Cümə axşamı, 2024-11-21, 9:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyun » 12 » QEYBƏT
8:40 PM
QEYBƏT
 
QEYBƏT

1-Günaha aludə olmuş cəmiyyət.
2-Qeybətin qoyduğu mənfi təsirlər.
3-Bu ruhi xəstəliyin meydana gəlmə səbəbləri və onun müalicəsi.
4-Din, əxlaqi pozğunluqlarla mübarizə aparır.

Bu günkü ictimaiyyətin mənəviyyatsızlıq, əxlaqi və ruhi pozğuntuluqlar dənizində təlatümə uğramağı kimsədən gizli deyildir. Bəşər maddi ehtiyaclarının təmin olunmasında nə qədər böyük nailiyyətlər əldə etmişsə, bir o qədər də əxlaqi dəyərlərdən uzaq düşərək tənəzzülə uğramışdır. Bütün bunlar isə ictimai mühitin öz axarından çıxaraq, yaşamaq üçün sağlam ab-havadan məhrum olmasına gətirmişdir. Yaranmış belə bir şəraitdə iztirab və narahatçılıqlardan yaxa qurtarmağa can atan cəmiyyət bir daha pisliklərə üz tutur və narahatçılıqlarını aradan qaldırmaq üçün özlərini mənəviyyatsızlıq girdabına atır. Belə bir cəmiyyətdə isə səadət günəşinin doğması qeyri-mümkün bir haldır.
Sanki cəmiyyət üzvləri bütün məsuliyyətləri öz üzərlərindən atmış və bir-birləri ilə tənəzzülə uğrama müsabiqəsi keçirmiş olurlar. Diqqət yetirdikdə görürük ki, hər gün artmaqda olan inkişaf və tərəqqi vasitələrindən tam əks istiqamətdə istifadə olunur. Bir sözlə, maddiyyatın aldadıcı zahiri ümid və arzular mənşəinə çevrilir və öz qorxunc qiyafəsi ilə canlara vəlvələ salan zülmət həyat insanın qarşısında özünü təcəlli etdirir. Kaş ki, əxlaqsızlıq yolunda sərf olunan, sayı-hesabı bilinməyən var-dövlətin kiçik bir hissəsi əxlaqi dəyərlərin güclənməsinə ayrılaydı!
Əxlaqi qanunların sabit və dəyişilməz olmasına baxmayaraq, yaşadığımız mühitdə daimi dəyişilməyə məruz qalaraq özünü müxtəlif surətlərdə büruzə etdirir. Fəzilət və əxlaqi dəyərlər şəxsiyyətin meyarı olmayan bir cəmiyyətdə şəxsiyyətə heç bir əhəmiyyət verilmir. Belə bir şəraitdə əksəriyyət mühitin təsiri altına düşür və onun acınacaqlı aqibəti haqda düşünmədən bütün hallarda ona kor-koranə təqlid edir. Bütün bunları nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, cəmiyyətə hakim olan əxlaqi dəyərlər sağlam və əsaslı olmamış və bunun üçün də onun səadət və xoşbəxtliyini təmin edə bilməz. Məşhur Fransız alimi doktor Karl deyir: "Elə bir dünyaya ehtiyac duyuruq ki, orada hər bir şəxs yenidən öz yerini tapa bilsin, maddiyyat və mənəviyyat da bir-birindən ayrı olmasın. Necə yaşayacığımızı bilməliyik. Çünki bələdçi olmadan həyat yolunu qət etməyin nə qədər qorxulu və təhlükəli olduğunu artıq başa düşmüşük. Qəribədir ki, belə bir ciddi təhlükəyə yetirilən diqqət bizi həll yolunu axtarıb tapmağa vadar etməmişdir. Bu bir həqiqətdir ki, indinin özündə də bu məsələnin ciddiliyinə diqqət yetirən şəxslərin sayı olduqca azdır. Bu günlər camaatın əksəriyyəti maddi və texnoloji imkanlardan istifadə edərək - ürəyi istədiyi kimi - sanki məst halda yaşayır. O, sivilizasiyanın ona bəxş etdiyi nailiyyətlərdən əl çəkib ona göz yummaq fikrində deyildir. Dəniz, göl və bataqlıqlara tökülən çaylar enişli yoxuşlu yollar qət etdiyi kimi həyat da həmçinin müxtəlif dövr və mərhələləri öz arxasında qoyaraq bu günlər bizi mənfəəttələb olmağa sövq etmişdir. İnsanlar özləri üçün yeni-yeni ehtiyaclar meydana gətirmiş, yalan, hiylə və müxtəlif yollarla onları təmin etməyə başlamışlar. Lakin insanın vücudunda qeybət, xəbərçilik, sözbazlıq kimi meyl və istəklər də vardır. İnsanların böyük bir hissəsinin məşğuliyyətinə çevrilmiş bu hisslər zəhər tək onlar üçün son dərəcə təhlükəlidir. Cəmiyyətə ağır zərbə vuran amillərdən biri də qeybətdir və biz bu fəsildə məhz bu barədə söhbət açmaq istəyirik. Qeybətin terminoloji mənası istər alim, istərsə də adi insana bəlli olduğu üçün bu barədə ətraflı izahat vermək istəmirik.

