Bazar günü, 2024-12-22, 1:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 28 » Quran təhrif olunubmu?
2:20 PM
Quran təhrif olunubmu?
 
 
Quran təhrif olunubmu?
 
Təhrif” termini ərəb dilində "təfil” modelinin məsdəri olub, etimoloji baxımdan "hərf” sozü ilə əlaqədardır. "Hərf” sözü lüğətdə bu və ya digər əşyanın kənarı, ucu mənasını, təhrif sözü isə bu və ya digər əşyanın kənarlaşdırılması, tərəflərinin dəyişdirilməsi mənalarını ifadə edir. Allah-təala Quranda buyurur:


وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ

"İnsanlardan eləsi də vardır ki, Allaha birtərəfli ibadət edirlər”.
Bu kimi şəxslər imanı zəif olan insanlardır. Belələri döyüş zamanı uzaqda dayanıb tamaşa edən insanlara bənzəyirlər. Hansı ki, qoşun qələbə çaldıqda yaxına gələr, qənimət yığar, əks təqdirdə isə qaçaraq aradan çıxarlar.
Bu termin hərfi məna etibarı ilə mütləq şəkildə dəyişdirilmək mənasını kəsb edir. Elə buna görə də təhrif termininin ilkin mənasının "Ləfzi təhrif” (sözdə təhrif, sözlərin dəyişdirilməsi yolu ilə baş verən təhrif) olduğunu iddia etmək heç də əsassız deyil. Lakin Quranda müxtəlif dəlillər olduğu üçün ikinci mənada – "Mənəvi təhrif” (mənada təhrif, mənanın dəyişdirilməsi yolu ilə baş verən təhrif) mənasında işlədilmişdir. Belə ki, yəhudi alimlərini məzəmmət edərək buyurur:
مِنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِه
"Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin mənasını dəyişərək ilahi məqsədlərdən yayındırır və ilkin zahiri (ibtidai) mənalarına yozmurdular”.
Bu ayədə
"عَن مَّوَاضِعِهِ”
(ən məvazihi) qeydinin gətirilməsi təhrifdə məqsədin "mənəvi təhrif” olduğuna aydın sübutdur. Məhz elə buna görə də Rağib İsfahani "təhrifül-kəlam” sözünü izah edərkən yazır:
"Sözü təhrif etmək, onu ehtimal oluna biləcək iki mənadan birinə yozmaqdır”.
Təbii ki, Rağib İsfahani bu sözü təhrif termininin hərfi mənasını açıqlamaq məqsədi ilə deməmişdir. Əksinə, o, "təhrifül-kəlam” dedikdə Quranda buyurulan mənəvi təhrifi (mənanın dəyişdirilməsi yolu ilə baş verən təhrifi) nəzərdə tutmuşdur.
Fəxr Razi məlum ayəni şərh edərkən bir çox versiyaları qeyd etmiş və onların bəzisinin ləfzi təhriflə (sözlərin dəyişdirilməsi yolu ilə baş verən təhriflə) uyğun gəldiyini bildirmiş, lakin sonda nəticə alaraq düzgün versiyanin mənəvi təhrif olması fikri üzərində dayanmışdır. O yazır: "Təhrifdə məqsəd bid`ətçilər kimi yanlış ehtimallar verərək şübhə toxumu səpmək, sözü müxtəlif ləfzi hiylələrlə düzgün mənaya deyil, tamamilə əks mənaya yozmaqdır.

