rəvayətlərində dua üçün göstərilmiş qaydalardandır. Bütün bunlar insanın Allah ilə əlaqəsinin möhkəmlənməsi və dua zamanı qəlb üçün hazırlıq səbəblərindəndir. Əsas nöqtə budur ki, Allahın hər şeyə qadir olduğunu və bütün olanlarımızın Ona məxsusluğunu anlayaq. Ardı var... Müəllif: Ustad Misbah Yəzdi | |
|
Total comments: 0 | |