QEYBƏTİN QOYDUĞU MƏNFİ TƏSİRLƏR

Qeybət hər şeydən əvvəl insanın mənəviyyatına mənfi təsir qoyur. Əxlaqi dəyərlərə heç bir əhəmiyyət verməyən şəxslər başqalarının eyb və nöqsanlarını ifşa etməklə onların qəlblərini qırır və ağır mənəvi zərbə vururlar.
Qeybət, fəzilət sarayını viran edib tez bir zamanda bütün insani dəyərləri tənəzzülə uğradır. Bir sözlə, bu xoşagəlməz xüsusiyyət sağlam tərzi-təfəkkürü tam əvəz edərək, zehni düşünüb-daşınmaqdan məhrum edir. Əgər dəqiq araşdırma aparsaq görəcəyik ki, qeybət ictimaiyyətə ağır zərbələr vurmuş, kin və düşmənçiliyin meydana gəlməsində mühüm rol oynamışdır. Qeybət geniş vüsət aldıqda hər bir millətin mənəviyyatını sual altına aparıb cəmiyyətin təbəqələri arasında bərpaolunmaz fasilələr yaradır.
Lakin təəssüflər olsun ki, bu günlər qeybət geniş şəkildə yayılmış və cəmiyyətin bütün təbəqələri arasında dərin kök sala bilmişdir. Dünyada baş verən hadisələr bir-biri ilə əlaqəli olduğu kimi, əgər ictimai təbəqələrdən birində hər-hansı bir çatışmazlıq meydana gələrsə, tez bir zamanda yoluxucu xəstəliklər kimi digər təbəqələrə də öz təsirini göstərmiş olur. Qeybətin geniş şəkildə yayılması nəticəsində ümidsizlik və bədbinlik cəmiyyətə hakim olur və etimad hissi öz yerini inamsızlığa və etimadsızlığa vermiş olur. Beləliklə, ictimaiyyətə yüksək əhval-ruhiyyə hakim olmayınca heç vaxt səmimiyyət əldə olunmayacaqdır. Əxlaqi dəyərlərdən məhrum olan bir cəmiyyət isə həyatın ləzzət və gözəlliklərindən məhrum olmuş olur.