BÖYÜK ŞİƏ ALİMLƏRİNİN QURANIN TƏHRİF OLUNMASI BARƏSİNDƏ FİKİRLƏRİ
 

Böyük şiə alimləri Quranın təhrif olunmadığı qənaətindədirlər. Belə ki, onlar hazırkı Quranın heç bir artım və ya azalma baş vermədən Peyğəmbərə (s) nazil olunan Quran olduğunu qəbul edirlər.
Burada şiə məzhəbinin dayaqları və qələmə aldıqları əsərlər bu məzhəbin əqidəsi hesab olunan bir neçə alimin görüşlərini qısa şəkildə diqqətinizə çatdıracağıq. Lakin oncə iki məsələyə diqqət yetirməyi zəruri hesab edirik.
1.Bir çox Quran elmləri ilə bağlı kitablarda Quranın təhrif olunması nəzəriyyəsini Əhli-sünnənin "Həşviyyə” qoluna aid etdikləri kimi, Şiə məzhəbinin də "Əxbari” qoluna aid etdikləri nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, "Vəsailüş-Şiə” kitabının müəllifi, Şeyx Hürr Amili kimi bir çox əxbari alimlər Quranın təhrif olunmadığı fikrində olmuş, hətta bu haqda elmi əsər belə yazmışlar. Deməli, əxbari olmaq heç də Quranın təhrif olunması qənaətində olmaq deyil.
2.Şübhəsiz ki, şiə alimləri Qurana nəyinsə artırılması yolu ilə təhrif olunmaması haqqında yekdil rəyə malikdirlər. Lakin azaldılma yolu ilə təhrif olunmaması barəsində isə Müqəddəs Bağdadi (Vafiyə kitabının izahinda), görkəmli şiə mərcəi-təqlidi Şeyx Cəfər Kaşiful-ğita (Kaşiful-ğita əsərində) kimi dahilər eyni yekdil rəyin olduğunu iddia etmişlər. Elə buna görə də böyük şiə alimlərinin əsərlərində Quranın mütləq şəkildə, istər artırma, istərsə də azaltma yolu ilə təhrif olunmaması barəsində yekdil rəyin mövcudluğunun iddia olunduğunu iddia etmək olar.
İndi isə görkəmli şiə alimlərinin görüşlərinə nəzər salaq:
1.Hicrətin üçüncü əsrində böyük şiə tədqiqatçılarından olmuş Fəzl ibn Şazan "İzah” əsərində Quran ayələrinin azaldılma yolu ilə təhrif olunduğunu inkar edərək, təhrif barəsində mövcud olan rəvayətlərin nəql olunmasının digər firqələrə aid olduğunu bildirmişdir.
2.Hicrətin dördüncü əsrində şiə aləminin elmi simalarından olan, Şeyx Səduq kimi tanınan İbn Cəfər Məhəmməd ibn Əli ibn Babəveyh Qumi "Etiqadlar” adlı elmi əsərində yazır:
"Bizim Quran haqqında əqidəmiz belədir:
Hazırkı Quran eynilə Peyğəmbərə (s) nazil olan Qurandır. Ona heç bir şey artırılmamışdır. Kimsə bizi hazırkı Quranın azaldılmasına əqidə bəsləməkdə ittiham etsə, yalançıdır”.
3.Dahi şiə fəqihi Seyid Mürtəza Ələmül-huda kimi tanınan Əli ibn Hüseyn Musəvi "Tərablosiyyat” məsələlərinin cavabında yazır:
"Quranın təhrif olunmadığını bilmək, şəhərləri tanımaq, məşhur tarixi olayların həqiqətəuyğunluğunu bilmək kimi bir şeydir. Onların həqiqətəuyğunluğunu tam əminliklə bildiyimiz kimi, Quranın təhrif olunmadığına da qəti şəkildə əminik. Çünki müsəlmanlar Quranın qorunmasına daim hədsiz səy göstərmişlər. Quran Peyğəmbər (s) dönəmində tam şəkildə tənzimlənmişdir. Belə ki, o həzrət Quranın qorunması üçün Übəy ibn K`əb və digər bir neçə nəfərdən ibarət heyət yaratdı və Quranı dəfələrlə tam şəkildə onlar üçün oxudu”.
Seyid Mürtəza sözünə davam edərək yazir:
"Şiələrdən və ya Əhli-sünnənin "Hışviyyə” qolundan bu fikirlə razılaşmayıb ona qarşı çıxanlarla razılaşmaq olmaz. Çünki onların dəlil kimi göstərdikləri, bir neçə səhih (düzgün) hesab etdikləri zəif rəvayətdir.
4.Şeyxut-taifə Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi bu haqda yazır:
"Quran kimi dəyərli bir kitabın azaldılıb-çoxaldılmasından söhbət etmək bu kitaba hörmətsizlikdir. Çünki ona bir şeyin artırılmadığı haqda yekdil rəy mövcuddur. Bir şeyin azaldılmasını da müsəlman məzhəbləri qəbul etmirlər. Bu, ilk növbədə şiə alimlərinin fikirləri və səhih (düzgün) rəvayətlərin məzmunu ilə üst-üstə düşür. Qurandan bir neçə ayənin çıxarıldığını göstərən şiə və əhli-sünnə rəvayətləri "xəbəri-vahid” olduğu üçün onlara əsaslanıb əmin ola bilmərik. Buna görə də onlara əsaslanmaq düzgün deyil”.
5.Böyük təfsirçı alim "Məcməul-bəyan” əsərinin müəllifi Əbu Əli Fəzl ibn Həsən Təbərsi öz təfsirinin müqəddiməsində yazır:
"Qurana bu və ya digər ayənin artırılması şiələrin yekdil rəyinə görə düzgün deyil. Hər hansı bir ayənin azaldılmasını isə şiələrin bir neçəsi və Əhli-sünnənin "Həşviyyə” qolu nəql etmişdir. Lakin şiələr bunun əksini qəbul edirlər.
6.Seyid ibn Tavus yazır:
"Şiə məzhəbi Quranın təhrif olunmadığı qənaətindədir”. Digər bir yerdə yazır:
"Hazırkı Quranın Peyğəmbərə (s) nazil olunan Quran olduğuna, o həzrətin Quranı bir yerə toplamasına inandıqları bir halda, mədinəlilərlə məkkəlilərin, kufəlilərlə bəsrəlilərin fikir ayrılıqlarından danışanlara,
"بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ﴾ ﴿
(Bismillahir-Rəhmanir-Rəhim) ayəsi Quranın bir hissəsidir, amma surədən deyil” - deyə fikirləşənlərə təəccüb edirəm. Təəccüblüdür ki, əqlin və şəriətin təsdiq etdiyi kimi Quran mütləq şəkildə təhrif olunmayıbsa, belə bir fikri necə irəli sürürlər”.
7.Molla Möhsün Feyz Kaşani yazır:
"Təhrifi təsdiqləyən hədislər Allahın kitabı ilə ziddiyyət təşkil edir. Bu kimi hədislər ya rədd edilərək kənara qoyulmalı, ya da yozulmalıdır”.
8.Şeyx Tusi kimi tanınan Məhəmməd Bəhauddin Amuli Quran haqqında yazır:
"Düzgün fikir Quranın mütləq şəkildə təhrif olunmamasıdır. Xalq arasında dillərə düşmüş, Əlinin (ə) adının bəzi ayələrdən çıxarılması, misal üçün, guya,
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴿
ayəsinin əslində
في علي ﴾ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴿
olması fikrini şiə alimləri qəbul etmirlər”.
9."Vəsailüş-şiə” kimi mühüm bir hədis kitabının müəllifi Şeyx Məhəmməd ibn Həsən Hürr Amuli Quranın təhrif olunmadığını sübuta yetirmək məqsədi ilə qələmə aldığı elmi əsərdə yazır:
"Tarixi və məsum imamlardan (ə) nəql olunan rəvayətləri dəqiq araşdıran hər bir şəxs Quranın minlərlə səhabə tərəfindən təsdiqləndiyinə və Peyğəmbər (s) dönəmində tam şəkildə toplanaraq tərtib edildiyinə əmin olar”.
10. Nadir şiə fəqihlərindən olan Şeyx Cəfər Kaşifül-ğita dəyərli "Kaşifül-ğita” əsərində yazır:
"Müsəlmanların yekdil rəyinə, din və məzhəb prinsiplərinə görə, Qurana bir şey əlavə edilməmiş, Quranın öz buyuruğuna və bütün alimlərin yekdil rəyinə görə, ondan heç bir şey çıxarılmamışdır. Bu məsələdə qarşı tərəfin nadir versiyasına əsaslanmaq olmaz”.
Bütün bunlar böyük şiə alimlərinin görüşlərindən nümunələrdir. Onlardan yadigar qalmış yazılı əsərlərdən aydın görünür ki, Quranın təhrif olunması versiyası yanlış versiyadır. Belə ki, bu versiyanın yanlışlığı özlüyündə aydın olan, təkzibedilməz müddəadır. Bir neçə nəfərin öz kitabında zəif rəvayətlərə yer verməsi bütöv bir məzhəbin əqidəsini təmsil edə bilməz. Belə olan halda, təhrif nəzəriyyəsini şiə alimlərinə necə aid etmək olar? Bu ittiham haramlığı aydın olan iftira deyilmi? Öz etiqadını, həmişəyaşar fikirlərini Qurandan alan bir topluma bu kimi iftiranı necə yaxmaq olar?

