Bazar günü, 2024-12-22, 10:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 8 » Qızı olan anaların nəzərinə
4:32 PM
Qızı olan anaların nəzərinə
//
Qızı olan anaların nəzərinə
(qız uşaqlarının cinsi tərbiyəsi)



     Allaha bəndəçilik mənasında qadın və kişi anlayışı yoxdur. Hər bir insan öz təqvası, Allaha yaxınlığı ölçüsündə bəndədir. Amma məsələ burasındadır ki, qadın və ya kişi Allahla münasibətlərindən əlavə öz cinslərinə uyğun dünyəvi əxlaqa da mütləq sahib olmalıdırlar. Bu da gələcəyin qadın və kişiləri sayılan uşaqlara valideynlərin verməli olduğu cinsi tərbiyəni vacib edir.
     Qadın ailə ocağını qoruyan, onun birliyini saxlayan, ümumiyyətlə, ailəni özündə cəmləşdirən xoşbəxtlik mücəssəməsidir. Odur ki, dar mənada götürsək, müxtəlif yaşlı qızların cinsi tərbiyəsindən danışdıqda, əsasən gələcək ailə üçün yararlı qadın yetişdirmək məqsədi güdülür. Bu o deməkdir ki, qız özünü qadın cinsinin nümayəndəsi kimi dərk etməli, gigiyena qaydalarını mənimsəməli, özünün uşaqlıq, yeniyetmə və gənclik dövründə, həmçinin böyüdükdə qarşı cinsin nümayəndələri ilə necə münasibətdə olacağını bilməlidir. Qadın ailəsinin timsalında cəmiyyətin bir hissəsinin tərbiyə missiyasını çiyinlərində daşıyır. Təbiidir ki, belə yüksək vəzifə qadından çox böyük məsuliyyət tələb edir. Bu hisslər ailənin təməlini qoyacaq qıza lap uşaq yaşlarından aşılanmalıdır.
     Mütəxəssislər müəyyən etmişlər ki, qol əzələlərinin gücü 12 yaşa qədər oğlan və qızlarda eyni, hətta bəzən qızlarda daha çox olur. Buna baxmayaraq, yenə də döyülən, dalaşarkən məğlub olan qızlar olurlar. Niyə? Əsas səbəb odur ki, qızlar yaradılışları baxımından zorakılığı sevmirlər və sahib olduqları güclü atifə (rəhm, emosionallıq) hissi onları zorakılıqdan çəkindirir. Başqa bir səbəb isə qızların zorakılığa müqavimət göstərməyə psixoloji cəhətdən hazır olmamasıdır. Belə ki, oğlan uşaqlarına lap kiçik yaşlarından şiddətə dərhal şiddətlə cavab vermək təlqin olunur. Qızlara isə bu, adətən məsləhət görülmür.
     Qızlarda geyinib-keçinmək, bəzənib-düzənmək arzusu özünü tez büruzə verir. Kiçik qızların geyimlər, kosmetika ilə ilk şıltaqlıqları əvvəlcə böyüklərə xoş gəlir, onları güldürür. Ancaq onlar buna çox yol verməməlidirlər. Belə paltar həvəskarlığı kiçik yaşlarında təqdir olunan qızlar, böyüdükdə adi, normal geyimləri bəyənmir və həmişə diqqəti cəlb edən paltarlar geyinməyə çalışırlar. Əlbəttə, dinimiz İslamın hicab barəsindəki göstərişlərini də nəzərə alsaq, onların belə yetişməsinə qəti yol verilməməlidir.
     Müxtəlif yaşlarında qızlara öz mənliklərini, namusunu, qürurunu qorumaq, utancaqlıq hisslərini aşılamaq lazımdır. Bunlar çox mürəkkəb anlayışlardır və təəssüf ki, bu göstərilən keyfiyyətlər üçün heç bir ölçü vahidi yoxdur. Bəzən mənliyini həddən artıq yüksək tutan qız, hamıya yuxarıdan baxan bir eqoistə çevrilir. Qızlıq namusu və utancaqlıq isə daha mürəkkəb anlayışlardır. Bu tərbiyə az olanda və ya heç olmayanda qız üçün müqəddəs bir şey olmur. Çox olanda isə gələcək ailədə müxtəlif konfliktlər üçün zəmin yaranır.