BU RUHU XƏSTƏLİYİN MEYDANA GƏLMƏSİ VƏ ONUN MÜALİCƏSİ

Qeybət, əməllə bağlı günah olsa da, insan psixologiyası ilə birbaşa əlaqəlidir. Ruhi böhrandan xəbər verən bu mənfi xüsusiyyətin köklərini qəlbin dərinliklərində axtarmaq lazımdır.
Əxlaq alimləri qeybətə səbəb olan bir neçə mühüm amilə işarə etmişlər ki, bunlar da həsəd, qəzəb, özünü sevməklik və bədgümanlıqdan ibarətdir. İnsanın gördüyü bütün işlərə səbəb olan daxilindəki müxtəlif hisslərdir. İnsan vücudunun dərinliklərində bu sirli hisslərdən biri fəaliyyətə gəldikdə batini sirlər xəzinəsi olan dil qeybətə sövq olunur.
Hər hansı bir xüsusiyyət insanın qəlbinə yol tapdıqda gözləri önünə pərdə çəkib tədriclə onun tərzi-təfəkkürünə hakim olmağa başlayır. Qeybətin çox yayılması bu əməlin dəfələrlə təkrar olunması və nə ilə qurtaracağına diqqət yetirilməsi nəticəsindədir. Belə ki, insanların bir çoxu digər günahlardan uzaqlaşdıqları halda, qeybət etməkdən çəkinmirlər. İnsanın hər hansı bir xoşagəlməz işi təkrar olaraq görüb, onun barəsində düşünüb-daşınmaması elə bir həddə gəlib çatır ki, onun zərərli olduğunu dərk etsə də öz nəfsani istəklərindən əl çəkə bilmir. Bəşər elm sahəsində müəyyən qədər də olsa bəzi həqiqətlərə yol tapıb fitri olaraq təkamülə doğru can atsa da, əməli olaraq bunu həyata keçirməkdən qaçır. O, səadətə çatmaq üçün azacıq da olsun, əzab-əziyyətə dözməyə hazır deyildir. Bunun üçün də o özünün daxili istəklərinin əsirinə çevrilir.
Başqalarının şərəfini qorumağa adət etməyən şəxslərin əxlaqi qanunlara riayət etməsi qeyri-mümkündür və əxlaqi dəyərlərdən uzaq olanlar o kəslərdirlər ki, ömürlərini nəfsani istəklərinə tabe etmiş və heç nədən çəkinmədən başqalarının hüququna təcavüz edərlər.
Bu kimi çatışmazlıqlar və əxlaqi dəyərlərin tənəzzülə uğraması imanın zəifliyindən meydana gəlir. Çünki, bütün bunların meydana gəlməsi əqidə ilə əlaqəlidir. Əgər insanın arxalandığı yer iman olmazsa, heç vaxt əxlaqi dəyərlər icra olunaraq öz yerini tapmayacaqdır.
Hər bir şəxs öz bacarığı səviyyəsində insanların haqqa hidayət olması və əxlaqi böhrandan çıxmaları üçün müəyyən tədbirlər nəzərdə tutur və düzgün hesab etdiyi yolu seçir. Lakin islahatlar aparılması üçün atılan ən uğurlu addım cəmiyyətin özünün düzgün yolu seçməsidir.
İnsan, öz gözəl hisslərini oyatmalı, daxilindən gələn çağırışa cavab verməli və şüur və tərzi-təfəkkürünü xoşbəxtliyi üçün sərf etməlidir.