QURAN VƏ DİGƏR SƏMAVİ KİTABLARIN FƏRQİ

Qarşılaşdığımız mühüm məsələlərdən biri Quran və digər səmavi kitabların fərqi məsələsidir. Nə üçün Quranın təhrif olunmadığını iddia edirik? Bir halda ki, digər səmavi kitabların təhrif olunması sübuta yetmış müddəalardandır. Belə ki, bir çoxları bunu Quranın da təhrif olunduğuna sübut kimi göstərirlər. Çünki bir tərəfdən Qurandan öncəki səmavi kitabların təhrif olunması təkzibedilməzdir, digər tərəfdən isə şiə və əhli-sünnənin qəbul etdiyi "mütəvatir” hədisdə deyilir: "Keçmiş ümmətlərin başına gələnlər bu ümmətin də başına gəlməlidir”.
Deməli, Quranın da təhrif olunması qaçılmazdır.
Bu kimi rəvayətlərin tədqiqi və cavabı təhrif nəzəriyyəsini qəbul edənlərin iradlarına cavab verərkən verilməlidir. Burada aydınlıq gətirmək istədiyimiz məsələ Quranla digər səmavi kitabların fərqidir. Bir çoxları deyirlər: Keçmiş kitablarda baş vermiş təhrif "Mənəvi təhrif” və ya şəxsi fikirlərlə olunan təfsir şəklində olmuşdur. Quran keçmiş ümmətlərin kitablarında bu növ təhrifin baş verdiyini təsdiqləyir, lakin azaldılıb çoxaldılması haqqında bir söz demir. Bundan başqa, rəvayətlərdə, alimlərin əsərlərində məlum kitabların azaldılıb-çoxaldılmasını təsdiq edəcək hər hansı bir dəlil yoxdur. Quran Tövrat, İncil və nazil olunmuş digər kitabların dövrün alimləri tərəfindən qorunub saxlanılmadığını vurğulayaraq buyurur:
مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم َوَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم
"Əgər onlar Tövrata, İncilə və Rəbləri tərəfindən onlara nazil edilənə (ilahi kitabların sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) qidalanardılar”.
Əsas məsələ, bu dəyərli kitabın əbədi və həmişəyaşar bir möcüzə olaraq təqdim olunmasıdır. Elə buna görə də daim təhrif olunmadan, heç bir qatqısız qalması zəruridir. Digər kitablar isə Qurandan fərqli olaraq, əbədi bir möcüzə kimi təqdim olunmamışlar.

QURANIN MƏQAM VƏ MƏRHƏLƏLƏRİ

Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də mübahisə obyektinin hansı Qurana aid olduğu, başqa sözlə desək, Quranın mövcud məqam və mərhələlərindən hansına aid olmasıdır. Quranın özünün də buyurdğu kimi, bu müqəddəs kitabın məqam və mərhələləri var.
Birinci mərhələ: "Lövhi-məhfuz”. Təbii ki, bu mərhələdə təhrif ola bilməz. Çünki bu, bəşərin qüdrəti xaricindədir. Quran bu mərhələdə Allah dərgahında hər bir təhlükədən amandadır.
İkinci mərhələ: Quranın Cəbrayıl vasitəsilə Peyğəmbərə (s) nazil olunduğu mərhələ. Bu mərhələdə də təhrif ola bilməz. Buna sübut Cəbrayılın bir mələk kimi məsum olmasıdır.
Üçüncü mərhələ: Quranın Peyğəmbər (s) vasitəsilə insanlara təqdim olunması. Bu mərhələdə həzrət Peyğəmbər (s) Cəbrayılın onun qəlbinə nazil etdiklərini heç bir azaltma və ya çoxaltma olmadan insanlar üçün açıqlamışdır. Təbii ki, Quran bu mərhələdə də təhrif olunmamış, Peyğəmbərin (s) öz dönəmində tam bir kitab şəklində toplanaraq tərtib olunmuş, çox sayda insan onu əzbərləmiş və zaman keçdikcə mütəvatir şəkildə gələcək nəsillərə ötürülmüşdür.
Dördüncü mərhələ: Bu mərhələdə məqsəd, mütəvatir Quranı təmsil edən Quranların mövcudluğudur. Başqa sözlə desək, yazılı, istər əlyazma, istərsə də çap olunaraq nazil olunmuş həqiqi Quranı təmsil edən Quranların mövcudluğudur. Təbii ki, bu mərhələdə təhrif, qiraətlərin fərqlilik mənasında mümkündür. Eləcə də Quranın bu mərhələdə azaltma və ya çoxaltma yolu ilə təhrif olunması ehtimal oluna bilər. Bizim mübahisə obyektimizə daxil olan Quran bütün zamanlarda mütəvatir şəkildə nəql olunaraq mövcud olmuş və olacaq vahid həqiqət, Allahın nazil etdiyi kəlamdır.
﴾ وَإِنَّا لَهُ لَحَافِظُونَ ﴿
"Sözsüz ki, Biz onu (hər cür təhrifdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” ayəsində özünə yer alan "ه” əvəzliyi Qurana aiddir və o, bir Quran, vahid həqiqətdir. Digər yazılı Quranlar isə onu təmsil edir. Şübhəsiz ki, Quranın ayrı-ayrı çaplarında təhrif baş verə bilər.
Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, bir çox mühəddislərin: "Qorumaqda məqsəd, Allahın öz kitabını nazil etməzdən öncə qoruduğu kimi, nazil etdikdən sonra da qoruyacağıdır və burada Quranın səhifələr üzərində qorunması nəzərdə tutulmur” ]- deyə irəli sürdükləri fikir heç bir dəlili olmayan yanlış müddəadır. Quranın ecazkarlığı bu müddəaya qarşıdır. Çünki Quranın heç bir təhrif olunma qabiliyyətinə malik olmayan belə bir yazılı mərhələdə qalması möcüzə olması fikrini inkar edir.