     Övladına düzgün cinsi tərbiyə vermək istəyən ana ilk növbədə qızının orqanizminin cinsi yetişmə dövrləri barədə məlumatlı olmalıdır. İqlim fərqləri səbəbilə Respublikamızda bu dövr 8-9 yaşlarından başlayır və 13-14 yaşlarına qədər davam edir. Bu dövr də özlüyündə iki dövrə ayrılır: prepubertat (seksual dövrə qədər) və pubertat (seksual dövr)
     Prepubertat dövrünün normal inkişaf mərhələləri aşağıdakılardır:
     • Çanaq sümüyünün aktiv inkişafı və budların formalaşması – 9-10 yaş
     • Döş gilələri və döş vəzilərinin böyüməsi, qasıqda tüklərin çıxması – 10-11 yaş
     • Daxili və xarici cinsiyyət üzvlərinin dəyişməsi – 11-12 yaş
     • Döş gilələrində piqmentin əmələ gəlməsi və döş vəzilərinin böyüməsi – 12-13 yaş
     Artıq bundan sonra ikinci dövrə (pubertat) xas əlamətlər – aybaşı və s. dövrü başlayır.
     Bəzən cinsi yetişmə vaxtından əvvəl baş verir, yəni qız 8-9 yaşlarında aybaşı olur. Daha çox isə cinsi yetişmənin yubanmasına təsadüf olunur ki, bu zaman qız 15-16 yaşlarından da gec aybaşı olur. Hər iki hal – cinsi yetişmənin vaxtından əvvəl baş verməsi və ya gecikməsi – valideynləri narahat etməli və onlar mütəxəssislərə (endokrinoloq və ginekoloqa) müraciət etməlidirlər.
     İkinci dövrdə cinsiyyət hormonları hazırlayan daxili sekressiya vəzilərinin fəaliyyəti aktivləşir və bu da üzdə səpkilərin yaranmasına, dəri və saçların yağlı olmasına səbəb olur. Əlbəttə ki, bu hal qızları narahat edir. Ana bunun təbii səbəblərini qızına açıqlamalı, eyni zamanda lazımi gigiyena qaydalarını da öyrətməlidir.
     Oğlanlar kimi, qızlar da (nisbətən az hallarda) masturbasiya ilə məşğul olurlar. Uşaq yaşlarından başlayaraq bu haram və zərərli adətin qarşısını almaq lazımdır. Bu iş qızın ruhi sağlamlığı ilə yanaşı, cismi sağlamlığına da ciddi təhlükə yarada bilər. Bağırsaq qurdları əl vasitəsilə müxtəlif yerlərə, o cümlədən ağız vasitəsilə qızın orqanizminə daxil ola bilər. Bütün bunların qarşısını almaq üçün, valideyn övladını yatızdırarkən (istər gündüz, istər gecə) onun əllərini yorğandan bayırda saxlamalı, oyaq vəziyyətdə yataqda uzanıb qalmasına yol verməməlidir. Həmçinin valideyn övladına aralıq nahiyəsini həmişə təmiz saxlamağı ( ifrazatdan sonra yuyunmaq) öyrətməli, onu əməyə və idmana alışdırmalıdır.
     Aybaşı haqda məlumat qızlara 8-9 yaşlarında verilməlidir. Təəssüf ki, qız uşaqları üçün bu normal fizioloji hal gözlənilməz olur və onları qorxudur. Bunun günahkarı isə qızlarını vaxtında bu məsələ ilə tanış etməyən analardır. Xüsusilə əgər valideyn Peyğəmbərimizin (s) göstərişinə əsasən uşağa 7 yaşından namazı aşılayıbsa, təbii ki, 8-9 yaşlı uşaq anasının bəzən niyə namaz qılmadığı, Ramazan ayının bəzi günlərində niyə oruc tutmadığı ilə maraqlanacaq. Bu zaman anaya bu barədə söhbət açmaq üçün münbit zəmin yaranır. Namaz qıldığı üçün müvafiq gigiyena qaydalarını bilən qıza, beləliklə qüsl və s. kimi şəri məsələlər də öyrədilə bilər. Əlbəttə, bir sıra tibbi qaydaların izahı da mühümdür. Belə ki, yeni aybaşı olmuş qızlar aybaşının ilk günlərində fiziki güc tələb edən işlərdən, hətta fiziki məşğələlərdən, yarışlardan və s. azad olunmalıdırlar. Həmçinin açıq su hövzələrində çimmək, isti vanna qəbul etmək də olmaz. Gigiyena məqsədli yuyunmalar isə vacibdir.