Biz xoşagəlməz xüsusiyyətlərin nə ilə nəticələnəcəyini nəzərə alıb iradəmizi gücləndirməklə çatışmazlıqlarımızı aradan qaldırıb yüksək əxlaqi dəyərlərə yiyələnə bilərik. "Jaqu", özünün "İradə gücü" adlı kitabında yazır: "Xoşagəlməz adət və xüsusiyyətlərlə mübarizə aparmaq istəsək, ilk növbədə onların nə ilə nəticələnəcəyinə diqqət yetirməli və gözlərimiz önündə təcəssüm etdirməliyik və sonra isə onları kənara qoymaq nəticəsində əldə etdiyimiz mənfəətləri ruhumuzda təsəvvür etməli və müxtəlif dövrlərdə həmin xoşagəlməz adət və xüsusiyyətlərin qurbanına çevrildiyimiz anları yada salmalıyıq. Hər dəfə onları ruhumuz önündə canlandırdıqda bu yolda yeni addımlar atmağa sövq olunur və onları tərk edə bildiyimizdən mənəvi ləzzət alırıq. "
Bəşər təkamülə qadir olduğu üçün onun vücudu özünün müdafiəyə lazım olan bütün vasitələrlə təchiz olunmuşdur. Bunun üçün də hər şeydən əvvəl günahın haradan və necə meydana gəldiyini bilməli və yalnız bundan sonra güclü iradə ilə onlarla mübarizəyə boşlamalıyıq.
İnsanların gördükləri işlər onların şərəf və şəxsiyyətindən xəbər verir. Əgər insan səadət və xoşbəxtlik istəyirsə, müqəddəratını tə’yin edən əməllərini islah etməli və ömrünün sonunadək yalnız xeyirxah işlər görməlidir. Hər zaman və harada olursa-olsun, Allahı gördüyü işlərə şahid bilməli və etdiyi günahların aqibətindən qorxmalıdır. Bilməlidir ki, onun gördüyü bütün işlər dəqiqliklə yazılır və heç bir şey nəzərdən qaçırılmır.
Filosoflardan biri deyir:
"Dünyanı ağıl və hissiyyatsız hesab etməyin, bununla siz öz şüursuzluğunuzu sübuta yetirmiş olarsınız. Çünki, siz bu dünyada yaranmışsınız və əgər onda ağıl və hissiyyat olmasaydı, sizdə olmazdı."
İnsan həyat üçün zəruri olan ilkin şeylərə ehtiyac duyduğu kimi, başqaları ilə əlaqə yaratmaq üçün də səmimiyyətə daim ehtiyac duyur.
Əgər camaat üzərlərinə düşən ağır ictimai vəzifələrə əməl edərlərsə güclü mənəviyyata yiyələnib təkamülə doğru hərəkət edə bilərlər. Pisliklərdən yaxa qurtarmaq üçün tərzi-təfəkkürümüzü gücləndirib zehn və şüurumuza ağır zərbə vuran mənfi ünsürlərlə mübarizə aparmalıyıq.
Belə ki, dilimizi qeybətdən qorumaqla əbədi səadətə doğru ilk addım atmış oluruq. İnsanlar günah və xoşagəlməz xüsusiyyətlərin qarşısını almaq üçün ideoloji inqilab etməli və mənəviyyatlarına mənfi təsir göstərən ünsürlərlə mübarizə aparmalıdırlar. Başqalarının hüququna riayət etməklə o öz mənəviyyatını daha da gücləndirə bilər. İmkan daxilində cəmiyyətin davam gətirməsinə səbəb olan və onun dayaq yeri olan əxlaqi dəyərlərin qorunub saxlanılmasına xüsusi diqqət yetirilməlidir.
Əgər insanlarda güclü ruhiyyə yaranarsa, təbii ki, həqiqəti də asanlıqla qəbul edəcək və beləliklə, ictimai və əxlaqi qanunlara riayət olunacaqdır.