QURANIN TƏHRİFİNİN ƏQLİ BAXIMDAN MÜMKÜNLÜYÜ, LAKİN TƏHRİF OLUNMAMASI
"حفظ”

(qoruma) ayəsindən məlum olur ki, Quran əqli baxımdan təhrif olunma qabiliyyətinə malikdir. Lakin Allah-təala onu bu təhlükədən qoruyur. Əgər onun təhrif olunması əqli baxımdan mümkün olmasaydı, Allah-təalanın onu qorumasına ehtiyac yox idi. Allah-təala bu sırf əqli mümkünlüyü heç bir zaman dönməyəcəyi qəti vədəsi ilə qeyri-mümkün etmişdir.

TƏHRİFİ İNKAR ETMƏK ÜÇÜN QURANA ƏSASLANDIQDA "ƏBƏS DAİRƏ” (DÖVREDİCİLİK) YARANMIRMI?

Bir çox tədqiqatçılar Quranın təhrif olunmadığını sübut etmək üçün Quranın özünə əsaslanırlar. Burada aydınlaşdırmaq istədiyimiz məsələ, təhrif müddəasının yanlışlığını sübut etmək üçün Qurana əsaslandıqda "əbəs dairə” yaranıb-yaranmamasıdır.
Bir çoxları belə bir şəraitdə "əbəs dairə” yarandığı qənaətindədirlər və bu qənaətlərini aşağıdakı şəkildə əsaslandırırlar.
Birincisi, Quranın təhrif olunmamasının sübutu, onun ayələrinin bizim üçün etibarlı dəlil ola bilməsindən asılıdır. Bir halda ki, bu ayələrin etibarlılığı özü də Quranın təhrif olunmamasının sübutundan asılıdır. Deməli, Quranın təhrif olunmamasınin sübutu təhrif olunmamasının sübutundan asılıdır.
İkincisi, bu müddəanın sübutu üçün əsaslandığımız ayələrin bizim üçün etibarlı dəlil ola bilməsi Quranın təhrif olunmamasının sübutuna bağlıdır. Bir halda ki, Quranın təhrif olunmamasının sübutu da həmin ayələrin etibarlı dəlil ola bilməsinə bağlıdır. Nəticə etibarilə, məlum ayələrin etibarlı dəlil olması, həmin ayələrin etibarlı dəlil olmasından asılıdır və bu "səbəbiyyət” qanununda "əbəs dairə”, "dövredicilik”dir.
Bu irada fərqli cavablar verilmişdir. İndi isə həmin cavabları diqqətinizə çatdırırıq.
Birinci cavab: Mərhum Ayətullah Xoyi "əl-Bəyan” əsərində belə cavab verir:
"Məsum imamların (ə) ilahi xəlifələr olduqlarına əqidə bəsləməyənlər bu irada cavab verə bilməzlər. Lakin onların ilahi xəlifələr, Quranın şərhçiləri olduqlarını qəbul edənlər üçün, artıq bu problem öz həllini tapmış olur. Çünki onlar özləri mövcud Qurana əsaslanmış, səhabələrinin Qurana əsaslanmalarını da təsdiqedici rəftarla qarşılamışlar. Deməli, mövcud Quran təhrif olunmuş olsa belə, imamların (ə) ona əsaslandıqlarına görə bizim də əsaslanmağımız üçün yetərlidir.
Bu cavab, özündə əks etdirdiyi iki yanlışlığa görə tutarlı sayıla bilməz.
Birincisi, bu cavab, yalnız məsum imamların (ə) vilayətini qəbul edənlər üçün faydalı ola bilər. Bu kimi irada bütün məzhəblər üçün faydalı ola biləcək cavab vermək zəruridir.
İkincisi, bu cavab əslində iradın özünü qəbul etmək deməkdir. Çünki bu fikrə əsasən, artıq Quranın təhrif olunmadığını sübut etmək üçün bilavasitə həmin ayələrə əsaslanmırıq. Əksinə, bu ayələrə məsumların (ə) təsdiqi ilə əsaslanırıq və bu, bizim müddəamıza ziddir. Bundan başqa, "Səqəleyn” hədisi də bu fikri qəti şəkildə rədd edir. Çünki sözügedən hədisdə Quran özlüyündə müstəqil dəlil kimi təqdim olunmuşdur.
İkinci cavab: Quranın təhrif olunduğunu iddia edənlər bunu olduqca məhdud şəkildə, yalnız bəzi rəvayətlərdə qeyd olunan ayələrə aid edirlər və təhrifi inkar edən ayələrin təhrif olunmadığını onlar da qəbul edirlər. Başqa sözlə, təhrif müddəası ilə çıxış edənlər özləri belə bu ayələrin təhrif olunmadığı qənaətindədirlər.
Bu cavab da tutarlı deyil. Çünki təhrif haqqında iki nöqteyi-nəzər mövcuddur:
1.Bir çoxlarının fikrincə, Quranın bir neçə müəyyən ayəsi təhrif olunmuşdur. Yuxarıda qeyd olunan cavab bu nöqteyi-nəzərə nisbətdə düzgündür.
2.Bəzilərinə görə isə rəvayətləri nəzərə almasaq belə Quranın təhrif olunması "icmali” şəkildə (ümumi bilik şəklində) məlumdur və bu təhrifi inkar edən ayələrə də aiddir. Bu nöqteyi-nəzərə əsasən, yuxarıdakı cavab doğru deyil.
