Şənbə günü, 2024-11-23, 12:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 14 » Qurbanlıq nə zaman kəsilməlidir?
9:07 PM
Qurbanlıq nə zaman kəsilməlidir?

Qurbanlıq nə zaman kəsilməlidir?


Kəsilməsi nəzərdə tutulan qoyun və ya keçinin bir yaşı tamam olmalıdır


Qurban insanı Allaha yaxınlaşdırır, onda Haqqa təslimolma ruhunu inkişaf etdirir. Beləliklə, insan həqiqi ibadətin şüuruna vararaq şükür vəzifəsini yerinə yetirməyə çalışır 

Qurban Allaha yaxınlaşmaq, Onun rizasına nail olmaq niyyətilə kəsilən heyvan deməkdir. Qurban ağlı başında, azad, daimi yaşayış yeri olan və dini ölçülərə görə imkanlı sayılan möminin İlahi rizanı qazanmaq üçün qurban kəsə bilməyənlərə yardım etməsidir. Qurban müsəlmanlığın simvolu və əlaməti sayılan ibadətlərdən biridir. İslam fərdin yalnız mənəvi hikmətlərə və insani fəzilətlərə nail olmasını deyil, həmçinin ümumilikdə ideal cəmiyyət həyatını təmin edir. 

BÜTÜN DİNLƏRDƏ OLAN İBADƏT
Qurban, demək olar ki, bütün dinlərdə olan ibadətdir. Qurani-Kərimdə qurbanın bütün dinlərdə var olduğu bu şəkildə ifadə edilmişdir: «Biz hər ümmətə qurban ibadəti qoyduq» («Həcc», 22/34). Quranda qurbanla bağlı müxtəlif dövrlərə aid ayələr də öz əksini tapmışdır. Məsələn, Həzrət Adəmin (ə.s) iki oğlunun Allaha (c.c) qurban təqdim etdikləri, birinin qurbanının qəbul edildiyi, digərininkinin isə qəbul edilmədiyi Quranda göstərilmişdir. Həmçinin Quranda Həzrət İbrahimin (ə.s) gördüyü bir yuxuya əsasən oğlu Həzrət İsmailı (ə.s) qurban etmək niyyətində olduğu və ata-oğul Allaha (c.c) tam təslim olaraq bu əmri yerinə yetirmək istəyərkən Allahın (c.c) onlara Həzrət İsmailın əvəzinə qurban göndərdiyi açıq şəkildə bildirilib («əs-Səffat», 37/101-107). Bu hadisə Tövratda bir az fərqli şəkildə izah edilmişdir. 

QURBAN KƏSİLƏCƏK HEYVAN
Hər heyvan qurban kəsilə bilməz. Qurban kəsmək üçün nəzərdə tutulmuş heyvan müəyyən xüsusiyyətlərə malik olmalıdır: 1. Qoyun, keçi, camış, öküz, dəvə və ya bu cinsdən olan heyvanlar qurban kəsilə bilər, həm dişisi, həm də erkəyi. Toyuq, qaz, ördək, dəvəquşu və ceyran cinsindən olan heyvanlar isə qurban kəsilə bilməz. Bu heyvanları qurban niyyətilə kəsmək məkruhdur (dinimizdə xoş görülməyən və harama yaxın olan əməllər). Çünki bu cinsdən olan heyvanları məcusilər (atəşpərəstlər) qurban kəsiblər. Müsəlmanlar da məcusilərə bənzəməməlidirlər. 2. Kəsilməsi nəzərdə tutulan qoyun və ya keçinin bir yaşı tamam olmalıdır. Bu heyvanlar ancaq bir nəfərin adına kəsilə bilər. Öküz, camış və inək iki yaşını, dəvə isə beş yaşını tamamladıqdan sonra qurban kəsilə bilər, həm də yeddi nəfərə qədər müsəlman buna ortaq ola bilər. Amma ortaq olan şəxslərin hamısı müsəlman və yalnız qürban kəsmək niyyətilə ortaq olmalıdırlar. Allah rizası və ibadət üçün kəsilən qurban gözəgəlimli və sağlam olmalıdır. Qurbanlıq heyvanın aşağıdakı hissələri haram olduğuna görə yeyilməz: heyanlardan axan qan, erkək cinsi orqanı, dişi cinsi orqanı, xayaları, sidik kisəsi, öd kisəsi. 

QURBANI NƏ ZAMAN KƏSMƏLİ?
Qurban Qurban bayramının birinci, ikinci və üçüncü günləri kəsilir. Birinci gündə kəsilməsi daha fəzilətlidir. Qurban kəsilməsinin ilk vaxtı bayram namazının qılınmasından sonra başlayır. İmam Şafiyə görə, qurban bayramın dördüncü günü günəş batana qədər kəsilə bilər. Qurbanın gecə kəsilməsi gözəl davranış deyil. Çünki qaranlıqda bəzi xətalara yol verilə bilər. Amma gecə hər tərəf yaxşı işıqlandırılıbsa, qurban kəsilə bilər. Qurban bayramı üçün alınmış heyvan qurban günlərində kəsilməyibsə, heyvanın özünü sədəqə vermək lazımdır. Əgər qurban kəsmək üçün alınan heyvan tələf olubsa, həmin heyvanın qiymətində kasıblara sədəqə vermək lazımdır və bu sədəqə növbəti ilə saxlanılmamalıdır. 