     Ardıcıl aybaşıların başlanması qızın orqanizmi ilə bərabər psixi vəziyyətinin də dəyişdiyini göstərir. Valideyn bu dövrlərdə qızla daha mülayim və qayğıkeş davranmalı, özünə qapanmasına yol verməməlidir. Eyni zamanda bu yaşlarda qız uşağına cinsi həyat haqqında ilk məlumatları vermək lazımdır. Bu söhbətlər əsla yubadılmamalıdır və ana bu prosesə əsaslı surətdə hazırlaşmalı, işlədəcəyi terminləri, səs tonunu və üzünün ifadəsini əvvəlcədən fikirləşib hazırlamalıdır. Söhbəti elə aparmaq lazımdır ki, qız bu məsələlərin ailəsi, valideynləri və nəhayət özü üçün, öz gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu dərk etsin. Əlbəttə, ananın İslam Peyğəmbəri (s), İmamlar (ə) və başqa örnək insanların ailə həyatından misallar göstərməyi söhbəti müqəddəs məcraya yönəldər və beləliklə, söhbətə mane ola biləcək həya hisslərinin yönləndirilməsi mənasında müsbət nəticə verər.
     Qızların tərbiyəsində əsasən iki səhvə yol verilir: bəzi analar cinsi həyat məsələlərinə tamamilə fikir vermir, başqaları isə ona həddən artıq fikir və yer verməklə yanaşı onu yalnız mənfi cəhətdən işıqlandırırlar. Valideyn bu məsələ barədə danışmasa da, qız bu barədə haralardansa məlumat əldə edir. İnsan daxilinə qoyulmuş təbii meyl, onu bu barədə məlumat axtarmağa sövq edir. Məlumat axtarışının hansı pis nəticələrə səbəb ola biləcəyi isə aydındır. Düzgün və tərbiyəli mənbələrdən (müəllimə, tibb işçisi, qız yoldaşının anası, xüsusi ədəbiyyat və s.) alınmayan müxtəlif məlumatları qız yoxlamaq qərarına gələ bilər. Valideynlər uşağın oxuduğu ədəbiyyata, həmçinin televiziya və kompüter qarşısında oturub nəyi seyr etdiyinə nəzarət etməlidirlər. Xüsusilə internet səhifələrində müxtəlif xoşagəlməz təsvirlərin hamı tərəfindən rahat əldə edildiyini nəzərə alsaq, nəzarətdə daha diqqətli olmaq lazımdır. Peyğəmbərimizin (s) "Uşaqlıqda öyrənilən elm daşa yazılmız yazı kimidir” hədisinin işığında hərəkət edərək, uşağın beynində zərərli fikir və təsvirlərin özünə yer etməsinə yol verməməliyik. Vaxtında lazımi məlumatlar verməklə övladımızın bu barədəki marağını təmin etməli, bunun həyatın bir çox təbii tələblərindən biri olduğunu izah etməliyik.
     Əlbəttə, ailə olaraq ata-ananın özünü necə aparması da, uşağın cinsi tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Ata-ana uşaqların yanında şit zarafatlar etməməli, öpüşmək və bu qəbildən olan hərəkətlər etməməlidirlər. Uşaqlar ata-ananın yataq otağına girmək üçün mütləq icazə almalıdırlar. Həmçinin valideynlər cinsi əlaqə zamanı səslərinin uşaqlar tərəfindən eşidilməsinə yol verməməlidirlər. Ata və ana səmimi olsalar, bir-biri ilə hörmətlə davransalar, ailə sevgi və İslami göstərişlər əsasında idarə olunsa, bu, uşağa cinsi məsələlərlə tanışlıq zamanı, məsələləri ailə təcrübəsi ilə analiz etməyə və düzgün qavramağa kömək edər.
     Qızlarda cinsi yetişmə yaşıdları olan oğlanlara nisbətən tez başladığından, onlarda yaşca böyük oğlanlara qarşı meyl yaranır. Dini və qeyri-mühafizəkar çərçivələr xaricində tərbiyə almış qızlarda bu, çox ağır nəticələrə (siqaret, narkotik maddələr, təsadüfi cinsi əlaqələr və s.) gətirib çıxara bilər. Mühafizəkar və ya dini ənənələrə sadiq ailələrin qızları isə hər nə qədər yuxarıda sadalanan nəticələrə məruz qalmasalar da, sonradan özlərinə bağışlaya bilməyəcəkləri artıq hərəkətlər edə bilərlər və ağır psixoloji travmalar ala bilərlər. Bu ağır nəticələrdən sığortalanmaq üçün, ailə cinsi tərbiyənin vacib məsələlərindən olan müqabil cinsin nümayəndələri ilə münasibətlərdə müəyyən qanun qəbul etməlidir. Oğlanlarla, yeniyetmələrlə, gənclərlə və yaşlı kişilərlə ünsiyyət zamanı lazım olan münasib davranış qaydaları qızlara aşılanmalıdır. Kişi cinsinə mənsub olan bütün şəxslərlə münasibətdə qız özünün müstəsna vəziyyətini həmişə saxlamalıdır. Başqa sözlə desək, o həmişə zərif, səliqəli, təvazökar, mədəni, namus və əxlaq məsələlərində prinsipial və ciddi olmalıdır. Bu sifətlər "zəif cins” adlandırılan qadını, ən güclü kişilərdən də güclü edən və onları ozünə tabe edən qüvvədir. İlahi fərman olan örtünmənin – hicabın zahiri görkəminin batinində yatan bu mənalara riayət olunması vacibdir. Əks halda hicab sadəcə bir əski parçası qədər alçaldılmış olacaq.