Üçüncü cavab: Bir çoxları bu irada cavab olaraq belə bir fikir irəli sürmüşlər ki, bu ayələrin təhrf olunmadığı haqda yekdil rəy mövcuddur.
Bu cavab da tam olaraq yetərli deyil. Çünki təhrif müddəasını qəbul edənlər Quranın "icmali” şəkildə təhrif olunduğu qənaətindədirlərsə, bu ayələri "icmali bilik”lər dairəsindən xaric edə bilməzlər. Başqa sözlə, həmin yekdil rəyi dəstəkləyə bilməzlər, əks təqdirdə irəli sürdükləri fikrə qarşı çıxmış olacaqlar.
Dördüncü cavab: Görkəmli tədqiqatçı fəqih Ayətullah Fazil Lənkərani bu problemin həlli yolunu belə izah edir:
"Təhrif müddəasını rədd etmək məqsədi ilə bu ayələrə əsaslanmağın kimə - hansı fikir sahiblərinə qarşı olduğuna diqqət yetirmək lazımdır.
Bu, yalnız rəvayətlərdə qeyd olunan bir neçə ayənin təhrif olunduğunu iddia edənlərə qarşıdırsa, "əbəs dairə” yaranması problemi mövzudan xaricdir. Çünki bu ayələr rəvayətlərin təhrif olunduğunu göstərən ayələrdən deyil.
Lakin təhrifin "icmali” şəkildə olduğunu iddia edənlərə qarşıdırsa, burada iki fərziyyə mümkündür:
1.Burada Quranın təhrif olunduğu qənaətində olan kimsə onun ilkin zahiri (ibtidai) mənasını təhrif olunmasına baxmayaraq etibarlı hesab edir. Burada "əbəs dairə”dən söhbət gedə bilməz. Çünki ayələrin ilkin zahiri (ibtidai) mənası öz etibarını əldən verməmiş və bu fərziyyəyə görə, təhrif onun etibardan düşməsinə səbəb olmamışdır. Nəticə etibarilə məlum ayələrə əsaslanmaq mübahisəyə səbəb olmayacaqdır.
2.Burada təhrif müddəasını qəbul edən kimsə təhrifin Quranın ilkin zahiri (ibtidai) mənasını, etibardan saldığı qənaətindədir. Bu fərziyyədə təhrif müddəasını qəbul edən, onu "icmali” şəkildə bildiyini iddia edir, yaxud da heç bir bilikdən söhbət açmır və bunun sırf ehtimal olduğunu bildirir. Birinci halda, hətta öz etibarını əldən verməsə belə məlum ayələrə əsaslanmaq olmaz. Çünki Üsul elmində sübuta yetirilmişdir ki, insana yalnız güman bəxş edə bilən ilkin zahiri (ibtidai) məna, elm ona qarşı çıxmadıqda faydalı ola bilər. Deməli, belə bir şəraitdə məlum ayələrə əsaslanmaq olmaz. İkinci halda isə heç bir elmi dayağı olmayan sırf ehtimal, (ayələri) etibardan sala bilməz və həmin ayələrə əsaslanmaq mübahisəyə səbəb olmaz”.
Bu cavabda da təhrif "icmali” şəkildə olarsa, bu ayələrə əsaslanmaq olmaz.
Beşinci cavab: Fikirimizcə, təhrif də digər məsələlər kimi hər hansı bir məqsədə xidmət edir. Təbii ki, təhrifin məqsədləri hədsiz çox olduğu üçün, bu ayələr təhrif olunduğu surətdə, artıq təhrifə aid olmayacağı dərəcədə nöqsanlı hala salınmalı idi. Məsələn,
"حفظ”
(qoruma) ayəsində ayənin
﴾ وَإِنَّا لَهُ لَحَافِظُونَ ﴿
hissəsi çıxarılmalı, yaxud ən azı ayənin təhrifi inkar etməsinə aidiyyatına çox təsirli olan
"لَهُ”
sözü götürülməli idi. Deməli, Quranda ayələrin bu şəkildə mövcudluğu, təhrif olunmamasına insanı əmin edə biləcək aydın dəlildır. Təhrifi "icmali” şəkildə bildikdə belə, onun əksini göstərən "icmali” şəkildə bilmədiyimiz bu ayələri "icmali” bilik hüdudlarından xaric edir.

TƏHRİF HAQQINDA İKİ İDDİA

Öncəki açıqlamalardan aydın oldu ki, təhrif haqqInda iki növ iddia mövcuddur:
1.Bir çoxlarının fikrincə təhrif yalnız rəvayətlərdə göstərilən müəyyən ayələrə məxsusdur. Buna görə də Quranın digər ayələri təhrif təhlükəsindən amanda qalmış və onların ilkin zahiri (ibtidai) mənasına əsaslanmaq mümkündür.
Bu fikirdə olanların dəlil olaraq göstərdikləri, bəzi hədis kitablarında qeyd olunan rəvayətlərdir.
2.Bəzilərinə görə, Quran "icmali” şəkildə təhrif olunmuşdur. Başqa sözlə, Quranın təhrif olunmasını "icmali bilik” həddində bildiklərini iddia edirlər. Bu fikri irəli sürənlər, təhrif məsələsində "etibar” və s. bu kimi dəlillərə əsaslanmışlar.