QURBANIN HİKMƏTLƏRİ
Qurbanlıq heyvanın ibadət niyyətilə kəsilməsi şərtdir. Allahın insanın etdiyi heç bir ibadətə və kəsdiyi heç bir qurbana ehtiyacı yoxdur. Qurban kəsmədə əsl məqsəd Allahın rizasını və sevgisini qazanmaqdır. Bununla əlaqədar Qurani-Kərimdə belə bir ayə var: «Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmim-qəlbdən etdiyiniz ibadətdir)» («əl-Həcc», 22/37). Qurban kəsən şəxs dini məsuliyyətdən qurtular. Vacib olan bu ibadət, əlbəttə ki, axirət məhkəməsində soruşulacaq. Başqaları üçün olmasa belə, heç olmasa, insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Qurban bəzi varlılardakı xəsislik xəstəliyini müalicə etmək üçün ən təsirli dərmandır. Qurban varlılarda malını Allahın razılığını qazanmaq üçün vermə kimi bir peyğəmbər adətini, vərdişini formalaşdırır. Qarşılıqlı əl tutmağa təşviq edir və bunun ləzzətini vicdanlarında hiss etdirir. 

QURBAN ƏVƏZİNƏ PUL 
Qurban kəsmək əvəzinə qurban dəyərindəki pulu və ya qurbanlıq heyvanı (kəsilmədən) yoxsula, yaxud bir xeyriyyəçi təşkilata bağışlamaqla qurban ibadəti yerinə yetirilmiş olmaz. Qurbanlıq heyvanın pulu başqa birisinə verilərək vəkalətlə kəsdirilə bilər. İslam dini insanların qeyri-qanuni işlərlə məşğul olmamalarını və halal yollarla pul qazanmalarını tövsiyə edir. Qeyri-qanuni yolla qazanc əldə edilmişsə və bu qazancın sahibi məlumsa, sahibinə geri qaytarılmalı, sahibi bilinmirsə, yoxsullara və ya xeyriyyə cəmiyyətlərinə verilməlidir. Haram yolla əldə olunmuş pulla qurban kəsmək düzgün deyildir. İbadətlər yalnız halal pulla edilməlidir. Bununla yanaşı, insan haram pulla qurban kəsibsə, bu, hökm baxımından qurban hesab olunur. Lakin qeyri-qanuni qazancın günahından qurtulmaq üçün onun sahibləri bu malı yoxsullara və ya xeyriyyə təşkilatlarına verməli və bir daha haram işlər görməməyə söz verərək tövbə etməlidir. 

NAFİLƏ QURBANLAR
Vacib qurbanlardan başqa kəsilən qurbanlar nafilə qurbanlardır. Qurban bayramı xaricində kəsilən qurbanlar, savabı Peyğəmbərimizə (s.ə.s) və vəfat etmiş müsəlmanlara bağışlanmaq üçün kəsilən qurbanlar nafilə qurbanları sırsına daxildir. Təməttü və Qıran həcci edən şəxslərin eyni mövsümdə həcc və ümrəni yerinə yetirdiklərinə görə kəsdikləri qurbanlara şükür qurbanı deyilir. Eyni şəkildə bir şəxs arzusunun həyata keçməsi və bir nemətin ona qismət olması səbəbilə şükür qurbanı kəsə bilər. Əgər belə bir neməti əldə edən şəxs nəzir deməmişdirsə, qurban kəsməsi şərt deyil. 

QURBAN KƏSMƏK QADINLARA VACİBDİR?
Ümumiyyətlə, qurbanı ər və arvad bir yerdə kəsir. Bir evdə qurban kəsilirsə, bir il kişi, o biri il qadının adına kəsilməlidir. Burada əsas olan qurban kəsməyin vacibliyidir. Lakin bir ailədə qadının özünə aid əşya və pulunun miqdarı nisab miqdarını keçirsə, ona qurban kəsmək vacibdir. Çünki İslam dininə görə həmin qadın iqtisadi cəhətdən ərindən asılı deyildir. Əgər zinət əşyaları sırf xərclənmək məqsədilə alınmışdırsa və kişi istədiyi zaman onlardan istifadə etmək haqqına sahibdirsə, o zinət əşyaları qadının qolu, boynu, qulağı və ya barmağında olsa belə, onların həqiqi sahibi kişidir. 
Səfərdə olan bir insan qurban kəsməklə mükəlləf deyildir. Lakin kəsərsə, savabını qazanar. Səfərdə qurban kəsənlər bayram günlərindən birində vətənlərinə (daimi yaşayış məntəqələrinə) dönsələr yenidən qurban kəsmələri lazım deyildir. Səfərdə ikən qurban kəsməyib, bayram günlərində evlərinə dönənlərin qurban kəsmələri lazımdır. 

«Biz ona belə xitab etdik: «Ya, İbrahim! Artıq sən yuxunun düzgünlüyünü təsdiq etdin! Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Biz ona böyük bir qurbanlıq əvəz verdik» («əs-Saffat», 37/104-107)
 
Category: Diger me'lumatlar | Baxış: 950 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]