DİNİN ƏXLAQİ POZĞUNTULUQLARLA MÜBARİZƏSİ

Qurani-Kərim kiçik və olduqca məzmunlu bir ibarətlə qeybətin mahiyyətini bəyan edərək buyurur:
(Sizdən biriniz ölmüş qardaşınızın ətini yeməyə razı olarmı?)
İnsan ölmüş heyvanın ətini haram bilib yemədiyi kimi, onun ağıl və şüuru da qeybətdən uzaq olmalıdır.
Peyğəmbərlər və imamlar şirk və bədbinliklə mübarizə apardıqları kimi, qeyri-əxlaqi rəftar və xüsusiyyətlərlə də eləcə mübarizə aparmış və onların yüksək əxlaqi dəyərlərlə əvəz olunmasına xüsusi diqqət yetirmişlər. Peyğəmbər (s) buyurur: "Mən, əxlaqi dəyərləri tamamlamaq üçün Peyğəmbərliyə göndərildim. " Bunun üçün də əsaslı məntiqlə bəşəriyyəti əxlaqi dəyərlərə sövq etmiş və qeyri-əxlaqi rəftar və davranışlardan uzaq olmağa çağırmışdır.
Qeybət və ona qulaq asmağın böyük günah olduğu müsəlmanlara bəyan edildiyi kimi, qeybəti olunan şəxsləri müdafiə etmək də hər bir müsəlmana vacib edilmişdir. Peyğəmbər (s) buyurur:
"Əgər iştirak etdiyiniz məclisdə kiminsə pisliyinə danışarlarsa, onu müdafiə edib həmin şəxsləri bu işdən çəkindirməyə çalış. "
Başqa bir hədisdə deyilir:
"Allah-taala müsəlman qardaşını onun iştirak etmədiyi yerlərdə müdafiə edən şəxsi axirət əzabından amanda saxlayar. "
"Qeybəti olunan şəxs razı olmayınca onun qeybətini edən şəxslərin qırx gün namaz və orucları qəbul olunmaz. Ramazan ayında qeybət edən şəxslər isə tutduqları oruca görə heç bir savab qazanmazlar. "
Həqiqi müsəlman barədə buyurur:
"Müsəlman o kəsdir ki, sair müsəlmanlar onun əlindən və dilindən amanda qalsınlar."
Məlum məsələdir ki, başqalarının qeybətini edən şəxslər mənəvi dəyərlərdən uzaq düşmüş olur. Müsəlman alimləri hamılıqla qeybəti böyük günah hesab edir. Çünki bu günaha düçar olan şəxslər Allahın əmrindən çıxmaqla yanaşı, başqalarının da haqlarını tapdalayaraq onların hüquqlarına təcavüz etmiş olurlar.
Ölmüş cəsəd özünü müdafiə edə bilmədiyi kimi, məcliszdə hazır olmayan şəxslər də öz şərəf və ləyaqətlərini müdafiə edə bilmirlər. Bir sözlə, başqalarının mal və canına hörmətlə yanaşıldığı kimi, onların şərəf və mənəviyyatına da eyni qaydada hörmət və ehtiramla yanaşılmalıdır.
Qeybət və başqaları barədə pis fikirdə olmaq bir növ ruhi sarsıntıdan irəli gəlir. Əli (ə) buyurur: "Başqalarının qeybətini edib ardınca danışmaq süst və iradəsiz insanların işidir. "
Helen Şaxter deyir:
"Aradan qalxmayan hər bir ehtiyac narahatçılığımıza səbəb olur və hər bir narahatçılıq bizi müəyyən tədbirə əl atmağa vadar edir. Lakin hamı ehtiyaclardan irəli gələn narahatlıqların aradan götürülməsi üçün eyni addım atmır. İnsan özünü başqalarının nəzərində özü istədiyi kimi görmədikdə birdəfəlik onlardan uzaq düşür və cəmiyyətdə təhqir olunacağından qorxub, ya kənara çəkilməyi hər şeydən üstün tutur, ya pərişan və narahat halda bir kənara çəkilir və heç kimlə kələmə kəsmir, ya da özünün yersiz gülüş və atmacaları ilə başqalarına istehza edir. Bunları etməsə də ətrafındakıların dedikləri hər bir sözə irad tutur və başqalarının qeybətini edir. Beləliklə o ətrafındakıların nəzərini özünə cəlb etmiş olur. "
Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, ictimaiyyətdə xoşbəxtlik və səadət üçün lazımi şərait yaratmaq üçün hər şeydən əvvəl daxili islahatlar aparılmalı, səmimiyyət, sədaqət və bu kimi müsbət xüsusiyyətlərin gücləndirilməsinə çalışmalıyıq.

Müəllif: Seyyid Müctəba Lari
 
Category: Exlaq | Baxış: 1025 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]