TƏHRİFİ İNKAR EDƏN ƏN AYDIN AYƏ

Bir çox tədqiqatçıların iddiasına gorə, Quranın təhrifini inkar edən ən aydın ayə budur:
حَكِيمٍ حَمِيدٍ لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ
"O (Qur’an), şübhəsiz ki, məğlubedilməz kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan tərəfindən nazil edilmişdir”.
Hətta bəzilərinə görə, bu ayənin Quranın təhrif olunmadığını sübut edən ən aydın ayə olduğunu təfsirçilər yekdilliklə qəbul edirlər.
Təhrifin inkarı üçün bu ayəyə bir neçə şəkildə əsaslanmaq mümkündür:
1.Allah-təala bu ayədə Quranı
"عزیز”
(əziz) sözü ilə vəsf etmışdır. Məlum olduğu kimi,
"عزیز”
(əziz) sözü hərfi məna etibarilə hər hansı bir dəyişikliyə uğramadan, əskilmədən amanda olan əşya haqqında işlənilir.
2.Bu ayədə "batil”in Qurana daxil olması inkar edilmişdir. İnkar ədatı bu kimi cümlələrdə ümumi məna ifadə edir. Yəni ayədə "batil”in bütün növ və qisimləri inkar edilir. "Batil” sözü hərfi məna etibarilə boş, faydasız, pozuq və s. mənalarını ifadə edir. Məlumdur ki, təhrif "batil”in bariz nümunələrindəndir.
3.Bu ayədə Allah-təala məlum hökmün səbəbi kimi Quranın tərifəlayiq, hikmət sahibi bir varlıq tərəfindən göndərildiyini göstərir və ona görə də "batil”in ona yol tapmayacağını bildirir. Bu səbəb özü hikmət sahibi olan varlıq tərəfindən göndərilən kitabın təhrifolunmazlığını göstərir.
Mərhum Hacı Nuri yazır:
"Quranın təhrifinin "batil”in nümunələrindən olmasına baxmayaraq, bu ayədə "batil”də məqsəd onun məhdud mənasıdır. Məqsəd əhkamda mövcud ola biləcək ziddiyyətlər, verilən xəbərlərdə hər hansı bir əksliyin meydana çıxması, biri digərini təkzib etmə və s.-dir.
Mərhum Nuriyə cavab olaraq yazırlar:
"Hər hansı bir konkret ziddiyyətdən, əkslikdən söhbət etmək Quranı "izzət” sözü ilə vəsf etməklə uyğun gəlmir. Başqa sözlə desək, ayədə mövcud olan vəsf Quranın "batil”in bütün növlərindən uzaq olmasını tələb edir”.
Fikrimizcə, bu cavab açıqlanmalı və təkmilləşdirilməlidir. Qeyd etməliyik ki, ayənin ilkin zahiri (ibtidai) mənası Quranın mütləq şəkildə
"عزیز”
(məğlubedilməz) olduğunu göstərir. Mütləq izzət sözü isə hər hansı bir məhdud ziddiyyətin, əksliyin nəzərdə tutulmasını tələb edir. Çünki kitab məhdud ziddiyyətlərdən qorunursa, bu zaman "izzət” sözünün mənası da məhdudlaşır.
Bu ayəyə əsaslanmağın başlıca iradı böyük şiə və əhli-sünnə alimlərinin təfsirləri ilə uyğun gəlməməsidir. Başqa sözlə, heç bir təfsirçı alim bu ayəni təhrifi inkar edəcəyi şəkildə açıqlamamışdır. Məsələn, Şeyx Tusi "Tibyan” kitabında məlum ayəni təfsir edərkən beş ehtimal mövcud olduğunu vurğulayaraq yazır:
1."Batil”in Qurana yol tapa bilməməsində məqsəd, ona heç bir şübhə aid edilməməsi və ziddiyyətlərin ona yol tapa bilməməsidir. Bir sözlə Quran xalis haqdır.
2.Qutadə və Suddiyə görə, Allahın bu sözdə məqsədi budur ki, Şeytan Quranda hər hansı bir haqqı azalda və ona batil əlavə edə bilməz.
3.Məqsəd Qurandan öncə və yaxud sonra onu batil edə biləcək bir şeyin olmamasıdır.
4.Həsənə görə, məqsəd batilin onun əvvəlinə, yaxud axırına yol tapa bilməməsidir.
5.Quranın keçmişdən, yaxud gələcəkdən verdiyi xəbərlərdə hər hansı bir batil, yanlışlıq yoxdur.
Seyid Mürtəza yazır:
"Bu ayənin ən gözəl açıqlaması budur ki, Qurana oxşar kəlam, söz yoxdur. O, özündən sonrakı hər hansı bir kitaba bənzəmir. Özündən öncəki kitablarla əlaqəli deyil. Özündən sonrakı kitablar da ona bağlı deyil. Yəni Quran tam müstəqil, analoqu olmayan, onunla müqayisə olunacaq hər hansı bir kitabdan üstündür.
Yuxarıda qeyd olunan ehtimallara belə cavab vermək olar:
Birincisi, bu təfsir və açıqlamaların bəzisi təhriflə üst-üstə düşür. Buna misal olaraq, Qütadə və Suddinin fikirlərini göstərmək olar.
İkincisi, heç bir təfsirçi alim məlum ayənin təhriflə bağlı olduğunu bildirməsə belə, lazımi yerlərdə sübuta yetirilmişdir ki, təfsir metodlarından biri ilkin zahiri (ibtidai) mənaya əsaslanmaqdır. Məlum ayənin ilkin zahiri (ibtidai) mənası təhrifə aiddir.
Təfsirçı alimlərin açıqlamalarına gəldikdə isə, bildirməliyik ki, onların bu və ya digər fikirləri öz-özlüyündə, məsum sözünə əsaslanmadan heç də etibarlı hesab oluna bilməz.
Üçüncüsü, məlum ayədə yer alan "batil” anlayışını izah edən rəvayətlərdə hər hansı bir inhisar, məhdudiyyət nəzərə çarpmır. Bu açıqlamalar sadəcə olaraq bir neçə nümunədir.