     Cinsi tərbiyənin əsas vəzifələrindən biri də qızlıq ismətinin tərbiyəsidir. Özü də bu tərbiyənin simvolu yalnız qızlıq pərdəsinin nikaha qədər saxlanılması deyil, fikirlərin, münasibətlərin, görüşlərin əxlaq çərçivəsində aparılmasındadır. Qız öz hərəkətlərində, davranışlarında çox ehtiyatlı olmalı, özünü elə aparmalıdır ki, nə dostda, nə tanışda (xüsusilə təsadüfi) onunla intim əlaqənin mümkün ola biləcəyinə heç bir ümid yeri qalmasın. Çox vaxt qızın özünü düzgün aparmaması saysız-hesabsız bədbəxtliklərə (zorlanma, zöhrəvi xəstəliklər, psixi travmalar, hamiləlik və s.) səbəb olur. Burada İslamın bir əsas göstərişinə də əməl olunmalıdır ki, qız naməhrəm bir insanla (hətta babası yaşda olsa belə) tək halda bir otaqda qalmamalıdır. Həmçinin analar qızlarının geyimlərinə fikir verməli, hicab yaşı çatmasa belə, təhrikedici və çox qısa paltar, şortik və dar şalvarlar geyindirməməlidirlər. Lap kiçik yaşlarından əks cinslə (hətta qardaşıyla belə) ayaqyoluna getməyin ayıb olduğunu bildirməli, təkbaşına qonşuya getməsinə icazə verilməməlidir.
     Nikahda, həmçinin cinsi əlaqə dövründə özünü aparmaq, idarə edə bilmək qaydalarını öyrənmək qızların cinsi tərbiyə proqramlarında mühüm yer tutur. Ana ədəbiyyat seçimində övladına yardım etməlidir. Bu barədə kifayət qədər dini kitablar da var.
     Təmizlik, səliqə, saçlara qulluq və s.-ni qızlara öyrətmək də cinsi tərbiyəyə aiddir və qızın gələcək ailəsində düzgün münasibətlərin, həmçinin cinsi uyğunluğun yaranmasında müəyyən rol oynayır. Həmçinin uşağa geyim mədəniyyəti də aşılanmalıdır. Artıq 11-12 yaşlarından etibarən qızlar alınacaq şeylərin müzakirəsinə cəlb edilə bilərlər. Müəyyən çərçivələr daxilində geyim məsələsində yeniyetmələrin, gənclərin arzu və istəkləri ilə hesablaşmaq lazımdır. Əlbəttə, bu vaxt ailənin maddi imkanı, gigiyena tələbləri və estetik cəhətlər nəzərə alınmalıdır. Onlarla mübahisə etmək, inandırmaq üçün səy göstərmək olar, amma pul xərcləmək ixtiyarı böyüklərdə olsa da, yeniyetmələrin istək və arzularını kobud şəkildə rədd etmək düzgün deyil. Əks halda uşaqlarda uzun müddət davam edən əsəbilik, kefsizlik əmələ gəlir ki, bu da məktəb məşğələlərinə, hətta sağlamlığa da mənfi təsir göstərir.
     Son olaraq, düzgün cinci tərbiyə nəticəsində analar qızlarının sağlam dünyəvi həyata sahib olmasını, gələcəkdə problem və konfliktsiz ailəyə sahib olmasını təmin edirlər. Düzgün cinsi tərbiyə ümumi tərbiyənin bünövrəsini təşkil edir və bu tərbiyə düzgün verilmədikdə qızın həyatı iflic vəziyyətinə düşə bilər. Digər tərəfdən cinsi əxlaqa sahib olmayan insanların təşkil etdiyi cəmiyyətlər göz qabağındadır. Buradakı insanların Allaha yaxınlığından söz belə gedə bilməz. Allah-Taala Quranda neçə-neçə belə ümmətləri həlak etdiyi barədə məlumat verir. Deməli, düzgün cinsi tərbiyə elə əsl insanlığın əsasını təşkil edir və insanın Rəbbinə doğru yolunu hamarlayır. Belə mühüm məsələdə isə səhlənkarlıq etmək olmaz!
     
     Müəllif: Kəmalə Mirməcidli
     Redaktor: Mehriban Məhəmmədli

     
Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!

Category: Bezi meslehetler | Baxış: 2221 | Added by: Ənfal | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]