"SƏQƏLEYN” HƏDİSİ, QURANIN TƏHRİF OLUNMADIĞINA ƏN TUTARLI DƏLİLDİR

Quranın təhrif olunmadığına dəlil olan ən mühüm rəvayət "Səqəleyn” hədisidir. Hansı ki, Peyğəmbərin (s) Əli (ə), Əbuzər, İbn Abbas, Abdullah ibn Ömər, Hüzeyfə və Əbu Əyyub Ənsari kimi 33 min nəfərə yaxın böyük səhabələri nəql etmiş və 200-ə yaxın böyük "əhli-sünnə” alimi öz kitabında qeyd etmişdir. Sözügedən hədis, sənədlərindən birinə əsasən belədir:
Həzrət Peyğəmbər (s) buyurur:
إنّی تارِکٌ فیکُمُ الثَّقَلَیْنْ، کِتابَ اللهِ وَ عِتْرَتی وَ فیهِ الْهُدی وَ النُّور، فَتَمَسَّکُوا بِکِتابِ اللهِ وَ خُذُوا بِهِ وَ أهْلَ بَیْتی، أذْکُرُکُمُ الله فی أهْلِ بَیْتی (ثَلاثَ مَرّات)
Təhrifin inkarı üçün bu hədisə iki yolla əsaslanmaq mümkündür:
Birinci yol: Bu, altı məqama diqqət yetirdikdə aydınlaşır.
1.Hədisdə göstərilir ki, Qiyamət gününə qədər Qurana tapınmaq mümkündür.
2.Quranın təhrif olunması ona tapınmağın mümkünlüyünü şübhə altına alır.
3.Qurana tapınmaq, onun bütün buyuruqlarına əməl etmək deməkdir. Burada məqsəd yalnız əhkamla bağlı məhdud ayələrə əməl etmək deyil. Başqa sözlə desək, Quranda məqsəd, yalnız əhkam və əməli (praktiki) göstərişlərin izahı deyil, əksinə, daha geniş məna, insanlıarın hidayət olunması, zülmətdən nura doğru nicatıdır.
4.Təhrifdə məqsəd, Quranın bəzi həqiqətlərini gizlətmək və nurunu qismən də olsa söndürməkdir. Təbii ki, təhrif olunmuş kitab bütün sahələrdə bir hidayət çırağı kimi bəşəriyyətin yoluna işıq saça bilməz. Bir halda ki, Quran öz məqsədinin insanları zülmətdən nura çıxarmaq, onları ən yüksək maddı və mənəvi məqamlara ucaltmaq olduğunu bildirir və bu, yalnız ona əməl etməklə mümkündür.
5.Qurana tapınmaq, itrətə tapınmaqdan fərqli olaraq, yalnız Quranın özünü əldə etdikdən sonra mümkündür. Bu, "Əhli-beyt”in yanında qorunub saxlanan və əlçatmaz Quran deyil, insanların ixtiyarında olan Quran olmalıdır.
6.Hədisdən aydın olur ki, Qurana tapınmaq nəinki mümkün, əksinə, vacibdir. Çünki burada xəbər cümləsi əmr cümləsi şəklində işlədilmişdir və bu "təklifi hökm”dür. "Üsul” elmindən aydın olduğu kimi, şəriət göstərişlərində əmr olunan hökm ona əməl edəcək insanların bacarığı xaricində olmamalıdır. Təbii ki, Quran təhrif olunsaydı, ona tapınmaq mümkün olmayacaqdı.
İkinci yol: Hədisdən məlum olur ki, iki ağır yükün hər biri ayrı-ayrılıqda, müstəqil və tam dəlildir. Birinin etibarlı hesab olunması, digərinin təsdiq etməsinə bağlı deyil. Əlbəttə, bu heç də onların hər birinin ayrı-ayrılıqda bəşəriyyəti son kamillik həddinə ucaltmaq və azğınlıqlardan, büdrəmələrdən qorumaq üçün kifayət olduqları demək deyil. Bütün bunlar bu iki ağır yükün üzərinə düşən müştərək vəzifələrdir. Deməli, Quran təhrif olunduğu təqdirdə ilkin zahiri (ibtidai) mənası etibardan düşür və nəticə etibarı ilə təhrif olunmuş kitaba əsaslanmaq üçün məsumların (ə) onu təsdiq etməsi zərurəti meydana çıxır və hədisin ilkin zahiri (ibtidai) mənası ilə ziddiyyət təşkil edir. Çünki hədisin ilkin zahiri (ibtidai) mənasından bu iki dəlilin müstəqil olduğu məlum olur. Ümumiyyətlə, böyük əmanətin etibarı kiçik əmanətə necə bağlı ola bilər?
Bu iki əsaslanmadan belə bir nəticə alırıq:
Birincisi, Qurana tapınmaq, ona əməl etmək nəinki mümkün, əksinə, vacibdir.
İkincisi, Quran müstəqil dəlildır. Məlum olduğu kimi, təhrif nəzəriyyəsi hədisdən alınan bu iki nəticə ilə ziddiyyət təşkil edir.

TİLAVƏTİN "NƏSX”İ VƏ "İNSA” ANLAYIŞLARI
 

Əhli-sünnə alimlərinin əsərlərində "tilavətin nəsxi” və "insa” terminlərinə tez-tez rast gəlirik. Onların bəzisi tilavətin "nəsx” olunmasının "icmali” şəkildə baş verdiyinə əqli (rasional) və nəqli (ənənəvi) dəlillər olduğu qənaətindədirlər. Aşağıdakı sətirlərdə iki terminin təhrif anlayışı ilə nə kimi fərqi olduğunu və ya tilavətin "nəsx” olunmasını (qüvvədən düşməsini) qəbul etdikdə təhrifi qəbul etmiş olub-olmadığımızı araşdırmaq istəyirik. Hədis kitablarında bir çox hədislər mövcuddur ki, əhli-sünnə alimlərini, onları "tilavətin nəsxi”nə yozmağa vadar etmişdir. Bu rəvayətlərdən biri "rəcm” (daşqalaq) məsələsi ilə bağlıdır. Ibn Abbasın nəql etdiyinə görə, Ömər demişdir: "Peyğəmbərə (s) nazil olan ayələrdən biri də "rəcm” (daşqalaq) ayəsidir.
(...الشَّیْخُ وَالشَّیْخةُُ إذَا زَنَیا فَارْجَمُوهُما)
Peyğəmbər (s) öz dövründə bu hökmü həyata keçırırdı. Biz də o həzrətdən sonra bu hökmü həmin şəkildə icra edirdik”.
Zeyd ibn Sabit deyir: "Peyğəmbərdən (s) eşitdim ki, ailəli kişi və ya ailəli qadın zina edərsə, daşqalaq olunmalıdır”.
Zeyd, Peyğəmbərin (s) bu sözünün Quranın bir hissəsi olduğunu iddia etməmişdir. Ömər isə bunun Quran ayəsi olduğunu güman etmiş, Peyğəmbərdən (s) onu Qurana yazıb-yazmaması haqqında soruşduqda, həzrət (s) cavab verməmişdir.
Əhli-sünnə alimləri bu hökmün və Peyğəmbərin (s) sözünün Quran ayəsi olduğunu düşünmüş və tilavətinin (oxunuşunun) "nəsx” olunduğunu (qüvvədən düşdüyünü), hökmün özünün isə hələ də qüvvədə olduğunu iddia etmişlər.
Bu nöqteyi-nəzər elmi dairələr tərəfindən kəskin tənqid atəşinə tutulmuş və ona bir çox iradlar bildirilmişdir. Bu irad və tənqidlərə nəzər salaq:
1.Nəsx”in, növündən asılı olmayaraq, (yəni istər oxunuşun, istərsə də hökmün nəsx olunması) "nasix”ə (nəsx edən, qüvvədən salan yeni hökmə) ehtiyacı var. Məlum ayəni qüvvədən salacaq hər hansı bir ayə mövcud deyil.
2.Lazımi yerlərdə sübuta yetirilmişdir ki, "nəsx” şəriət hökmləri çərçivəsində olmalıdır. Tilavət isə şəriət hökmü deyil (əlbəttə, bu irada belə bir cavab verilmişdir ki, tilavətdə məqsəd onun özü deyil, ayənin oxunmasının hökmüdür. Belə olan halda onu bir şəriət hökmü hesab etmək olar).
3.Bu növ "nəsx”in, yəni ayənin oxunuşunun qüvvədən düşməsi, özündə əks etdirdiyi hökmün isə hələ də qüvvədə qalmasının nə faydası var?
4.Ən mühüm irad Ayətullah Xoyiyə məxsusdur. O yazır:
"Əgər bu "nəsx” (yəni oxunuşun qüvvədən düşməsi) Peyğəmbərin (s) yaşadığı dövrdə, o həzrətin göstərişi ilə həyata keçirilibsə belə, təhrifə səbəb olmamasına baxmayaraq, bu məsələni özündə əks etdirən rəvayətlər "xəbəri-vahid”dir və təbii ki, onlara etimad göstərmək olmaz. Bundan başqa, həmin rəvayətlərin bəzisində bu növ "nəsx”in Peyğəmbər (s) zamanından sonra baş verdiyi göstərilir. Belə olan halda, əgər bu "nəsx” alimlər, dövrün biliciləri tərəfindən həyata keçirilmişdirsə, bu, təhrifi qəbul etmək deməkdir” .
"Rəcm” (daşqalaq) məsələsi haqqında deyilənlərin yanlışlığı isə olduqca aydın məsələdir. Çünki Quranın davamlı olaraq yazılmasına böyük diqqət göstərən, vəhy katiblərinə hər bir ayənin qeydə alınmasını tapşıran Peyğəmbər (s), "rəcm” ayəsinin Qurandan olmasına baxmayaraq, onun yazılmasına diqqətsizlik göstərib Ömərin sualına cavab olaraq necə susdu?
Deməli, oxunuşun qüvvədən düşməsi məsələsi yanlışlığı aydın olan məsələlərdəndir. Belə ki, bir çox müasir əhli-sünnə alimləri əqli baxımdan oxunuşun qüvvədən düşməsini qəbul etsələr də Quranda belə bir "nəsx” olmadığı fikrindədirlər. İbn Həzm Əndəlosi öncə oxunuşun qüvvədən düşməsini qəbul etsə də sonda onu, Qurana aidiyyatı olmayan bir şəkildə izah etmişdir.

ŞİƏ MƏZHƏBİ TƏHRİF MÜDDƏASINI QƏBUL EDƏ BİLMƏZ

Şiə məzhəbi nəinki təhrif müddəasını qəbul etmir, prinsipcə onu qəbul edə də bilməz. Çünki Şiə məzhəbinin etiqadı ilə bağlı məsələlərin özülünü Quranın "Təthir” ayəsi təşkil edir.
وَيُطَهِّرَكُمْ تَطْهِيرًا إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ
"Allah siz əhli-beytdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istəyir!”
Lazımi yerlərdə sübuta yetirilmişdir ki, bu ayə Əhli-beytin (ə) məsumluğuna aşkar dəlildir. Hansı ki, bu məsumluq xəlifəlik və rəhbərliyin başlıca şərtidir. Quranın təhrif olunduğunu iddia edən kimsə, artıq məsumluğun isbatı üçün bu ayəyə əsaslana bilməz. Bu ayənin əsl məqsədi, o zaman məlum olar ki, "Həmd” surəsi ilə başlanan, Peyğəmbər (s) dönəmində tərtib edilən, sonradan heç bir dəyişikliyə məruz qalmayan, hər bir ayəsi özünəməxsus lazımi yerdə yerləşən, belə ki, yeri dəyişdikdə məqsədinin də aradan getdiyi Quranı qəbul edək. Bu ayədə Allahın məqsədi budur ki, Peyğəmbərin (s) qadınlarının üzərinə düşən vəzifələri açıqlamaqla yanaşı məsum Əhli-beyt (ə) haqqında da xüsusi məsələni aydınlaşdırsın və onlara özünəməxsus vəzifələri olduğunu xatırlatsın. Hər halda bu kimi ayələrin təhrif olunduğu ehtimal olunarsa, artıq Şiə etiqadları üçün heç bir əsas, dəlil qalmayacaq.

Şeyx Məhəmmədcavad Fazil Lənkərani

Category: Diger me'lumatlar | Baxış: 1211 | Added by: es-selat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]